BİR ÖMRÜN SEVDA TÜRKÜLƏRİ

 

BƏSİMDİ

 

 

 

İlk şeir kitabıma

 

 

 

Oxumaq...

 

             Bu hələ dursun bir yana,

 

əlin kitabıma dəydi, bəsimdi.

 

İçində ürəyim çırpınır onun, -

 

ovcunda cənnəti duydu, bəsimdi.

 

 

 

Üzünü üzünə qoymayan şeirim,

 

bu qədər yaxınlıq duymayan şeirim,

 

səni vəsf etməkdən doymayan şeirim, -

 

ilıq nəfəsindən doydu, bəsimdi.

 

 

 

Oxşayıb-oxşayıb,

 

              basdın qəlbinə,

 

ya özü, ya da ki..,

 

               axı, fərqi ?!

 

Baş əydim önündə kitabım sənə, -

 

mənimçün ömür bax, buydu, bəsimdi!..

 

2 avqust 1996-cı il

 

 

 

YUXU

 

 

 

Oyandım, sübhədək yata bilmədim,

 

bu gecə taletək qarışıb yuxum.

 

İşığa danışdım, suya söylədim, -

 

yenə canımdan çıxmadı  qorxum.

 

 

 

Deyirlər tərsinə yozular yuxu,

 

bilmirəm yalandı, ya doğru, Allah!

 

Bu gecə yuxumda RÜŞVƏT görmüşəm, -

 

mənim sabahımı sən qoru, Allah!

 

                11 yanvar 1990-cı il

 

 

 

QULU AĞSƏSƏ

 

 

 

Gözləri sürməli xanım,

 

qaşları vəsməli xanım,

 

heç gəlməsin ağlına

 

bağışla... gedim... ağlama...

 

 

 

Məni gül təbəssümün,

 

viski saxlayar indi.

 

Bir qara sevda mələyi

 

səni qaralayıb nədi?..

 

 

 

Ala gözün yaşla dolub,

 

saçların çiçək qoxuyur.

 

Ekranda Müşərrəf Akay

 

bir eşq şərqisi oxuyur.

 

 

 

Bəlkə telefon çağırdı

 

bəlkə bir kimsə zəng etdi.

 

De ki, ürəyi Qulunun

 

şeirlərigilə getdi.

 

20 aprel 1999-cu il

 

 

 

RƏQS EDƏN QIZ

 

 

 

Rəqs eləmir, qanadlanıb

 

uçur, uçur - mələk bu qız.

 

Əllərində barmaqları

 

çiçək açır - çiçək bu qız.

 

 

 

Gözündə sevda yağmuru,

 

alnında tale yazısı.

 

İlahi, mənə rəhm elə,

 

İlahi, qoru bu qızı.

 

 

 

Göy üzündən uçub enmiş,

 

indi nazlanır fələyə.

 

O vaxtsa qıza dönmüş,

 

yenə dönür kəpənəyə.

 

21 mart 1999-cu il

 

 

 

YAŞAMAQ DƏRSİ

 

 

 

Daha sıxılmaqdan qorxmayır gözüm,

 

sıxılıb-sıxılıb polad olmuşam.

 

Daha yıxılmaqdan qorxmayır dizim,

 

yıxılıb-yıxılıb, yenə durmuşam.

 

 

 

Çoxunun kölgətək izində bitən

 

çilçıraq ömürlər aramır məni.

 

Axı, var-dövlətin içində itən

 

o çirkab ömürlər yaramır mənə.

 

 

 

Əzəldən ehtiyac içində yandım,

 

ehtiyac içimdə odlanır yenə.

 

Qayğıdan doğulan Sabahım, Salam!

 

Əzablar yaşamaq öyrətdi mənə...

 

İyun, 1990-cı il

 

 

 

GÖZÜMDƏ

 

 

 

Mənim bu dünyada əlim çatası,

 

qədər arzular qaldı gözümdə.

 

Gəl mənə baş qoşma, var get, qadası,

 

dünyanın ləzzəti öldü gözümdə.

