Yusif Nəğməkar
yaradıcılığında Ələsgər
reallığı
Bilirik ki, Aşıq Ələsgərin xalq ruhu ilə
həmahəng olan əsərləri Azərbaycanın mədəniyyət
xəzinəsinə əvəzsiz töhfələr bəxş
edib. Onun təbiətə məhəbbəti, vətənpərvərlik
hissləri, Ana dilimizin saflığına münasibəti, dərin
koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının
parlaq səhifələrindəndir. Mənbələrdə
deyildiyi kimi, Aşıq Ələsgər özündən
sonrakılar üçün misilsiz bir məktəb
formalaşdırıb...
Tam mənası ilə (bizə) bəllidir ki,
Aşıq Ələsgər çoxəsrlik keçmişə
malik Aşıq sənətinin ən mükəmməl, ən
qabaqcıl nümayəndələrindən biridir. O,
Aşıq sənəti ənənələrini
ömrünün sonuna kimi şərəflə qoruyub, davam
etdirib. (Üstəlik) yaradıcılığında əsasən
qoşma, gəraylı, təcnis, qıfılbənd... kimi
janrlar (xüsusilə) üstünlük təşkil edən
görkəmli aşığın Azərbaycan
poeziyasının inkişafında (da) diqqətçəkən
xidmətləri var. Əbəs yerə deyil ki, onun sənət
nümunələri bu gün də el tərəfindən
sevilməkdədir.
(Bəlli ki,) Aşıq Ələsgər
yaradıcılığı barədə yüzlərlə
elmi-bədii tədqiqat işi yazılıb. Bu işlərdən
biri də istedadlı şair Yusif Nəğməkarın
yazdığı "Ələsgər zirvəsi"dir.
Burada Ələsgər poetik Obrazdır, saz-söz (isə)
ictimai-ədəbi gerçək kimi əks edir...
Səmimi etiraf edək ki, "Ələsgər zirvəsi"
poeması bu günə qədər Dədə Ələsgər
haqqında yazılmış poemalardan quruluş, məna
özəllikləri, məzmun sərrastlığı,
ictimai reallığı ilə fərqlənir, əsər həm
də dramatik səhnələrlə zəngindir.
Əslində, Yusif Nəğməkarın Ələsgərlə
bağlı bu kitabında fikir (bədii sual kimi) mürəkkəb-metafizik
(batini) məna kəsb edir, bir sıra pünhan zərrələr
aşkar zərurət kimi diqqətə çatır;
onları açmaq üçün dərin mündəricələr
tapmaq, aşkar surətləri gizlin mənalarda təqdir etmək
tələb olunur.
Bu kitabda əsas məğz müəllifin Allah, kainat
və yaradılış konteksti üzrə mümkün
mülahizələr vermək cəhdidir; biz bu mülahizələrin
zahiri qatını yaradılışın dürüst
istiqamətləri kimi xarakterizə edir, Göyün, Yerin,
bütünlükdə kainatın Allaha məlum bir təməlin
üzərində bərqərar olduğu qənaəti ilə
üz-üzə qalırıq. Bu təməl üzərində
məkan fəhm edən Ələsgər də bizi bu israrda
(tutub) saxlayır.
Aşağıdakı şeir parçaları bunun
mümkünlüyünü isbat edir:
Kim? Ələstdən "bəli!" deyən o bəlli,
Pak ruhuyla Qalu-bəla təməlli.
Ərki olan Şahi-Mərdan o Əli -
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
O üçlər, o beşlər, yeddilər,
qırxlar -
Hər biri saf duyğu axıdan arxlar!..
Onlardan güc alıb, dolanan çarxlar,
Ələsgərdi, Ələsgərdi, Ələsgər.
Kitab boyu Yusif Nəğməkar həm görkəmli
aşıq-şairlə (öz) fəlsəfi təmasını
dərinləşdirir, həm də Ələsgər şeirinin
mahiyyətini (öz) zəruri fikirləri ilə
açır, oxucuya Lövhi-Məhfuzda
yaradılışın Allaha aid olması faktı barədə
anlayış verir, - yəni bəlli edir ki, ərşin -
külli-kainatın bənnası Allahdır. Allahın bir
"Ol!" kəlməsi ilə hər şey nizama
düşüb... Aşıq Ələsgər kimi batini mənalar
(da) məhz yaradılışın aşkar surətləridir.
