DAİM
BİZİMLƏ BİRGƏ
Nə
hikmətdirsə, memarlıqdan söz açanlar həmişə
bir qədər fəlsəfəyə sarı yönəliblər.
Alman filosofu Fridrix Şellinq (1775-1854) memarlığı
donmuş musiqi adlandırırdı. Məşhur amerikan
memarı Frank Lloyd Rayt (1869-1959) isə deyirdi ki, güclü
memarlıq insan böyüklüyünə ən mötəbər
şahiddir.
Onun
irili-xırdalı əsərlərinin hər birində musiqi
dalğası var. Yaratdıqlarının hamısı
güclü zəkanın və daşqın ilhamın məhsuludur,
hər biri də onu doğuranın böyüklüyünə
nişanədir. Söz yox, adları və əsərləri
bizə məlum Məhəmməd ibn Cəfər (X
yüzil), İbrahim ibn Osman və Məhəmməd Əbubəkr
oğlu (XI yüzil), Bəkir Məhəmməd, Əcəmi
ibn Əbubəkr, Əbu Mənsur ibn Musa, Əhməd ibn Məhəmməd,
Məsud ibn Davud Bakuvi (XII yüzil), Zeynəddin ibn Əburəşid
Şirvani, Bədrəddin Təbrizi, Mahmud ibn Maqsud (XIII
yüzil), Əhməd ibn Əyyub əl-Hafiz
Naxçıvani, Nizam Bəndgir, Kəştasif Musa oğlu
(XIV yüzil) və həmin əsrlərdəki, sonrakı
yüzillərdəki bir çox parlaq memarlarımızdan
xeyli əvvəllərdə də hələ haqqında yetərincə
bilgilər olmayan bir çox istedadlı tikincərlərimiz
yaşayıb-yaradıb.
Yaratdıqları
vaxtın sınaqlarından salamat qurtararaq ya bütöv
halda, ya qismən bizə gəlib çatmış bəlli
memarlarımızın X yüzildən XXI əsrədək
uzanan şərəfli qatarında Mikayıl Useynovun
adının məxsusi yeri var və onu indiyək
yaşayıb-yaratmış memarlarımızın heç
biri ilə müqayisə etmək mümkün deyil.
Yox,
o iddiada deyilik ki, Mikayıl Useynov Azərbaycanın memarlıq
keçmişinin ən uca zirvəsidir. XX əsrin memarı
bilikləri, imkanları, doğurduqları ilə özündən
əsrlər öncəki memarlarla tutuşdurmada zahirən
üstün görünə bilər. Ancaq burası da var ki,
onlar olmasaydı, bu da olmazdı, keçmişdəkilərin
yaratdığı təcrübəsiz, mirassız, sonrakı
çağların daha irəligetmiş memarlığı
da təşəkkül tapmazdı. Memarlıq yoldur, ənənədir,
ötürülən təcrübə və səriştələrdir
ki, hər yeni gələn Tanrının ona
bağışladığı verginin və
çalışqanlığının bahasına var
olanın üstünə nələrisə artırır, xəzinəni
daha da zənginləşdirir.
Lakin
memar Useynovu bir sənətkar olaraq Azərbaycan
memarlığının bütün tarixinin müstəvisində
də götürəndə onun bir çox göstəriciləri
ilə yalnız olanı bir az da irəlilədən,
mövcud gözəlliklərin üstünə müəyyən
qədər nəsə artıran kimi deyil, keyfiyyət dəyişən,
memarlığımızda sıçrayış
sayılmalı, məktəbə dönən və paytaxta
özəl bir memarlıq çöhrəsi yadigar qoyan zirvə
kimi dəyərləndirməliyik.
İlhamının,
zəkasının və əməyinin bəhrəsi olan əsərləri
ilə o, həm məzmun, həm də sayca böyük
memarlarımızın hamısından irəlidə
görünür və bu, elə birincilikdir ki, gələcəkdə
də kiminsə həmin göstəriciləri ötüb
keçə biləcəyini təsəvvür etmək adama
çətin gəlir.
Mikayıl
Ələsgər oğlu Useynov 1905-ci ildə Bakıda
doğulmuşdu və həyatından bir neçə inqilab,
iki dünya müharibəsi, ictimai-siyasi quruluşun və
hakimiyyətlərin bir neçə dəyişimi keçsə
də, onun bir memar olaraq ömrü sovet onillərinə
sığdı.
Çar
dövrünü də, Azərbaycan Cümhuriyyəti dönəmini
də gördü, yeddi onil SSRİ vətəndaşı
kimi yaşadı və tale ona milli müstəqil dövlətçiliyimizin
qayıdışına şahidliyi də nəsib etdi. Tarix
üçün elə də iri olmayan və bunca dəyişkən,
dəyişmələri də yaradıcılıq sahələrinə
birbaşa təsir edən bu bir-biri ilə tən gəlməyən
vaxt kəsiklərində Mikayıl Useynov zamanın küləklərinə
əyilməyərək, dəyişməyərək,
özü üçün birdəfəlik müəyyənləşdirdiyi
sənət qayəsindən sapınmayaraq əvvəldən-axıracan
milli memar olaraq qalmağı bacardı.
Başlıca
məfkurəvi niyyəti nəzarətində olan xalqların
milli çöhrəsini qeyb edərək bir-birində əriyib
itməsinə nail olmaq, amorf və qondarma "sovet
xalqı" yaratmaqdan ibarət sovet hakimiyyəti dönəmində
Mikayıl Useynov əsərlərinin toplusuyla və tutduğu
xətlə ənənələrə söykənərək
XX yüzil Azərbaycan memarlığının yeni zamana
uyğun milli çöhrəsini doğurmağı
bacardı.
Bu isə
bir sənətkarın yalnız sənət hünəri
deyil, həm də siyasi zəfəri sayılmalıdır.
Sovet
dönəminin ən ali dövlət təltifi Sosialist Əməyi
Qəhrəmanının "Qızıl Ulduz"u idi.
