Tanınmış nəslin nüfuzlu
nümayəndəsi
Azərbaycan
adı yalnız əsrlərin yaddaşında, daş kitabələrdə,
qədim məscidlərin minarələrində, abidə
sarayların divarlarında gizlənməyib. Bu torpağın
hər qarışında bir tarix, hər nəfəsində
bir xatirə var. Və həmin yaddaşın ən parlaq səhifələrini
yaşadanlar isə nəsillərdir - əsrlər boyu elmə,
sənətə, sözə, dövlətçiliyə xidmət
edən soylar, şəcərələrdir. Onlar yalnız bir
ailənin deyil, bir millətin taleyinə çevrilənlərdir.
Hər nəsil
bir işıq, hər şəcərə bir
çıraqdır. Bəzən bir nəslin adı
bütöv mahalı yaşadır, bəzən isə bir
xalqın yoluna işıq saçır. Bu nəsillərin
yaddaşında təkcə soyad deyil, həm də bir əqidə,
amal, mübarizə yaşayır. Onlar torpağın
bağrına kök salmış ağaca bənzər.
Nəsil
və şəcərə yalnız qan
bağlılığı deyil, ruhun, düşüncənin,
məsləyin mirasdır. Hər soyun tarixində bir qəhrəmanlıq
dastanı, bir elmi zirvə, bir sənət hekayəsi gizlənib.
Bəzən bu nəsillərin övladları susduqları
yerdə belə, millət üçün
danışdılar, çəkdikləri əzablarla bir tarix
yazdılar. Azərbaycan nəsillərinin
böyüklüyü ondadır ki, onlar yalnız öz
zamanına deyil, gələcək nəsillərə də nəfəs
veriblər. Axundovlar, Vəzirovlar, Rəsulzadələr,
Şahtaxtinskilər, Topçubaşovlar və daha neçə-neçə
ziyalı ocaqlar bu xalqın tarix kitabını yazanlar oldular.
Kimisi qələmi ilə millətin gözünü
açdı, kimisi sözü ilə maarifin
çırağını yandırdı, kimisi dövlətçiliyin
sarsılmaz dayağı oldu.
Bu gün
bu şəcərələrə boylanmaq, əslində
özümüzə boylanmaq deməkdir. Onlar keçmişin
səsi, bu günün güzgüsü, sabahın yol
göstərənləridir. Və hər dəfə
onların yoluna nəzər saldıqda anlayırıq ki, millətin
gücü yalnız bu gündə deyil, onun dərin köklərindədir.
O köklərin ki, əsrlərin tufanına sinə gərib,
sabaha işıq aparmaq üçün bu gün də
torpağın dərinliyində möhkəm dayana bilir.
Əslində
tanınmış nəsillər haqqında danışmaq Azərbaycan
mədəniyyətinin, elm və siyasət tarixinin, azadlıq
mübarizəsinin səhifələrini bir daha vərəqləmək
deməkdir. Onlar bir ocaq, hər ocaq isə bir məktəbdir.
Bu məktəblərin işığında biz kimliyimizi daha
dərindən anlayır, köklərimizə
sığınaraq, sabaha addımlayırıq.
Soyadı
bir şəcərənin imzasına çevrilən nəsillər
haqqında eşitmişdim. 90-cı illərin sonlarına
yaxın Naxçıvanda olarkən tanış olduğum bir
xanımın: "Kəngərlilər bir nəsildir" deməyində
bir qüruru aydın görmüşdüm. İki il əvvəl
zamanında həm daxili, həm xarici siyasət areanasında
imzası olan bir dövlət xadimilə müsahibə
üçün əlaqə saxlayanda soyadının
tanınmışlar nəslinə aid olduğuna şübhə
etmədim. Şübhəmdə yanılmamışdım,
lakin nədənsə özünü müsahibəyə tam
hazır hesab etmədiyini düşünən xanımla xeyli
söhbətimiz oldu. Bu müddət ərzində davam edən
əlaqələrimizə güvənərək inanıram
ki, günlərin birində müsahibəmiz alınacaq.