İstedadlı şair kitabda Ələsgər
şeirinin batini qapalı-aşkar tərzlərini özünəməxsus
eyhamlarla diqqətə çəkib, idrak edib ki, Allah
Ərşdən sonra Müqərrəb mələkləri
(Allahın mərifət və məhəbbətinə qərq
olub Ona itaət edən, Allah dərgahına yaxın mələklər)
- Ərşi-Əzəmi, Haffun və Saffunu, digər mələkləri
xəlq edib, onlara Ərşin yanında məskən
yaradıb. Onların bir qismini Kürsüdə, bir qismini
Sidrdə, digər bir qismini Livaul-həmd altında, bir
çoxlarını Cənnətdə, minlərlə mələyi
də göydə, yerdə, dənizlərdə, Cəhənnəmdə
yerləşdirib... Bu mistik-fəlsəfi gerçəklər
Aşıq Ələsgər şeirinin əsas ədəbi
qayəsidir, kitab boyu müəllif bu kontekstləri müxtəlif
aspektlərdən cilalamağa müvəffəq olub...
Yusif Nəğməkarın yeni kitabında
sual-kontekstdə qəti cavaba sirayət edən bir çox
nüanslar olduğundan, deməliyik ki, Ələsgər
şeiri batini məna da (konkretlik) ifadə edir, aşkar surətlər
də. Allaha aid müfəssəlliyin bəzi prosesləri bu
kitabda zəruri fakt kimi açılır. Burada Ələsgərə
aid zəruri kəsblər də zahiri səciyyəvi tərzdədir;
"Həm irfandır, həm təsəvvüf, həm sufi,
Həm arifdir, həm maarifdir, həm şafi. Həm hürufi,
sidqi məqbul, həm kafi, Ələsgərdi, Ələsgərdi,
Ələsgər" ədəbi faktında şair bu
üstüörtülü-qabarıq fəhmləri hər kəsə
bir ismarıc kimi ünvanlayıb, Allah eşqində təcəlla
edən aşıq-şairin bir az aşkar, daha çox (isə)
pünhan olmasını israrla müəyyən edib.
Yusif Nəğməkarın yeni kitabı bizə məlum
bir həqiqəti də təlqin edir: Aşıq Ələsgərin
Azərbaycan Aşıq sənətinin inkişafında yeri və
rolu böyükdür, ustad aşığın miras
qoyduğu poetik ənənələr bundan sonra da öz
sanbalını qoruyub saxlayacaq. Eyni zamanda Yusif müəllimin
dədə Ələsgərlə bağlı ibrətamiz
şeirlərini oxcuduqca (həm də) belə qənaətə
gəlirik ki, Aşıq Ələsgər
yaradıcılığı gözəlliklə,
müdrikliklə əhatələnmiş söz
ümmanıdır.
Bilirik ki, Aşıq Ələsgər şeirində
başlıca mövzu məhəbbətin tərənnümü,
gözəllərin tərifi, təbiətin təsviri, əxlaqi-tərbiyəvi
fikirlərin təbliği və ictimai nöqsanların tənqidi
və s.-dir. Yusif Nəğməkar isə Ələsgər
şeirində batini mənaları ifadə edib, bu yöndə
zəruri faktlara diqqət çəkib. Səmimi deyək,
Ələsgər şeiri hansı miqyasda xalq ruhu ilə həmahəngdirsə,
Yusif Nəğməkarın ustad aşığa həsr
etdiyi fundamental əsər(i) də o çəkidə
misilsizdir.
..."Vəhdəti-vücuda" ünvan alan qət,
On-on mərtəbələr, məqamlar, əlbət
-
Şəriət, təriqət, mərfət, həqiqət,
Ələsgərdi, Ələsgərdi, Ələsgər...
Zənnimizcə, bu batini səbəblər əsasında
Yusif Nəğməkar Ələsgər şeirini ideal
fövqə qaldırıb, oradakı ədəbi
nüansları ciddi-cəhdlə oxucuya açıb. Bu silsiləvi
cəhddə hansı təpər rəng tapır, hansı
müəmma eyhamla diktə edilib, biz tam görə və
idrak edə bilirik. Anlayırıq ki, "Vəhdəti-vücuda"
ünvan alan qət" kimdir, nə üçün
"Şəriət, təriqət, mərifət, həqiqət"
onun bətninə tam sığa bilir...
