"Xudayarın o təsnifi
oxuduğu yer tarixən Cəbrayıl rayonunun Xudayarlı kəndi olub"
VƏTƏN
MÜHARİBƏSİ ŞƏHİDİ XUDAYAR
YUSİFZADƏNİN ANASI RADƏ QURBANOVA: "XUDAYARDAN QALAN O
ÜZÜK İNDİ NƏNƏSİNİN
BARMAĞINDADIR"
Bu gün 27 sentyabrdır... Özündə böyük
bir tarixi başlanğıcı yaşadan
gün...
Müharibə yalnız güllələrin,
topların səsi ilə başlamır. Bəzən bir xalqın susqun naləsi, qəlbində gizlətdiyi yarımçıq
xəyallar müharibənin
sükut dolu başlanğıcına çevrilir.
Otuz il Azərbaycanın
hər evində, hər ocağında bu sükut qara-qırmızı
lentli şəkillərdə,
natamam məktublarda, yurd acısı çəkilən dərdlərdə
yaşadı. Analar körpələrinə həsrət
dolu laylalar çaldı, uşaqlar ata-baba torpaqlarını xəritələrdən tanıdı,
köksündə daşıdıqları
nisgilin ağırlığından
ata-babaların boynu bükütdü.
Lakin tarix heç zaman sükutu sevməyib, çünki o sükut zamanında mütləq bir hayqırtıya çevrilib.
Həmin hayqırtı
isə beş il əvvəl sentyabrın bu günü Vətən torpağına
ayaq basan igidlərimizin nərəsi
oldu. Çünki bu torpaq həm
də müqəddəs
bir əmanət idi. Ona uzanan namərd əli bir xalqın yaddaşına, kökünə,
ruhuna toxuna bilmişdi.
Müharibənin izi təkcə
səngərlərdə qalmadı.
Anaların gözlərində,
uşaqların gözləntisində,
viran qalmış yurd yerlərinin qalıqlarında, haradasa hələ də bağlı qalan qapıların arxasında
da yaşandı. İllərlə
çəkilən həsrətin
qara kölgəsini qəhrəmanların qanı
yudu, şəhidlərin
ruhu ora işıq saçdı.
Qaranlıqdan doğan
bir sübh kimi sonda millətin
üzündə ümid
şöləsi parladı,
illərlə böyüyən
ağrı qələbəyə
çevrilən iftixar
oldu.
Barıt
qoxulu həmin günlərdə səngərlərin
birindən səmaya bir səs yayıldı:
"Deyirlər bülbülə
çəmən yaxşıdır.
İnsançün laləzar
Vətən yaxşıdır"
təsnifi Qarabağda
əks-səda doğurdu.
Və o səs həmin gündən millətin qüruruna çevrilərək, dillərə
dastan oldu. Və bu gün həmin
dastanın qəhrəmanı,
"Azərbaycan Bayrağı"
ordenli Vətən müharibəsi şəhidi
Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova şənbə qonağımızdır.
- Xudayarın adını yaddaşlara həkk edən bu ifanın
yəqin ki, bir tarixçəsi olmamış
deyil...
- Həmin təsnifi Xudayar şəhid olmazdan bir neçə
gün əvvəl, daha dəqiq oktyabr ayının 18-də
düşmənlə 12 kilometrlik
məsafədə yerləşən
bir dərədə oxuyub, Zəngilanla Cəbrayıl rayonlarının
arasında yerləşən
bir ərazidə. Həmin yerə çatmaq üçün
əsgərlərimiz dörd
gün piyada yol gəliblər, yemək və suları belə tükənib. Tükənib
ona görə ki, onlar ildırımvari döyüşlə irəlilədiklərindən
böyük sürətlə
hərəkət ediblər.