Mikayıl
Useynov gördüyü işlərin müqabilində bu
mükafata da layiq görüldü.
87
illik ömrü boyunca o, hər yaxşı memarın həsəd
aparacağı qədər çox - 200-dən artıq layihə
hazırladı və bunlardan hər üstün memarın
arzularına belə sığışdırması
müşkül olan qədər çox - 200-ə
yaxını kağız üzərində qalmayaraq gerçəkləşdi,
tikilib-ucaldı.
Belə
xoşbəxt nəticəli ikinci başqa memarımız
olmayıb.
"Bakı"
söylənəndə tarixən 20 hektarı əhatə edən
İçərişəhər nəzərdə
tutulmuşdu. Qala divarlarından qıraqdakı -
yaxınlıqda olan Çəmbərəkənd də, nisbətən
uzaqdakı Əhmədli də və onlara bənzər, indi
şəhərə bitişərək, onun ayrılmaz
parçasına çevrilmiş ərazilər də vaxtilə
yaşayış, məişət tərzlərinə
yaraşan şəkildə xeyli müddət elə
adlarının yanında işlənən "kənd" kəlməsinə
uyğun olmuşdular.
XIX əsrdən
etibarən asta-asta Bakı İçərişəhərdən
çölə doğru böyüməyə
başladı. İçərişəhərin çox da uzaq
olmayan həndəvərində tikilən binalar tədricən
Bayır şəhəri vücuda gətirdi, ardınca, əsasən,
sənaye təyinatlı Qara şəhər yarandı.
Gün
gələcək, bunların hamısı Yeni Bakının,
bu gün hamımızın doğması olan şəhərimizin
tərkib hissələrinə çevriləcək və onun
əsl memarlıq simasını deyil, koloritinin, özünəməxsusluğunun
ayrı-ayrı hissələri sayılacaqlar. Yeni
Bakının memarlıq sifəti deyiləndə 1930-cu illərdən
başlayaraq yarım əsrə çatan vaxt kəsiyində
tikilib-ucaldılmış, bu şəhərdəki sovet
dövründə inşa edilən qəliblənmiş,
basmaqəlib sosialist layihələrindən tam fərqlənən
binalar silsiləsi düşünüləcək.
Yeni
Bakının və əslində elə bütöv
Bakının rəmzləri, qovuşaraq bu şəhərin
üzünü göstərən abidə-tikililər -
Hökumət Evi, Nizami kinoteatrı və Nizami muzeyi, Musiqi
Akademiyası, Tibb Universiteti, Səməd Vurğun və
Bakıxanov küçələrinin kəsişəcəyindəki
"Artistlər Evi", Bəhram Gur heykəlinin
tuşundakı "Alimlər Evi", Mirzə Fətəli
Axundzadə adına Mərkəzi Kitabxana, Elmlər
Akademiyası... hamısı deyil, bu sadalananlar Mikayıl
Useynovun Bakını bəzəyən əsərlərinin,
sadəcə, bir hissəsidir və onlarsız Bakı bizim
tanıdığımız, sevdiyimiz deyil, ayrı bir şəhər
olardı.
Artıq
ömrün ixtiyar çağında Mikayıl Useynov söyləyəndə
ki, sovet dövrü memarlığının hər birinin
öz mürəkkəblikləri və uğurları olan
bütün dövrlərinə, sadəcə, kitablardan
oxuduqlarından, xatirələrdən bələd deyil,
bütün bu gedişatda şəxsən iştirak edib, əlbəttə
ki, ikiqat haqlı idi. Həm doğru olanı deməsiylə,
həm də bu quruculuqda bilavasitə əməyi olmasıyla
fəxr etməsi ilə. Çünki uzun memarlıq yolu
boyunca o, heç vaxt ikinci dərəcəli, gendən
müşahidə edən olmamışdı, həmişə
seçilənlərdən, memarlıq mühitində ab-hava
yaradanlardan sayılmışdı.
Bu
dünyanın köhnə və sınanmış həqiqətidir
ki, dövran siyasi baxımdan nə qədər mühafizəkar
olursa, sərbəstliklər, özünüifadə
imkanları nə qədər artıq məhdudlaşdırılırsa,
sənətin azadlıq ehtirası bir o qədər çox
olur və ən dar macalda da məhz çərçivələrə
sığmayan, buxovlara dözməyən
yaradıcıların yenilməz iradəsi və
gözüqıpıq, diliqısa əyyamlarda da həqiqətləri
ifadə etmək qətiyyəti və qabiliyyəti sayəsində
həmin hürriyyət ruhu yaşayır, insanlara ümid bəslənən
gözəl günlərin hökmən gələcəyinə
inam aşılayır.
İfadə
sərbəstliyinin məhdud olduğu qapalı sovet cəmiyyətində
İttifaq boyu, o sıradan, Azərbaycanda da saysız layihə
institutları vardısa və oralarda minlərlə, onminlərlə
memar çalışırdısa da, Mərkəzdən gələn
eynitiplilik meyarları, mühafizəkar yanaşmalar müstəqil
yaradıcılıq imkanlarını xeyli azaldırdı. Bu,
təbii olaraq, SSRİ ərazisinin bir-birindən min kilometrlərlə
aralı guşələrində eyni qəlibdən
çıxıbmış kimi oxşar, birovuz, zahiri cəlbediciliyi
olmayan tikililərin ortaya çıxmasına səbəb
olurdu. Rəssamın, ədibin, kinoçunun, musiqiçinin və
digər yaradıcılıq sahəsində fəaliyyət
göstərənlərin onları əhatələyən
darısqallıqlara qarşı durmaq, bütün
qısma-boğmalara, siyasi çəpərlərə
baxmayaraq, öz içərisini yaratdıqlarında sətirlər
altında, üstüörtülü ifadə etməkçün
imkanları, elə bil ki, memara nisbətən daha çox idi.
Ancaq memarın məruz qaldığı daha artıq
mühafizəkarlıq həm də onu daha artıq
axtarıcılığa, sözün həm məcazi, həm
də müstəqim mənasında iki daş arasında
öz sözünü deməyə səfərbər edirdi.