"Ələsgər zirvəsi"
başlıqlı poemada ədəbi qayə (bir qədər
də) xof və sarsıntı içində çabalamaq,
hadisələrə ayıq baxışdır. Bu əsərdə
həyatın hər anı və bu səksəkədə
dünya üçün həyəcan doğuran son iztirab,
son ümid ləngər vurur. Yusif müəllimin bu ricəti
(bu müraciəti) əslində, çox poetik, çox fəlsəfi
və çox vacibdir; şair yorğun ruhunda
çırpınan arzulara dəmir zireh geyindirir, yerin məsuliyyətinə
cavabdehlik daşıyır... bu simmetrik gerçəyin
ilıq ovqatında həsrət çalarları da diqqət
çəkir.
Yusif Nəğməkarın bir şair kimi klassik ədəbiyyata,
folklora, aşıq sənətinə dərindən bələd
olmasının nəticəsidir ki, o, Dədə Ələsgərə
həsr etdiyi poemada görkəmli aşıq-şairin şəxsiyyətinə
və örnək yaradıcılığına fərqli
yanaşıb, Ələsgər şeiriyyətinə layiqli,
apaydın güzgü tutub.
Yusif Nəğməkar şeiri Ələsgər
şeirindəki ruhsallığı ömrün idrakda təcəlla
edən mühüm cizgisi kimi ehtiva edir. Oxucuya aydın olur ki,
aşığın könül dünyasının səmasında
da, yaradıcılığının sənət
fövqündə də elə bu tərzlər mürgü
vurur... "Ələsgər zirvəsi"ni oxuduqca belə qənaətə
gəlirik ki, fəlsəfi dəyərlər ruhun müjdəsi,
dalğın baxışlı ləngərlər insan vəcdinin
ağır ehtişamıdır. Bu salxarlı
çırpıntının odunda yanaq pörtmək idrakda
görünə bilmək fəlsəfəsi kimi
eyhamlanır... Əsərdə ictimai sədd kimi diktə edən
ədəbi fəhm şüurüstü qatda sanbal tapır.
Biz bütün hallarda (oxucu olaraq) özümüzü o əhatənin
içində görür, bu təlatümlərdən vəcdə
gəlirik.
Yusif müəllim Ələsgər şeirinin (əsas)
prototipini (ən başlıca səciyyəni) insan-dünya
varlığının dərki kimi əxz edir, ustad
aşığın fəhmində sevgini bir hayqırtı
kimi mənalandırır, ruhumuzu çox uzaq səmtlərə
- idrakın üst qatlarında zahir olan gerçəklərə,
vəcd anında yaranan susqunluğa, həniri günəş
istisi qədər ilğımlı duyğulara çəkir.
Biz həmin anı yaddaşımızın dərin
qatlarında çırpınan işığa bükür,
o işığın daha nurlu olması üçün
ruhumuzu sakit hücrələrə yönəldirik.
Yaxşı qavraya bilirik ki, Ələsgər bütün
zamanlarda "Haqq ilə nahaqqı axtaran hakim"dir, onun poetik
ədaləti üzərində nəfsani-şərçi fəhmlərə
yer yoxdur...
"Ələsgər zirvəsi"ndəki ötkəm
ruh, pərişan-ovqatverici təsir(lər) Ələsgərdən
Yusif Nəğməkara qədər olan dövrlərin
hamısını əhatə edir. Buradakı Obrazın isti
baxışları gözüaçıq, fəal və
çevikdir, (onun) şüurda cilalanan hissləri dərin
çək-çevirdədir. Yaxşı haldır ki, Yusif
müəllim oxucuya duyğu ilə ünsiyyətin,
baxışla görmək əzminin, adi hisslə qavramaq
gücünün qabarıq istiqamətlərini göstərir.