 

 

 

Günahdı, bu ömrü yaşamaq günah,

 

bilmirəm gətirim mən kimə pənah.

 

Ümidim, təsəllim olmadı, Allah,

 

göz yaşım sevdamı sildi gözümdə.

 

 

 

Alim bir nadana köks ötürdüsə,

 

aqillə həpəndin qədri birdisə,

 

əgər bu yaşamaq, bu ömürdüsə, -

 

ölüm , qalım da birdi gözümdə.

 

              10 noyabr 1995-ci il

 

 

 

GƏZİR

 

 

 

Akif Səmədə

 

 

 

Yazırıq ümidlə, yazırıq bizlər,

 

bəlkə dünyamızı düzəldə sözlər,

 

hələ ki, bəhrəsin görməyib gözlər, -

 

ümidli baxışlar sorğulu gəzir.

 

 

 

Kökündən ayrılan palıd dikəlməz,

 

qurumuş göllərə sonası gəlməz,

 

iblis tamah ki, var, dünya düzəlməz

 

onunçün ariflər qayğılı gəzir.

 

 

 

Çək yerin dərd-sərin,

 

                  yaz göyün qəmin,

 

sevincə sahib var, kədəri sənin,

 

üzü qara olsun bu zəmanənin, -

 

şairlər ürəyi ağrılı gəzir.

 

         24 yanvar 1998-ci il

 

 

 

DOST ÜRƏYİ

 

 

 

Rəşad Məcidə

 

 

 

Könül budağına qonmuş,

 

Bir qaranquş təbəssümü.

 

O gül budaqda il boyu

 

bəmbəyaz çiçək mövsümü.

 

 

 

Qayalardan damla-damla,

 

sızan büllur su işığı.

 

Bir yaz yağışından sonra

 

bir sevdalı göyqurşağı.

 

 

 

Yaz gecəsi dağ başında,

 

qızıl rəngli Ayın sehri.

 

Ay-ulduzlu göy üzünün

 

hələ yazılmamış şeiri.

 

                                            

 

Ulduzlardan ulduzlara

 

uçan qanadlı mələk.

 

Ürəyimin başındaca -

 

hər an güvəndiyim ürək.

 

9 may 1999-cu il

 

 

 

VAQİF SƏMƏDOĞLUNA

 

 

 

İyirmi birinci əsrə keçəcəyik bir azdan, -

 

keçmək olmur Arazdan.

 

Vaqif Səmədoğlu

 

 

 

İyirmi birinci əsrə keçdik, Şair,

 

iyirmi birinci əsr iyirmi yanvardan

 

                        keçib gəldi bu şəhərə -

 

şəhər qan içində çıxdı səhərə.

 

Yağan yağış yuya bilmədi

 

                        küçələrdə qan izini,

 

biz o gecə gördük     

 

iyirmi birinci əsrin gerçək üzünü.

 

...Gün gəldi tikanlı məftilləri qırıb

 

                        keçdik Arazı,

 

                                    keçdik o taya -

 

qara çadraya bürünmüşdü Təbriz...

 

Bundan öncə Təbrizi

 

xalça naxışlarında,

 

             miniatürlərdə görmüşdük biz.

 

Miniatürlərdə gördüyümüz şəhərə

 

bənzəmirdi Səttərxanın, Şəhriyarın şəhəri...

 

 

 

Təbrizin yolları dolanbadolan,

 

Təbrizin pəncərələrində

 

            yüz əlli illik ayrılıq kədəri.

 

Ərk qalasının divarlarında

 

                        şəhidlərin qan izi,

 

Təbriz əzan səsləriylə qarşıladı bizi.

 

Arazı keçdik, Şair,

 

                                    Arazı keçdik,

 

Təbrizin suyunu içdik, Şair,

 

                        Təbrizin suyunu içdik -

 

amma Təbriz torpağında

 

                bir çinar ağacı əkə bilmədik,

 

üzü gündoğana baxan

 

                        bir ev tikə bilmədik...

 

19 avqust 2011-ci il

 

 

 

SEVDA TÜRKÜSÜ

 

           

 

Unut məni gözəlim,

 

unut, unuda bilsən,

 

ovut qərib könlümü,

 

ovut, ovuda bilsən.

