Tarixi antiterror əməliyyatının
ikinci ili
Azərbaycanın
44 günlük Vətən müharibəsində əldə
etdiyi şanlı Zəfərin davamı olaraq iki il əvvəl,
sentyabrın 19-20-də həyata keçirilən lokan
antiterror tədbirləri ilə ordumuz ölkəmizin ərazisində
separatçılığa son qoydu, ərazi
bütövlüyümüz və suverenliyimiz tam təmin
olundu. Bir sutkadan da az, cəmi 23 saat 43 dəqiqə davam edən
əməliyyat nəticəsində illərlə
torpaqlarımızda kök salmış Ermənistanın
qanunsuz silahlı birləşmələri, terrorçular,
separatçılar tamamilə zərərsizləşdirildi.
Hərb tariximizin ən şanlı səhifələrindən
biri olan antiterror tədbirləri dünya hərb tarixində də
ən unikal əməliyyatlardan biri hesab edilir.
Azərbaycan
dövləti 2020-ci ilin 27 sentyabrında başlayan 44
günlük Vətən müharibəsi ilə 30 ilə
yaxın davam edən işğala son qoydu. Ermənistan 2020-ci
il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Amma buna
baxmayaraq, İrəvan qeyd edilən bəyanatla üzərinə
götürdüyü öhdəliklərə əməl
etmədi, öz qanunsuz silahlı birləşmələrini nəinki
Qarabağdan çıxardı, əksinə, onların
silah-sursatla təminini davam etdirdi.
Ermənistan
rəhbərliyinin yeni təxribatlara əl atması vəziyyəti
daha da gərginləşdirirdi. 2023-cü il sentyabrın 2-də
Baş nazir Nikol Paşinyan “Dağlıq Qarabağın
müstəqillik bəyannaməsi”nin ildönümü ilə
əlaqədar separatçılara təbrik müraciəti
ünvanladı, sentyabrın 9-da Azərbaycanın Qarabağ
bölgəsində qondarma “prezident seçkiləri”
keçirildi. Digər tərəfdən, Azərbaycan Ordusunun
mövqeləri ilə üzbəüz yerlərdə fəal
mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya
qruplarının aktivliyi artır, ərazilərimiz və
yollar minalanır, terror aktları törədilir, mülki
şəxslərə və polis əməkdaşlarına
qarşı hücumlar edilir, təyyarələrimizə
radiomaneələr yaradılırdı. Bütün bunlar
antiterror tədbirlərini qaçılmaz edirdi. Əslində
Azərbaycanın İkinci Qarabağ müharibəsi
zamanı Xankəndini və digər ərazilərimizi azad etmək
imkanı var idi və bunun üçün çox az zaman tələb
olunurdu. Lakin rəsmi Bakı hərbi güc tətbiqinə
üstünlük vermədi, dialoq yolu ilə qalan məsələlərin
həllinə nail olmağa çalışdı. Amma
üç il ərzində qarşı tərəf öz mənfur
xislətini davam etdirdi, Azərbaycanın verdiyi bu şansı
qiymətləndirə bilmədi.
Beləliklə,
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli
bəyanatın müddəalarının təmin olunması,
Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının
alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb
olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə bölgədə
antiterror əməliyyatına başladı. Azərbaycan əməliyyata
başlamazdan əvvəl bəyan etdi ki, mülki əhali və
infrastruktur obyektləri hədəfə alınmır,
yalnız legitim hərbi hədəflər sıradan
çıxarılır. Eyni zamanda, bölgədə
yaşayan erməni sakinlərinə Ermənistan silahlı
qüvvələrinin birləşmələrinə yaxın
durmamağa və onlara dəstək olmamağa
çağırış edildi. Bu, mülki əhaliyə
heç bir zərər yetirilmədən aparılmış
uğurlu əməliyyat kimi də tarixə düşdü.
