SUSMAMAQ QEYRƏTİ
Nə qədər belə mehriban gecələr ikimi,
üçmü, beşmi saat davam edib, o axşam söylənənlərin
xoş dalğasında heç hiss olunmayıb ki, vaxt necə
keçdi, söz sözü çəkib, o unudulmaz dəqiqələrdə
nə qədər unudulmuşlar yada düşüb. Ancaq illər
ötüb, elə həmin xatirələrlə daşan
füsunkar gecənin özü də bir xatirəyə
çevrilib. O axşamdakı insanlar bir-bir
köçünü çəkib getdikcə həmin
söylənənlər də keçmişə
çöküb, nəsillər dəyişdikcə asta-asta
biryolluq xatirələr də əriyib-itib, uzaq başı
qalan tək-tək fotolar sonralar həmin əziz günlərin
şahidinə çevrilib.
2024-cü ilin fevralında böyük Azərbaycan
alimi Həmid Araslının 115 yaşı tamam olurdu və
ona ömrü boyu ən əziz məkanlardan olmuş Nizami
muzeyində bu ildönümü xatirələr
işığında qeyd edilirdi və televiziya çəkirdi,
söylənənlərin hamısı əvvəldən-axıracan
yazıya alınırdı.
Hələ qonaqlar bir-bir gəlirdi, hələ
televiziya işçiləri kameraları, işıqları
qururdular və düşünürdüm ki, belə imkan
onillər öncə də olsaydı, görün hansı sərvətlər
qorunub saxlanar, bugünə də çatardı. Axı mən
bilirəm ki, elə az sonra toplantının
başlanacağı, 1918-ci ilin sentyabrında hotellikdən
çıxaraq Azərbaycanın siyasi-elmi-ədəbi-mədəni
həyatında mühüm yer tutacaq qurumların yerləşdiyi
məkana çevriləndən bəri ötən onillərdə
bu binada, bu zalda adları tariximizdə həmişəlik
qalacaq nə qədər böyüklərimiz mikrofon
qarşısında dayanıblar, ürək sözlərini
dilə gətiriblər, düşüncələrini
bölüşüblər. Vaxtında lentə
alınmış olsaydı, ya
stenoqramlaşdırılsaydı, o müstəsna simaların
hər cümləsi indi sevimli tarix parçası olmaqdan
savayı, həm də dünənimizin hansısa səhifələrini
bərpa etməkçün mötəbər qaynağa
dönərdi. Neyləmək ki, belə iş görülməyib,
burada cərəyan edənlər efir boşluqlarında
biryolluq yox olub. Bir tərəfə baxanda qınamalı da
deyil. Həm səs və təsviryazma imkanları məhdud
olub, həm də insan yanında-yörəsində
olanların elə bil həmişə onunla qalacağına
ümid bəsləyir, bir gün onlarsız
qalacağını ağlına gətirmir. Elə
özümüzün heyifsilənməklərimiz azmı olub
ki, filan vaxtı filankəslə idik, niyə bir şəkil
çəkdirmədik, niyə filan sözü
soruşmadım.
Gün keçir, ömür gedir, gedənisə
saxlamağa güç çatmaz...
Əslində elə 2024-ün 23 fevralında - düz
Həmid Araslının doğumunun 115-ci ildönümündə
Nizami muzeyində baş tutan gecə də keçmiş onillərdə
olub-bitmiş digər çoxlu belə xatirəli axşamlar
kimi oxşar aqibətlə qarşılaşa bilərdi -
çoxdan bir-birini görməyən köhnə
tanışlar xoşhallıqla təmasda olardılar,
şirin-şirin danışıb
dağılışardıq. Ancaq illərdir ki, mənim Azərbaycan
Televiziyasında hər həftə göstərilən daimi
verilişimin çəkilişlərini adətən hər
həftənin çərşənbə günləri elə
Nizami muzeyində aparırıq və bu Araslı gecəsini də
elə ixtiyarımda kameraların olduğu günə təyin
etmişdim ki, səhər verilişi yazaq, günortadan sonra da
xatirələr axşamımızı çəkək.
