Təhsil kreditlərindən istifadənin
əhatə dairəsi daha da genişlənib
Azərbaycanda 173 məzunun təhsil kreditinin tam
yarısı bağışlanılıb. Təhsil göstəriciləri
yüksək olan məzunlara bağışlanan vəsaitin
ümumi məbləği təqribən 444 min manat təşkil
edib. Kreditlərdən yararlanan 6 min 500-dən çox tələbə
məzun olduqdan sonra götürdükləri kreditləri
aylıq kiçik məbləğlərlə artıq geri
ödəməyə başlayıb. Bundan başqa, sosial təhsil
tələbə krediti (TTK) alan 173 tələbənin
Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi
(ÜOMG) yüksək oduğuna görə
götürdükləri kreditlərin tam yarısı
dövlət tərəfindən bağışlanıb. 400-ə
yaxın standart TTK alan məzunda isə bu güzəşt 25
faiz təşkil edib.
Təhsil Tələbə Krediti Fondunun İdarə
heyəti sədri vəzifəsini müvəqqəti icra edən
Bəhruz Əzimov deyir ki, Azərbaycanda 23 ailədə həm
valideyn, həm də övladına təhsil krediti verilib.
Bütün bölgələrdən müraciətlər
olur: "Ən ucqar rayondan belə təhsil kreditlərinə
müraciət var".
B.Əzimovun sözlərinə görə, 23 ailədə
valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfərin,
1069 ailədə isə 2 nəfərin, yekun olaraq 2 min 318 nəfər
tələbə adı qazanaraq təhsil krediti
götürüb.
O bildirib ki, Təhsil Tələbə Krediti Fondunun
elektron portalına son üç ildə 58 mindən çox
müraciət daxil olub. Müraciətlər əsasında 46
minə yaxın tələbənin təhsil tələbə
krediti müqaviləsi rəsmiləşdirilib: "Onların
15 min 813-ü sosial təhsil tələbə krediti (TTK), 29
min 613-ü isə standart TTK-i olub. Bu məqsədlə 41
milyon manata yaxın vəsait təhsil müəssisələrinin
hesablarına köçürülüb".
Qeyd edək ki, Azərbaycanda tələbələrə
təklif olunan təhsil kreditlərindən istifadənin əhatə
dairəsi genişləndirilib. Artıq ailə
başçısını itirməyə görə əmək
pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə
Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə
kreditləri ala biləcəklər. Bununla bağlı Baş
nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə
təsdiq edilən "Təhsil Tələbə Krediti
Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin
verilməsi Qaydası"nda dəyişiklik edilməsi
haqqında Qərar imzalayıb. Dəyişikliyə əsasən,
hər iki valideynini itirən şəxslərlə
yanaşı, digər qanuni nümayəndələrini itirənlər
də təhsil tələbə kreditindən yararlana biləcəklər.
Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş, digər valideyni orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə və
ya 18 yaşınadək əlilliyi müəyyən
edilmiş şəxslərə qulluq etdiyinə görə
Prezidentin təqaüdünü alan şəxslər, eləcə
də bir valideyni müəyyən müddətə
azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum
etmə və ya azadlığın məhdudlaşdırılması
növlərində cəza çəkən, digər
valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə
aid olan şəxslər də şamil edilir.
"Təhsil Tələbə Krediti Fondunun vəsaiti
hesabına təhsil tələbə kreditlərinin verilməsi
Qaydası"nda bir sıra əlavə və dəyişikliklər
edilməsi çox müsbət haldır. Məlum olduğu
kimi, yeni qərara əsasən, "ailə
başçısını itirməyə görə əmək
pensiyası alan" valideyni olan tələbələr,
"bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə əlilliyi müəyyən edilibsə
və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə və ya 18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxslərə qulluq etdiyinə
görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü
alan" tələbələr, "bir valideyni azadlıqdan məhrumetmə
və ya azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd
olunan digər kateqoriyalardan hər hansı birinə uyğun
olan" tələbələr, tələbənin
özünün sosial statuslarına münasibətdə isə
indiyədək ailə başçısını itirməyə
görə əmək pensiyası alan tələbələr
ilə yanaşı, bundan sonra əlavə olaraq "ailə
başçısını itirməyə görə sosial
müavinət alan" tələbələr də bu güzəştdən
istifadə hüququ əldə edəcək. Qeyd edilən
daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid
kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə
Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə
krediti ala bilməsi çox təqdirəlayiqdir.