Haqqında danışdığım xanım Milli Məclisin
I və II çağırışlarının deputatı,
Azərbaycanın Litvada ilk fövqəlada və səlahiyyətli
səfiri, ziyalı olduğu qədər də təvazökar
Nairə Şahtaxtinskaya böyük bir nəslin parlaq
simalarından biridir. Lakin bu gün onun haqqında deyil, Azərbaycan
elmində xüsusi xidməti olan görkəmli
kimyaçı alim, akademik Həbibulla Şahtaxtinski
haqqında danışmaq istəyirəm, çünki 125 il əvvəl
sentyabrın doqquzunda nəhəng bir nəslin gələcəkdə
həyatını Azərbaycan elminə həsr edəcək
daha bir nüməyəndəsi dünyaya göz
açıb. Akademik haqqında yazmaq üçün əvvəl
bu nəsil haqqında müəyyən
məlumatlar əldə etmək məqsədilə
mümkün olan kiçik araşdırma apardım. Təbii
ki, köməyimə ilk növbədə sosial şəbəkə
və AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin
"Şahtaxtinskilər tariximizdə və taleyimizdə"
adlı kitabı çatdı. Öyrəndim ki,
doğulduqları kəndin adını özlərinə
soyadı kimi götürən
Şahtaxtinskilər bunu bir miras kimi nəsildən nəslə
ötürərək günümüzə qədər
yaşatmağı bacarıblar.
Şahtaxtı
Naxçıvanın Kəngərli rayonunda bir kəndin
adıdır və oranın camaatı ata-baba yurdu ilə həmişə
öyünüblər. Deyilənə görə,
Şahtaxtinskilərin ağsaqqalı olan Hacı Vəli
ağa bir dəfə İrəvan qubernatoruna belə deyib:
"Bizim təzə familiya qəbul etməyə
ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki,
Şahtaxtlı familiyasını daşıyırıq".
Həqiqətən tarixə nəzər salsaq görərik
ki, bu nəsil istər Rusiya imperiyasının, istər Avropa
və dünya ölkələrinin harasında yaşasalar da,
məşhurluq qazansalar da, yurd yerini heç zaman unutmayıb,
Şahtaxtı kəndilə əlaqələri daimi olub.
"Bir
neçə ildir Şahtaxtinskilərin nəsil şəcərəsini
araşdırıram... Əlimizdə olan sənədlərə
görə, I İsa Sultan şah Sultanın oğludur. Və
bu gün 200 ildən artıqdır ki, dünyanı heyrətdə
qoyan Şahtaxtinskilər I İsa Sultanın törəmələridir.
II İsa Sultan adlanan Nəcəfqulu Sultan oğlu onun nəvəsidir.
II İsa Sultanın həyatı və şəxsiyyəti,
eləcə də fəaliyyəti nəsillərə bir
nümunədir... Qürbətdə əbədiyyətə
gedən bu həmyerlimizin həyatını və fəaliyyətini
lazımınca təbliğ edə bilməmişik. O,
bütün həyatını imperiya əsarətinə
qarşı mübarizəyə həsr edib" (M.Quliyev).
Şahtaxtinskilərin
əsas yaşayış yeri Şahtaxtı, Naxçıvan,
İrəvan və Tiflis olub. Bu yerlərin hamısında
onlar iri torpaq və mülklər sahibi idilər. Yüksək
təbəqəyə malik olan Şahtaxtinskilər özlərini
həmişə sadə xalqın sırasında
görüblər. Belə mühitdə böyütdükləri
övladlarına təhsil verməyi mütləq bilmişlər.
I İsa Sultanın nəvəsi, Məhəmmədtağı
Sultanın oğlu Məhəmməd ağa Şahtaxtinski
Almaniyada və Parisdə təhsil alıb. "Məhəmməd
ağa Şahtaxtinski ensiklopedik biliyə malik bir alim kimi səkkiz
dildə mükəmməl oxumuş, məqalələr
yazmışdır. Onun elmi fəaliyyətinə nəzər
yetirsək, görərik ki, o, ömrünü Azərbaycan
xalqının gələcəyi naminə sərf edib"
(M.Quliyev).