O səbəbdəndir ki, mənim müşahidəmə
görə, sovet dönəmində yaradıcı aləmdə
dissident düşüncəli, qəliblərə
sığmazlığa meyilli olanlar memarlar arasında daha
çox idi.
Mikayıl
Useynov həmişə göz qabağında olan insandı və
dilindən, qələmindən qopan hər kəlmənin məsuliyyətini
hiss edəndi. Şübhəcil sovet sistemi də ona
inanırdı, partiyalı düşüncəsinə (hərçənd
o dövrdə tutduğu vəzifələr bunu tələb
etsə də, Kommunist Partiyası sıralarına
qatılmadı) və əqidəsinə əsla şübhəsi
yoxdu, hansısa kürsüdən burada, ya xaricdə artıq-əskik
bir söz deyəcəyini istisna edirdi.
Ancaq
layihələrində Mikayıl Useynov həmişə
cızığından çıxırdı, onun
memarlıqda milli özünüifadənin nişanəsi
hesab ediləsi addımlarının hər biri fəlsəfəsi
etibarı ilə bu şəxsiyyətin batində ideoloji
müxalif olduğunun bariz təsdiqi idi.
Onun
verdiyi hər layihə həm müasir idi, çağdaş
dünya zövqünə uyğun idi, həm də milli idi.
Ümumən Şərqinki yox, məhz Azərbaycanınkı
idi.
Bu
keyfiyyət elə qabarıq idi ki, bizim görməyimiz öz
yerində, əcnəbilərin də diqqətindən
yayınmırdı.
1985-ci
ildə Böyük Britaniyada İngiltərə
kraliçası II Yelizavetanın himayəsi altında olan
Böyük Britaniya Asiya Cəmiyyətinin təşkilatçılığı
ilə "Bakının memarlığı" mövzusunda
sərgi təşkil edilmişdi. Orada nümayiş etdirilən
əsərlərdən neçəsinin müəllifi
Mikayıl Useynovdu və onun tamaşaçı
qarşısına çıxarılan layihələrindən
biri də Bakıdakı Xalqlar Dostluğu Sarayının
maketi idi. Britaniyalı memarlar o qədər əsər
içərisindən məhz bu maketin Londonda saxlanmasına
icazə istəmişdilər. O zamanlarda isə belə
xahişlər Sovet İttifaqından olan memarların əsərləri
ilə bağlı ən nadir hallarda edilərdi.
Əsilzadəlik,
zadəganca davranış ədaları, yüksək
ziyalılıq ona qandan gəlirdi və həyatda, gündəlik
davranışlarında necə nəzakətli, yüksək mədəniyyətli,
incə zövqlü idisə, elə sənətində də
həmin cürdü.
Mikayıl
Useynov xan nəslindən idi və onun soyadı da rəsmən
yazıldığı kimi "Useynov" deyil,
"Hüseynzadə", "Hüseynxanlı", ya
uzaqbaşı "Hüseynov" olmalı idi.
Familiyasının məhz "Useynov" kimi rəsmiyyətə
düşməsi isə tarix və tale məsələsi idi.
Mikayıl
şəcərəsi ilə 1792-1806-cı illər arası
taxtda oturmuş, 1806-cı ilin 8 fevralında Bakını
çar hökumətinin idarəçiliyinə salmaq məqsədilə
gələn general Pavel Sisyanovu əmisi oğlu İbrahim bəyin
əli ilə qətl etdirmiş VII Bakı xanı
Hüseynqulu xana (1774-1845) bağlı idi.
Əlabbas
Müznibin yazdığı kimi, Hüseynqulu xan Bakıdan
çəkildikdən sonra xanın qohum-əqrəbasına
"rus qoşunları tərəfindən şiddətli cəzalar
verilmişdir. Həbs, sürgün, edam edilməkdən
müzayiqə olunmamışdır". Hələ Rusiya
imperatriçası II Yekaterinanın fərmanı ilə
Rusiyanın himayəsinə keçən Hüseynqulu xan
sonralar yenə çar ordusuna qarşı döyüşlərini
dayandırmamış, iki dəfə bu asılılıqdan
imtina edərək müstəqillik uğrunda mübarizələrini
davam etdirmişdi. Nəhayət ki, sülhpərvərliyə
mail, hakimiyyəti dönəmində müharibələr
aparmamış Çar III Aleksandr (1881-1894) dönəmində
bu nəslin təmsilçilərinə daha hakimiyyət
iddiaları ilə baş qaldırmayacaqları şərti ilə
Abşerona qayıdaraq yaşamaq icazəsi də, zadəganlıq
titulu və ruscaya uyğunlaşdıraraq "Useynov"
soyadı da verilmişdi.
Bu
soyadı ilk alan Mikayıl Useynovun babası Hacı Mustafa və
qardaşları olmuşdu. Onların atasının adı
Hacı Hüseyn idi. Qardaşların hamısı Rusiya ticarət
donanması ilə bağlı olduqlarından onlara
atalarının adını rus səslənişinə
uyğunlaşdıraraq "Useynov" familiyası
vermişdilər və 1896-1914-cü illərə aid
çarlıq sənədlərində elə
qardaşların da adlarının ilk hərflərini ataraq Hənifəni
"Anifa", "Hacı"nı "Adji" kimi göstərmişlər.
Useynovlar 1 və 2-ci gildiya tacirlər idilər, zəngindilər.
Hacı Mustafanın oğlu Ələsgərin övladı
olan balaca Mikayıl xan sülaləsinin ehtişamına
müvafiq bir ailədə böyüyürdü, elə
kiçik yaşlarından nəvazişlər və
cah-callala əhatə olunmuşdu. Evdə onun daha iki
bacısına tərbiyə vermək və
qayğısına qalmaqçün tutulmuş quvernantlardan
biri alman, digəri fransızca danışırmış. Ona
görə Mikayıl uşaqlıq çağlarından bu
dillərin ikisini də ana dili səviyyəsində sərbəst
bilirmiş.