Həmid müəllimin 100 illiyi keçiriləndə
2009-cu il idi. O vaxt onunla birgə işləmişlərin,
oturub-durmuşların bir çoxu həyatda idi,
danışırdılar, təsirli anları yada
salırdılar, Araslı da hamıya lap yaxındaymış
kimi görünürdü.
Həmid müəllimin 1999-cu ildə 90
yaşının da, bundan 10 il əvvəl 80 illiyinin də
onsuz qeyd edildiyini xatırlayıram. Xatirə söyləyənlərin,
gələn qonaqların heç
danışmayanlarının belə həmin məclisdə
varlıqları ilə yaratdıqları mühit elə idi
ki, elə bil Ustad özü də bizimlə idi. Zatən
ömür bunca erkən tamamlanmasaydı, ola da bilərdi. O qədər
akademiklərimiz olub və var ki, 80, 90, hətta 95 illiklərini
öz iştirakları ilə keçirmişik.
İndi isə sanki ayrı zamanın içərisindəyik.
Bitmiş XX yüzilin son çərəyində,
başlanmış XXI əsrin ilk onillərində vaxt sanki
daha yeyin irəliləyib və əvvəllərdə nəsillərin
daha aramla gedən yarpaq tökümü sürətlənib.
Sağa-sola baxırsan, bir vaxtlar gördüyün canlı
klassiklər bolluğundan əsər-əlamət qalmayıb.
Elə Həmid Araslının 115 yaşının
bayramına gəlib söz söyləyənlərin əksəri
yaşı 70-i, 80-i keçmişlər idi - Həmid müəllimin
artıq yaşlı çağlarının gəncləri.
Şükür ki, qızları da bizimlə idilər,
atalı günlərini anırdılar, gənc Həmid
Araslını nəzərlərimizdə
canlandırırdılar, bizi unudulmaz alimin həyatındakı
həyəcanlı çağlara aparırdılar.
Onlar da artıq səksəni arxada qoyublar. 10-15 il
ötüncə daha sonrakı illərə təsadüf edən
Həmid Araslı yubileylərində iştirak edən,
söz söyləyənlər görkəmli alimi həyatda
görməmiş insanlar olacaq, təbii ki, həmin mərasimlər
xatirələrsiz ötüşəcək, sadəcə yadigar
qoyduğu irsdən bəhs olunacaq.
Həmid Araslının keçdiyi yol,
yaşadığı zamansa elə təlatümlü, elə
enişli-yoxuşlu olub və həmin ömürlə
yaradıcılıq bir-biri ilə elə qırılmaz tellərlə
bağlıdır ki, Araslıdan qalan elmi-mədəni
mirasın çəkisini, dəyərini, mahiyyətini dərinliyi
və bütövlüyü ilə duymaqçün canlı
şahidlərin xatirələri olmadan keçinmək
mümkünsüz kimidir.
...Doğma bacı-qardaşlar adətən bir-birinə
zahirən çox oxşayır. Dilin də elə doğma,
qohum sözləri var ki, bacı-qardaşlar kimi bir-birinə bənzəyirlər.
"Əbədiyyət" və "ədəbiyyat" kəlmələri
bir-birinə tən gələn sözlərdir - həm səsləniş,
həm yazılışca. Ancaq "ədəbiyyat" və
"əbədiyyət" sözlərinin bir-birinə
qohumluğu, bənzərliyi ən əvvəl onların
cövhərində, mahiyyətindədir. Ədəbiyyat ən
qədim xalqın da, tarixi nisbətən cavan olan millətin də
əziz sərvətidir. Ədəbiyyatsız istənilən
xalq mənəvi cəhətdən kasıb, ruhən yoxsul
olardı. Xoşbəxt o xalqlardır ki, onların zəngin və
qədim ədəbiyyatı var, Azərbaycan da
özünü dünyanın ən məsud millətlərindən
saya bilər ki, o, tarixin uzaqlarından gələn,
sınaqlardan keçmiş, əlvan, kamil, duyğulu və
düşündürücü möhtəşəm ədəbiyyata
sahibdir. Ədəbiyyatın insanlara zövq verməkdən,
onları içəridən böyütməkdən özgə
bir başqa qüdrəti də ondan ibarətdir ki, ədəbiyyat
həm də əbədiyyət bağışlaya, ədəbiyyatı
yaradanlara və ədəbiyyatı yaşadanlara ölməzlik
verə bilir.