Bəhruz Əzimov bildirib ki, Fondun vəsaiti
hesabına kreditlərin verilməsi Nazirlər Kabinetinin qərarı
ilə təsdiqlənən Qaydaya əsasən elektron sistem tərəfindən
həyata keçirilir. Çox asan formada baş tutan
müraciətdən sonra emal prosesi başlayır. Əsasən
sosial həssas qrupların inteqrasiya olunmuş bazalardan
statusları yoxlanılır və nəticə etibarı ilə
müraciətçiyə sosial, yoxsa standart kreditin veriləcəyi
müəyyənləşdirilir, yaxud imtina cavabı verilir. Qərar
barədə məlumat tələbənin müraciət
üçün yaratdığı şəxsi kabinetində
əksini tapır, eyni zamanda tələbənin ərizə-bəyənnamədə
göstərdiyi telefon nömrəsinə SMS göndərilir.
2024-2025-ci tədris ilinin payız semestri dövrü
üçün müraciətlər başlayıb.
Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul
olunan tələbələrin ali təhsil müəssisələrinə
qeydiyyatı başlayandan elektron sistem də
açıqdır. Sistemi iyulun 9-dan açdıq ki, bu il qəbul
olunan magistrlər kredit hesabına qeydiyyat prosesini tamamlaya
bilsinlər. Avqustun 26-dan isə bakalavr təhsil səviyyəsi
üzrə ali təhsil müəssisələrinə qəbul
olunanlar üçün qeydiyyat prosesinə start verilib. Yeni qəbul
olunanların qeydiyyat prosesi sentyabrın 6-da tamamlandı. Amma
payız semestri üçün müraciət dövrü
2025-ci il fevralın ortalarınadək davam edəcək:
"Kredit barədə əvvəl qərar verə bilməyib,
sonradan fikrini dəyişənlər, yaxud bu layihə barədə
gec xəbər tutanlar kreditdən faydalanmaq şansını
itirməsin deyə, sistemi açıq saxlayırıq.
Fürsətdən istifadə edərək demək istəyirəm
ki, öz vəsaiti ilə qeydiyyatdan keçən, yaxud təhsil
haqqını ödəyənlər belə sessiya
dövrünün sonuna qədər müraciət edib kredit
ala bilərlər".
Təhsil tələbə kreditlərinin vətəndaşın
maliyyə sabitliyi və rifahına qatdığı dəyər
barədə də danışan Bəhruz Əzimov bildirib ki,
təhsil tələbə kreditlərindən istifadənin
bütün fərdlərə şamil olunması, heç
bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi
ailələrin maddi rifahına şübhəsiz ki, müsbət
təsir göstərən amildir: "Təhsil tələbə
kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə
vətəndaş sorğuları aparanda ən çox qərəzli
mövqeni qız övladları olan valideynləri göstərmişdilər.
Belə ki, onlar qız övladlarının ödənişli
təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına
oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici
haldır ki, təhsil kreditlərinin verilməyə
başladığı 2021-ci ildən etibarən ondan yararlanan
tələbələrin gender bölgüsündə
qızların üstünlük təşkil etdiyini
görürük. Bu hal valideynlərin streotiplərinin
qırıldığının və qız
övladlarını ödənişli qəbul olduğu halda
təhsilə yönəltmələrinin göstəricisidir".
