Elmi
baxışın üfüqlərini genişləndirən əsər
Akademik Kamal Abdulla və AMEA-nın müxbir
üzvü, professor Rafiq Əliyevin "Qeyri-səlis məntiq
və dil-nitq" adlı kitabı "Sim-sim" nəşriyyatında
2024-cü ildə çap olunub, doktor R.B.Ekenin ön
sözü, müəlliflərin giriş məqaləsi, 15 fəsil,
nəticə, əlavələr, ingiliscə abstrakt və
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Qeyd edək ki, kitabın hər iki müəllifi respublikadan kənarda
da tanınmış alimlərdir, onlardan K.Abdulla məşhur
dilçidir, R.Əliyev isə bilavasitə professor Lütfi
Zadənin yetirməsidir. Onların birgə əməkdaşlığından
meydana gələn bu əsər olduqca maraqlı və
oxunaqlıdır. Müəlliflərin hər ikisi dünyada
tanınmış alimlərdir, R.Əliyev daha çox riyaziyyat
üzrə, K.Abdulla isədaha çox qələm adamı
kimi tanınır. Onları son illərdə daha çox
qeyri-səlis məntiq maraqlandırır. Yəni bu elə
mühüm sahədir ki, onların dil-nitq məkanında elmə
daha çox xeyir gətirəcəkləri heç kimdə zərrə
qədər də şübhə yaratmır.
Müəlliflər ilk öncə dil-nitq məkanına
aydınlıq gətirirlər, məşhur Ferdinand de
Sössürün dil-nitq, biz deyərdik ki,
dil-danışıq,dixotomiyasına aydınlıq gətirməyə
çalışırlar. Son illərdə İsveçrə
alimləri L.Yeger və İ.Fehrin araşdırmaları F.de
Sössürün dilçilik görüşlərinə
xeyli düzəlişlər edib.
De Sössürün "Dilçiliyə
giriş" əsəri 1923-cü ildə rus dilinə
düzgün tərcümə edilməyib. Əslində
dil-danışıq kimi tərcümə edilməliymiş,
çünki orijinalda söhbət məhz dil-danşıq
qarşılaşmasından gedir.
Müəlliflər qeyri-səlis məntiqin əsas məqamlarını
izah etdikdən sonra qədim dastanımızdan misal gətirə-gətirə
qeyri-səlis məntiqi xırdalayırlar. Onların çox
aydın şəkildə izah etdikləri hedc
anlayışı və dil-danışıq baxımından
onun izlərini tapmaları çox maraqlı
görünür. Qeyd etmək lazımdır ki, sinergetik
dil-danışıq əlaqələri və əlavə
yük anlayışı yaxşı izah olunur. Müəlliflər
yazırlar: "Beləliklə, biz kitabın əvvəlində
dediyimiz kimi, tədqiqatımızın adında dil terminindən
istifadə edərkən əslində "dil-nitq" əlaqələrinə
işarə edirik və bunu bəri başdan oxucunun nəzərinə
çatdırırıq".
Sonra müəlliflər dilin təqribiliyi və dil təhrifləri
haqqında danışırlar. Burada müəmmalı
sözlər xüsusilə qeyd olunur. Bunlar qeyri-səlis,
konkret olmayan sözlər adlandırılır, bu da
sözün dərin, ilkin mənasıdır. Aydın məsələdir
ki, bunlar hamısı misallarla izah edilir. Müəlliflər
qeyri- səlis məntiqin epistemik, eləcə də digər
fasetlərinin məhz bu məqamla bağlı ortalığa
çıxmasını sübut edirlər.
Dahi Azərbaycan şairi Füzulidən gətirilmiş
misallarda şairin "yalanı" bu sözlərin əlavə
semantikası çalarlarından məlum olur. Kitabın IV fəsli
hedc anlayışından, yəni həp, hamısı,
bütün və sair əvəzliklərdən bəhs edir.