Dövlətimizin başçısı
"Düşməni iti
qovan kimi" qovduq sözlərini həmin döyüşlərdən
sonra deyib. Bunu hamı bilir ki, 44 günlük müharibədə bizim əsgərlərimizin qida
sarıdan heç nəyə ehtiyacı olmayıb. Həmin əsgərlərimiz 105 kilometr
məsafəni 24 saata
qət ediblər. Düşmənlə məsafə
yaxın olduğundan elə bir yer
seçmək lazım
idi ki, onları görmək mümkün
olmasın. Elə bir yeri iki
dağ arasındakı
yamacda tapıblar. Həmin yamacda da Xudayar bu təsnifi
oxuyub. Bütün bu olanları orada olan əsgərlərimizdən
eşitmişəm Xudayarı
itirdikdən sonra. Onun oxuduğu təsnifin videosunu isə biz Xudayarın şəhidliyindən 20 gün
sonra gördük. Zəngilanı alandan sonra ətrafı çəkərək deyib:
"Nənə, bax, buraları bizim uşaqlar alıb". Özünü kənarda
qoyub ki, nənəsi narahat olmasın. Nə yaxşı ki, əlində öz telefonu vardı.
Sosial şəbəkələrdə şəhid balalarımızın
paylaşdıqları videoları
görəndə, elə
hey düşünürdüm ki, ola bilməz Xudu (ailədə onu belə çağırardıq)
bizim üçün
bir video çəkməmiş
olsun. Komandirindən xahiş etdim ki, onun telefonunu versinlər.
Bilirdim
ki, müəyyən qaydalar
var və onlara mütləq əməl olunmalıdır. İyirmi
gündən sonra qardaşıma xəbər
gəldi ki, telefonu götürə bilərsiniz.
Hövsələm o qədər
daralmışdı ki, bir
saniyə artıq gözləmək mənim
üçün sanki
saatlara bərabər idi. Qardaşımdan soruşdum ki, telefonda nəsə var? Bizə nəsə deyib? Dedi ki, Xudu tək
bizə yox, demək istədiyini hamıya çatdırıb.
Yenə də soruşdum ki, axı nə deyib? Dedi ki, heç nə deməyib, Xudu oxuyub.
Mən
o təsnifin ifa olunduğu yerlə bağlı bir tarixi faktı da vurğulamaq istəyirəm.
Tarixən həmin yer Cəbrayıl rayonunun Xudayarlı kəndi olub. Kəndin adı burada yaşayan yüzbaşı Xudayar Çələbiyanlıdan götürülüb.
Yüzbaşı Xudayar
1835-ci ildə elinin bir neçə obası ilə Qarabağa gəlib. İki əsrə yaxın zaman keçəndən
sonra 2020-ci ildə torpağının müdafiəsinə
qalxan Xudayar adlı qarabağlı bir gənc məhz
həmin kəndin ərazisində "Vətən
yaxşıdır" təsnifini
oxuyaraq, tarixin daş yaddaşına öz adını həkk edə bilib. Ölkə başçısının sərəncamı
ilə yaradılan Şərqi Zəngəzur
iqtisadi rayonunun kəndləri sırasında
bu gün Xudayarlı kəndinin öz adı, öz yeri var.
- Həmin məşhur ifadan iki gün
sonra Xudayar şəhid olub...
- Üç gün sonra, oktyabrın 21-də...
Döyüşə-döyüşə
irəlilədikcə, oktyabrın
20-si Zəngilanı işğaldan
azad ediblər. Mövqelərini bərkidərək
postu nəzarətə
götürüblər. Lakin oktyabrın 21-i səhər
saat beşdə düşmən qəfil hücuma keçib. Say üstünlüyü düşmən
tərəfdə olduğundan
on iki saata qədər döyüş
davam edib. Əlbəyaxa vuruşmaya
qədər döyüşən
əsgərlərimiz geri
çəkilmədən Zəngilanı
qoruyublar. Xudayarın atdığı qumbaradan özünü qoruya bilən düşmən qəfil silahı götürərək onu
vurmağı bacarıb.