Memar
dostum Cəfər Qiyasi danışırdı ki, 1971-ci ilin oktyabrında
İran səltənətinin 2500 illiyi təntənə ilə
bayram ediləndə Sovet İttifaqından həmin mərasimə
dəvətlilər arasında Mikayıl Useynov da vardı və
orada Məhəmməd Rza Pəhləvinin (1919-1980) zövcəsi
Fərəh xanımla görüşüb onunla fransızca
söhbət edərkən əsl parislilərin şirin ləhcəsindən
qətiyyən seçilməyən
danışığı ilə Şahbanunu heyran qoyubmuş.
Qatıldığı
çoxsaylı beynəlxalq memarlıq simpoziumlarında
yüksək elmi səviyyəsi bir yana, Avropa dillərində
səlis nitqi ilə də Mikayıl Useynov həmişə
diqqət mərkəzinə gəlirdi. Çünki sovet
dövründə tək Azərbaycanda yox, elə digər
respublikalarda da Avropa dillərini mükəmməl bilən
alimlərə az rast gəlinərdi. Xüsusən də nisbətən
yaşlı alimlər arasında. Cavanlar arasında bəlkə
də ingiliscəni, fransızcanı, almancanı babat öyrənmişlər
olurdu, amma yaşlı nəsildən olanlar sırasında belələri
adətən gözə dəyməzdi. Çünki
bolşeviklərin gəlişindən əvvəl
yaxşı təhsil görmüşlərin, xarici dillərə
də gözəlcə yiyələnmişlərin
axırına Şura hökuməti 1920-1930-cu illərdə
apardığı amansız siyasi repressiyalar əsnasında
çıxmış, hamısını
qırıb-çatmış, öldürmədiklərini də
Sibir buzlaqlarında, Qazaxıstanın sazaqlı düzənlərindəki
gedər-gəlməz həbs düşərgələrinə
yola salmışdı.
...Vaxtilə
indiki Əziz Əliyev küçəsi ilə Neftçilər
prospektinin kəsişməsində, Kukla Teatrı tərəfə
keçidin sağ yanında bir ev vardı. Mikayıl Useynov
orada doğulmuş, həyatının acılı-şirinli
çox günləri orada keçmişdi. İndi həmin
ev yoxdur, yerində bağdır. İnsanlar kimi, evlərin də
günlərin birində getməyi, özü ilə çox
yaddaşları aparmağı var. Elə həmin evdə
yaşadıqları çağlarda, 6 yaşında ikən
Mikayılı Bakıdakı Realnı gimnaziyada təhsil
almağa qoymuşdular. Gözəl bildiyi azərbaycancasının,
fransızcasının, almancasının üstünə
burada rus dili də gəlmişdi. Üstəlik, İslamı
qəbul edərək Feodesiyadan Fatiməyə
çevrilmiş mənşəcə Gürcüstan yəhudisi
anası da ona hələ kiçik yaşlarından
gürcü dilini mənimsətmişdi.
1918-ci
ildə Bakıda erməni iğtişaşlarının
başlanması ərəfəsində narahat vəziyyəti
hiss edən Ələsgər həyat yoldaşını,
qoşa qızını və oğlu Mikayılı
götürərək İrana gedir. Useynov
qardaşlarının köhnədən İranla sıx ticarət
əlaqələri olduğundan oralarda dostları
çoxmuş. Ələsgərdən olsa, İranda daha
çox qalarmışlar, ancaq 1918-ci ildə bu mühitdə
özlərini, sən deyən, münasib hiss etməyən
xanımların təkidi ilə Bakıya qayıdırlar və
tezliklə onları erməniçilikdən də təhlükəli
bəla yaxalayır: bolşeviklər gəlir, mal-mülklərini
əllərindən alırlar, Ələsgər xəstəliyə
tutularaq dünyaya vida edir. Ancaq sərvətlərinin
çoxunu müsadirə etmişdilərsə də, hər
halda dolanışıqları vardı, yeniyetmə
Mikayılın oxuyub-öyrənmək həvəsi də
çoxdu və 1921-ci ildə Bakıdakı 5 saylı
İkinci dərəcəli məktəbi bitirərək ali təhsil
haqqında düşünməyə başlayır. Elə həmin
məktəbdə Mikayıl sonra 30 ilə yaxın müddətdə
birgə olacaqları, ortaq çalışacaqları sadiq və
elə onun özü kimi istedadlı, işgüzar bir dostla
tapışır - Sadıq Dadaşovla.
1922-ci
ildə onlar ikisi də Bakıda Azərbaycan Politexnik
İnstitutunun Mühəndis-inşaat fakültəsinin yenicə
açılmış memarlıq bölməsinə qəbul
edilir.
Mikayılla
Sadıq həmin fakültənin o ixtisas üzrə təhsil
alan ilk azərbaycanlı tələbələri idi.
Və
illər ötdükcə bu tandem Azərbaycanın tarixindən
heç vaxt silinməyəcək bir-birindən dəyərli
izlər qoyacaq.
Tanıyanlar,
dost-tanış onlara "qardaşlar" deyərdilər və
yaxınlıq, yol və fikir doğmalığı nəhayətdə
onları bir-birinə qohum da edir - Sadıq Mikayılın
bacısı Leyla ilə ailə qurur.
Mikayıl
Useynovla Sadıq Dadaşovun gələcəyin güclü
memarlarına çevriləcəyi artıq onların tələbəlik
çağlarından duyulurdu.
1926-cı
ildə onlar hələ dördüncü kurs tələbələri
idilər, hələ vur-tut hərəsinin 21 yaşı
vardı və Nizami Gəncəvi abidəsi üçün
elan edilmiş müsabiqəyə qatılaraq birinci yeri
götürmüşdülər.
Bu əlamətdar
hadisə Azərbaycanın gələcək iki böyük
memarının yolun başlanğıcındakı əvvəlinci
ciddi nailiyyəti olmaqdan əlavə, diqqəti bir başqa
baxımdan da çəkir.
