Ümumi təhsil
müasir dövrün çağırışları
müstəvisində
"Ümumi
təhsil xalqın mentalitetidir, dünya xalqları ilə
müqayisə olunacağı səviyyədir".
Heydər
ƏLİYEV Azərbaycan xalqının Ümummilli lideri
Ulu öndər Heydər Əliyevin
dərin fəlsəfi mahiyyət ifadə edən bu konseptual
müddəası təhsil sisteminin ən kütləvi tərkib
hissəsi olan ümumi təhsilin cəmiyyət həyatındakı
müstəsna rolu və əhəmiyyətini təkzibedilməz
həqiqət olaraq diqqətə çatdırır. Belə
ki, obrazlı desək, saf və şəffaf suların mənbəyi
torpağın dərin qatları olduğu kimi, ölkənin
sosial-iqtisadi, elmi-mədəni fəaliyyət sahələrindəki
inkişafın, rəqabətədavamlı insan
kapitalının formalaşmasının, vətəndaşların
milli-mənəvi-əxlaqi dəyərlərə
bağlılığının mənbəyini də keyfiyyətlə
reallaşdırılan ümumi təhsildə axtarmaq
lazımdır. Başqa sözlə, ölkənin mütərəqqi
didaktik prinsiplər üzərində qurulan ümumi təhsili,
xüsusilə də ibtidai təhsili ölkənin gələcək
tərəqqisinin, yaradıcı təfəkkürlü kadr
potensialının təşəkkülünün ilkin zəmanətçisi
kimi çıxış edir. Tələbyönlü və
şəxsiyyətyönlü məzmuna malik ümumi təhsil
uşaq və yeniyetmələri, gəncləri biliklər
dünyasına, bacarıqlar və səriştələr aləminə,
təhsilli cəmiyyətə, mənəvi zənginliyə,
həyatı dərk etməyə, vətəndaşlıq
xüsusiyyətləri əxz etməyə qovuşduran
etibarlı körpü funksiyasını yerinə yetirir ki,
onun da dayaqlarının möhkəm özül üzərində
qurulması ən ümdə vəzifələrdən hesab
olunur.
Hazırda
yaşadığımız mürəkkəb və ziddiyyətli
zamanda şagirdləri milli dəyərlərimizə yad təsirlərdən
qorumaq, potensial imkanlarına uyğun keyfiyyətli təhsil
almalarına və inkişaf etmələrinə, istedad və
qabiliyyətlərinin reallaşmasına şərait yaratmaq,
ləyaqətli vətəndaşa xas dəyərlər
nümunəsində tərbiyə olunmalarını təmin
etmək pedaqoji öhdəliklə bərabər, həm də
insanlıq, vicdan borcudur. Əsl müəllimin vətənpərvərlik
missiyası təhsil verdiyi uşaqların qəlbini millət
sevgisi, Vətən məhəbbəti ilə
alovlandırmaqdan, onların daim öyrənmək, biliklənmək,
bacarıq və vərdişlər qazanmaq meyllərini
gücləndirməkdən, milli-mənəvi xüsusiyyətlərin
təşviq və təbliğindən ibarət
olmalıdır. Bu məqamda Ulu öndərin hikmətli
sözləri yaddaşımızda səslənir:
"Ümumi təhsilimizdə, məktəblərimizdə
bütün dərslər, bütün fənlər bizim
bugünümüzə və gələcəyimizə həsr
olunmalıdır".
Qloballaşma
proseslərinin getdikcə genişləndiyi, texniki yeniliklərin
sürətlə həyatımıza daxil olduğu
hazırkı dövrdə hər hansı bir
uşağın ümumi təhsildən kənarda qalması,
təhsilsizlik bəlası ilə üzləşməsi ciddi
sosial problem kimi qarşılanmalıdır. Şübhəsiz,
belə halların baş verməməsi ümumi təhsillə
bağlı bütün təşkilatları
düşündürməlidir. Lakin bu gün ümumi təhsil
qarşısında dayanan müasir vəzifələrin yerinə
yetirilməsində ictimaiyyət tərəfindən rəmzi
olaraq "Təhsil məbədi" kimi qəbul edilən məktəb
daha çox məsuliyyət daşıyır. Belə bir məktəb
isə peşəkar səviyyəli pedaqoji kadr heyətinin, səriştəli
və məqsədyönlü idarəetmənin, sağlam mənəvi-psixoloji
iqlimin, əlverişli və təhlükəsiz,
yaradıcı və təşəbbüskar münasibətin
dəyər verildiyi təhsil mühitinin, şagirdlərin
öz təhsillərindən məmnunluq hissi
yaşamasının mövcudluğu ilə, müasir
çağırış və tələblərə
istiqamətlənə bilməsi ilə xarakterizə edilib dəyərləndirilməlidir.
