Birlik tonqalı qalayan şair
Həmrəyliyimiz, Birliyimiz, Azadlığımız,
Bütövlüyümüz uğrunda yaşanan əbədi-ədəbi
ömür... Şahmar Əkbərzadə ömrü...
Şahmar müəllim sevgi poeziyası ilə ədəbiyyata
gəlib desəm, səhv etmiş olmaram. Oxucu sevgisi qazanan
şeirlərlə gəlib desəm, yenə bir-birini tamamlayan
fikirlər söyləmiş olaram.
Onun ilk oxuduğum şeirlərinə əsaslanıb
bu fikri yazıram. Bu da var ki, yaradıcılığınin
elə ilk illəri vətən, dövlət, xalq
qayğılarını dilə gətirən dalğalı,
gur çayı xatırladır.
Bu ömür söz-söz, misra-misra,
dalğa-dalğa ömrümüzə qarışdı. Bu
ömür Vətən müharibəsində
qazandığımız qələbəyə də mənəvi
töhfəsini verdi. Bu ömür qardaş ölkələrdən
gələn yardımlarda, köməkdə də
göründü...
Şahmar Əkbərzadənin milli
maraqlarımıza, tarixi dərdlərimizə söykək
şeirləri ilə ədəbiyyatımıza yeni bir nəfəs
gəldi. Türk xalqlarının birliyinin qorunmasının gərəkliyini,
bir-birinə qılınc çəkən qardaş millətlərin
faciəsini dilə gətirdi:
Utanım yerinə, qoç Koroğlu, din!
Düşmənin kimiydi? - Həsən
paşaydı...
"Leş bir yana, baş bir yana" - deyirdin,
Qalağa vurduğun qardaş başıydı...
Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı.
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları.
Şah babam Xətai, ey Sultan Səlim,
"Çaldıran" deyəndə odlanıram mən.
Əsrlər keçsə də, düzəlmir belim,
Sizin yerinizə utanıram mən.
Beləliklə, Şahmar Əkbərzadə ədəbi
ömrü xalqımızı, türk dünyasını
birliyə səsləyən tonqala çevrildi.
Tariximizə Şahmarın nəzərləri ilə
də baxdıq, imkan yarandı, özümüzə,
soy-kökümüzə dönə bildik. Şah
babaların, ən azı, utancverici hərəkətlərinə
yol verilmədi. Əksinə, birliyimiz gücləndi.
Anlaşma, dostluq uğurlara yol açdı.
Bir vaxt "Ad günləri qarşıdadır"
yazanda işğala son qoyan qələbəmizdən sonra
keçiriləcək ad günlərini nəzərdə
tutmuşdum. Əlbəttə, qələbə sevinci
qarışan ad günlərini bütövlükdə
dövlətimizin, xalqımızın ən fərəhli
günləri hesab edirəm. Şahmar Əkbərzadənin ad
günləri də bu sıradadir.
Şahmar Əkbərzadə bir çox böyük məclislərdə,
o sıradan, 1989-cu ildə Qırgızstanda keçirilən
bir yubileydəki çıxışı ilə türk
dünyasının böyük təəssübkeşi kimi
tanındı. Türkiyəli qələm adamları: -
Şahmar bizim sərhədsiz ruhumuzdu, - dedilər. Bizim deyəndə,
əlbəttə, bütöv türk dünyası nəzərdə
tutulurdu. Türk dünyasının birliyini görmək istəyən,
bundan yana qayğılanan ədəbi ömür hardasa
Hüseyn Cavid ədəbi ömrü ilə birləşir.
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza
Ulutürk poeziyasından keçib gələn vətəndaş
yanğısı Şahmar Əkbərzadə şeirində
özünəməxsus bir üslubda ifadəsini tapdı... Hətta
Bəxtiyar müəllim yeri gələndə Şahmarın
şeirlərindən nümunələri əzbər deyirmiş...