Bir
para Azərbaycansevməz, millətimizin qüdrətinə xələl
gətirə biləcək hər şər-şəbədəyə
cəhd edən ünsürlər, bundan daha əcaibi isə
guya alim adlanan, amma iqtidara olan kinləri hədəqəsindən
çıxaraq artıq milli dövlətə, ölkəyə,
xalqa qarşı, lap yumşaq deyilərsə, bədxahlıq
həddinə yetişən bəzi ilana ağu verən
özümüzdən olan zatıqırıqlar tarixi
gerçəkləri kobudca təhrif edərək irin
püskürürlər ki, guya Nizami Gəncəvini Azərbaycana
sovet lideri Stalin peşkəş edib, sən demə,
gürcünün, erməninin orta əsrlərdə yaşamış
klassikləri olduğu üçün balans yaratmaqdan
ötrü Nizamini də farslardan qopararaq bizimkiləşdirib,
bu münasibətlə yubileyini keçirməyə də qərar
verib.
Nizami
Gəncəvi Azərbaycan şairidir, türk oğlu
türkdür və yaşadığı XII yüzildən,
XIII əsrin əvvəllərindən indiyədək həmişə
də Azərbaycan xalqının sevimlisi olub. Bir müstəsna
şair və Azərbaycan övladı olaraq XX yüzildə
onun haqqında Gəncədə Mirzə Məhəmməd
Axundzadənin (1875-1923) "Şeyx Nizami" kitabı
çıxanda hələ nə sovet hökyməti vardı,
nə Stalin adı ortadaydı.
1926-cı
ildə də Azərbaycan hökuməti Nizami abidəsi
üçün ən yaxşı layihələrdən
ötrü müsabiqə elan edəndə kiminsə guya
Nizaminin bizimki olmadığını fərz etmək
heç ağlına gəlməzdi.
Düşmən
olanlar, namərdlər, içərisi qurdlular milləti,
dövləti vurmağa cəhdləri adətən hər
zaman elə bu minvalla ən əziz olandan başlayırlar ki,
daha artıq qəlb ağrıtsınlar, lakin əksinə,
belə tərpənişlərilə həmişə daha
artıq ikrah qazanır, ürək bulandırırlar.
Nizami
isə Mikayıl Useynov və Sadıq Dadaşovla sonra illər
boyu yenə birgə oldu.
İlk
Nizami uğurundan təqribən 10 il sonra Gəncəli
Müdriklə yenidən görüşdülər.
Paytaxtın tən mərkəzindəki gözəlliyi ilə
göz oxşayan Nizami kinoteatrı "memar
qardaşlar"ın millətə, paytaxta və ölməz
şairə növbəti töhfəsi idi.
Nizami
kinoteatrının lap yaxınlığında, küçənin
o tayında elə kinoteatrın tuşunda ucalacaq və sonralar
uzun illər boyu "Azərtaq" və AzərTAc-ın,
"Kommunist" və "Xalq qəzeti"nin
redaksiyalarının yerləşəcəyi bina da bu iki
müəllifin əsəri idi. İnzibati bina kimi layihələşdirilən
bu tikilidə də Mikayıl Useynovla Sadıq Dadaşovun
üslubuna xas şairanəlik, həm Nizamiyə, həm də
Bakı şəhərinə dərin məhəbbəti
sezilməkdədir. Elə ediblər ki, yolun o və bu
tayındakı iki bina vahid ansambla, bir-birini tamamlayan qoşa
gözəlliyə çevrilib. Nizamiyə görə
kinoteatra hansı həssaslıqla yanaşıb, necə zərif
və cazibədar memarlıq həlli tapıblarsa, bir daha
Nizamiyə məhəbbətlə və həm də
paytaxtın ümumi çöhrəsini nəzərə
alaraq eyni tərzdə də "inzibati bina"ya süs verməyə
can atıblar.
Ancaq
Nizamiylə görüşlər hələ yenə olacaq.
1939-cu
il noyabrın 1-də Nizami Gəncəvinin qarşıdan gələn
800 illik yubileyi ilə əlaqədar Bakıda şairin xatirə
muzeyinin yaradılması haqda Azərbaycan hökuməti qərar
verəndə əvvəlcə bundan ötrü ayrıca
binanın tikilməsi barədə
düşünülmüşdü. Lakin sonra qət
edilmişdi ki, keçmiş "Metropol"
mehmanxanasının binası yeniləşdirilib əsaslı
təmir edilərək muzeyə çevrilsin və iş
artıq tələbəlik dövründən qoşa işləməyə
başlamış iki cavan memara etibar edilmişdi. Həm də
burada tarixin ayrı bir cazibəsi də vardı ki, o
binanın sahibi sabiq Bakı milyonçusu, el içində
"Hachacağa" deyilən Hacı Hacıağa
Dadaşov (1828-1905) olmuşdu. Sadıq isə onun doğmaca
qardaşı Şıxəli Dadaşovun nəvəsi idi.
Heç
bir cəhətdən diqqəti cəlb etməyən sadə
ikimərtəbəli bina Mikayıl Useynov və Sadıq
Dadaşovun nəfəsi dəyəndən sonra hərəsindən
bir klassikin heykəli yerləşən 6 tağıyla, dəndanələriylə
misli olmayan bir memarlıq incisinə, Nizamiyə layiq əsl
saraya çevrildi və Bakının sabit rəmzlərindən
birinə döndü.
Bakıda,
elə Nizami muzeyinin qarşısında ucaldılan və heykəltəraş
Fuad Əbdürrəhmanovun yaratdığı Nizami abidəsinin
də, şairə Gəncədə yüksəldilən heykəlin
də memarı onlar olacaq.
Vaxtsız
ölüm parlaq Sadıq Dadaşovu 1946-cı ildə, 41
yaşında aparacaq. Ancaq Nizamiyə sədaqət Mikayıl
Useynovda elə qabaqkı kimi qalacaq.
1969-cu
ildə metronun "Nizami" stansiyasının layihəsini də
Mikayıl Useynov cızacaq.