Akademik Həbibulla
Şahtaxtinskinin nəvəsi Nairə Şahtaxtinskayanın
dediklərindən: "Ulu babam Baxşəli ağa Məhəmməd
ağa Şahtaxtinski ilə doğma qardaş olub. Baxşəli
ağa Şahtaxtinski Peterburq Universitetinin Hüquq fakültəsini
bitirib. Onun altı oğlu, iki qızı olub və
hamısı ali təhsil alan ziyalı kimi millətinə xidmət
edib. Lakin 1918-ci ildə Baxşəli ağa iki oğlu
Hüseyn və Sultanla Culfadan Naxçıvana qayıdan zaman
qətlə yetiriliblər. Hüseyn də atası kimi
Peterburq Universitetinin Hüquq fakültəsində təhsil
alıb Vətənə qayıtmışdı. Sultan isə
çar ordusunun zabiti olub. Babam Həbibulla Şahtaxtinskinin bizə
danışdıqlarından eşitmişəm ki, Nehrəm kəndi
yaxınlığında Dərəlik deyilən bir yer var.
Baxşəli ağanı iki oğlu ilə ermənilər
orada yaxalayıb. Sonradan qatillər özləri etiraf edib ki,
Baxşəli ağa yalvarıbmış ki, əvvəl onu
öldürsünlər, oğlanlarının qətlini
görməsin. Təbii ki, erməni adlı məxluq
atanın yalvarışlarına məhəl qoymayıb, əksinə,
bundan istifadə edib. Hüseyn və Sultan Şahtaxtinskilər
atalarının gözü qarşısında işgəncə
ilə qətlə yetirilib. Sonra Baxşəli ağa
öldürülüb. Hər üçü qətl
olunduqları yerdə dəfn edilib və məzarları indi də
oradadır. Hadisədən sonra ailədə dörd qardaş
və iki bacı qalır. Böyük qardaşlardan biri Əsədulla
ağa həkim olub, Kiyev Tibb İnstitutunu bitirib. Həkimlikdən
savayı, folklorçu və tərcüməçi olub,
Höteni Azərbaycan dilinə tərcümə edib. Əsədulla
ağa ilə əkiz olan Nemətulla ağa Peterburq Ali
Politexnik Məktəbində təhsil alan mühəndis, babam
Həbibulla Şahtaxtinski əvvəl indiki BDU-nun Tibb
fakültəsini (1926), daha sonra indiki Texniki Universitetin
kimya-texnologiya fakültəsini bitirib və ömrünü
kimya sahəsinə həsr edib. İxtisasca iqtisadçı
olan Ətaulla bəy və onun yoldaşı Ziba xanım
repressiya illərində hər ikisi sürgün olunub.
Onların iki övladını Hemətulla bəylə Zəhra
xanım himayəsinə götürüb. Ziba xanım
qayıtsa da, ona Bakıda yaşamağa icazə verilməyib,
rayonların birində yaşayıb və çox ehtiyatla
övladlarını görməyə gəlib, erkən
yaşında dünyasını dəyişib. Ailənin
böyük qızı və çox gözəl Məhcəbin
alitəhsilli olsa da, evdar xanım həyatını
yaşayıb. Digəri Məhluqə xanım isə həkim
olub və uzun illər Qazax rayonunda çalışıb.
XIX-XX əsrlərdə
Şahtaxtinskilərlə bağlı tarixi həqiqətləri
babamdan eşitmişəm. Onların ulu babası İsa Sultan
millətin maariflənməsi, mədəniyyətin
inkişafı yolunda var-dövlətini əsirgəməyən
bir azərbaycanlı olub. Ondan sonra gələn nəslin
nümayəndələri də bu ənənəni qoruyub
saxlayaraq, həmin yola davam ediblər. Şahtaxtinskilər nəslinin
şəcərəsi bu faktların tarixi sübutudur.