Torpaqlarımızın işğalına etraz
şair harayına çevrilir, özünü,
soydaşlarını ittihama dönür, yanar ürəkdən
qopub gələn ədəbi nümunələrə
çevrilir. Arada nisbi sakitlik yarananda, özü-özü ilə
tək qalanda da yenə sakitləşmir:
Qırxqız dərdin dənizləşir,
Gəlin qayan kənizləşir.
Ta Şuşan da Təbrizləşir,
Döy başına, yan, ay Şahmar!
Narahatlığın belə yanğılı ifadəsi
Vətən oğullarını ayağa qaldırmazmı,
könüllərdə haraya çevrilməzmi? Bizi Zəfər
Gününə səsləyib apamazdımı?..
Bəzən dərdini-kədərini də dünyaya
ünvanlayır, zülmü, əzabı insanlardan əsirgəməyən
dünyaya "sağ olsun deyir, minnətdarlıq da
bildirir", bəs bu necə "sağ ol"du, necə minnətdarlıqdı?..
Əlbəttə, Vətən, yurd həsrətinin sıradan
bir həsrət olmadığını anladır:
Zülmümü taxtından heç endirmədi,
Dərdimin gözünü nəmləndirmədi.
Sağ olsun, qəmimi qəmləndirmədi,
Mindirdi qəmimi hörmətə dünya.
Cövrümə olmazın hörmət eylədi,
Cəfamı ağ günə qismət eylədi,
Neçə yurd-yuvamı qürbət eylədi,
Tanıtdı yaxamı qürbətə dünya.
Vətəndaş qayğılarının,
narahatlığının, etrazın lirika vasitəsi ilə
ifadəsi Şahmar Əkbərzadə şeirində örnək
sayılacaq səviyyədədir. Şahmar Əkbərzadə
poeziyası dəyərlər uğrunda mübarizə
poeziyasıdı!..
Adamlar itirir adamlığını,
Adam təlxək olur, Allah amandır!
Kələklə gələnlər küləklə
getmir,
Kələk pələng olur, Allah amandır!
Səyi bəy eyləyən dastançıya bax,
Bostan tanımayan bostançıya bax,
Pulla böhtan deyən böhtançıya bax,
Böhtan çörək olur, Allah amandır!
Yaxud:
Hanı dinimizi bayraq edənlər,
Yanan yox o əsir məbədə, Allah!
Cihaddan yayınıb Həccə gedənlər
Səndən nə istəyir Kəbədə, Allah?
Şeirlərində mürəkkəbi qeyrət olan
qələmdən, min kişiyə papaq olan qadın,qız ləçəyindən
yazır... Tariximizə nəzər salır, sanki bu
günümüzü də görür, bizdən
ayıqlıq, sayıqlıq istəyir:
Gizli tələ qurur ölkə ölkəyə,
Dövlət, ovlamağa dövlət axtarır.
Azərbaycanımızın "ov olmasına,
ovlanmasına" cəhdlər edən qüvvələrə,
ən azı, tərs şillə deyilmi bu misralar?..
90-cı illərin əvvəlində gedən
Qarabağ döyüşlərinə münasibət bildirir,
çəkinmədən, cəsarətlə gerçəkliyi
yazırdı Şahmar müəllim. Bizi silkələyir,
haqlı olaraq, bizdən baş verənlərə tənqidi
münasibət istəyirdi:
Haqq savaşı dönüb alış-verişə,
Kasıb-kusub mat qalıbdı bu işə.
Aman Allah, döyüşə bax, döyüşə,
Satqınıyla qəhrəmanı bilinmir...
Bu da deyilməli idi. 44 günlük Vətən
müharibəsində o satqınlığın
qarşısı alındı...
Şahmar Əkbərzadənin "Armud
ağacı" şeiri Mirzə Ələkbər Sabirin nəfəsi
duyulan şeirlərindəndir, "özümüzə əngəl
kələf" olmağımızı,
nöqsanlarımızı dilə gətirir. Bu şeir
özünüittiham, özünütənqid və
duruluğa çağrış şeiri kimi dəyərlidi.