Bakıda,
Abşeronda, Azərbaycanın müxtəlif guşələrində,
keçmiş Sovet İttifaqının ayrı-ayrı
respublikalarında Mikayıl Useynovun layihəsindən həyat
almış tikililər bəs deyincədir. Fəqət onun bəzisini
Sadıq Dadaşovla birgə işlədiyi, bəzisini onun erkən
gedişindən sonra tək yaratdığı layihələr
də var ki, bəyənilib, çox gözəl olduqları
etiraf olunub, amma müəyyən səbəblər
ucbatından elə kağız üzərində də
qalıb. Onlardan biri, həm də ən gözəllərindən
olanı "Şuralar Evi", sonralar "Hökumət
Evi" adlandırılacaq bina üçün 1932-ci ildə
elan edilmiş müsabiqəyə Sadıq Dadaşovla birgə
hazırladıqları layihədir. Artıq 1934-cü ildə
müsabiqəyə təqdim edilən layihələrin ən
yaxşıları seçilsə də, son qərarın
verilməsi xeyli uzanır və gəlib çıxır
1939-cu ilə. Münsiflərin ən yaxşı hesab edərək
seçdikləri iki layihədən biri Mikayıl Useynovla
Sadıq Dadaşovun, digəri həmin dövrdə
SSRİ-nin ən nüfuzlu, ən aparıcı
memarlarından biri olan Lev Rudnevinki (1885-1956) idi.
Bakının
fikri məhz öz layihəmizin üzərində
dayanmaqmış, amma görünür ki, son anda Moskvadan gələn
tapşırıqla üstünlük Rudnevin layihəsinə
verilir.
Hökumət
Evimiz əzəmətlidir, gözəldir, ancaq Mikayıl
Useynovgilin layihəsini, maketini görənlər tərəddüdsüz
təsdiqləyər ki, Hökumət Evimiz indikindən də
gözəl ola bilərmiş.
Başda
zəhmli respublika rəhbəri Mircəfər Bağırov
olmaqla, hökumət üzvləri 1939-cu ildə son qiymətləndirməni
keçirirmiş.
Qəfildən
daxili işlər komissarı Stepan Yemelyanovun Mikayıl Useynova
verdiyi naqolay sual hamını şəkləndirir. Bu sual
sualdan daha artıq siyasi ittihama bənzəyirdi və kim tərəfindən
də verildiyi nəzərə alınarsa, "qan-qan"
deyirdi: "Yoldaş Bağırov, mən anlaya bilmirəm ki,
niyə memar Useynov proletariatın dahi rəhbəri Vladimir
İliç Leninin heykəlini binanın qarşısında,
girişində deyil, arxa tərəfində yerləşdirmək
istəyir, məqsədi nədir?"
Yemelyanovun
iki memardan birini ayıraraq günahı məhz Mikayıl
Useynova yönəltməsi səbəbsiz deyildi. Yemelyanov
çekist idi, Dadaş Sadıqovla da Mircəfər
Bağırovun qohumluq əlaqələrinin olmasından xəbərdar
idi.
Hamı
təşvişlə bir-birinə baxır ki, bunun qanı
getdi.
Mikayıl
Useynov qalxır ayağa, təmkinlə dillənir: "Mən
heykəlin binanın arxa tərəfində qoyulmasını
məqsədli şəkildə etmişəm".
Bu
sözlərdən zaldakı gərginlik daha da artır.
Mikayıl
Useynov davam edir: "Hökumət Evinin yanında kütləvi
tədbirlər təşkil olunacaq, bu zaman xalq binanın
qarşısına yox, arxa tərəfindəki meydana
toplaşacaq, oradan keçib gedəcək. Lenin isə həmişə
xalqla olub, xalqa arxalanıb, məqsəd də ondan ibarətdir
ki, rəhbər zəhmətkeşlərə yaxın olsun,
onlarla üzbəüz dayansın".
Darmacalda
özünü itirməyən cavan memarın
hazırcavablığı vəziyyəti dəyişir,
Mikayıl Useynovun bu sözünün müqabilində komissar
Yemelyanovun onun haqlı olduğu ilə razılaşmaqdan qeyri
çarəsi qalmır.
Həmin
toplantıdan Mikayılla Sadıq xoş ovqatda, artıq layihələrinin
qəbul edildiyi inamı ilə ayrılsalar da, bir neçə
gün sonra onların deyil, Rudnevin layihəsinə birinci yer
verildiyi elan olunur. Ancaq onların layihəsindəki həmin məqam
- heykəlin məhz binanın arxa hissəsində, meydana baxan
tərəfində yerləşdirilməsi obiri layihəyə
əlavə edilir.
Mikayl
Useynovun ailə üzvlərindən dinlədiyim xatirələrə
görə, Sadıq Dadaşovun Mircəfər
Bağırovla qohumluğu varmış, ehtimalən onu da,
onunla daim şərik işləyən Mikayılı da
1930-1940-cı illərdə siyasi repressiyalar
bataqlığından əzazil rəhbərin iltifatı xilas
edibmiş.
Ancaq
qasırğalı illər Mikayılın ömrünə
yarası həmişəlik qalacaq müdhiş zərbəsini
də vurubmuş. 1937-ci ildə o, nişanlıymış,
yaxın vaxtlarda toyları da olmalıymış. Ancaq
qızın valideynləri həbs edilir, eyni müsibətin
onu da haqlayacağını düşünən qız həbsxanada
başına gətirilə biləcək bəlaları
göz önünə alaraq yeganə çıxış
yolunu özünü yandırmaqda görür.
Yenə
Mikayıl Useynovun qohumlarından eşitdiklərimdəndir ki,
həmin qız da kübar ailədənmiş və
Bakının ən gözəl qızlarından biri imiş.
Bu
itki Mikayılı sarsıdır və ailə qurmaq istəyi
də o faciə ilə biryolluq sönür.
