"Böyük
Qayıdış Proqramı strateji və tarixi əhəmiyyətli
layihədir"
Ərazi
bütövlüyü tam təmin olunmuş Azərbaycan
Respublikasının işğaldan azad edilmiş bölgələrində
Böyük Qayıdış Proqramı çərçivəsində
işlər uğurla davam etdirilir. 30 il müddətində
dağıdılaraq daşı-daş üstdə qalmayan kənd
və şəhərlərimizdə yeni yaşayış evləri,
binalar, məktəblər, xəstəxanalar inşa olunur.
Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən
müasir infrastruktur yaradılır, yeni yollar, hava
limanları, elektrik stansiyaları, kəndlər tikilir.
Qarabağda
aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin
birbaşa diqqət və nəzarətindədir. Prezident
mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə
olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana,
məktəb, bağça, digər mühüm obyektlərin
təməlqoyma mərasimində iştirak edir. Əhalinin
yaşayışı üçün tam hazır olan kənd
və qəsəbələrin, bölgənin inkişafı
üçün böyük əhəmiyyət kəsb edən
obyektlərin açılışını edir. Bu istiqamətdə
görülən işlər nəticəsində 30 ilə
yaxın yurd həsrəti çəkən insanlar öz
doğma torpaqlarına, evlərinə qayıdır.
Bu
günlərdə Kəlbəcər şəhərinə
növbəti köç baş tutdu. Ümumilikdə 139 nəfər
olmaqla 32 ailə doğma yurda köçürüldü.
Bununla da Kəlbəcərə köçürülən
sakinlərin sayı 223 nəfərə (52 ailə)
çatdırıldı.
Millət
vəkili Aydın Mirzəzadə deyir ki, Böyük
Qayıdış Azərbaycan dövlətinin müvəffəqiyyətlə
həyata keçirdiyi çox mühüm, strateji və
tarixi əhəmiyyətli layihədir. Bu proses təkcə
insanların doğma torpaqlarına qayıdışı
deyil, həm də regionun sosial, iqtisadi və siyasi həyatında
yeni mərhələnin başlanğıcıdır. Kəlbəcərə
ailələrin köçürülməsi isə bu istiqamətdə
atılan ən mühüm addımlardan biridir və artıq
praktiki nəticələrin göz önünə
çıxmasına şərait yaradır. Onun sözlərinə
görə, Kəlbəcər Azərbaycanın ən çətin
coğrafi ərazilərindən biridir. Burada məskunlaşma
üçün yolların çəkilməsi, kommunikasiya xətlərinin
qurulması, elektrik, su və qaz təchizatı ilə
bağlı işlər böyük zəhmət tələb
edir: "Son görülən işlər isə göstərir
ki, dövlət bu istiqamətdə ciddi maliyyə və texniki
resurslar səfərbər edib. Yolların bərpası, yeni
yaşayış məhəllələrinin salınması və
kəndlərin müasir tələblərə uyğun yenidən
qurulması köç prosesini real və davamlı edir.
İkincisi, ailələrin köçürülməsi təkcə
humanitar yox, həm də strateji əhəmiyyət daşıyır.
İnsanların bölgəyə qayıtması, orada normal həyatın
bərpası və əhalinin yerləşdirilməsi Azərbaycanın
ərazi bütövlüyünün praktiki təsdiqi deməkdir.
Bu, beynəlxalq aləmdə də ciddi mesajdır: Azərbaycan
işğaldan azad etdiyi ərazilərdə sadəcə hərbi
mövcudluq nümayiş etdirmir, eyni zamanda sosial həyatın
dirçəlişini təmin edir.
Üçüncüsü, "Böyük
Qayıdış" proqramı yalnız məskunlaşmanı
deyil, iqtisadi inkişafı da nəzərdə tutur. Kəlbəcərdə
kənd təsərrüfatı, turizm və bərpa olunan
enerji sahələrində geniş potensial var. Dövlətin
gördüyü işlər bu imkanların
reallaşdırılmasına yönəlib. Bu, gələcəkdə
bölgənin iqtisadi cəhətdən özünü təmin
edən və ölkə iqtisadiyyatına ciddi töhfə verən
bir məkana çevriləcəyini göstərir. Sosial
baxımdan da bu prosesin böyük əhəmiyyəti var.