Aralarında bir metrə qədər məsafə olub və Xudayar anındaca şəhid olub.
- Sizin üçün ağır söhbətə
bir qədər ara verək və qayıdaq lap əvvələ...
- Xudayarın atası gözəl qarmon ifaçısı olub.
Bu, ailədən gələn
bir istək olub, çünki onun atası da, qardaşı da musiqiçi
idilər. 90-cı illərin
ortalarında Rusiyanın
Surqut şəhərində
yaşayan və yoldaşımı tanıyan
həmvətənlərimiz özlərinə məxsus
məkana onu musiqiçi kimi işləməyə dəvət
etdilər. Üç
övladı olan gənc bir ailə
dəvəti qəbul
edərək Surquta yollandıq. Sonbeşiyimiz
olan Xudayar orada dünyaya gəldi. Surqutda cəmi bir il yarım yaşaya bildik. Xudayar iyirmi dörd günlük ikən həyat yoldaşım otuz bir yaşında
dünyasını dəyişdi.
- Yəni qəflətən...
- Düzü, bilmirəm
buna qəflətən demək
olar, ya yox, çünki o, bir dəfə iflic keçirmişdi. İkinci iflic onu ailəsindən aldı. Yoldaşımın
dostları, orada yaşayan azərbaycanlılar
o qədər ehtiyatla
davranaraq bizi yola saldılar ki, mən yoldaşımın
rəhmətə getməyini
artıq Bərdəyə
çatanda bildim. Mənə bildirmişdilər
ki, o, ikinci iflici keçirdiyindən bizi ayrı-ayrı yola salmağa məcburdurlar və iyirmi beş yaşında əlində dörd azyaşlı uşaqla qaldım valideynlərimin himayəsində. Nə qədər ağır, əziyyətli günlər
yaşasaq da, ata-anamla
birlikdə ləyaqətli
övladlar böyüdə
bildik.
- Sonbeşiyiniz Xudayar kimi...
- Xudayarı nənə-baba
böyütdü. Kiçik
yaşlarında nənəsini
ana, babasını ata
bilirdi. Həssas uşaq olub. Baxmayaraq ki, azyaşlı idi, özündən kiçiklərə qarşı
qəribə diqqəti
və qayğısı
vardı. Heç
zaman onları incitməz,
ən sevimli oyuncağı olsa da, istəyənə verərdi.
Hələ məktəbə
getmədiyi vaxtlarda balaca bir çəpişi
vardı, ona öz paltarlarını geyindirib nağarada ayaqlarını döyəcləməyi
öyrətmişdi.
- Gendən gələn musiqi duyumuna, incəsənət məktəbini
bitirməyinə rəğmən,
o, hərbini seçdi...
- Erkən yaşlarından Xudayarda bir nizam vardı. Axşam saat doqquz-on arası yatmağa gedərdi. Evimiz həmişə qonaq-qaralı,
səsli-küylü olub.
Bununla belə, Xudayar öz vaxtında mütləq gedib yatardı. Səhər oyananda görərdik ki, Xudayar artıq əl-üzünü
yuyub, oturub çayını gözləyir.
Yəni mən heç zaman ona tez yat, səhər
məktəbə gedəcəksən
və ya dərslərini oxu deməmişəm. Bu xüsusiyyəti
bir növ nəyəsə işarə
idi. Bir dəfə məktəbdə onlara Xocalı haqqında inşa yazmaq tapşırığı vermişdilər.
Evə gəlib dedi ki, ana, mənə bir qədər o faciə haqqında danış ki, tapşırığı
edə bilim. O zaman qonşumuz Xocalıdan idi. Onun ata-anasını
öldürmüşdülər, qardaşını, uşaqlarını
güllələmişdilər. Onlara qan içində
gələn qohumlarını
gözümüzlə görmüşdük.
