Böyük
coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi
bədbəxtliklər
(Əvvəli ötən şənbə
sayımızda)
Avropalılar italiyalı Markonun bu məşhur səfərindən
iki əsr sonra ədviyyat ticarətini ələ keçirmək
məqsədilə Şərqə dəniz yolu ilə getmək
həvəsinə düşdülər. Portuqaliyalılar bu
sahədə qitədə yaşayan digər xalqlardan fərqli
olaraq, daha doğrusu, qabağa gedərək, ilk dəfə dəniz
səyahətində xeyli irəli
çıxmışdılar. XV əsrdə şahzadə
Henri Naviqator Afrikanın qərb sahillərini kəşf etməyə,
öyrənməyə başlamışdı. Qədim
romalılara isə yalnız Afrikanın şimalındakı
Misir, Karfagen və Numidiya məlum idi. Qitənin qalan hissəsi
onlar üçün terra inkognita olaraq qalmışdı.
Onlar Karfagenlə b.e.ə. III əsrdən başlayaraq, II əsrin
ortalarına qədər üç Puniya müharibəsində
vuruşmuş, son qələbə ilə b.e.ə. 146-cı
ildə Karfageni yandırmış və yerlə-yeksan
etmişdilər. B.e.ə. I əsrin 30-cu ilində isə
Misirin son çariçası VII Kleopatranın romalı sərkərdə
Avqusta məğlub olması, bu fərasətli qadının
özünü intihar etməsi və ölkəsinin
Romanın tabeliyinə düşməsi ilə nəticələnmişdi.
Bu hadisələrdən sonra avropalılar 1,5 min ilə
yaxın müddətdə Afrika ərazilərinə bir daha
müdaxilə etməmişdilər.
Hindistan və ondan şərqdə olan ölkələr
isə avropalılar üçün bağlı olaraq
qalırdı, onların ədviyyat malları ilə ticarəti
ərəblər həyata keçirirdilər və az sonra
onların da Qərbə ticarət səfərləri
Konstantinopolun türk işğalı hesabına
bütünlüklə dayandırıldı. Bu vəziyyət
ona aparıb çıxardı ki, avropalılar həmin
regionlara dəniz yolu axtarmağa başladılar. Afrikanın
qərb sahilinin tədqiqi heç də hələ bu yolu
açmaq səviyyəsinə çatmaq deyildi.
Əslində, Qərb sivilizasiyası hələ Orta əsrlərin
sonunda dünyanın qalan hissələrinə yayılmağa
cəhd göstərmişdi. Səlib yürüşləri
ciddi fayda verməməsi ilə yanaşı, bu vəzifənin
həllinə azacıq da olsa, kömək göstərə
bilməmişdi. Avropalılar bu məqsədi həll etmək
üçün, həm də artıq bir dinamik enerjiyə
malik idi. Atlantik okeanın şərq sahillərinə XV əsrin
sonundan baş verən səfərlər sırf kommersiya məqsədini
güdürdü. Çünki bu vaxt Orta əsrlərin aqrar
iqtisadiyyatından kommersiya və sənaye kapitalizmi sisteminə
keçmək zərurəti meydana gəlmişdi.
Avropalılar tanımadıqları xalqlarla yeni və davam edən
əlaqələrə girməyə
hazırlaşırdı. Bunu isə yalnız XV əsrin
sonunda və XVI əsrin başlanğıcında meydana gələn
yeni era həll edə bilərdi.
