El
üçün şəhid Elçin
Qarabağ
hamımızın dərdi idi. Sadəcə, uzun çəkdi,
görəsən, gülüzlü övladlarına əbədi
həsrət qalmış ağlar gözlü şəhid
anaları üçün bu zaman nə qədər davam edəcək?
Suala ancaq şəhid anaları cavab verə bilər.
Qarabağ probleminin davam etdiyi dövrdə irili-xırdalı
bir neçə yazı hazırlayıb çap etdirmişəm.
Bir kitabım nəşr olunub. Amma şəhid Elçin Səmədovdan
yazmaq istəyəndə qələm əlimi yandırıb.
Sadəcə, qələm oda, kösövə dönüb,
alışdırıb əlimi, barmaqlarımı. Şəhid
Sənandan, Sənan İsayevdən yazanda da belə oldu. O yazını da
hazırlamağım uzun çəkdi. Lap indiki kimi, bəlkə
buna səbəb şəhidlərin müqəddəs
ruhları qarşısındakı məsuliyyət hissidir? Bəlkə
də daha dəqiq sözlər, ifadələr seçmək
istəyimin yaratdığı bir sonluqla bağlıdır.
Çox da böyük olmayan bir kəndin - Şabran rayonunun
Ağbaş kəndinin verdiyi şəhidlər gözlərimin
önündən çəkilmir.
Yazmaq
asandır, şəhid olmaq çətin. Şəhid olmaq Vətən
torpaqlarını heç olmasa onu azad etmək
üçün cavan canlarından keçməyə
hazır olanların olduğuna insanları inandırmaq deməkdir.
Nə az, nə çox - 30 il şəhid verdik. Qan yerdə
qalmadı, belə bir ifadə var. Açıqlamasını
belə ifadə etmək olar: bu qan ona görə yerdə
qalmır ki, o, torpaqlarımızın
qarış-qarış azad edilməsi yolunda
axıdılıb.
Və
görmüşəm ki, müqəddəs insanları ürəkdən
gələn ifadələrlə təsvir etmək
üçün lazım olan sözlər hələ
yaranmayıb - bunlar yer sözləri deyil, daha çox göy
sözləri, ruhun tərənnümü, təcəssümüdür.
Deməli, əsas qalır indi mövcud olan ifadə
imkanlarından istifadəyə. Onların ruhu qələm əhlinə
kömək etməsə, olmaz.
Qeybdən
gələn səs və ya el üçün. Elçin
yaşıdlarından fərqi az, oxşarlığı
çox olan bir gənc idi. Fərqini, üstünlüklərini
göstərməyi sevməzdi. Görünür, bu fərqin
yaratdığı enerjini daha lazımlı işlər
üçün saxlayırmış. Göz açandan ailədə
valideynlərindən, məktəbə gedəndən ehtiramla
yanaşdığı müəllimlərindən həmin o
yer haqqında söhbətlərə qulaq asır, ürəyində
bu yerlərin suyunu nağıllarda eşitdiyi bədheybətin
kəsdiyi haqda hekayətlər quraşdırırdı. Xalq
öz övladlarını müqəddəs cahada,
geridönməzliyi qaçılmaz olan döyüşlərə
hazırlayırdı.
Sanki
kimsə təkidlə qulağıma
pıçıldayırdı: o, uşaqlıqda, xeyli vaxt,
öz adını düz deməyib. Başqa bir səs, - belə
şeylər olur, - söyləyirdi. Qulağıma gələn
səs əl çəkmirdi - öz adına "El
üçün" deyirdi. Kimsə irad tutanda elə ciddi dəyişiklik
eləmirdi: "El üçün" deyib, sakitcə
dönüb gedirdi. Elə bil adını özü istədiyi
kimi deməkdən onu çəkindirəcəklərindən
ehtiyatlanırdı adamlar da üstünə getmirdilər. Sonra özləri də
zarafatla elə - Elüçün çağırmağa
başladılar onu. Necə istəyir, elə də desin,
uşağı rahat buraxırdılar. Onsuz da adam öz
adını az işlədir. Bu da olur ondan başqaları
soruşanda.
