Şuşa - qəhrəmanlığın və
vətənsevərliyin ən
uca zirvəsi
Qarabağ Zəfərindən
sonra hər bir vətənsevər kimi, mənim də qəlbimdə doğulmuş günəş
öz şüaları
ilə ürəyimi isidirdi. Gecə qaranlığa qərq olub, ay-ulduzlarla ətrafa hakim olarkən belə qəlbimdəki o günəş heç batmırdı. Mənim üçün günəşin
hər bir şəfəqi şəhidlərin
son nəfəsinin izidir.
Elə buna görə
də o, heç kəsi yandırmadan hər qəlbə süzülür, sanki məlhəm kimi ruhu ovundurur.
Vətən müharibəsinin
zəfər simvolu olan Şuşa şəhərinə getmək
istəyim, oranı görmək həyəcanım
bir an belə olsun bitmirdi qəlbimdə. Lakin hər
dəfə bu istək baş qaldırdıqca özümə
təskinlik verir və deyirdim: "İndi
yox, indi yox". Getmək üçün ürəyim
uçunurdu. Mənim
üçün şəhid
demək torpaq deməkdir. Ona görə
də düşünürdüm
ki, onların qoxusu torpağın hər qarışında gizlidir.
Nəhayət, qərar
verdim ki, qürurla Şuşaya yol alım. Gecə çıxacağım tura
gecikməyim deyə bir neçə saat əvvəldən avtovağzala yetişib gözləməyi qərara
almışdım. İçimdə
elə böyük bir həyəcan və təlaş vardı ki, bu yaşıma qədər heç zaman bu cür hiss etməmişdim.
Yolboyu ya gözlərim dolur, ya da hıçqırıqla
ağlayırdım. Düşünürəm
ki, hər ölkənin
bir qibləsi olsa idi, bizim
qibləmiz mütləq
Şuşa olardı.
Mən də bu yola öz
qibləm üçün,
Şuşa üçün
çıxmışdım.
Yolumuz vaxtilə
dağıdılmış, viran qalmış Ağdamdan, qırmızı
hərflərlə yazılmış
Xocalıdan, həsrətində
olduğumuz Xankəndidən,
gün üzünə
həsrət Əsgərandan,
uca dağları, gözəl mənzərəsi
ilə Laçından
keçdi və nəhayət, qibləmiz,
qürurumuz, qəlbimizin
tacı olan Şuşaya çatdı.
Əziz Şuşa,
mən səni elə bu cür
təsəvvür edirdim.
Yaxından sən daha möhtəşəm,
daha cəlallı, daha ecazkarsan. Hər daşının altında bir tarix yatır, hər qayanda bir igidin səsi,
hər divarında bir nəfəs gizlənib. Qədim qala divarların, min illərin şahidi olan küçələrin,
sıldırım qayaların
gözoxşayan bir ehtişamla ucalır. İnsan gözünü çəkə bilmir bu mənzərədən.
Amma mənim gördüyüm
ən dərin mənzərə nə qalanın ucalığı,
nə də küçələrin səssizliyi
idi. Mənim üçün sən günü-gündən böyüyən,
gözəlləşən bir pıçıltı
idin.
Qarşında dayandığım
an hiss etdim ki, sən nəfəs alırsan. Daşlarına, divarlarına
toxunduqca sanki canlı olan bir varlığın qəlbinə əl uzadırdım. O divarların
dərin çatları
vardı, insan yarası kimi. Hər toxunuşumda həmin ağrını duyurdum. İçimdə
hıçqırıq boğazıma
düyünlənib yanaqlarımdan
süzülürdü. Sən
isə sakit, amma hər daşında
qanlı xatirələri
gizlədirdin. Küçələrində
güllə izləri,
divarlarında nifrətin
qara ləkələri
qalmışdı. Sənin
susqunluğun illərin
zülmündən, barbarlığından
idi. Amma sən yıxılmadın. Çünki
yaralarını şəhidlərin
qanı sağaltdı.
O an qəlbim göynədi.
Mənə elə gəldi ki, sənin hər dağıdılmış
daşında bir ananın fəryadı, hər qırıq izində bir igidin "Vətən sağ olsun!" nidası yaşayır. Sən məni ağrılarınla sınağa
çəkirdin, amma eyni zamanda güc
verirdin. Çünki
sən nəinki dağıdılmış bir
qala idin, sən həm mərhəmətin, həm
də səbrin timsalı idin. Qucağında qoruyanı
da, canını verəni
də eyni səxavətlə qarşılamısan.
İllərlə həsrət
çəkmisən. Oğullarının
qayıdışını, minarələrindən azan səsini,
Vaqifə pənah olan misralarının səsləndiriləcəyini həsrətlə
gözləmisən. Həsrətlə
dayanıb susmusan, amma sınmamısan. Və nəhayət, gün gəlib. İgidlər qartal kimi qayaları aşaraq qoynuna daxil olanda sənin
damarlarına şəhidlərin
qanı axmağa başladı. Sən dirildin.
İndi divarlarına sarıldıqca
gözlərim dolur.
Bu gün sənin qoynunda poeziya günləri keçirilir.
Vaqifin misraları yenə səslənir, tarın səsi dağlarına yayılır.
Sən artıq yalnız kədərin deyil, həm də qürurun məkanısan. Sən şəhidlərin qanı
ilə dirilmiş, igidlərin ayaq səsləri ilə oyadılmış müqəddəs
yurdsan. Mən başımı aşağı
salıb pıçıldayıram:
biz səni xilas etməyə gələn oğullarımızın, şəhidlərimizin
sayəsində qovuşduq.
Biz onlara borcluyuq. Onların qəhrəmanlığı
sayəsində ayaqdayıq.
Və sənin
hər daşından
cavab gəlir: "Qoy, bu qələbə
heç vaxt unudulmasın. Qoy, şəhidlərin ruhu hər qayamda, hər daşımda əbədi yaşasın".
Taliyə ABDULLAYEVA
"Şərq
qapısı" qəzetinin
əməkdaşı
525-ci qəzet.- 2025.- 23
sentyabr (№171).- S.11.