Doğma torpaqlara qayıdan insanların psixoloji-mənəvi
bağlılığı möhkəmlənir, həmçinin
gələcək nəsillər üçün güclü
vətənpərvərlik nümunəsi yaranır. Burada məskunlaşan
ailələr yalnız öz həyatlarını qurmaqla kifayətlənməyəcək,
həm də bölgədə yeni ictimai həyatın təməlini
qoyacaqlar. Nəhayət, Kəlbəcərə
köçürülən ailələrin sayı hələlik
çox olmasa da, bu, simvolik və strateji bir
başlanğıcdır. İlk ailələrin yerləşməsi
bölgədə sabitliyin, təhlükəsizliyin və
inkişafın təmin olunduğunu göstərir. Bu, həm
bölgədə yaşayanlar, həm də
qayıdışı gözləyən digər məcburi
köçkünlər üçün güclü bir
motivasiya amilidir. Ümumilikdə, Kəlbəcərə ailələrin
köçürülməsi göstərir ki, Azərbaycan
dövləti "Böyük Qayıdış"ı
yalnız şüar səviyyəsində yox, real və
davamlı bir proses kimi həyata keçirir. Bu, tədricən
bütün Qarabağ və Şərqi Zəngəzur
bölgələrində normal həyatın bərpa
olunmasının əsasını qoyur".
Millət
vəkili Pərvanə Vəliyeva qeyd edib ki, bir vaxtlar
çadırlarda, uşaq bağçalarında və
uyğunlaşdırılmış binalarda məskunlaşmağa
məcbur olan kəlbəcərlilər bu gün doğma yurda
dönürlər. Uzunmüddətli ayrılıqdan sonra Kəlbəcərə
həyat qayıdır. Azərbaycan dövlətinin həyata
keçirdiyi "Böyük Qayıdış"
Proqramı çərçivəsində Kəlbəcərdə
artıq ilk yaşayış kompleksi istifadəyə verilib və
lazımi infrastruktur qurulub. Kəlbəcərin
işğalı Azərbaycan üçün həm faciə,
həm də strateji zərbə olub. Bundan sonra isə Ermənistan
bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq
danışıqlarda iştirak edib. Uzun illər davam edən
nəticəsiz danışıqlar xalqın səbrini sınağa
çəksə də, Azərbaycan heç vaxt
işğalla barışmayıb: "Prezident İlham Əliyevin
vurğuladığı kimi, xalqımız hər gün, hər
saat Zəfər gününü yaxınlaşdırmaq əzmi
ilə yaşayıb. 44 günlük Vətən müharibəsi
isə xalqımızın bir yumruq kimi birləşdiyini
bütün dünyaya sübut edib. Qəhrəman əsgər
və zabitlərimiz canları, qanları bahasına
torpaqlarımızı azad ediblər. Düşmən
kapitulyasiya aktını imzalamağa məcbur olub. Bu dövr ərzində
Ermənistan ordusunda 12 min fərarinin olması isə
onların acizliyinin göstəricisidir. Vətən müharibəsi
başa çatdıqdan sonra Kəlbəcər işğal
altında qalsa da, Azərbaycan diplomatik və hərbi
gücü ilə düşməni təslim olmağa məcbur
edib. Ölkəmiz qarşı tərəfə əşyalarını
yığıb köçmək üçün bir
neçə gün vaxt verib, ancaq təəssüf ki,
işğal zamanı bu vaxt bizə tanınmayıb. Buna
baxmayaraq, Kəlbəcərdə yaşayan ermənilər
onlara verilən vaxtdan sui-istifadə edərək bölgədə
bir dənə də olsun, salamat bina qoymayıblar.
İşğalçılar şəhəri talan edib,
küçələri yandırıb, məscidləri
dağıdıb. Çıxarılmaları
üçün vaxt verilsə də, onlar bütün şəhəri
viran qoyaraq tərk ediblər. Bu faciələr, vəhşiliklər
xalqımızın yaddaşından heç vaxt silinməyəcək".