Ağlımdan
keçdi ki, qulağımdan getməyən
pıçıltının nə qədər real
olduğunu soruşum. Mənimlə üz-üzə oturub, ruhən
daha uzaqlarda olduğu həssas gözlərdən yayınmayan
cavana müraciət etdim. Az
sonra öyrəndim ki, müraciət etdiyim adam Elçinin,
şəhid Elçin Səmədovun dost-doğma əmisi
oğlu Rəşid Səmədovdur. Xəyallardan
ayıldım. Amma xəyallar nə xəyallardı, bilə
bilmədim. Şirin də ola bilərdi, kədərli də.
Görünür, həm də sualım onu
çaşdırmışdı. Üzümə təəccüblə
baxdı. Yavaşca dedi:
-
Balacalıqda təhrif etdiyi adının mənasını
qanı, canı bahasına doğrultdu - Vətən
üçün fəda oldu, şəhidlik zirvəsinə
ucaldı əmim oğlu Elçin...
Müəllimləri
danışır. Onsuz da ağır olan sükutu Bəhram
müəllimin söhbəti pozur. Bəhram müəllim
rayonun tanınıb-seçilən təcrübəli müəllimlərindəndir.
Elçinin müəllimi olub, deyir:
Elçingilin
sinfinə "Coğrafiya" fənnini tədris edirdim. Nədənsə
Elçinin hərbçi olacağını
düşünürdüm. Amma bilməzdim ki, bir zamanlar Azərbaycanı,
onun hər qarış torpağını,
çayını, daşını, meşəsini,
dağını, tanıtdığım bu sakit təbətli,
başqalarında ilk andaca xoş təəssürat yaradan
Elçin vaxt gələcək Ağbaşa şəhid kimi,
müqəddəs bayrağımızın
örtüyündə qayıdacaq. Və nə vaxtsa
özünə
"Elüçün" deməsinə maraqla
yanaşan Ağbaş camaatı onu ehtiramla
qarşılayıb, əbədi mənzilinə - Şabran
şəhərindəki Şəhidlər
xiyabanına yola salacaq.
Elçinə
xarici dil dərsləri demiş, həm də qohumu Səmədağa
müəlim - Səmədağa Quliyev də kövrək
anları yada salır: "Elçin Ağbaş kəndinin
ilk şəhidi deyil. Allah eləsin Azərbaycanda, eləcə
də dünyada bir əbədi sülh qərar tutsun, ellərə,
evlərə şəhid cənazəsi
gəlməsin. Amma təəssüf,
dünyada ikili siyasət hökm sürür. Bu siyasət
qaldıqca müharibələr də istisna deyil. Odur ki, hər
doğulan körpəni, Azərbaycanın şəxsiyyət
vəsiqəsini gəzdirən hər bir gənci vətənpərvərlik
ruhunda tərbiyə etmək, vətənpərvər insan
kimi formalaşdırmaq lazımdır, bu, xüsusən, biz
müəllimlərin borcudur.
Danışan
şəkillər. Elçinin müxtəlif vaxtlarda çəkilmiş
şəkillərinə baxıram. Şəkilərin birində
hərbi paltardadır, stulda oturub. Elçinin atası Akif diqqətlə
baxdığımı görüb deyir:
-
Ömrünün böyük bir hissəsini hərbi paltarda
olub, elə bil bu paltarı
çıxarmaqdan qorxurdu. Başqa bir kadrda əlləri
bir-birinə daraqlanmış şəkildə təsvir
olunub. Üz ifadəsindən narahatlığı aydın
hiss olunur. Başadüşüləndir. Hələ də
azad olunmayan torpaqlarımızın həsrətindən
yaranan hala bənzəyir. Bu da təbiidir. İndi bizim olan
torpaqların düşməndən təmizlənməsi
uğrunda gedən döyüşlərdə şəhidlik
zirvəsinə ucalmış yoldaşlarının
qisasının alınması borcunu yaşamaq da onu belə
narahat edə bilər.
Başqa
şəkildə gülümsəyir. Atasının dediklərindən
belə məlum olur ki, bu şəkil Azərbaycan-Ermənistan
münasibətlərində dönüş yaradan, kimin kim
olduğunu aşkar edən Aprel döyüşlərindən
sonra çəkilib.
Ata
ocağında çəkilmiş şəkil
hamımızı kövrəldir.