Babam və
onun iki qardaşı Nemətulla ağa və Ətaulla
ağa üç bacı ilə ailə həyatı qurub. Zəhra,
Ziba və Leyla adlı xanımlar Bəhmən Mirzənin nəvələri
olub və onların övladları da nəslin layiqli
davamçıları kimi bu gün də Şahtaxtinskilər
adını ləyaqətlə daşıyır. Mənim nənəm
Leyla Şahtaxtinskaya olub. Ailədə xalam Elmira
Şahtaxtinskaya Azərbaycanın Xalq rəssamı, dayım Məhəmmədəmin
Şahtaxtinski Əməkdar elm xadimi, Elmlər
Akademiyasının həqiqi üzvü, görkəmli fizik
kimi soyadın layiqli davamçıları olub.
Sentyabrın
9-da akademik Həbibulla Baxşəli oğlu Şahtaxtinskinin
anadan olmasının 125 ili tamam oldu. O, həm həkim, həm
mühəndis-kimyaçı kimi geniş biliklərə
malik alim idi. Akademik analitik-kimya və qeyri-üzvi maddələr
texnologiyası sahəsində yeni metod yaradaraq, nadir elementlərin
alınması və mineral xammalın kompleks emalı istiqamətində
mühüm nəticələrə nail olub. Həbibulla
Şahtaxtinski dünyada ilk dəfə metallurgiya müəssisələrinin
qazlarından elementar kükürdün alınması
ideyasını elmi əsaslarla sübut edib. Ömrünün
böyük hissəsini pedaqoji fəaliyyətə həsr edən
babam onlarca alim, üç elmlər doktoru yetişdirib, 350-dən
çox namizədin elmi rəhbəri olub. Onun 380-dən
artıq elmi əsəri, yeddi monoqrafiyası və tərtib
etdiyi dərslik bu gün də təhsil sahəsində əhəmiyyətini
qoruyub saxlamaqdadır. Babamın xidmətləri diqqətdən
kənarda qalmayıb, dövlət onu orden və medallara təltif
edib, Əməkdar elm xadimi fəxri adına layiq
görülüb. Sentyabrın 9-da Elm və Təhsil
Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi
Şurası akademik Həbibulla Şahtaxtinskinin anadan
olmasının 125 illiyinə həsr edilib. Bu, akademikin xalqımıza
və Azərbaycan elminə bəxş etdiyi dəyərlərin
yenidən xatırlanması deməkdir. Həbibulla
Şahtaxtinskinin ömür yolu millətinə, elmə,
xalqının gələcəyinə sədaqətin
nümunəsidir".
Şahtaxtinskilər
əslində bir soyadın, nəsilin tarixi deyil, həm də
millətin yaddaş kitabıdır. Onların həyat yolu bəzən
iztirablarla, bəzən zəfərlərlə, amma hər
zaman elmi, sözün gücünü və millətə sədaqəti
ucaldan addımlarla doludur. Bu soyun nümayəndələri
zamanın sərt imtahanlarından keçərək,
xalqın düşüncə sərhədlərini genişləndirərək,
maarifin çırağını alovlandırdılar. Onlar
bütöv bir dövrü, xalqın maarifçilik yolunu,
milli özünüdərkin qaranlıqdan işığa
çıxışını təmsil edib. Bu gün həmin
işıq keçmişdən boylanaraq, sabaha yol göstərir.
Nəsillərin isə dəyişməz bir qanunu var - adı
ədalət, elm və mərifətlə yoğrulanlar
heç zaman unudulmur. Və Şahtaxtinskilərin mirası
göstərdi ki, insan özündən sonra yaddaşlarda əbədi
yaşaya bilər.
Tamilla M-ZADƏ
525-ci qəzet. - 2025.- 18 sentyabr(¹168).- S.14.