Anam da, mən də ona hadisələrdən
danışanda Xudayar
ağladı. Görünür,
qəlbində düşməndən
intiqam hissilə böyüdüyündən hərbini
seçdi. Məktəbi
bitirəndən sonra Hərbi Akademiyaya sənədlərini versə
də, qəbul ola bilmədi. Mənə təsəlli kimi dedi ki, hərbi xidmətdən qayıtdıqdan
sonra qəbul olaram.
- Amma baş verənlər çox istəkləri yarımçıq qoydu...
- Yox, Xudayar hərbçi
oldu, amma bu sahənin təhsilini almağa çata bilmədi. Hərbi xidmətini Dövlət Təhlükəsizlik
Xidmətində çəkdikdən
sonra orada davamlı hərbi qulluqda qalmaq üçün müraciət
etdi. Aprel döyüşləri o əsgərlikdə
olanda baş verdiyindən artıq qəti qərarını
vermişdi. Lakin müəyyən
səbəblərə görə
o, xidmət etdiyi hərbi hissədə qala bilmədi. İki gün üzü üstə yerindən qalxmadı. Nə qədər ona təsəlli versəm də, dedi ki, ana, mən istədiyim yolla getmək istəyirəm. Hətta ona təklif etdim ki, sənin musiqi savadın var, bəlkə
konservatoriyaya gedəsən.
Cavabında dedi ki, musiqi atamın yoludur, ona ehtiram
kimi bu sahəni
sevirəm, onun təhsilini də aldım, lakin mənim yolum başqadır. On gündən
sonra mühafizəçi
kimi işləməyə
başladı. Hamılıqla,
ay bala, təzə gəlmisən, bir az dincəl sonra işləyərsən
desək də, onu heç cürə razı sala bilmədik. Bir neçə böyük mağazalar şəbəkəsində
mühafizəçi işlədi.
Həmin dönəmdə
ona məsləhət
gördülər ki, bəlkə
sərhəd xidmətinə
müraciət edəsən?
Bu fikir onun ağlına batdı, müraciət etdi, kurs keçdi və bir həftədən
sonra Astara sərhədində xidmətə
başladı, ta ki müharibə
başlayana qədər.
Xudayar boylu-buxunlu bir gənc idi
və hərbi geyim ona çox
yaraşırdı.
- Dediniz ki, Aprel döyüşlərində
Xudayar hərbi xidmətdə idi...
- Yadımdadır, həmin gün yol gəlirdim.
Maşında bir ata vardı, oğlu yaralanmışdı
və çox tələsirdi. Sürücü
onun bu halına
bir qədər laqeyd yanaşanda, özümü saxlaya bilməyib dedim ki, lazımdırsa, bizi burada düşür, lakin bu adamı
tez oğluna çatdır. Sonra Xudayara
zəng çaldım.
Soruşdu ki, ana, atırlar?
Onu sakitləşdirmək
üçün dedim
ki, narahat olma. Hiss etdim ki, sözüm ürəyincə olmadı.
Dedi ki, ay ana, narahat deyiləm, amma bu məsələ bitməlidir. Nə vaxta qədər onlar atacaq, biz susacağıq. Xudayarın
böyük qardaşlarının
hər ikisi orduya könüllü yazılanlardan idi. Amma şəhadətlik onu seçdi.
- Müharibə şəraitində
yaşayan bir ölkədə hərbidə
xidmət edənlərin
anaları, ailələri
daxilən bir həyəcan içində
yaşayıb...
- İyulun 15-i Xudayarın doğum günü idi. Tovuz hadisələri
başlamışdı, lakin
hələ hadisələr
haqqında tam məlumatlı
deyildik. Bir gün əvvəl axşam ona zəng çaldım
ki, sənə pul göndərirəm, yoldaşlarını
nəyəsə qonaq
edərsən. Səsi
boğuq gəldi, dedi ki, ay ana, bizim generalımız şəhid
olub. Əsgərin generalının şəhid
olması, evin içində gözünün
önündə birinin
gəlib atasını
öldürmək deməkdir.
