"Planetin
çığırtısı"
"Bir
rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Sevil Əliyevadır.
Onunla Azərbaycan SSR Əməkdar incəsənət xadimi,
tanınmış rəssam Cavad Mircavadovun "Planetin
çığırtısı" əsəri haqqında
danışmışıq.
Cavad
Mircavadov 19 yanvar 1923-cü ildə Bakı şəhərində
anadan olub. Sənətinin vurğunu olan Cavad Mircavadov incəsənəti
ideoloji təbliğat vasitəsi kimi tamamilə inkar edirdi. O,
rus rəssamı Konçalovskinin ailəsinin yaxın dostu idi
və dəfələrlə Pyotr Petroviçin
Abramsevodakı evində olmuş, incəsənət
haqqında müzakirələrdə iştirak etmişdi. Bir
məqamı da qeyd edək ki, Cavad Mircavadov Leninqradda Dövlət
Ermitajında fəhlə işləyib. Rəssam bunu muzeydəki
kolleksiyalara baxmaq üçün etmişdi. Rəssamın
xatirələrinə görə, onu muzeyin işçiləri
"dəli" adlandırırdılar və öz niyyətindən
daşınmayacağını görüb, Sovet
İttifaqının ən böyük muzeyinin əsas guşələrinə
maneəsiz daxil olmağa icazə verirlər. Beləliklə,
rəssam El Qrekonun, Rembrandtın əsərlərindən
çox şey öyrənir, surətlərini
çıxarır, orijinalını ətraflı tədqiq
edir. Sezan və Van Qoqun qadağan edilmiş əsərləri
Cavad Mircavadov üçün əsl məktəb rolunu
oynayır. Dünya incəsənətinə yaxından bələd
olandan sonra Bakıya dönüb on il Buzovnada işləyir. Gənc
yaşlarından incəsənətə olan marağı
sonrakı illərdə onu rəssam kimi
formalaşdırır. O, Azərbaycan təsviri sənətinin
ən fərqli, cəsarətli və avanqard simalarından
biridir. Yaradıcılığı sovet dövrünün sərt
çərçivələri içində formalaşsa da,
onun əsərləri həm üslub, həm də mövzu
baxımından klassik sovet realizmindən kəskin şəkildə
fərqlənirdi. 1992-ci ildə "Kopenhagen-Moskva"
qatarında vəfat edən rəssamın məzarı Yasamal
qəbiristanlığındadır.
- "Planetin
çığırtısı" Cavad Mircavadov
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Bu əsər
Mircavadovun ən dramatik və fəlsəfi işlərindən
biridir. 1960-70-ci illər Cavad Mircavadovun
yaradıcılığında böyük dönüş
dövrü olub. Bu dönüş nöqtəsində o,
"Planetin çığırtısı" və ya digər
adı ilə "Planetin fəryadı" əsərini
1978-ci ildə ərsəyə gətirir. Rəssam artıq
sırf dekorativ təsvirlərdən imtina edərək,
insanın daxili faciəsini, kosmik ölçülü həyəcanlarını
əks etdirən kompozisiyalara üz tutmuşdu. Sovet ideoloji
mühiti Mircavadov kimi fərqli düşüncəli rəssamların
işini çətinləşdirirdi. O, sosial-məişət
mövzularından qaçaraq ümumbəşəri
mövzulara müraciət edir, kainatın taleyindən,
insanın planet qarşısındakı məsuliyyətindən
bəhs edən mövzulara üz tuturdu. Sözügedən əsərin
əsas mövzusu planetin ağrısı, ekoloji fəlakət
və insanın məsuliyyətsizliyidir. Mircavadov burada Yer
kürəsini canlı orqanizm kimi təsvir edir - sanki planet
özü nəfəs alır, iztirab çəkir və
insanın dağıdıcı fəaliyyətinə
qarşı fəryad edir.
Mahiyyət
etibarilə Cavad Mircavadovun obrazlarını iki hissəyə
bölmək olar: mənəvi işığı olanlar və
bundan məhrum olanlar. Tipoloji baxımdan isə, yenə bir
neçə qrupda təsnifləndirmək olar: buynuzlu və
qorxulu yekəqarın şeytanlar cəhənnəmi təcəssüm
etdirir və tamaşaçını istər-istəməz
yaşadığı dünya barədə qəmli
düşüncələrə sövq edir.
-
Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
-
"Planetin çığırtısı" tablosu sənətkarın
dünyaya, onun təzadlı hadisələrinə, insan faciələrinə
səbəb amansız müharibələrə, ümumilikdə
isə xeyir və şər arasındakı daimi mübarizəyə
həsr edilən yaradıcılıq nümunələrindəndir.
Rəssam burada yaşadığı dünyaya münasibətini
bədən hissələri metamarfoza uğramış qorxunc
qroteskli obrazlar, fantastik məxluqlar vasitəsilə ifadə
edib. Səthi-sxematik tərzdə işlənilmiş
kompozisiya sənətkarın palitrasına xas coşqun,
dekorativ boyaların özünəməxsus ahənginə əsaslanır.
Əsərin kompoziyası qarışıq və dinamikdir. Mərkəzdə
antropomorfik - insanabənzər formada təqdim olunan süjetlər
planetin hərəkətli simasını göstərir.