Bununla belə, pedaqoji tədqiqatların nəticələrinə
görə irəli sürülən obyektiv bir mülahizə
ilə - "Ailənin sosial-iqtisadi vəziyyətinin təhsilin
keyfiyyətini idarə edən əsas indeks kimi nəzərə
alınması; ailənin xarakterik xüsusiyyətlərinin məktəblərdəki
nailiyyətləri müəyyənləşdirən vacib
faktorlardan biri olması" fikri ilə də razılaşmamaq
qeyri-mümkündür.
İstənilən
fəaliyyət sahəsində dövrün, zamanın diktə
etdiyi tələblər kontekstində inkişafı dəstəkləyən
müasir çağırışların meydana gəlməsi
təbii qəbul olunur. Bu mənada ümumi təhsil sistemi də
istisna deyildir. Əgər 20-30 il əvvəlki vaxtla müqayisə
etsək, ötən müddət ərzində ümumi təhsilə
qarşı verilən tələblərin xeyli dəyişməsi
göz önündədir. Həmin dəyişikliklər eyni
dərəcədə ümumi təhsilin məqsəd və
vəzifələrini, məzmun istiqamətlərini, idarəolunma
texnologiyalarını, şagird nailiyyətlərinin və
pedaqoji fəaliyyətin qiymətləndirilməsi
meyarlarını əhatə edir, milli-mənəvi-əxlaqi
dəyərlər zəminində tərbiyə olunmaları
ilə bərabər, şagirdlərin analitik, yaradıcı,
tənqidi təfəkkürünün inkişaf etdirilməsi,
müxtəlif elmlərin nailiyyətləri fonunda müasir həyatda
onlara aşılanması zəruri bilinən bilik, bacarıq və
vərdişlərin formalaşdırılması diqqət mərkəzinə
çəkilir. Proqnozlaşdıra bilsək, həmin keyfiyyətlər,
yəqin ki, bir qərinə də keçsə, mahiyyətcə
dəyişməz qalacaqdır. Lakin əsas məsələ
bugünkü çağırışlara nəzərən
formalaşdırılması hədəf seçilən təfəkkür
tərzinin və intellekt durumunun, zəruri bilik, bacarıq və
vərdişlərin səviyyəsinin dövrün tələbləri
ilə uyğunluq təşkil etməsindən, zamanın
inkişaf tendensiyalarına cavab verməsindən ibarətdir.
Xüsusilə, icbari ümumi orta təhsil üzrə məzmun
standartları bu məntiq əsasında qurulmalıdır.
Əgər fənlər vasitəsilə ötürülən
nəzəri biliklər tətbiqi mahiyyət
daşımırsa, şagirdlərdə hər hansı bir səriştəyə
çevrilə biləcək bacarıq (bacarıqlar)
aşılamırsa, o biliklər deklarativ xarakterli məlumatlardan
başqa bir şey deyildir.