Ona təsəlli üçün
şəhidlik ən uca məqamıdır deyib, ovundurmaq istədim. Bir az danışandan sonra dedi ki, bu qisas
qiyamətə qala bilməz. Yenə də ona təskinlik
verib sağollşdıq.
Polad Həşimov haqqında ailəlikcə
məlumatlı idik.
O, ikinci oğlum Məhəmmədin komandiri
olub və xatirəmizdə əsgərinin,
zabitinin qayğısına
qalan bir insan kimi qalıb.
Əlbəttə, generalın
itkisi dövlətimizə
böyük zərbə
idi. Həmin gecə Xudayar adını könüllülər
siyahısına yazdırıb.
Səhəri günü
ondan zəng gəldi ki, bizi təlimə göndərirlər,
xidmətdə irəliləmək
üçün kurs keçməliyik. Onun sözlərinə inandım,
amma ağlıma da gəlmədi ki, Xudayar cəbhəyə gedir. Heç demə, neçə müddət
imiş onlar təlimlərlə hazırlıq
keçiblərmiş.
- Tovuz hadisələrindən
iki ay sonra əks-hücum əmri bütün dünyaya yayıldı...
- Sentyabrın 27-si müharibə
xəbəri yayılan
kimi Xudayara davamlı zəng çalsam da, cavab ala bilmədim. Saat 10-11 arası zəng vurdu ki, ana, nə olub? Demişəm axı təlimdəyəm,
sənə necə cavab verə bilərəm? Dedim ki, ay bala, müharibə başlayıb. Çox soyuqqanlı cavab verdi ki, nə olsun ki, başlayıb? Nə vaxta kimi
gözləməli idik?
Onun bu soyuqqanlı
cavabı nənəsinin
Xocalı haqqında danışdıqlarından təsirlənərək
ağlayan məktəbli
Xudayarı saldı yadıma və bir də generalın
şəhadətindən hiddətlənərək
söylədiyi "Bu qisas
qiyamətə qalmaz"
sözləri təkrar
səsləndi qulağımda.
Bununla belə, Xudayar müharibədə
olduğunu məharətlə
gizlədə bilirdi. Cəbrayıl-Zəngilan uğrunda
gedən döyüşlərdə
bir qadın üzüyü tapıb kiçik barmağına keçirmişdi. Yoldaşları
soruşub ki, bu qadın üzüyünü
nəyinə lazımdır?
Demişdi ki, verəcəyəm
nənəmə və
deyəcəyəm ki, Xocalının
qisasını aldıq.
Həmin üzük hazırda anamın barmağındadır.
- Ana ürəyinin həssaslığı,
narahatlığı adlı
bir hiss var...
- Oktyabr ayının 8-də
qəhrəman oğullarımızdan
olan şəhid Devran Nayıbovun dəfni idi. Onun da komandiri general Polad Həşimov olub. Həmin zaman Bərdə vuruldu və bir nəfər
belə dəfn yerini tərk etmədi. Xudayarın böyük qardaşı
da orada idi. Həmin günü Xudayargili Murovdağdan qayıdaraq Füzuliyə
gediblər. Füzuli istiqamətində qardaşı
Yusif Xudayarı görüb və onlar görüşüblər.
Xudayarı bu geyimdə görən qardaşı bir qədər özünü
itirib, çünki o
vaxta qədər o, döyüşdə olduğunu
bizə bildirməyib.
Hər dəfə zəng vuranda elə deyirdi ki, mənə görə ağlamaqdansa, irəlidə
gedən oğlanlar üçün dua edin. Ana, biz sərhədçiyik
və vəzifəmiz
sərhədi qorumaqdır.
O, bu sözlərilə
bizi elə inandırmışdı
ki, artıq heç nə soruşmağa imkan vermirdi. Yalnız qardaşı mənə birlikdə çəkdirdiyi şəkli
göstərəndə məsələdən
xəbərdar oldum. Bütün şəhidlər,
qazilər bizim balalarımızdır. Müharibə
başlayandan yuxu məndən qaçaq düşmüşdü. Səhərə
qədər Allaha yalvarmaqdan yorulmurdum. Bərdə vurulanda nə illah etdiksə,
atamı Bərdədən
çıxara bilmədik.
