Təhsil Tələbə
Krediti Fondu cəmiyyətin və ölkənin ümumi
inkişafına xidmət edir
2025-2026-cı
tədris ilinin payız semestri üzrə Təhsil Tələbə
Krediti Fonduna müraciət dövrü açıq elan
olunub. Payız semestri üçün müraciətlərin
açıq elan olunduğu tarixindən etibarən bu günə
qədər rəsmiləşən müqavilələr
üzrə təhsil tələbə kreditindən (TTK)
yararlanmaq üçün Azərbaycan Dövlət İqtisad
Universitetindən - ümumilikdə 427 rəsmiləşmə
- 80 sosial TTK müqaviləsi, 347 standart TTK müqaviləsi, Azərbaycan
Texniki Universiteti - ümumilikdə 261 rəsmiləşmə
- 46 sosial TTK müqaviləsi, 215 standart TTK müqaviləsi, Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası - ümumilikdə 237 rəsmiləşmə - 66
sosial TTK müqaviləsi, 171 standart TTK müqaviləsi,
Bakı Avrasiya Universiteti - ümumilikdə 219 rəsmiləşmə
- 97 sosial TTK müqaviləsi, 122 standart TTK müqaviləsi, Azərbaycan
Dövlət Pedaqoji Universiteti - ümumilikdə 211 rəsmiləşmə
- 62 sosial TTK müqaviləsi, 149 standart TTK müqaviləsi təqdim
edilib.
Bu
statistik göstəricilər artan dinamika ilə dəyişməkdədir.
Müraciətlərin davam etdiyi nəzərə alınaraq,
rəqəmlərdə hər gün artım müşahidə
olunduğunu söyləmək olar.
Qeyd
edək ki, Azərbaycanda tələbələrə təklif
olunan təhsil kreditlərindən istifadənin əhatə
dairəsi genişləndirilib. Artıq ailə
başçısını itirməyə görə əmək
pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə
Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə
kreditləri ala bilirlər. Bununla bağlı Baş nazir
Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə təsdiq
edilən "Təhsil Tələbə Krediti Fondunun vəsaiti
hesabına təhsil tələbə kreditlərinin verilməsi
Qaydası"nda dəyişiklik edilməsi nəticəsində
hər iki valideynini itirən şəxslərlə
yanaşı, digər qanuni nümayəndələrini itirənlər
də təhsil tələbə kreditindən yararlana bilirlər.
Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş, digər valideyni orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə və
ya 18 yaşınadək əlilliyi müəyyən
edilmiş şəxslərə qulluq etdiyinə görə
Prezidentin təqaüdünü alan şəxslər, eləcə
də bir valideyni müəyyən müddətə azadlıqdan
məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə
və ya azadlığın məhdudlaşdırılması
növlərində cəza çəkən, digər
valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə
aid olan şəxslər də şamil edilir.
"Təhsil
Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə
kreditlərinin verilməsi Qaydası"nda bir sıra əlavə
və dəyişikliklər edilməsi çox müsbət
haldır. Artıq "ailə başçısını
itirməyə görə əmək pensiyası alan"
valideyni olan tələbələr, "bir valideynin orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilibsə və digər valideyn orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə və
ya 18 yaşınadək əlilliyi müəyyən
edilmiş şəxslərə qulluq etdiyinə görə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünü
alan" tələbələr, "bir valideyni azadlıqdan məhrumetmə
və ya azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd
olunan digər kateqoriyalardan hər hansı birinə uyğun
olan" tələbələr, tələbənin
özünün sosial statuslarına münasibətdə isə
indiyədək ailə başçısını itirməyə
görə əmək pensiyası alan tələbələr
ilə yanaşı, bundan sonra əlavə olaraq "ailə
başçısını itirməyə görə sosial
müavinət alan" tələbələr də bu güzəştdən
istifadə hüququ əldə edib.
Qeyd
edilən daha dörd yeni sosial baxımdan həssas əhali
qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil
Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial
növ təhsil tələbə krediti ala bilməsi çox
müsbət haldır.
Fondun
vəsaiti hesabına kreditlərin verilməsi Nazirlər
Kabinetinin qərarı ilə təsdiqlənən Qaydaya əsasən
elektron sistem tərəfindən həyata keçirilir.