Bəhruz Əzimov vurğulayıb ki, hazırda xarici
vətəndaş olan tələbələr
üçün təhsil krediti ayrılması mümkün
deyil. İndi yalnız Azərbaycan vətəndaşı olan
tələbələr üçün kreditlər nəzərdə
tutulub. Gələcəkdə xarici vətəndaşlara
kredit verilməsinin mümkünlüyünü şərtli
olaraq zaminliklə əlaqələndirib: "Bu kreditlər
yalnız Azərbaycan vətəndaşları
üçün ayrılır. Gələcəkdə,
zaminlik şərti ilə xarici vətəndaşlara da kredit
verilməsi ehtimalı ola bilər, amma bu məsələ ilə
bağlı indiyə qədər heç bir dəyişiklik
yoxdur".
Bundan başqa, qiyabi təhsil alan tələbələr
üçün təhsil krediti ayrılması
planlaşdırılmır. Əzimov bu tələbələrin
əmək fəaliyyəti ilə məşğul olmaq
imkanına sahib olduqlarını nəzərə alaraq belə
bir qərarın hələ ki, mövcud
olmadığını bildirib: "Qiyabi təhsil alanlar
üçün təhsil krediti ayrılması məsələsi
Şuranın iclasında müzakirə ediləcək və
Maliyyə yükü hesablanacaq".
Məlum olduğu kimi, ailə
başçısını itirməyə görə əmək
pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə
Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə
kreditləri ala biləcəklər. Bununla bağlı Baş
nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarı
ilə təsdiq edilən "Təhsil Tələbə
Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə
kreditlərinin verilməsi Qaydası"nda dəyişiklik
edilməsi haqqında Qərar imzalayıb. Dəyişikliyə
əsasən, hər iki valideynini itirən şəxslərlə
yanaşı, digər qanuni nümayəndələrini itirənlər
də təhsil tələbə kreditindən yararlana biləcəklər.
Təhsil kreditinin qaytarılması zamanı bu Qaydanın
4.2-ci və 4.3-cü bəndlərində nəzərdə
tutulmuş güzəştlərin tətbiq edilməsi
elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata
keçirilir: 7.5-1.1. borcalanın normativ təhsil müddətində
bütün tədris semestrləri (yarımillər) üzrə
elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili
müəssisələrində təhsilalanlara münasibətdə
aralıq qiymətləndirmə balı) barədə məlumatlarını
təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş
elektron imza ilə təsdiqləyir. Fond elektron sistem vasitəsilə
əldə etdiyi məlumatları nəzərdən
keçirərək üç iş günü müddətində
bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə
tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar
qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron
sistemə ötürülür və tələbənin
"Şəxsi kabinet"ində yerləşdirilir. Müvəkkil
bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları
elektron sistem vasitəsilə əldə etdikdən sonra 3
(üç) iş günü müddətində borcalan ilə
bağlanılmış kredit müqaviləsində
müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər
elektron sistemə ötürülür.
Təhsil eksperti Elşən Qafarov deyir ki, Təhsil Tələbə
Kredit Fondu Azərbaycanda iki ilə yaxındır ki, fəaliyyətdədir:
"Bu müddətdə sosial vəziyyəti zəif olan
ödənişli əsaslarla oxuyan tələbələrin təhsilinə
böyük töhvələr verib. Prezidentin sərəncamı
ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait
ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil
olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin
artırılması böyük dəyişiklik yaradacaq. Məsələn,
hər il ödənişli qəbul olan təxminən iki mindən
çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis
olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində
yüksəliş müşahidə edilir. Çünki təhsilini əla qiymətlərlə
bitirənlərə kredit verilir. Həmçinin, bu Azərbaycan
gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə
çətinlikləri aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir.
Fikrimcə, dəyişiklikdən sonra, daha çox tələbə
bu fürsətdən yararlana biləcək.Tezliklə isə
Nazirlər Kabinetinin tələbələrin yataqxana, nəqliyyat
xərclərinin verilməsinə dair qərarı səbirsizliklə
gözləyirik".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 yanvar(№2).- S.15.