Həmçinin, Ələsgərin sevgi şeirlərində
sərxoş sevdalara yuxulu nəzərlər atır,
oradakı aktivliyi hazırkı ənənəçi ruhda
xarakterizə edir; belə deyək, müəllif dəlilik
aspektini talesizlik faktı kimi qabartmaq niyyəti güdmür,
onun ehtimallarında həyatla təsirli vasitələr
bir-birilə əks əlaqədə sistem qurur - daha dəqiqi,
bəlli edir ki, zora məğlub insanın idrak qatları
qapanır, (onun) vəcdanə hissləri donur, nəhayətdə,
acizlik onu ətraf aləmin dərkinə xəstə təxəyyüllü
fərd kimi sığışdırır. Doğrusu,
ağılsız sevdalara tuşolma eşq zəminləri
deyil (ola da bilməz), bu mənada müəllif yeni
kitabında hadisələri tək bir obraz əhatəsində
sistemli dəyişikliyə məruz qoyur və oxucunu nəticə
çıxarmaq cəhdi ilə üz-üzə buraxır.
Aşıq Ələsgərin zəngin poetik irsinin
geniş tədqiqi, nəşri və təbliği mədəni-mənəvi
dəyərlərimizin aşkar diktəsidir.
Nə xoş ki, milli-mədəni
varlığımızın tərkib hissəsinə
çevrilmiş Aşıq Ələsgər irsi silinməz
tarixi yaddaş rəmzi kimi bu gün də yaşamaqdadır.
Və nə xoş ki, Yusif Nəğməkarın "Ələsgər
zirvəsi" kitabı ölməz aşığın sənət
inciləri barədə fəlsəfi gerçəklər
ehtiva edir...
Ədəbi aləmin birmənalı qəbul etdiyi
kimi, Dədə Ələsgər həm də misilsiz
şairdir. Çoxlarımızın təbirində isə
o, sadəcə aşıq kimi məna tapır; Yusif Nəğməkar
ölməz Ələsgərə həsr etdiyi bu kitabı
sanki (həm də) o fərdlər üçün yazıb,
onlara Ələsgərin şair kimi hansı məcrada
yön-istiqamət tapdığını göstərib. Məlum
edib ki, Ələsgər Haqq Aşığı olduğu qədər
də, Haqqa tapınan qüdrətli şairdir...
Dədə Ələsgər şeirinin dərin fəlsəfi
məzmunu var; məsələn, kimlər üçünsə
sevgi (eşq) sadəcə, bir yanğı təəssüratıdırsa,
Ələsgər üçün sevgi göyün yeddi
qatından altısında zahir olan ruhi ucalıqdır. Onun
poetik yaradıcılığında göyün altı
qatının sehri-möcüzəsi məna kəsb edir.
Yusif Nəğməkarın "Ələsgər
zirvəsi" kitabı tam mənada yeniliklərlə də
özünü aşkar ifadə edir. Məsələn, kitab
(poema olaraq) ənənəyə uyğun "proloq",
"epiloq" kimi başlanğıc və son ədəbi zəminlərlə
başlayıb bitmir, müəllif "ön ün",
"ünləmə", "son ün" və s.
priyomlarla (dilimizin imkanlarına, yeni söz kəşf etmək
fürsətinə istinadən) müfəssəl bir proses
qurub, belə deyək, yeni sözlər kəşf edib, o
sözlərin işlənmə məqamlarını
doğru-dürüst tapıb. Poemada ictimai-ənənəçi
ruh da yeni formada ehtiva edir.
Yaxud kitabdakı yeniliklərdən biri də şairin
Dədə Ələsgər yaradıcılığı barədə
söz deyən, sanballı tədqiqat işi yazan alimlərin
fikirlərindən sitat gətirməsi, bir növ, kitabı
şahmatvari qurmasıdır. Bu kimi tərzlər bəlkə
də ədəbi mahiyyətə vara bilməyən bir çoxlarına
yeni-modern görünə, hətta (onları) təəccübləndirə
bilər; biz bu halı müsbət məna kimi yozur, Yusif
müəllimi alqışlayırıq...
Biz Yusif Nəğməkarın "Ələsgər
zirvəsi" kitabını Ələsgərsevərlərə
sanballı töhfə kimi təqdir edir, demək istəyirik
ki, Yusif Nəğməkarın "Ələsgər zirvəsi"ndə
Aşıq Ələsgər "əlində saz, əzbərində
"Quran" olan təkrarsız söz
"İNCİSİ"dir, dünya-bəşər sehrinin
bütün mənaları - "məna biçini" (belə
deyək) Ələsgərdir...
Hikmət MƏLİKZADƏ
525-ci qəzet .- 2025.- 8 yanvar(№2).- S.13.