Dövlət
başçısının Sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda
ümumi təhsil sahəsi üzrə bir sıra mühüm
məsələlərlə (pedaqoji kadrların peşəkarlıq
səviyyəsinin artırılması, idarəetmənin təkmilləşdiril-məsi,
təmayüll istiqamətlərinin genişləndirilməsi,
infrastrukturun müasirləşdirilməsi) yanaşı, rəqəmsal
texnologiyaların tətbiqinin genişləndiyi, rəqəmsallaşdırma
meyllərinin gücləndiyi, qloballaşmanın təsiri ilə
rəqabətin getdikcə artdığı, eləcə də
ölkəmizin yüksəkgəlirli dövlətlər
sırasına daxil olunmasının hədəfləndiyi
hazırkı dövrdə müasir iqtisadiyyatın
ehtiyaclarını ödəyəcək səviyyədə
yüksək bilik və bacarıqlara malik insan
resurslarının formalaşdırılmasına zəmin
yaratmaq üçün ümumi təhsilin səriştəəsaslı
məzmununun hazırlanıb həyata keçirilməsi ən
vacib çağırış və hədəf olaraq müəyyən
edilmişdir. Əgər nəzərə alsaq ki, səriştə
- qazanılmış bilik və bacarıqları təcrübədə,
praktik fəaliyyətdə səmərəli və effektiv tətbiq
edə bilmək qabiliyyətidir, o zaman həmin məzmuna malik
dövlət standartları və fənn kurikulumlarının
ölkənin ən qiymətli sərvəti sayılan insan
kapitalının formalaşması və
inkişafındakı müstəsna əhəmiyyəti daha
aydın şəkildə təsəvvür oluna bilər. Təsadüfi
deyil ki, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
"İnsan kapitalının inkişafı iqtisadiyyatın
qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin
beynəlxalq rəqabətdən daha effektli faydalanması
prosesində ən mühüm şərtlərdən olub
ölkənin təhsil sisteminin başlıca vəzifəsini
təşkil edir" müddəası taleyüklü
strateji hədəf kimi irəli sürülmüşdür.
Səriştəəsaslı
və şəxsiyyətyönümlü kurikulumların
hazırlanmasında da ən düşündürücü
məsələ "nələri, hansı həcmdə və
necə" öyrədilməsi ilə birbaşa
bağlıdır. Çünki bu tələb nəzəri
cəhətdən dəyişməz pedaqoji problem olaraq
bütün dövrlərdə təhsil mütəxəssislərini
düşündürmüş, bu gün də
aktuallığını saxlamaqdadır. Dəyişən isə
zəmanənin diktə etdiyi tələblərə görə,
həmin anlayışlardan hər birinin üzərinə
düşən yükün xüsusi çəkisidir.
Əslinə qalsa, fikrimizcə, ümumi təhsil sistemində
həmin üç tələbin təmin edilməsindən
çətin və vacib bir problem yada salmaq mümkün
deyildir, o mənada ki, ümumi təhsilin keyfiyyəti bilavasitə
optimal məzmun və mahiyyətə malik bu üç amilin
məqsədyönlü müəyyənləşdirilib həyata keçirilməsindən
asılıdır.
Hazırda
belə bir suala da məntiqli cavab tapmağa
çalışmalıyıq: Dünyanın "sürətlə
dəyişən iqtisadi və texnoloji tələbləri"nə
qarşı, məsələn, icbari ümumi orta təhsil mərhələsində
müxtəlif intellekt səviyyəsinə malik şagirdlərə
mənbəyi ibtidai təhsildən qaynaqlanan hansı keyfiyyətlər,
fənlər üzrə hansı zəruri biliklər,
bacarıq və səriştələr diferensial əsasda necə
aşılanmalıdır ki, onlar 5 dərs ili ərzində
15 yaşa çatanadək, obrazlı desək, həmin dəyişikliklərin,
heç olmasa, astanasına qədəm basa bilsinlər.
Bu məqamda
bir məsələni xüsusi olaraq diqqətə
çatdırmaq istərdik. Hazırkı dövrdə
yaşanan iqtisadi-texnoloji tərəqqinin miqyasını və
onun nəticələrinin cəmiyyət həyatında
aparıcı rolunu nəzərə alsaq, STEAM təhsil
yanaşmasında da təşviq edildiyi kimi, bütün fənlərin
məzmununda şagirdlərdə çevik və
yaradıcı təfəkkür, qeyri-standart və tənqidi
düşüncə hesabına formalaşdırılan və
zəruri səriştələrə çevrilməsi
gözlənilən bacarıqların (şəxsiyyətyönümlü
dəyərlərin) təşəkkülünə ciddi diqqət
yetirilməsi, heç şübhəsiz, uşaqlarda riyazi təfəkkürün
inkişafını tələb edir. Fikrimizcə, uşaqlarda
riyazi düşüncənin, riyazi düsturlarla deyil, riyazi fəhmlə,
riyazi meyarlarla düşünmə bacarığının
yaradılması bütövlükdə keyfiyyətli
ümumi təhsilin, ilk növbədə, icbari ümumi orta təhsilin
əsas missiyalarından birinə çevrilməlidir. Faktlar
da sübut edir ki, riyazi təfəkkürlü uşaqlar fənləri
daha asanlıqla mənimsəyir, təlim prosesində daha fəal
və inamlı təsir bağışlayırlar. Belə
olduğu halda, ərəbcə "çətinlik",
"əzab" mənasında işlənən "riyazət"
sözü ilə eyni kökdən olan riyaziyyat, həqiqətən,
şagirdlər tərəfindən heç də asan
qavranılmayan fənn kimi xarakterizə edilir. Bu, bəlkə
də riyaziyyata bir çoxları tərəfindən "məsələ-misal
həlli"nə aid fənn mənasında münasibət
göstərilməsinin, uşaqların intellektual, fikri
inkişafında riyaziyyatın rolu və imkanlarının
layiqincə dəyərləndirilməməsinin nəticəsidir.