Və bu da ədəbiyyatın bir ayrı
hökmü və sehridir ki, bəzən bir misrası, bircə
beyti, yeganə şeiri ilə də qələm sahibinə
bitməz dirilik bəxş edir, onu zamanlarca yaşadır.
Həmid Araslı Azərbaycan ədəbiyyatşünaslığının
o seçkin yaradıcılarındandır ki, yaşayır və
bütün gələcəklər içərisində də
yaşamaq haqqını lap çoxdan halal haqqı olaraq
qazanıb.
Həmid Araslı bu torpaqda dünyaya gəldi,
bütün həyatını Azərbaycanda yaşadı, işlərini
gördü və 1983-cü ilin noyabrında 74 yaşında
ikən karvanını çəkib getdi. Ancaq Həmid
Araslı hamının yerinə yetirə biləcəyi adi
iş görmürdü, ömrünü sözə həsr
etmişdi və bu millətin itib-batmış, unudulan, bir az
da dövlət siyasəti kimi unutdurulmaqda olan irsini
araşdırır, qeyb olanları üzə
çıxarırdı. İnsanlar bəzən belə əməklərin
əsl qiymətini verməyə bilir, ya həmin dəyərverməni
ləngidir, minnətdar ədəbiyyatsa ona edilən bu cür
yaxşılıqları heç vaxt unutmur, öz qüdrətinə
yaraşan əzəmətlə belə şəxsiyyətlərə
öz əbədiyyətindən pay ayırır.
Həmid Araslının lap cavanlığından həyatı
klassiklərimizlə baş-başa, ürək-ürəyə
keçdi. Azərbaycan ədəbiyyatşünaslığına
o zamanlar gəlmişdi ki, qədim köklərimizi və əski
sözümüzü yeni zamana çatdırmağa
ömür həsr edənlərin sırası xeyli seyrəlmişdi
və təbii yolla deyil, zorla, həmin insanları həyatdan
qoparmaqla, yarı yolda qoymaqla aparılan belə əzazil seyrəltmələr
bütün amansızlığı ilə davam etməkdəydi.
Çıxacağını düşünən insan
bunları görə-görə
dolanışığının daha təhlükəsiz təmin
edilə biləcəyi bir peşənin qulpundan
yapışar, özünü də, ailəsini də
düşünərək bu cür bəlalar vəd edən
yolu tutmazdı. Lakin məhəbbət adamın
gözünü bağlayanda qarşılaşacağı
heç bir çətinliyi eyninə almadığı kimi,
bir məsləkə bağlılar, Vətən, xalq üçün
faydalı olacağına inandıqları yolu tutanlar da, tarix
çoxdan təsdiqləyib ki, maneələrdən,
uçurumlardan çəkinməz, məqsədə
doğru inamla gedərlər.
Həmid Araslının doğum günü -
fevarlın 23-ü bütün Sovet İttifaqının, o
sıradan Azərbaycanda kişilər günü kimi
hamılıqla qeyd edilən böyük bayram idi. Təqvimlərin
o qırmızı günü Sovet ordusunun yaranma günü
idi. Ancaq müvəqqəti olan hər şey
ömrünü gec-tez başa vurur. Sovetlər Birliyi də
tar-mar oldu, onun ordusu da getdi, təqvimlərdən həmin
bayram da silindi, yeni zaman ayrı bayramlar yaratdı. Ancaq Həmid
Araslının doğum günü bu gün də Azərbaycan
üçün bayram olaraq qalır, həmişə də
qalacaq. Onun Silahlı Qüvvələri Söz Ordusu idi. Elə
bir ordu ki, heç vaxt yenilməz, hakimiyyətinin və təntənəsinin
sonu gəlməz, zəfərləri bitməz.