Min il ərzində katolik Avropası vahid coğrafi ərazidə
yerləşməyə məhkum idi. Onun başlıca cəhdlərindən
biri həmin sərhədlərdən uzağa genişlənmək
olduğu halda, Səlib yürüşləri şəklindəki
Şərqə istiqamət götürən ilk hərbi
axtarış səfərləri gözlənilən səmərəni
vermədi, onlara bəslənilən ümidləri
bütünlüklə doğrultmadı. Avropanın
özü hərəkət edib, ətaləti hələ tərk
etməsə də, Asiyanın və Afrikanın şərqindən
olan mallar Orta əsrlərdə onun qəsrlərinə yol
aça bilmişdi. Müsəlman filosoflarının əsərləri
bu dövrdə (XII-XIII əsrlərdə) yaranan ilk universitetlərdə
öyrənilirdi. Şərqdə isə ilk universitet 1,5 min
il əvvəl, b.e.ə. III əsrdə Hindistan çarı
Aşoka tərəfindən təsis edilmişdi və orada
çoxlu əcnəbi ölkələrdən gələn tələbələr
də təhsil alırdı. Avropada qədim Roma xeyli
inkişaf edib, üç qitəyə ekspansiya həyata
keçirsə də, onu universitet kimi təhsil mərkəzləri
maraqlandırmamışdı.
Lakin bütün hallarda Şərqin Avropa
sivilizasiyaları ilə əlaqəsi məhdud
ölçüdə idi. Bu iş yalnız Hindistana, Asiyaya
inqilab xarakteri daşıyan səyahətlərlə həyata
keçirilə bilərdi. Avropalılar bəzi ədəbi əsərlərdə
qızılla dolu olan səltənətlər barədəki
söhbətlərə ciddi maraq göstərməmiş
qalmırdılar. Belə torpaqlara sahib olmaq həvəsi
avropalıların böyük cəsarət tələb etməsinə
cavab verən az sayda nümayəndələrinin
şüuruna hakim kəsilməklə, onlarda bu igidlikləri
reallaşdırmaq həvəsi yaratmışdı. Əlbəttə,
belə səyahətlərə, naməlum torpaqlara səfər
etmək heç də adət edilmiş adi bir iş deyildi,
möhkəm iradə və çətinliklərdən
qorxmamaq, qaranlığı ilə seçilən məchulluğa
qalib gəlmək fərasəti tələb edirdi. Bu adamlar
özlərində tədqiqat ehtirası yaratmalı idilər.
Lakin Osmanlı türklərinin işğalı təkcə
ərəb tacirlərinin deyil, qərblilərin də Şərqə
oğru gedən virtual yolunu kəsmişdi. Çünki
avropalıları Asiyaya getmək üçün dəniz
yolu daha çox maraqlandırırdı. Qədim insanlar
üçün olduğu kimi, Orta əsr avropalısına da
quru yolu əlverişli deyildi. Səhralardan keçən bu
çətin yolla ancaq Şərq tacirləri dəvə
karvanları ilə uzun məsafələri qət edə
bilirdilər. Qitə sakinlərinin məqsədi isə birinci
növbədə həmin regionlardan ədviyyat ticarətini ələ
keçirmək, həm də digər qiymətli mallara sahib
olmaqdan ibarət idi.
Bəzi tarixçilər antik dünya ilə Yeni Tarix
arasında körpü rolunu oynayan və azı min il davam edən
Orta əsrləri guya nisbətən hər cür tərəqqiyə
mane olduğunu, elmin inkişafını ləngitdiyini əsas
götürərək, "Qaranlıq dövr" kimi
xarakterizə edirlər. Belə mülahizə, əslində,
o dövrdə yaşamış insanların fəallığına,
axtarışlarına obyektiv olmayan qiymətdən irəli gəlir.
Orta əsrlər, sonrakı elmi kəşflərin meydana gəlməsi
üçün bünövrə rolunu oynamışdır.
Əlbəttə, feodalizm bir istehsal üsulu kimi dövlətin
zəifləməsinə şərait yaratmışdı, bu
isə onun inkişafa yönəlmiş siyasətinə və
fəaliyyətinə ağır zərbə vurmuşdu.