Düşmənin
uzun müddətdən bəri qurduğu və möhkəmləndirdiyi
mövqelərini əməliyyata cəlb edilmiş bölmələrimiz
yüksək peşəkarlıq sayəsində məharətlə
yarıb keçə bildi. Vətən müharibəsində
olduğu kimi, Ali Baş Komandanın əsas
tapşırığı bundan ibarət idi ki, əməliyyat
şəxsi heyət arasında minimum itki ilə
keçirilsin. Bu məqsədlə ordumuzun arsenalında olan
yüksək dəqiqliyə malik silahlardan düşmənin
legitim hədəflərinə zərbələr endirildi. Hərbçilərimiz
bir neçə saat ərzində Ağdərə-Əsgəran,
Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd,
eləcə də Xankəndi-Xocalı istiqamətində
düşmənin dərinliyinə doğru 5-26 kilometr irəliləyərək
bütün yolları kəsdi. Xüsusi təyinatlı
bölmələrimiz bütün istiqamətlərdə əraziyə
giriş-çıxışa nəzarətin tam təmin
olunması tapşırığını uğurla yerinə
yetirdilər. Bundan sonra separatçı rejimin rəhbərliyi
və Ermənistan silahlı qüvvələrinin
qalıqlarının komandanlığı ağ bayraq
qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq
nümayiş etdirərək, beynəlxalq hüququn norma və
prinsipləri çərçivəsində, heç bir
mülki şəxsi və obyekti hədəfə almadan 24
saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı
təslim olmağa məcbur etdi.
Azərbaycan
Müdafiə Nazirliyinin məlumatına görə, cəmi
bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən
təmizlənərək ordumuzun tam nəzarəti altına
alındı. Əməliyyat zamanı düşmən ölən
310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli
canlı qüvvə itirdi.
Bununla da
Azərbaycan öz ərazisində
separatçılığa son qoyaraq dövlət suverenliyini
tam bərpa etdi. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli
antiterror tədbirləri zamanı hərbi
qulluqçularımız böyük igidlik və qəhrəmanlıq
göstərdilər.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il
oktyabrın 15-də Xankəndi şəhərində,
Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran
qəsəbəsində, Xocavənd şəhərində və
Ağdərə şəhərində Azərbaycan
Respublikasının Dövlət Bayrağını
ucaltdı.
Dövlət
başçısı sentyabrın 15-də Xocalı rayonunda
sakinlərlə görüşdə bildirib ki, 2020-ci il
noyabrın 10-dan 2023-cü il sentyabrın 19-na qədər
bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa
etmək: “Bunu da etdik, erməni işğalına son qoyduq,
separatçılığa son qoyduq, haqq-ədaləti bərpa
etdik və indi qurub-yaradırıq... 19-20 sentyabr antiterror əməliyyatı
hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən
hərbi əməliyyat separatçıların
kökünü kəsdi və onların ümid
bağladıqları yerlər də səssiz qaldı.
Çünki Azərbaycan Ordusu qarşısında heç
kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında
heç kim dura bilməzdi, ona görə ki, biz
haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada
sübut edirik. Onlar şəhər və kəndlərimizi
yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq.
Bütün Qarabağ, bütün Şərqi Zəngəzur
tikinti meydançasıdır. Qısa müddət ərzində
bu gözəl evlərin bərpası, tikintisi, bütün
infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi
göstərir. Əsas odur ki, bütün siyasi
addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni
işğalından əziyyət çəkən Qarabağ
bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə
layiqsiniz”.
Milli Məclisin
deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı
“525”ə deyib ki, Azərbaycanın Vətən müharibəsindəki
qələbəsi bir çox aspektdən xüsusi önəm
daşıyır: "Bu qələbə ilə Azərbaycan
xalqı tarixi ədaləti və ərazi
bütövlüyünü bərpa etdi və “güclü
Ermənistan”, “güclü Ermənistan ordusu” mifini aradan
qaldırdı. Ermənilər əslində İrəvanı,
Zəngəzuru, sonrakı dövrdə Qarabağı
işğal etdilər. Düşünürdülər ki,
onlar uzun illər bizim bütün ərazilərimizi
işğalda saxlaya biləcəklər. Amma Azərbaycan həyata
keçirdiyi tədbirlərlə bu prosesin
qarşısını qəti şəkildə aldı və
bütün dünyaya göstərdi ki, Ermənistan bu ərazilərdə
insanlıq əleyhinə cinayətlər törədib, ərazilərimizi
dağıdıb”.
Deputat
bildirib ki, Vətən müharibəsində qələbə
ilə Azərbaycan bölgədə yeni reallıq yaratdı:
"Bütün dünya Azərbaycanın bu qələbəyə
necə nail olması barəsində müzakirə aparır.