Düşünürük ki, uzun illərdən bəri
şüurlarda kök salmış həmin
yanlışlıqdan yaxa qurtarmaq, "riyaziyyat-hamı
üçün" ideyasını reallaşdırmaq məqsədilə
ümumtəhsil məktəblərində riyaziyyatın məzmununun
və tədrisi metodikasının təkmilləşdirilməsi,
"Riyaziyyat əqlin gimnastikasıdır" məşhur
mülahizəni əsas tutaraq, V-IX siniflərdə şagirdlərin
yaş səviyyəsi nəzərə alınmaqla,
"Əyləncəli riyaziyyat" adlı fakültativ
kursun tədrisi xeyli faydalı olardı.
Şübhəsiz,
hər bir şagirddə riyaziyyatçı istedadı axtarmaq
əbəs cəhddir, lakin bütün şagirdlərdə
riyaziyyatın daxili məzmun və mahiyyətini büruzə
verən xüsusiyyətlər fonunda riyazi təfəkkür,
riyazi düşüncə formalaşdırılması şəxsiyyətyönlü
təhsilin başlıca əlamətlərindən biri olaraq
dəyərləndirilməlidir. Hesab edirik ki, hər bir fənnin
məzmun standartlarında, kurikulumlarında fənnin məqsəd
və vəzifələrinə uyğun surətdə
şagirdlərə aşılanacaq proqramlaşdırma, layihələndirmə,
əsaslandırma, proqnozlaşdırma, planlaşdırma,
sistemləşdirmə, təhlil-sintez, təsnifetmə,
alqoritmik düşüncə, araşdırma və tədqiqatçılıq,
ehtimal və fərzetmə, tərtibatçılıq və
dizayn, məntiqi nəticə çıxarma, idarəetmə
və digər bu kimi səriştələri hədəfləyən
bacarıqların nəzərdə tutulması uşaqlarda
riyazi təfəkkür elementlərinin
formalaşdırılması zərurətini bir daha təsdiq
edir.
Düşündürücü
digər bir məsələ informasiyaların genişlənməsi,
iqtisadi və texnoloji tələblərin daha sürətlə
dəyişməsi ilə əlaqədar təhsil sahəsində
modernləşmənin və pedaqoji texnologiyanın yeni təzahürü
mənasında meydana çıxan fənlərin inteqrativ tədrisi
ilə bağlıdır. Təsadüfi deyil ki, Respublika
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında ümumi təhsilin dövlət
standartları" adlı konseptual sənəddə ümumi
təhsilin məzmununun hazırlanmasında inteqrativlik vacib
didaktik prinsiplərdən biri kimi qeyd edilmişdir.