Xudayar dedi ki, baba, bizimkilər irəlilədikcə,
onlar Bərdəni, Gəncəni vururlar, sən oradan çıx. Ona söz vermişdi ki, çıxacaq.
Sonra dedi ki, əgər
Xudayara bir şey olacaqsa, qoy o mərmi məni də burada öldürsün. Xudayardan sonra çox yaşaya bilmədi atam.
- Cavabsız zənglərin
həyəcanını yaşamaq
çox ağırdır...
- İmkan olan kimi əlaqə saxlayırdı ki, narahatlıq
yaşanmasın və
ən çox da anamla danışırdı.
Cəbrayıl döyüşləri
ərəfəsində oktyabrın
14-də qardaşım onunla
əlaqə saxlayanda deyib ki, dörd saatlıq Füzuliyə düşürük üst-başımızı
dəyişməyə. Gəlsəydin,
səninlə görüşərdik.
Dayısı soruşub
ki, nə gətirim? Deyib ki, heç nə istəmirən, bir tək nənəmi
gətir. Həmin vaxtda mən Bakıda idim. Xəbər mənə çatanda nə illah etdimsə, məni Füzuliyə aparacaq bir maşın
tapılmadı, hamı
dedi ki, yol bağlıdır. Anamgili
Bərdədə olduqlarından
gedə bildilər. Cəbhədə əsgərə
lazım ola biləcəklərdən
xeyli yük tutub anamla qardaşım
Xudayarı görməyə
gedib. Anam sonra danışırdı
ki, gəldik Böyük
Bəhmənliyə, Xudayar
üstümə elə
gəldi ki, sanki müharibənin qaynar nöqtəsində deyildi.
Vaxt az olduğundan
nənəsinə deyib
ki, gəl səninlə
görüşüb halallaşaq.
Anam əlilə onu itələyib deyib ki, halallaşaq nədir? Onu istəyirsən ki, özümü
öldürüm burda?
Xudayar çox zarafatcıl uşaq idi. Tez sözünün başını fırladaraq
deyib ki, birdən sənə nəsə olar, çatdıra bilmərəm özümü.
Sonra yoldaşları mənə
danışdılar ki, 60 nəfərlik
dəstədə elə
biri olmadı ki, nənənin gətirdiyi paydan dadmasın. Ayın 18-də mahnı oxuduğu dərədə
hərəmizlə bir-iki
kəlmə danışdı.
Bu, mənim Xudayarla
son danışığım oldu. Oktyabrın 19-da tezdən anama zəng çalıb ki,
biz qalxırıq dağa,
zəngləriniz mənə
çatmaya bilər, nigaran qalmayın.
- Yəni acı xəbərdən bir gün əvvəl...
- Ayın 20-si Xudayardan xəbər çıxmadı.
İsmayıllıda idim,
möhkəm yağış
yağırdı. Özümə
yer tapa bilmirdim, eləcə vurnuxurdum. Gecə hiss etdim ki, boğuluram, qapını açdım ki, hava alım. Açanda gördüm ki, qarşımda
bir canavar dayanıb düz üzümə baxır. Yerimdən tərpənə
bilmədim. Heyvan da, mən də bir-birinə baxa-baxa dayandıq. Sanki qəflətən
ayıldım və tez qapını bağladım. Pəncərəyə
yaxınlaşanda gördüm
ki, hələ də dayandığı yerdə
qalıb. Bütün
gecəni namaz üstündə Allaha yalvara-yalvara səhəri açdım. Artıq bilmirdim ki, yerin altındayam, yoxsa üstündə. Dayanmadan
zəng çalırdım,
amma telefon bağlı idi. Qardaşıma yalvardım
ki, nə edirsən
et, Xudayardan mənə
xəbər gətir.