Təbii ki, qələbə Azərbaycanı daha da gücləndirdi
və xalqımızda böyük ruh yüksəkliyi
yaratdı. Azərbaycan Vətən müharibəsində
çox böyük və tarixi qələbə qazandı.
Son 200 illik tariximizdə ilk dəfə torpaq itirmədik, əksinə,
itirilmiş torpaqlarımızı geri qaytardıq. Ermənistan
Vətən müharibəsi başa çatdıqdan sonra
imzalanan üçtərəfli Bəyanat üzrə öhdəliklərini
qətiyyən yerinə yetirmirdi. Onların arasında,
xüsusilə də erməni silahlılarının ölkəmizin
ərazilərindən çıxarılmaması Azərbaycanı
dərindən narahat edirdi. Ermənistan isə silahlı birləşmələrini
ərazilərimizdən çıxarmaq əvəzinə
orada şəxsi heyət, zirehli vasitələr, artilleriya
qurğuları saxlayırdı. Həmçinin həmin ərazilərə
müharibədən sonra Ermənistanda istehsal olunan minalar
daşınırdı. Burada məqsəd separatçı
rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini
gücləndirmək idi.
Ermənistandan
Azərbaycan ərazilərinə göndərilən minalarla
itkilərimiz davamlı olaraq artırdı. Bütün
bunları nəzərə alan ölkəmizin xəbərdarlığına
və bəyanatlarına məhəl qoymayan separatçı
rejim və onu dəstəkləyən Paşinyan
komandasının cəzalandırılması
üçün Azərbaycan antiterror tədbirlərini həyata
keçirmək qərarını verdi. Bu antiterror tədbirləri
Azərbaycan ərazilərində mövcud olan erməni
silahlılarından min nəfərdən çoxunun məhv
edilməsi və ya yaralanması ilə nəticələndi”.
C.Məmmədov
vurğulayıb ki, qəhrəman Azərbaycan Ordusu cəmi
bir gün ərzində yüzlərlə kvadratkilometr
işğal altındakı ərazimizi azad etdi, düşmənin
65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil
texnikasını sıradan çıxardı: “Ordumuz
düşmənin döyüş texnikalarını,
artilleriya vasitələrini, xüsusi texnikalarını qənimət
olaraq ələ keçirdi. Bundan başqa, ermənilər
atıcı silahlarını və onlara aid milyonlarla
sursatı da döyüş meydanında atıb getdi. 2020-ci
ildə baş verənlərdən Ermənistan nəticə
çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri
Ermənistana dərs olmadı. Əgər dərs olsaydı,
antiterror əməliyyatının keçirilməsinə
ehtiyac olmazdı.
Azərbaycan
başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur olsun
torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan
bu işğala son qoydu. Cəmi 23 saat 43 dəqiqə ərzində
erməni separatçıları ağ bayraq qaldırmağa
məcbur oldular. Qarabağın erməni sakinlərinin
nümayəndələrinin Rusiya sülhməramlı
kontingenti vasitəsilə müraciətini nəzərə alaraq,
tam atəşkəs haqqında razılaşma əldə
olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal
xarakterli antiterror tədbirləri dayandırıldı.
Azərbaycan
dövlətinin Ermənistana doğru uzanmış sülh əli
hər dəfə geri qaytarılmış və bunun
qarşılığında Ermənistanın, onun
dünyadakı məkrli havadarlarının Azərbaycana
qarşı qarayaxma kampaniyası baş
qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə
üçtərəfli Bəyanatın müddəalarının
təmin olunması, təxirəsalınmadan sülh
müqaviləsinin imzalanması müraciətləri Ermənistan
tərəfindən müxtəlif bəhanələrlə rədd
edilmişdir.
Bu gün
sülh ən çox Ermənistana lazımdır. Ermənistan
anlamalıdır ki, bu gün onlar sülh üçün
ciddi səylər göstərməlidirlər. Çünki
Ermənistan özü blokadada qaldı və ciddi problemlər
yaşadı. Münasibətlərin bərpasından sonra
regional əməkdaşlıq, Zəngəzur dəhlizinin
açılması və digər məsələlər Ermənistan
iqdisadiyyatının dirçəlməsi üçün
vacibdir. Bu şans uzun illər olmayacaq. Azərbaycan əlinin
uzun müddət havada qalması ilə barışmayacaq”.
Pərvanə SULTANOVA
525-ci qəzet. - 2025.- 19 sentyabr(¹169).- S.5.