Axı Orta əsrlərdə əhalinin əksəriyyətini
kəndlilər təşkil edirdi, kənd isə elmi
inkişaf etdirmək gücündə deyildi. Həmin
dövrü heç də bütünlüklə ətalət
yüzillikləri adlandırmaq da ədalətsizlikdir. Əlbəttə,
elmi ixtiralar az meydana gəlmişdi, lakin bu o demək deyildir
ki, dövr bütünlüklə onlardan xali olmuşdu. Orta əsrlərə
qərəzsiz münasibət bəslənsə, bu dövrdə
qitədə böyük şəhərlərin əsası
qoyulmasına, yaranmasına göz yummaq mümkün deyildir.
Bu şəhərlər uca qotik üslubundakı kilsələrlə,
qəsrlərlə və saraylarla bəzədilmişdi. Poeziyada
cismani hissiyyatı vəsf edən trubadurlar meydana gəlmişdi.
Əlkimyaçılar əbəs yerə kimyəvi maddələri
qızıla çevirməyə cəhd etmələri ilə
yanaşı, kimya elminin inkişafına böyük köməklik
göstərmişdilər. Astroloqlar səma cisimlərinin
yerləşməsinin tarixi hadisələrlə və insan
taleyi ilə əlaqəsini öyrənmək və izah etmək
istəsələr də, Göy cisimlərinin öyrənilməsində
elmi astronomiyanın inkişafına əsaslı töhfə
vermişlər. Tibb elmində Şərqdə İbn Sina kimi
böyük filosof və həkim elmi axtarışları və
əsərləri ilə öz dövrünü xeyli
qabaqlamışdı. Onun "Həkim elminin qanunu"
kitabındakı tövsiyələr Orta Asiya alimi tərəfindən
yaradılsa da, Avropaya yayılmış tibb praktikasında
geniş tətbiq olunmuşdu. Əgər Orta əsrlər
yalnız cəhalətə, ətalətə xidmət etsəydi,
onda yalnız şam timsalında olan universitetləri də
yaratmazdı. Bu təhsil ocaqları isə elmin
inkişafında sonralar böyük xidmət göstərdilər.
Dənizçilər okeanda və dənizlərdə
üzmək üçün məlum olan nəzəri biliklərə
əsaslanırdılar. Bizim eranın II əsrdəki qədim
yunan astronomu Ptolomeyin əsərindən yerin kürə şəklində,
yumru olması barədə mülahizə avropalılara da məlum
idi. Onlara belə gəlirdi ki, dünya yalnız üç
qitədən - Avropa, Asiya və Afrikadan ibarətdir. Həm də
güman edilirdi ki, okeanlar Yer üzünün quru hissəsinə
nisbətən kiçik ölçüyə malikdir. Bu isə
gələcək dəniz tədqiqatçılarında belə
düşüncənin yaranmasına səbəb oldu ki, dar
ölçülü Atlantik okeanını üzüb
keçməklə Avropadan Asiyaya girmək olar və bu yeni
Asiya qitəsinin bol ehtiyatlarına sahib olmaq imkanını
yaradacaqdır.