Əqrəbası
mənə Mikayıl Useynovun bu etirafını da
çatdırıb ki, zərrə qədər belə
arxayınlığı yoxmuş, 1937-ci ildən ta 1956-ya - bəraətlər
mövsümünədək daim səksəkələrin
caynağında olub, həbsini hər gün gözləyirmiş
və bu müddət ərzində daim mənzilinin girəcəyindəki
güzgülü qədimi termonun yanında içərisinə
isti paltar, dəyişəcəklər
yığdığı bir əl çantası hazır vəziyyətdəymiş.
...Hələ
tələbəlik illərindən Mikayıl Useynov da,
Sadıq Dadaşov da əməli memarlıqla bərabər
elmi araşdırmalara da həvəs göstərmişdilər.
Onların ilk işlərindən biri hələ 1924-1925-ci illərdə
institutda oxuya-oxuya Şirvanşahlar saray kompleksini dərindən
tədqiq etmək, ölçü işləri aparmaq
olmuşdu. Sonrakı onillərdə memarlıq irsimizin bu nadir
nümunələri ilə müfəssəl tədqiqatlar da
aparılacaq, sanballı əsərlər də yazılacaq.
Lakin 1920-1930-cu illərdə, Naxçıvandakı Möminə
Xatın, Yusif ibn Kuseyir türbələrinin, Qarabağlar
türbəsi və böyründəki minarəli zəfər
tağının, qədim Bərdə şəhərindəki
Nüşabə türbəsinin və bir qatar başqa orta əsr
memarlıq yadigarlarımızın ilk tədqiqatçıları
olmaq Mikayıl Useynov və Sadıq Dadaşovun adı ilə
bağlıdır.
Lap
başlanğıcdan onların memarlıq fəaliyyəti həm
də elmlə bağlı olduğundan 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyası yaradılarkən ilk seçilən 15
təsisçi akademikdən biri Mikayıl Useynov, digəri
Sadıq Dadaşov idi.
Mikayıl
Useynov həm də xeyirxah və qabil elm təşkilatçısı
idi. O, 1948-1988-ci illərdə Azərbaycan Elmlər
Akademiyası Memarlıq və İncəsənət
İnstitutunun direktoru işlədi. 1970-ci illərin
sonları, 1980-ci illərdə mən həmin institutla sıx
bağlı idim, tez-tez gedib-gələrdim, orada dostlarım
çoxdu və institutun nəzdində qiymətli mənbələrlə
dolu arxivlər vardı ki, mən də mütəmadi bəhrələnərdim.
Mənim müşahidəmə görə, Mikayıl
Useynovun rəhbərliyi dövründə həmin institut ən
parlaq çağlarını sürdü, humanitar və
ictimai elmlər sahəsində ən sanballı mərkəzlərdən
sayılırdı və məhz o illərdə də orada
bir çox qiymətli əsərlər hazırlanaraq
işıq üzü gördü. Yazılmasına qüvvətli
alimlərin cəlb edildiyi və Azərbaycanın ən qədim
dövrlərdən yeni zamanadək olan memarlıq tarixini əks
etdirən sanballı araşdırma da o illərin köhnəlməz
bəhrələrindəndir. Mikayıl Useynov da həmin
fundamental əsərin əsas müəlliflərindən biri
idi.
Mikayıl
Useynov Cəfər Qiyasiyə "Təbriz memarlıq məktəbi"
mövzusunda dissertasiyasını işləyərkən elmi
rəhbərlik edirdi. Cəfər söyləyir ki, Mikayıl
müəllimin direktor otağının qapısı həmişə
açıq olardı. İstədiyin vaxt girib
sözünü demək imkanın vardı. Cəfər bunu
da xatırlayır ki, hərdən məni evinə dəvət
edərdi, geniş mənzilindəki rəflərdə xarici
dillərdə, kitabxanalarda belə tapılması
mümkün olmayan nadir nəşrlər
düzülmüşdü. Qızırqanmadan,
hamısını səxavətlə istifadəyə verərdi.
Özü
həyatda hər çətinliyi gördüyündən,
alimliyi də fitrətdən gəldiyindən
qısqanclıq, təkəbbür kimi xırda hisslərdən
çox uzaqmış, elmdə yeni irəliləyən gənclərdən
qayğılarını əsirgəməzmiş.
Akademik
Mikayıl Useynovun özünün qələmindən
çıxmış 100-dən artıq elmi əsərin
arasında onun 1936-cı ildə Moskvada "Arxitektura SSSR"
jurnalında dərc edilmiş "Bakıda Divanxana"
adlı ilk məqaləsindən, 1938-ci ildə yenə Moskvada
nəşr edilmiş "Bakıda Azərbaycan memarlıq
abidələri" adlı ilk kitabından tutmuş ta
"Xan sarayı" (Bakı, 1946), "Nizami dövründə
Azərbaycan memarlığının ümumi icmalı"
(Bakı, 1947), "Azərbaycan memarlığı III-XIX əsrlərdə"
(Moskva, 1948), "Sovet Azərbaycan memarlığının
inkişafı məsələsi" (Bakı, 1949),
"Şirvanşahlar saray kompleksinin memarlığı"
(Bakı, 1950), "Bakının memarlıq abidələri"
(Bakı, 1955), "Azərbaycan memarlıq tarixi" (Bakı,
1952), "Azərbaycan memarlıq abidələrinın bərpası
məsələləri" (Bakı, 1960) , "Sovet
dövrü Azərbaycan memarlığının milli
özünəməxsusluqları" (1973), "Azərbaycanın
memarlıq irsi və onun öyrənilməsi problemləri"
(1976) sərlövhəli araşdırmalarınacan və qələmindən
çıxmış digər elmi əsərlərin
hamısında yer alan mövzulara miqyaslı
baxışı, vətəndaşlıq mövqeyindən
vicdanlı və dürüst yanaşması, incə təhlilləri
diqqət çəkir.
Sovet
dövründə hər bir azərbaycanlı alimin, sənətkarın,
idmançının, mütəxəssisin... respublikadan kənarda,
illah da xarici ölkələrdə əldə etdiyi hər
nailiyyət təkcə milli fəxr mənbəyi deyil, həm
də siyasi siqləti olan bir uğur idi.