Ot
kökü üstə bitər: Yazdıq ki, Elçin
Ağbaş kəndində doğulub. Şabran rayonundakı
bu kənd əslində Sovet dövründə
köçürülmüş (əslində didərgin
salınmış) 6 para kəndin əhalisinin yurd
çevrilib.
Bir də
ayılıb görüblər ki, keçmiş sovetlərin
yürütdüyü səhv siyasət nəticəsində
can dərmanı bulaqları, yamyaşıl meşələri,
yabanı meyvələrlə zəngin ağacları, hər
dərdin dərmanı gülü-çiçəyi olan
şəfalı torpaqlar boş qalıb. Camaat köç
edib arana, öyrəşmədikləri,
alışmadıqları ərazilərə. Elnən gələn
dərd - toy-bayramdır deyib, taleləri ilə
barışmağa, bir az da dəqiq desək, yeni yurda
alışmağa çalışıblar. Amma, amma
alışıblarmı? Daha yaşlı insanlar
danışırlar ki, həmin dövrlərdə, xüsusən,
köçün ilk illərində adamlar arasında
qızdırma xəstəliyi yayılıb, uşaqlar, qocalar
arasında ölüm halları artıb. Nə edəsən?
Geriyə dönüşün olmadığını tez
başa düşüblər. Başa düşüblər
ki, əl-ələ verib "yaxşı günləri
yaratmaqdan başqa yol" yoxdur.
Bax,
indi haqqında kədərlə, həm də qürurla
yazdığım, ruhu neçə illərdir qoruduğu, nəhayət,
can qurban verdiyi, şəhidlik zirvəsinə yüksəlmiş
Elçin də bu acıları yaşamış bir nəslin
nümayəndəsidir. Ulu babası Nadirşah kişi ötən
əsrdə doğma yurddan, yaşadığı Güləhdən
köçüb Ağbaşa. Bir-birilərinə dayaq olub
çətinliklərdən çıxıblar. Çətinliklərin
də ucu yox, bucağı yox. Amma bərkiyiblər,
qarşılarına qoyduqları məqsədə əxlaqın
yol verdiyi bütün imkanlardan, üsul və vasitələrdən
istifadə edərək çatıblar. Ailənin bir prinsipi
həmişə dəyişməz qalıb. Kiçik də,
böyük addım atanda, bir iş görəndə gözlərinin
qarşısına ilk növbədə bu prinsipi
canlandırıb: Halallıq, başqalarının malında
gözü olmamaq, xeyirxahlıq!
Elçinin
babası Əmirşah kişi də, atası Akif də, nəhayət,
Elçinin özü də belə bir ailədə
böyüdü, formalaşdı. Özü də təkcə
fiziki baxımdan deyil, həm də ruhu cəhətdən. Yuxarıda
qeyd etdiyim kimi, xatırlamaq, fikrimcə, bəs edər ki,
Elçinin bibisi oğlu Samir Xəlil oğlu Zülfüqarov
Azərbaycanın Milli Qəhrəmanıdır. Ağbaş
kəndində, ata yurdunda heykəli ucaldılıb. Başqa
bir fakt: Elçinin əmizi oğlu Rəşid Səmədov
qazidir. Azərbaycan Tibb Universitetinin Hərbi Kollecini bitirib. Təhsilini
tamamlayan gündən ağır yaralanan qədər cəbhə
bölgələrində xidmət edib, onlarla qəhrəman əsgərimizi,
zabitimizi döyüş nöqtələrindən
çıxarıb, ölümün pəncəsindən
qurtarıb.
Çadırda. Akiflə - şəhidin atası ilə
üz-üzə oturduq. Ortaya sanki dağ
çökmüşdü. Ləpələnən sular buza
dönmüşdü. Heç birimiz söz tapıb
danışa bilmirik. Sözgəlişi soruşdum:
Ağbaş məktəbində oxuyub? Cavabını
özüm də bilirəm ki, bu
məktəbdə oxuyub. Ağbaş məktəbini
yaxşı tanıyıram. Adla deyilən müəllimləri
olub, indi də var. Feyyaz Rəşidov uzun illər bu məktəbə
rəhbərlik edib. Direktor işləyib. Təşəbbüsü
ilə məktəbin uçuq-salxaq binasının yerində
çoxmərtəbəli, müasir tipli tədris binası
inşa edilib. Təəssüf ki, uzun illər ərzində
məktəb baxımsız hala düşüb. Əsaslı
təmirə, bəlkə də bərpaya ehtiyacı var.