Kolumbun dahiyanə kəşfi. Yeni qitələrin
"Amerika" adlanması
Əslən genuyalı olan Xristofor Kolumb
(1446-1506-cı illər) Atlantik okeanı ilə qərbə
doğru üzməklə Hindistana gedib
çatacağını düşünürdü. O, bu səfər
barədəki təklif ilə İspaniya kraliçası İzabellaya
müraciət etdikdə, müdrik qadın bu səyahətə
maraq göstərdi və onu maliyyələşdirməyi
öz üzərinə götürdü. 1492-ci ilin avqustunun
ilk günündə Kolumb "Santa Mariya", "Ninya" və
"Pinta" adlı üç gəmi ilə Sevilyadan
üzüb Aralıq dənizinə, sonra isə Atlantik
okeanına çıxdı. Oktyabrın 12-də o, ilk dəfə
Bahamalarda quru torpağa ayaq basdı. Sonra o, Kubanın sahillərini,
həmçinin indiki Haiti və Dominikanın sahil
torpaqlarını, o, buranı İspaniyola
adlandırmışdı, öyrəndi. Kolumb güman edirdi
ki, bura Asiyadır və o, Hindistana gəlib
çıxmışdır. Axı nəzəri əsaslarda,
okeanı üzüb keçməklə Asiyaya ayaq basmaq
imkanının mövcud olduğu göstərilirdi. Hətta
vətənə qayıtdıqdan sonra da o, kraliça
İzabellanı və onun əri, kral Ferdinandı
inandırdı ki, məhz Hindistanda olmaqla, orada nəinki
qızıl tapmışdır, həm də ən
başlıcası, oradakı yerli əhalini
xristianlığa çevirmək üçün bir
qızıl imkana nail olunmuşdur. Axı ispan kralını
Roma papası sarsılmaz katolik kimi qiymətləndirirdi və
bu ər-arvad qızğın dindar olmaqları ilə, müsəlmanları
və yəhudiləri İspaniyadan qovmaq hərəkatını
gücləndirmiş, ölkəni müsəlmansız bir
diyara çevirmək vəzifəsini həmin 1492-ci ildə
artıq həll etmişdilər. Həmin ili yəhudilərə
də İspaniyanı 4 ay müddətində tərk etməyi
elan etmişdilər.
Kolumb səfərinin son məntəqəsinin Hindistan
olmasına heç vaxt şübhə etməmiş,
1506-cı ildə ölənə kimi bu fikirdə də
qalmışdı. O, ömrü boyu Şimali Amerikaya dörd
səfər etmiş, Mərkəzi Amerika torpaqlarına da qədəm
basmışdı. Lakin Hindistanda olması, oranı kəşf
etməsi barədəki öz inamını heç vaxt dəyişməmişdi.
Özünün yeni torpaqları kəşf etməsini
anlamayıb, səhvə yol versə də, Kolumbun yeni qitələri
tapması və tədqiq etməsi dünyanın
bütövləşməsinə səbəb olduğuna
görə olduqca böyük qəhrəmanlıq idi. Kolumb
sonralar özünün bu nəhəng kəşfinə
görə müqayisə olunmayan bir şöhrət
qazandı, onun şərəfinə Cənubi Amerikada olan bir
dövlət Kolumbiya adlandı. ABŞ-nin paytaxtı
Vaşinqton şəhəri də həmin adı
daşıyan bir mahalda yerləşir.
Nyu Yorku və digər amerikan şəhərlərini
böyük səyyahın heykəlləri bəzəyir.
1992-ci ildə Kolumbun dahiyanə kəşfinin 500
illiyini bayram etməyə böyük hazırlıq gedirdi, bu
məsələdə ABŞ və Avropa dövlətləri
xüsusi fəallıq göstərirdi. Lakin Mərkəzi və
Cənubi Amerika xalqları Kolumbun kəşfi hesabına
özlərinin inkişaf etmiş sivilizasiyalarının məhvinə
yol açan bu səfərin yubileyinin bayram edilməsinə
ciddi etirazlarını bildirdilər. Ona görə də
yubiley düşünülən təntənə səviyyəsini
almadı və dəbdəbə ilə keçirilmədi.
Buna etiraz edənlər, əsasən, haqlı idilər,
çünki ispan konkistadorları Meksikadakı və Cənub
qitəsindəki Amerika ərazilərini işğal etməklə,
həmin xalqların böyük mədəniyyətlərini
təkcə məhv etməklə kifayətlənməmiş,
əsl terror, bəlkə də, genosid həyata keçirərək,
çox sayda insan həyatına qəsd etmişdilər.
Şimali Amerikada isə yeni sakinlər oxşar tədbirləri
həyata keçirmiş, aborigen xalq olan çox sayda hindu
tayfalarının genosidinə girişmişdilər.
Avropalıların gətirdikləri xəstəliklər də
hər iki qitədəki hinduların həyatının məhvi
prosesini intensivləşdirmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 8 yanvar(№2).- S.14.