Qardaşım Xudayarın
yanında olarkən döyüş yoldaşlarından
birinin nömrəsini
götürübmüş. Onunla əlaqə saxlayanda uşaq deyib ki, mən indi başqa yerdəyəm, sizə bir xəbər verə bilmərəm. Qardaşımın israrından
sonra komandir acı xəbəri ona deyib.
- Deyirlər şəhidlər
analarının yuxularına
tez-tez gəlir...
- Nə vaxt bir
narahatçılıq keçirirəmsə,
həmin gecə Xudayar mütləq yuxuma gəlir. Bir hadisə danışım
sizə. Ramazanda iftar süfrəsi verməyə
qərarlaşdıq. Anamla
siyahı tutduq və razılaşdıq
ki, səhər tezdən
bazara gedəcəyəm.
Yuxuda gördüm ki,
böyük qazanda yemək bişirirəm. Xudayar arxadan yaxınlaşıb, dirsəklərini
çiynimə qoyaraq
deyir ki, ana, gəl biz
də ehsan verək. Deyirəm ki, a bala, əlimdə elə ehsan bişirirəm də. Deyir ki, elə demirəm axı. Çevrilib əlini tutmaq istəyirəm, imkan vermir ki, ona baxım. Bizim Şəhidlər xiyabanında yaşıllaşdırma
təsərrüfatının fəhlələri təmənnasız
abadlıq işləri
görmüşdü. Xudayar
yuxuda dedi ki, gəl bir heyvan
kəsdirək, ehsan olaraq işçilərə
ət paylayaq, hərə aparıb evində bişirib ailəsilə birlikdə yesinlər. Səhər anama dedim ki, daha ehsan verməli
olmadıq, Xudayar yuxuda necə dedisə, elə də etdim. Tez-tez yuxularımın qonağı olur Xudayar.
- Bütün şəhidlərin
qələbəni görmək
kimi haqqı vardı və qısa zamanda zəfər sədası qapıları döydü...
- Qələbə xəbəri
yayılanda Xudayarın
qırxı hələ
çıxmamışdı. Onun şəhadətindən
sonra iki-üç dəfə əsgərlərə
ehsan payı göndərmişdik. Qələbə
günü də gecədən ehsanı qablaşdırıb hazır
etmişik ki, səhər
tezdən əsgərlərə
göndərək. Gecə
saat ikidə şərəfsizlər elə
atırdı ki, ayağımızın
aldındakı döşəmə
titrəyirdi. Çox
keçmədi telefonuma
dayanmadan mesajlar gəlməyə başladı.
Hamı bir cümlə yazırdı
- atəşkəs elan edildi.
Amma eşidirik axı,
onlar atırlar. Qəfildən atəş
səsi dayandı. Gözümüzü açmağa
macal tapmamış yenə yer yerindən
oynadı və sanki bu, onların
son atışı oldu.
Bundan sonra televiziyalar, sosial şəbəkələr sanki
qaynamağa başladı.
Səmimi etiraf edəcəyəm, o anda özlüyümdə dedim
ki, kaş dayanmayaydıq.
Bilirsiniz niyə? Çünki Xankəndi, Ağdərə, Xocalı
hələ onlarda idi. Lakin qısa bir aradan sonra
yenə də sentyabr ayında antiterror əməliyyatı o torpaqları
da iyirmi dörd saata geri aldı.
Ondan sonra bir qədər toxtaqlıq tapdıq ki, şəhidlərimizin qanı
yerdə qalmadı.
- Bir ananın övladının
şəhid olduğu
yeri görmək çox çətin olar...