Çox asan formada baş tutan müraciətdən sonra emal
prosesi başlayır. Əsasən sosial həssas qrupların
inteqrasiya olunmuş bazalardan statusları yoxlanılır və
nəticə etibarı ilə müraciətçiyə sosial,
yoxsa standart kreditin veriləcəyi müəyyənləşdirilir,
yaxud imtina cavabı verilir. Qərar barədə məlumat tələbənin
müraciət üçün yaratdığı şəxsi
kabinetində əksini tapır, eyni zamanda tələbənin ərizə-bəyənnamədə
göstərdiyi telefon nömrəsinə SMS göndərilir.
Fonddan
bildirilib ki, təhsil tələbə kreditlərindən
istifadənin bütün fərdlərə şamil
olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq
edilməməsi ailələrin maddi rifahına, ümumən
cəmiyyətin, ölkənin inkişafına müsbət təsir
göstərən amildir: "Təhsil tələbə
kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə
vətəndaş sorğuları aparanda ən çox qərəzli
mövqeni qız övladları olan valideynləri göstərmişdilər.
Belə ki, onlar qız övladlarının ödənişli
təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına
oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici
haldır ki, təhsil kreditlərinin verilməyə
başladığı 2021-ci ildən etibarən ondan yararlanan
tələbələrin gender bölgüsündə
qızların üstünlük təşkil etdiyini
görürük. Bu hal valideynlərin stereotiplərinin
qırıldığının və qız
övladlarını ödənişli qəbul olduğu halda
təhsilə yönəltmələrinin göstəricisidir".
Təhsil
eksperti Elşən Qafarov deyir ki, bu fondun Azərbaycanda fəaliyyətdə
olduğu müddətdə sosial vəziyyəti zəif olan
ödənişli əsaslarla oxuyan tələbələrin təhsilinə
böyük töhfələr verib: "Prezidentin sərəncamı
ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait
ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil
olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin
artırılması böyük dəyişiklik yaradacaq. Məsələn,
hər il ödənişli qəbul olan təxminən iki mindən
çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis
olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində
yüksəliş müşahidə edilir. Çünki təhsilini
əla qiymətlərlə bitirənlərə kredit verilir.
Həmçinin, bu Azərbaycan gəncinin təhsil almaq
hüququnun təmin edilməsi naminə çətinlikləri
aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir. Fikrimcə,
dəyişiklikdən sonra, daha çox tələbə bu
fürsətdən yararlana biləcək. Tezliklə isə
Nazirlər Kabinetinin tələbələrin yataqxana, nəqliyyat
xərclərinin verilməsinə dair qərarı səbirsizliklə
gözləyirik".
Təhsil
tələbə kreditlərinin vətəndaşın maliyyə
sabitliyi və rifahına qatdığı dəyər barədə
də danışan təhsil eksperti Elçin Əfəndi
bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin
bütün fərdlərə şamil olunması, heç
bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi
ailələrin maddi rifahına şübhəsiz ki, müsbət
təsir göstərən amildir.
Ekspert
qeyd edib ki, kreditlər standart və sosial olmaqla iki
kateqoriyadadır: "Standart kredit əsasən, akademik
göstəricisi yüksək olan tələbələrə
verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən
azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq
olunub-olunmaması müəyyənləşsin. Digər
növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə
qəbul olduğu andan müraciət əsasında təyin
oluna bilən kredit növüdür. Burada da yenə əhalinin
sosial-həssas qrupuna daxil olan tələbələrə
güzəştli şərtlərlə kredit verilir. Ötən
il Elm və Təhsil Nazirliyinin müraciəti əsasında
Nazirlər Kabineti yeni qərar verdi və bu qərarla da
güzəştli kredit ala biləcək şəxslərin əhatəsi
bir qədər də genişləndi".
Əməkdar
elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, istənilən dövlətin
inkişafının göstəricisi onun təhsilinin səviyyəsindən
asılıdır. Bu prosesdə ali məktəb tələbələrinin
sayı çox önəmlidir. Ali təhsilin ödənişli
olması təhsili əlçatan etmirdi: "Çoxlu
savadlı gənc ali təhsildən kənarda qalırdı.
Qarşıda iki yol var idi. Ya valideynlər olan-olmazını
satıb uşaqların təhsil haqqını ödəməli
idilər, ya da gənc növbəti illəri gözləməli
və ya təhsildən uzaqlaşmalı idi. Başqa sözlə,
gəncliyimizin təhsil trayektoriyası
qırılırdı. Elm və Təhsil Nazirliyinin tabeliyində
Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən
Tələbə Təhsil Krediti hesabına belə gənclərin
təhsil haqqı problemi aradan qaldırır. Onlar daha təhsildən
uzaqlaşmaq məcburiyyətində qalmırlar".
Sevinc QARAYEVA
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.15.