Azərbaycan
alimi akademik Mikayıl Useynov Varşavada (1955), Londonda (1961),
Havanada (1963), Parisdə (1965), Varnada (1972), Madriddə (1975),
Mexikoda (1978)... memarların beynəlxalq konqreslərində
kürsüyə qalxırdı, dərin məzmunlu məruzələrlə
çıxış edirdi, həmin elmi
yığıncaqların iştirakçıları ilə
sərbəst danışdığı bir neçə dildə
diskussiyalara girirdi və bunların sorağını almaq hər
dəfə qürurlandırırdı. Azərbaycanlı
alimin (yaxud istənilən başqa sovet respublikasından olan
ayrı bir milli kadrın) SSRİ-ni təmsil edərək
sovet elminin təqdimatçısı kimi beynəlxalq arenada belə
ardıcıl görsənişləri o çağlarda az təsadüf
edilən hallardan idi. Moskvada - Mərkəzdə də görməzliyə
vurmağın mümkünsüz olduğu bu üstün səviyyəyə
şahid olduqlarından qapılar onun üzünə
açıqdı və tək azərbaycanlı idi ki, həm
SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü
idi, həm də Mərkəz onun Böyük Britaniya və
İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri
üzvlüyünə seçilməsinə (1985)
maneçilik törətməmişdi.
Bununla
belə, Türkiyəyə yolu qapalı idi. Avropa ölkələrinin
bir çoxuna dəfələrlə səfər etmişdisə
də, görməyi çox arzuladığı Türkiyəyə
getməsinə rüsxət verilmirdi. Cəfər söyləyir
ki, o dövrdə məni hamı türkçü kimi
tanıyırdı. Bir gün institutda Mikayıl müəllim
mənə astaca dedi ki, çox istərdim səninlə
İstanbula, Ankaraya birlikdə səfər edək.
Güldüm ki, ay Mikayıl müəllim, məgər məni
oralara buraxan var ki, gedək?!
...Unudulmaz
Rasim Əfəndiyev danışırdı ki, bir dəfə
institutdakı növbəti elmi şuradan sonra digər
üzvlər getmişdi, otaqda Mikayıl müəllimlə mən,
Lətif Kərimov, Əbdülvahab Salamzadə, Əhməd
İsazadə qalmışdıq. Kimsə dedi ki,
"Qobustan" jurnalında memar Qəzənfər Əlizadənin
bir müsahibəsini oxuyub. Qəzənfər müəllim
Üzeyir bəydən soruşubmuş ki,
yazdığınız əsərlərdən ən
çox sizə hansı əzizdir. Deyir, zənn edirdim cavab
verəcək ki, elə hamısı. Ancaq gözlədiyimin əksinə
olaraq birbaşa qayıtdı ki, "O olmasın, bu olsun".
ükut
oldu, Mikayıl müəllim dilləndi ki, mənimçün
də hər əsərimin ürəyimdə öz yeri,
öz tarixçəsi olsa da, ikisinin yeri ayrıcadır. Biri
Elmlər Akademiyası binası ki, 40 ilə yaxındır
iş yerimdir, hər gün bura gəlib-gedirəm, ikincisi də
"Alimlər Evi" ki, özüm də orada
yaşayıram.
Ancaq
evdən fərqli olaraq, hər dəfə Akademiyanın
qarşısına çatıb maşından düşəndə,
aşağdan yuxarı əsas binanı seyr edəndə pərişan
oluram. Çünki bu binanın üstü belə
olmamalı idi, binanı tamamlayan, ona xüsusi gözəllik
verən milli üslublu dörd günbəz son anda layihədən
çıxarıldı. Çünki Nikita Xruşşov
memarlıqda ifratçılığa və
israfçılığa qarşı bir
çıxış etmişdi, mənim də haqqımda
şəxsən söyləmişdi ki, ölkənin belə
memarlara ehtiyacı yoxdur. Həmin ixtisarlarla layihənin o
cür şikəst edilməsi məni binanı hər dəfə
təzədən görəndə yenidən
ağrıdır.
Siyasətlər
də, o siyasətləri yeridən xadimlər də gedir və
çox vaxt onların haqqında qalan elə lətifəvari
hekayətlər olur. Sənətkardansa əsərlər
qalır və onu sağlığında olduğu kimi, gələcəkdəkilərin
də minnətdar sevgilərində yaşadır.
Yenə
Cəfər Qiyasinin xatirələrindəndir. Mənə
danışırdı ki, müdafiəsi zamanı opponentlərindən
biri Özbəkistandan gəlmiş - Daşkəndin baş
memarı, memarlıq nəzəriyyəçisi, əslən
tatar olan Midhət Bulatov idi. O həm də Özbəkistan
paytaxtındakı məşhur "Nəvai"
mehmanxanasının memarı imiş. Öz işini
Mikayıl Useynovun layihəsi ilə tikilmiş
"Abşeron", "Moskva" hotelləri ilə
müqayisə edirdi, Bakıda Mikayıl müəllimin layihəsini
verdiyi başqa tikililəri seyr edirdi və heyrətə gəlirdi,
qibtə edirdi ki, ustad iki daşın arasında
sözünü deyə bilib, bütün
sıxıntılara baxmayaraq, bizim edə bilmədiklərimizin
hamısını mühafizəkar yasaqlardan
çıxış yolu taparaq gerçəkləşdirməyi
bacarıb..
...Təqvimlə
böyük memar, akademik Mikayıl Useynovun həyatı 1992-ci
il oktyabrın 7-də bitib. Ancaq Bakımızın
hüsnünə yaraşıq qatan və hər gün
gözümüzün önündə olan hər bir
yadigarı ilə memar Mikayıl Useynov özü də yenə
bizimlə deyilmi, hamımızla birgə sevimli şəhərində
yaşamaqda davam etmirmi?
7
sentyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.10-11; 14