Vaxtilə məktəb haqqında Azərbaycan televiziyası
film çəkib, nümayiş etdirilib. İnqilab müəllim
riyaziyyatdan dərs deyib. Onun işlədiyi dövrdə məktəbin
xeyli məzunu ölkənin, keçmiş SSRİ-nin müxəlif
ali və orta ixtisas məktəblərinə riyaziyyat istiqamətli
ixtisaslar üzrə qəbul olunub. Rəşid müəllimdən
sonra Səfər müəllim, Səfər Əzimov məktəbə
rəhbərlik edib. Ənənələr saxlanılıb,
yenilər milli dəyərlərimizin haləsində tətbiq
edilib. Bunlar öz yerində. Amma təlimlə yanaşı,
şagirdlərin bir şəxsiyyət kimi
formalaşmaları həmişə müəllimlərin diqqət
mərkəzində olub. - Faydasız elm, bilik - artıq
yükdən başqa bir şey deyil. Əsas odur ki, əldə
etdiyin bilikdən insanlığın faydasına istifadə edəsən
- bu, pedaqoji kollektivin əsas məqsədi olub.
Yenidən
şəhid Elçinin təltiflərini nəzərdən
keçirirəm. Bu işdə mənə Rəşid
kömək edir. Fikirləşirəm ki, bu təltiflərin biri ona
özündən sonra ("ölümündən sonra"
yazmağa əlim gəlmir) verilib. Həyatda yoxdur, sevinmir. Amma
bir el, bir oba, Vətən, vətənin vətəndaşları,
otu, çiçəyi, daşları qürur duyur bu təltifləri
qazanmış, sağlığında igidlikləri dastana
dönmüş Elçinlə.
Bu
medal ona Kəlbəcərin azad olunmasındakı igidliklərinə
görə verilib. Amma Kəlbəcərə qədər, Kəlbəcəri həqiqi sahiblərinə
qaytarana qədər sonsuz bir zaman qoyub arxada. Aprel
döyüşlərinin odunda,
alovunda bərkiyib. Aprel döyüşləri mütləq qələbə
ilə yekunlaşacaq bir yolun başlanğıcını
qoydu, orduda özünə inamı, xalqda əsgərə,
zabitə güvəni möhkəmləndirdi, iki əzəmətli
qüvvənin birliyini sarsılmaz etdi. Sonra bu birlik, bu inam dəmir
yumruğa çevrilib düşmənin başını əzdi.
Bundan
sonrakı təltiflərin hər biri müharibə
meydaında göstərilmiş cəsarətlərlə,
igidliklərlə bağlıdır. Bu yerdə
görünür, faktları ifadə edən sözləri
dinləməliyik: Elçin Səmədov 2007-ci ildə həqiqi
hərbi xidmətə çağırılmış,
2016-cı ildə MAHHXHQ kəşfiyyatçı ixtisası
kursunu fərqlənmə diplomu ilə bitirmişdir. 2017-ci
ilin yanvar ayında N saylı hərbi kəşfiyyat hissəsində
xidmətə başlamış, düşmən arxasında
həyata keçirilən əməliyyatlarda iştirak
etmişdir. 2020-ci ilin 28 dekabrında Müdafiə Nazirliyi tərəfindən
gizir hərbi rütbəsi ilə təltif olunmuşdur.
2021-ci ilin noyabr döyüşləri, Laçın istiqamətində
və Fərrux yüksəkliyinin düşməndən təmizlənilməsində
göstərdiyi şücaətlərə görə
Elçin Səmədova kiçik hərbi leytenent rütbəsi
verilib. İkinci Qarabağ müharibəsində "Dəmir
yumruq" əməliyyatında strateji əhəmiyyətli
yüksəkliklərin alınmasında iştirak etmiş, Azərbaycan
Respublikasının Ali Baş Komandanının sərəncamları
əsasında döyüşdə xidmətlərinə
görə "Cəsur döyüşçü",
"Kəlbəcərin azad olunmasına görə", Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin "100 illik" və
"Vətən müharibəsi
iştirakçısı" medalları və ordenləri
ilə təltif olunmuşdur.
Oqtay ABBAS
525-ci qəzet. - 2025.- 10 sentyabr (¹162).- S.12-13.