- Xudayarın ili çıxmamış mən
o yerə getdim. Bir dəfə göz gəzdirmək yetər
ki, burada nələrin
baş verdiyini anlayasan. İlk ziyarətimdə
də qəribə hadisə baş verdi. Mənimlə qardaşım, iki nəfər qazi və bir də
hadisələrin şahidi
olan polis əməkdaşları
gəlmişdilər. Gəncədən
bir xanım mənə özü çəkdiyi gülab verdi ki, oralara nə vaxt getsən,
o daşların, torpağın
üstünə səpərsən.
Birinci dəfə olduğundan öz-özümə
dedim ki, ilahi, bu gülabı hara səpim, axı doğru-dürüst şəhid
olduğu yeri bilmirəm. Amma ayağım
dəyən yerlərə
səpirdim. Bir anın
içində yağış
başladı və təsəvvür edin yağışın suyu isti idi. O anda
mənə elə gəldi ki, bu yağış göydən
yerə tökülən
göz yaşlarıdır.
Ürəyim partlasa
da, qışqırıb hönkürməmək
üçün özümü
güclə saxlamağa
çalışırdım. Özlüyümdə düşünürdüm
ki, görəsən, Xudayarın
şəhid olduğu
yer haradır? Birdən gülab balonu əlimdən sıçrayıb bir yerə düşdü. Elə ora baxırdım
ki, bizimlə gedən
qazilər mənə
yaxınlaşıb dedilər
ki, Xudayar elə bu yerdə şəhid
olub. Bu da Allahın bir möcüzəsi oldu.
- Yəqin ki, Xudayar düşmənin əhatəsində
ifa etdiyi mahnını özündən
sonra sizin üçün bir təsəlli məqsədilə
telefonunun yaddaşına
köçürüb...
- Xudayardan sonra hər şeyə səbirlə yanaşmağı
özümə borc bilirəm. Ana kimi acım içimi yandırsa da, Azərbaycanın,
bütün türk dünyasının övladıma
olan sevgisini görəndə, bundan necə qürurlanmayım?
Belə ölüm hər kəsin nəsibi olmur. Bu gün Xudayar təsnifini dünyanın
bütün ölkələrində
yaşayan azərbaycanlılar
təbliğ edir. Bu, təkcə Xudayarın deyil, canını Vətən yolunda qurban verən bütün şəhidlərin
mahnısıdır. Bəzən
cavan şəhidlər
üçün deyirlər
ki, nakam balalarımızdan
bizə heç nə qalmadı. Bu fikirlə heç vaxt razılaşmıram,
o balalardan bizə azad Qarabağ yadigar qaldı, Azərbaycana illərlə
işğal altında
qalan torpaqları yadigar qaldı. Əlbəttə, bunlarla yanaşı, övladlarmız
da yanımızda olsaydı,
bu qürur dolu xoşbəxtliyin həzzi tamam başqa olardı. Onlar "Təki Vətən sağ olsun" deyərək, bu torpaq uğrunda
canlarını fəda
ediblərsə, bizim onlarla yalnız qürur duymağa haqqımız var. Onsuz da səmadan bizi seyr edən ruhlara mütləq qovuşacağıq.
SÖZARDI:
Müharibə bizdən
çox şey aldı. Bu acıdan isə bizə ölməzlik, igidlik, torpağa hopmuş şəhid qanı əmanət qaldı. Müharibə torpağa qanla yazılan tarixdir, lakin o tarixdə Xudayar kimi oğulların adı öz şöləsinin ətrafında
milyonların sevgisini yaşadır. Müharibə
hər şəhid anasının baxışında
bir övlad həsrətinə yol açdı, lakin o intizarın içindən
Vətən sevgisi ilə qürur qoşalaşaraq ətrafa
işıq saçır.
Azərbaycan adına boylanan hər məkrli baxışı
öz atəşilə
kor edə bilcək bir işıq. Siz "Torpaq, uğrunda ölən varsa, Vətəndir" dediniz.
Biz isə deyirik: Yoxluğunuza varlığımızı
borcluyuq.
Tamilla M-ZADƏ
525-ci qəzet.- 2025.- 27 sentyabr (¹175).- S. 12-14.