Lirik duğuların təravətli ifadəsi, dil
gözəlliyi, incə duyum Şahmar Əkbərzadəni
klassiklərlə bir sıraya gətirir. Xəlqi ifadələr,
könül çırpıntılarının bədii təqdimi
oxucunun ruhuna yol tapır, nə vaxtsa yaşadığı
kövrək duyğuları ona yenidən yaşadır.
Sənin tilsimindən çıxa bilmirəm,
Neyləyim, bu eşqi boğa bilmirəm,
Yolundan gözümü yığa bilmirəm,
Gözdağın mənimdir, gözün özgənin.
...Şahmara vəfandan cəfan nurludur,
Baharın şaxtalı, yayın qarlıdır,
Həsrətin özündən etibarlıdır,
Həsrətin mənimdir, özün özgənin.
Sevgisində Fərhad kimi fədakardı, sədaqətlidi
Şahmar.
Məndən küsmə, gül nəfəsin
tövşüyər,
Sənə baxıb bənövşələr
pörşüyər,
Dayan, gülüm, qədəmlərin üşüyər,
Kirpiyimi qədəminə sərim qoy.
Əksər şeirlərində xalqın dərdini,
güzaranını dilə gətirir, çoxları bunu
yazmağa bəlkə də cürət etməz, ancaq
Şahmar yazır:
Qanun-qaydalarla özəlləşir qəm,
Qızıllar cəhənnəm, dollar cəhənnəm,
Samana çevrilən pullar cəhənnəm,
Ülfətə girişir inflyasiya.
Ana haqqı-tanrı haqqı deyib ulu babalarımız.
Şahmar dörd misralıq şeirində ana itkisinindən
yazır. Yaxından, uzaqdan keçən yolçulara xitab
edir... Burada onu, anasının pak ruhunun keşiyində dayanan
bir oğul kimi görürük...
Yolçu, ayaq saxla bircə saniyə!
Demirəm yanğıma gözündən yaş
tök...
Anamın pak ruhu şad olsun deyə,
Gedib öz ananın önündə diz çök!
Bu misralarda ana qədri bilən, başqalarından da
bu münasibəti gözləyən oğul var, insanlıq,
böyüklük, ululuq var - Şahmar Əkbərzadə
xarakteri var...
O, şeirinin məna-məzmunu, dil-üslub incəliyi,
səmimiyyəti, Vətən qayğıları ilə
sözün həqiqi mənasında, klassik qələm
sahibinə çevrilib.
Bu məqamda, qələm adamlarının diqqətini
Şahmar Əkbərzadə yaradıcılığına
yönəlməsində əhəmiyyətli addımlar atan
dost insan, gözəl şair, tanınmış alim
Elçin İsgəndərzadəyə təşəkkürümü
ünvanlayıram. Elçin müəllimin geniş fəaliyyətində
qələm adamlarına, ədəbiyyatımıza diqqət,
qayğı var və bu yolda ona davamlı uğurlar
arzulayıram.
Sözümü Şahmar Əkbərzadəyə həsr
etdiyim şeirlə tamamlamaq istəyirəm:
Əsgərləri sətir-sətir,
Döyüşdə sərkərdə Şahmar.
Haqqı dedi, hər məclisdə
Əl uzatdı mərdə Şahmar.
Qayğı bir yük, şələ çəkdi,
Çox mətləbi zilə çəkdi.
Dərdlərini elə çəkdi,
Dərd olmadı dərdə Şahmar.
Yolum yurda, doğma yerə,
Öndə çaylar, körpü, bərə.
Gedəm üzü üfüqlərə,
Bu yol, bu mən, bir də Şahmar...
Olsun, bu yol demə ilkdi,
Yoxuşluqdu, enişlikdi...
Göydü, göydə genişlikdi,
Yoldu, izdi yerdə Şahmar...
Musa ASLANXANLI
525-ci qəzet .- 2025.- 8 yanvar(№2).- S.12.