Millət
vəkili Soltan Məmmədov bildirib ki, işğaldan azad
olunmuş ərazilərdə həyata keçirilən
genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin
qüdrətini və xalqımızın iradəsini
dünyaya nümayiş etdirir: "Keçmiş məcburi
köçkünlərin öz doğma torpaqlarına
qayıtması tarixi ədalətin bərpası olmaqla
yanaşı, ardıcıl və praqmatik siyasətin nəticəsidir.
Qarabağ və Şərqi Zəngəzura dövlət
büdcəsindən böyük həcmdə vəsait xərclənir.
Bütün infrastruktur bərpa edilir, yeni yaşayış
binaları, fərdi evlər tikilir. Tarixi mədəniyyət
abidələrinin təmir və bərpa olunması istiqamətində
mühüm layihələr həyata keçirilir. Bu,
xalqımızın öz vətəninə, tarixinə, dəyərlərinə
bağlılığının göstəricisi olmaqla bərabər,
həm də gələcəyə yatırılan
investisiyadır. İqtisadiyyatımızın daha da
böyüməsinə, yeni iş yerlərinin
açılmasına xidmət edir. Eyni zamanda nəinki Azərbaycanın,
bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin
başladığını təsdiqləyir".
S.Məmmədov
qeyd edib ki, Azərbaycan 30 il ərzində regionda sülhün
və təhlükəsizliyin təmin olunması
üçün çoxsaylı təşəbbüslərlə
çıxış edib, dünya ictimaiyyətinə, beynəlxalq
təşkilatlara çağırışlar
ünvanlayıb: "Lakin bütün bunlara laqeyd bir
sükutla yanaşılıb. Vətən müharibəsi və
antiterror tədbirlərindən sonrakı proseslər bir daha
göstərdi ki, müasir dünyada, beynəlxalq münasibətlər
sistemində güc amili ədalətin təmin
olunmasının ən effektiv alətidir. Azərbaycan öz
silahlı qüvvələrinin peşəkarlığı və
gücü sayəsində ərazi
bütövlüyünü, suverenliyini bərpa etdi. Hərbi
əməliyyatlardan sonra baş verən hadisələrin təhlili
isə onu təsdiq edir ki, gücdən ağılla,
müdrikliklə istifadə etmək son dərəcə vacib
məsələdir. Bu baxımdan, Azərbaycan Prezidentinin siyasəti
güclü dövlət amili ilə yanaşı, həm də
müdrik, praqmatik, düşünülmüş strategiyaya əsaslanır".
O əlavə
edib ki, dövlət başçısının nəzarəti
və dəstəyi ilə aparılan bu işlər təkcə
fiziki infrastrukturu deyil, həm də sosial və iqtisadi həyatın
yenidən qurulmasını hədəfləyir: "Yeni məktəblər,
xəstəxanalar, mədəniyyət evləri, yol
infrastrukturu və kommunikasiya sistemləri inşa olunur. Eyni
zamanda kənd təsərrüfatı və digər sahələrdə
potensialın artırılması üçün proqramlar həyata
keçirilir ki, bu da bölgənin davamlı
inkişafını təmin edir. Azad edilmiş torpaqlarda
aparılan bu quruculuq işləri xalqımızın
birliyinin, dövlətimizin gücünün və qətiyyətinin
parlaq təzahürüdür. Prezident İlham Əliyev dəfələrlə
qeyd edib ki, Azərbaycanın qarşısında duran əsas
vəzifə vətəndaşların rahat
yaşayışı üçün hərtərəfli
şərait yaratmaqdır. Bu məqsədlə dövlət
bütün imkanlarını səfərbər edir,
regionların sosial-iqtisadi inkişafı üçün
böyük sərmayələr yatırır. Bu da Azərbaycanın
Böyük Qayıdış Proqramının uğurla davam
etdiyini göstərir və gələcəkdə azad
edilmiş bütün ərazilərdə yeni həyatın,
firavanlığın və inkişafın təmin
olunacağına dair inamı daha da gücləndirir".
Sevinc QARAYEVA
525-ci qəzet. - 2025.- 18 sentyabr(№168).- S.15.