Ətrafında deformasiyaya uğramış insan süjetləri
və kosmik elementlər yerləşdirilib. Bu süjetlər
sanki mərkəzə doğru çəkilir və ümumi
hərəkət spiralvari bir quruluş yaradır. Rəssam bu
üsulla kainatdakı xaosu, fəlakətin böyüməsini
və nəticəsinin müsbət olmayacağını
çatdırmağa çalışır. Eyni zamanda, mərkəzdə
verilmiş at fiquru vasitəsilə qorxu, təlaşı
göstərilib. Fonda yanan evin verilməsi iqlimin istiləşməsinə,
yanğınların baş verdiyinə və yaxud baş verəcəyinə
işarədir. Əsərin
yuxarı hissəsinə nəzər yetirsək, peykləri
görmüş oluruq. Bu da artıq kosmosa peyklər göndərildiyinə
işarədir. Həmçinin, əsərdə rəssamın
yaradıcılığına xas olan, milli xalça elementlərinə
də rast gəlirik.
- Rəng
həlli necədir?
-
Burada qırmızı, qara, mavi və sarı rənglərdən
istifadə olunduğunu görürük. Mircavadov bu əsərdə
rəngdən təkcə təsvir vasitəsi kimi deyil, həm
də ideyanı daşıyan əsas element kimi istifadə
edib. Qırmızı rəngdən daha çox mərkəzdə
istifadə olunur və fəlakəti, ağrını,
parçalanmağı simvollaşdırır. Bu rəng həm
planetdəki əzabları göstərir, həm də
daşıyıcının emosional reaksiyasını gücləndirir.
Tünd rəngli kompozisiya boşluq və ümidsizlik effekti
yaradır, eyni zamanda bütün səhnəyə fəlakətli
səs gətirir. Tünd mavi rənglər kosmik dərinliyi və
kainatın sonsuzluğunu ifadə edir. Bu üç əsas rəngin
kontrastı əsərə ekspressionist xarakter verir, fiqurlara gərginlik
və həyəcan qatır.
- Rəssam
rəngləri sərt konturlarla ayırmır, əksinə, ləkə
kimi, çaşqın şəkildə verir.
- Bu,
sanki alovun tüstüsü, alovun hərəkəti və
planetin qışqıran enerjisi kimi görünür. Rənglər
bir-biri ilə qarışaraq dinamik axın əmələ gətirir
və kompozisiyanın spiralını yaradır. Ona görə
də rənglər dramatik, emosional və simvolik xarakter
daşıyır. Qırmızı rəng insanın
dağıdıcı fəaliyyətini, qara - fəlakətin
qaçılmazlığını, mavi isə kainatın
fonunu təmsil edir. Rənglərin yaratdığı bu gərgin
atmosfer "planetin fəryadıdır"...
-
Tablo hazırda harada saxlanır?
-
Əsər Azərbaycan Milli İncəsənət Muzeyində
nümayiş olunur.
-
"Planetin çığırtısı"nın rəssamın
digər işləri ilə hansı oxşar və fərqli
xüsusiyyətləri var?
- Rəssamın
bir çox əsərlərində olduğu kimi, burada da
ekspressionist üslub, deformasiyaya uğramış insan
obrazları, simvolik obrazlar ön plana çıxır.
Mircavadov üçün insan bədəni sadəcə təsvir
obyekti deyil, fəlsəfi mənaların
daşıyıcısıdır. "Planetin fəryadı"ndakı
insan ideyalarının pozulmuş formaları, mimikaların gərginliyi
rəssamın digər əsərlərində
rastlaşdığımız üslub xüsusiyyətlərini
xatırladır. Bundan əlavə, rəng xoş ab-hava
yaradır: rəssamın bir çox əsərlərində
istifadə etdiyi qırmızı, qara və tünd çalarların
kontrastı bu əsərdə dramatik ab-hava yaradır.
Mircavadovun digər rəsmlərində insanın daxili aləmi,
fərdi fəlakətləri, mənəvi gərginliyi ön
plandadırsa, "Planet fəryadı"nda bütün Yer
canlı varlıq kimi təqdim olunur. Rəssam burada təkcə
bir insanın deyil, bütün planetin ağrısını,
iztirabını ifadə etməyə çalışır.
Əsərin kompozisiyasında da bu fərq vurğulanır:
digər əsərlərdə mərkəzləşdirilmiş
konkret ideya daha çox diqqəti cəlb edirdisə, bu rəsmdə
xaotik spiralvari quruluş və qeyri-məhdud dinamika mövcuddur.
Bu quruluş bütövlükdə kainatın fəlakətinin
ifadəsidir.
-
Sizcə, bu rəsm bizə nə deyir?
-
Mifoloji və dini çalarlar Cavad Mircavadovun
yaradıcılığının əsas xəttidir. Onun
yaradıcılığını müasirlərinin
yaradıcılığından fərqləndirməli olsaq,
o, əsərlərində əsasən, millilik ilə
müasirliyin vəhdətini göstərirdi. Rəssamın
davamlı axtarışlarının, fərqli mədəniyyətləri
öz əsərlərində birləşdirməsinin nəticəsi
olaraq, onun əsərlərində kifayət qədər zənginlik
görürük. Buradakı həyəcanlı üz də
planetin özünün deyil, insanın içindəki
iztirabın, tənhalığın və ümidsizliyin
simvoludur. Mircavadov həm fərdin, həm də bütöv
toplumun faciəsini bir tabloda birləşdirir. Əsərin bizə
demək istədiyi isə budur: insan öz məsuliyyətini
dərk etməli, təbiəti və həyatı
qorumalıdır. Əks halda, planetin
qışqırtısı bizim öz fəryadımıza
çevriləcək.
Aytac SAHƏD
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.13.