Başqa fəsillərdə olduğu kimi, bu fəsildə də
ulu dastandan misallar gətirilir. Müəlliflər yazırlar
ki, "əslində, əvəzliklər, prinsip etibarı ilə,
özü-özlüyündə leksik vahid kimi hedclərin
funksiyasını reallaşdıran əsas dil-nitq vasitəsidir".
Bundan sonra isə dastanda işlənən hedclərin
semantikası açılır. Sonrakı fəsil dil
yarusları haqqındadır. Müasir dilçilikdə dil
sistemi mürəkkəb yaruslar şəbəkəsi kimi
başa düşülür və bu sistemdə
ayrı-ayrı yaruslar, onları bəzən, qat da
adlandırlar, qatlar de Sössürdən sonra, hierarkiklik
münasibətində, yəni bir-birindən asılı
olurlar. Burada müəlliflər böyük fransız
dilçisi E.Benvenisti yada salırlar. Yeri gəlmişkən,
qeyd edək ki, əsər boyu müəlliflər müasir ədəbiyyatdan
gen-bol yararlanırlar və müvafiq fəsillərdə
xarici və yerli müəlliflərin əsərlərindən
istifadə edirlər.
Aşağı yarusun vahidi fonem, yuxarı yarusun vahidi
isə kontekstdir.
Əfsuslar olsun ki, yaruslararası vahidlərin
adlandırılmasında müəlliflər qeyri-dəqiqliyə
yol verirlər, bəzən dil yaruslarının
aşağı vahidini səs adlandırırlar, halbuki
fonoloji tədqiqatlarda bu səviyyənin vahidini fonem
adlandırlar.
VI fəslin adı "Sinergetika dil-nitqəlaqələri"
adlanır. Sonrakı fəsil çox maraqlıdır. Burada
söhbət dil vahidlərində əlavə yükdən
gedir. Bu fəsillərin hər biri həcmcə böyük
olmasa da, onlar kifayət qədər informativdir və oxucuda tam
təsəvvür yaradır. Bundan sonra dil yaruslarının
(fonoloji, leksik, cümlə və mikro mətn, bədii dil və
süni intellektlə) bağlı fəsillərdə müəlliflər
xeyli maraqlı məlumatlar verirlər və nəticə hissəsi
ümümiləşdirici xarakter daşıyır. Müəlliflər
kitabın sonunda yazırlar ki, "ağlasığmazlıq
burada qeyri-səlis düşüncənin əsasını təşkil
edir".
Əmin olduğumuzu bildirmək istəyirik ki, həcmcə
böyük olmayan bu kitab oxucuların rəğbətini
qazanacaq və oxucu rəfində öz layiqli yerini
tutacaqdır. Əlavələrdə isə bir sıra
maraqlı nəticələr verilib.
Böyük inamla demək istəyirik ki, K.Abdulla və
R.Əliyev bu kitabı yazmaqla xeyli xeyirxah iş
görmüş və oxucuların qeyri-səlis məntiq sahəsində
ehtiyaclarını nəzərə almışlar.
Müəlliflər ayrı-ayrı hallarda, fikrimizcə,
qeyri-dəqiqliyə yol verirlər. Məsələn, mətndə
belə bir cümlə işlənib: "...Cümlə dil
vahidi deyil". Dildə olmayan şey yoxdur. Bəli, müəlliflər
bir az sonra yazırlar: "...Dil məkanında bu vahid ancaq
konstrukt şəklində mövcud ola bilər. Tamam
aydındır. Dil məkanında hər bir vahidin öz
statusu vardır". Müəlliflər kitabın axırında
oxucuya müraciət edərək bildirirlər ki, bu kitab ilk cəhd
olduğundan oxucular bütövlükdə ona kifayət qədər
loyal münasibət bəsləyəcəklər. İlk təcrübə
kimi, bu kitabın böyük coşqu ilə
qarşılanacağna şübhə etmirik.
Fəxrəddin VEYSƏLLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 7 yanvar(№1).- S.13.