Ümumiyyətlə,
təhsil prosesində inteqrativ məzmunun tətbiqi, fənlərin
inteqrativ əsasda tədrisi hansı üstünlüklər
yaradır:
l birləşdirilən
fənlər arasında mahiyyət və məqsəd
yaxınlığı, bəzən də eyniliyi, məntiqi əlaqə
daha aydın təsəvvür olunur;
l bilik və
bacarıqların ardıcıllığı, bir-birini
tamamlaması, inteqrasiya edilən fənlərə aid oxşar
məzmunlu biliklərin bir müstəvidə birləşməsi
təmin edilir;
l
inteqrasiya prosesində müqayisə etməklə əsas
olanı qeyri-əsasdan ayırmaq, məzmuna ağırlıq
gətirən lüzumsuz, ikinci dərəcəli məlumatların
aradan qaldırılması asanlaşır;
l bilik və
məlumat yığcamlığı, fikirlərin dizaynı
baş verir;
l optimal məzmunun
yaranması ilə mahiyyətin şüurlu mənimsənilməsinə
imkanlar açılır;
l
şagirdlərdə tədricən inteqrativ təfəkkürün
formalaşmasına, riyazi düşüncənin möhkəmlənməsinə
zəmin yaradılır və s.
Ölkəmizin
"Təhsil haqqında" Qanununa görə, icbari ümumi
orta təhsilin məqsədləri (nitq mədəniyyətinin,
ünsiyyət bacarığının
formalaşdırılması, idrak fəallığının
və məntiqi təfəkkürün inkişafı, fənlər
üzrə zəruri bilik və təsəvvürlərin
yaradılması, İKT vasitələrindən istifadə
qabiliyyətinin artırılması, hadisələrin qiymətləndirilməsi,
fəaliyyət istiqamətlərinin müəyyənləsdirilməsi)
daha çox həyati və praktik əhəmiyyətli məsələləri
əhatə etdiyindən, düşünürük ki,
onların reallaşdırılması üçün bu təhsil
səviyyəsində tədris olunan təbiət fənləri,
ümumi tarix və Azərbaycan tarixi, hətta musiqi və təsviri
incəsənət fənləri də səriştə əsaslı
inteqrativ tədris üçün geniş imkanlara malikdir.
Başlanğıc üçün isə işçi
qrupları yaradılmalı, geniş müzakirələr və
tədqiqatlar aparılmalı, nəticə etibarı ilə
müvafiq standartlar və kurikulumlar, metodik tövsiyələr
tərtib olunmalı, müəllim hazırlığı, dərslik
və dərs vasitələri ilə bağlı problemlər
həll edilməlidir.
P.S.
Eramızadan əvvəl yaşamış yunan
filosoflarından birinin müdrik fikridir ki, "Bir cəmiyyətdə
hər şeydən əvvəl elm və əxlaqı öyrətmək
lazımdır". Şübhəsiz, hər hansı bir
xalqın, millətin milli-mənəvi-əxlaqi dəyərləri
dəyişilməz inanca söykənərək əsrlərboyu
öz ictimai-fəlsəfi mahiyyətini qoruyub müqəddəs
əmanət kimi ruhən nəsildən-nəslə
ötürülür. Nüvəsində təhsil, təhsillilik
bərqərar olan elm isə bəşəri xarakter
daşımaqla zaman məhdudiyyəti tanımayıb "həcminə
görə ölçüsüz, vəzifəsinə
görə sonsuzdur". Təbii ki, elm, elmi kəşflər,
ixtiralar da, bir qayda olaraq, mütərəqqi düşüncələrdən
qaynaqlanır. Düşüncə çevik təfəkkürün
məhsulu olub inkişafın hərəkətverici qüvvəsi
sayıla bilər. Aqillər nahaq yerə deməyiblər ki,
"Düşüncələriniz necədirsə, həyatınız
da elədir". "İnsan ancaq düşüncələrini
dəyişməklə yüksəlir, qalib olur, uğur
qazanır".
Bu mənada
bütün fəaliyyət sahələrinin
elektronlaşdırıldığı, süni intellektin
yaradıldığı indiki dövrdə düşünməyi,
ideyalar, fərziyyələr, alternativlər irəli sürməyi,
gələcəyi təxmin etməyi bacaran şagirdlərin
formalaşdırılması ümumi təhsilin ən
mühüm vəzifəsi kimi meydana çıxır. Həmin
xoşməramlı məqsədin
reallaşdırılmasının ilkin şərtini isə
müvafiq dövlət standartları və fənn
kurikulumlarının əsaslı şəkildə təkmilləşdirilməsi
təşkil edir.
Aydın ƏHMƏDOV
Azərbaycan
Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar
müəllim
525-ci qəzet. - 2025.- 19 sentyabr(№169).- S.8-9.