 

 

 

Unut, bütün sevdaları

 

bənövşətək gülümsə,

 

qapımızı döysə bir gün

 

xoş gəlib, əgər ölümsə...

 

 

 

Pəncərədə qaranquşlar,

 

Divarda sənin rəsmin...

 

Könlümdə bir son sevda,

 

dilimdə sənin ismin...

 

                                 May, 1997

 

 

 

XOŞBƏXTLİK

 

 

 

Xoşbəxtlik gələndə

 

qırıq-qırıq gəlirsə...

 

Bir gün əllərin sevinirsə,

 

bir gün gözlərin gülürsə,

 

bir gün səsin

 

xoşbəxt olursa...

 

Sonra qırıq xoşbəxtliklər

 

qırıq xəyallar kimi

 

gözlərinin suyunda

 

zədələnirsə...

 

Sən xoşbəxt

 

olmadığını anlayırsan.

 

Anlayırsan ki,

 

xoşbəxtlik gələndə

 

bütöv gəlməli,

 

tam gəlməli.

 

üzünün ikisi xoşbəxt olmalı,

 

gözünün ikisi gülməli-

 

biri güləndə,

 

biri ağlamamalı.

 

Sentyabr, 2005

 

 

 

BİR OVUC

 

 

 

Dodaqlarımda iki-üç şeirlik pıçıltı,

 

barmaqlarımın arasından süzülən sözlər.

 

 

 

Hərfləri tütün kimi sarıyıram vərəqə...

 

Xəbərim var ki, ayağımın altında

 

yer yarpaqlayır,

 

yarpaqların üstündə kölgəm gedir.

 

 

 

Udqunduğum günlər dolaşır boğazımda...

 

qəhərdi, bilirəm.

 

Hər şeir qəhərdi,

 

hər qəhər bir nəmli baxış.

 

 

 

Üzümü dəyişdirmək istəyirəm

 

bir ovuc suda...

 

Bir ovuc suda axır ulduzlar.

 

 

 

Hər şey ulduz kimi ölür,

 

ulduzlar şeir kimi.

 

 

 

Ölü şeirlər yazıram bir ovuc suda...

 

bir ovuc adamlar qalıb oxumağa.

 

 

 

Ovcumu yumuram bərk-bərk,

 

adamları qoymuram getməyə.

 

                                                May, 2003

 

 

 

KİM DÜNYANI SEVDİSƏ...

 

 

 

Başqa bir yol da yoxdu,

 

durub çıxıb gedəsən.

 

Gözünü yaşamaqdan,

 

çəkib, yığıb gedəsən.

 

 

 

başqa bir yer var,

 

başqa saatlarıyla.

 

Hanı başqa adamlar,

 

başqa həyatlarıyla.

 

 

 

Başqa bir yer axtardım,

 

bu yer məni açmadı.

 

Bu yol mənə yatmadı,

 

bu yol məndən qaçmadı.

 

 

 

Keçmişdə qalır hamı,

 

keçmiş necə evdisə.

 

Ölüm gəlib apardı,

 

kim dünyanı sevdisə.

 

Aprel, 2016

 

 

 

GƏZİRƏM

 

 

 

Tofiq Abdinsizliyə

 

 

 

Gözümdə dünya yolları,

 

bir yol gəzirəm, gəzirəm.

 

Əlimi atıb tutmağa

 

bir kol gəzirəm, gəzirəm.

 

 

 

Ömrün bu itkin çağında,

 

çölündə, düzdə, dağında,

 

gəlməyə yolun sağında,

 

bir sol gəzirəm, gəzirəm.

 

 

 

Namərd, viranlıq dünyada,

 

qarışıq, toranlıq dünyada,

 

Bu qədər qaranlıq dünyada,

 

bir nur gəzirəm, gəzirəm.

 

 

 

Elçin İSGƏNDƏRZADƏ

 

 525-ci qəzet.- 2025.- 20 sentyabr (¹170).- S.21.