Həmid Araslının uşaqlığı Şura
hökumətinin qurulduğu çağlara düşdü.
Cavanlığı - ədəbiyyatda, elmdə fəaliyyət
göstərməyə başladığı əyyamlarsa
1920-ci illərin sonları, 1930-cu illər ictimai-siyasi
burulğanların dövr etdiyi mürəkkəb vaxt kəsiyinə
təsadüf edirdi. Həmin inqilab havalı,
qılıncı ağına-bozuna baxmadan sağa-sola kəsən
dövr millətin qaymaqlarını, sıra-sıra misilsiz
ictimai xadimləri, sərkərdələri, dövlət
adamlarını, alimləri, ədibləri, ilham sahiblərini,
o sıradan o köhnə və yeni ədəbiyyatımızı
araşdıran bir qatar bilgin insanları caynağına
alıb apardı. Firidun bəy Köçərli nəhs
ayaqlı bolşeviklərin gəlişi ilə ilk məhv
edilənlərdəndi. Ardınca Salman Mümtaz, Hənəfi
Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadə, Bəhlul
Əfəndi və daha neçələrinin kitabı
bağlandı. Böyük ədib və tənqidçilərimizin
bir qismi də güllədən, sürgündən
canını qurtararaq sonu görünməyən mühacirətlərə
pənah apardı. Qəfilcə sanki meydan tam boşaldı.
Sovet gəlmişdi, öz ədəbiyyatını, öz mədəniyyətini
yaradırdı və o sovetinki olmayan keçmiş irsi də
ögey sayır, yad baxırdı. Millət müqəddəratı
üçün son dərəcə mühüm olan belə
bir tarix parçasında Həmid Araslı sonsuz məhəbbət
və səylə boşluqları doldurmaq, qədim ədəbiyyatımızı
araşdırmaqla məşğuldu.
O, 1936-cı ildə orta məktəblər
üçün ilk dəfə olaraq "Qədim ədəbiyyat"
adlı dərslik yaratmış, "Ədəbiyyat müntəxəbatı"
tərtib etmiş, əski ədəbiyyatımızın məktəblərdə
tədris olunması üçün proqram
hazırlamışdı. 1937-ci ilin tuthatutları əsnasında
Həmid Araslı da növbəti qurbanlardan biri ola bilərdi.
Həbsə atılsaydı, "xalq düşmənləri"
cərgəsinə qatılsaydı, digər bu cür tale
yaşayar kimi onun da bütün kitabları
yığışdırılacaqdı, yazdıqları yasaq
ediləcəkdi. Demək, "Qədim ədəbiyyat"
kitabı da, "Ədəbiyyat müntəxəbatı"
da məktəblərimizdə tədris dövriyyəsindən
çıxacaqdı. Çünki Hüseyn Cavid həbs
olunan günün sabahı dərsliklərdə ona aid olan səhifələr
cırılmışdı, Seyid Hüseyn tutulmuşdu, onun
yaradıcılığı ilə bağlı dərslər
proqramlardan çıxarılmışdı. O illərin
şagirdi olmuş ağsaqqallar mənə 1980-ci illərdə
söyləyirdilər ki, 1937-ci ilin payızında qalın dərs
kitablarımızın vərəqlərinin yarıdan
çoxu artıq yox idi, müəllimlərin birbaşa
tapşırığı ilə cıraraq
yandırmışdıq.
Və 1937-ci ildə həbsi sadəcə ehtimal edilənlərdən
deyil, əsaslı səbəblərdən labüd olaraq
gözlənilənlərdən biri də elə Həmid
Araslı idi. O, proletkultçuluq zəmanəsinin şərtlərinə
görə zərərli dərsliklər qələmə
almaqdan başqa daha "xatalı" bir əməl də
törətmişdi. Elə həmin 1937-ci ildəcə yenicə
yaratdığı bir mərkəzdə qızğın fəaliyyətə
başlamışdı. Onun yaratdığı bu elm və tədqiqat
mərkəzi "Qədim Şərq əlyazmaları"
şöbəsi adlanırdı. İllər ötəcək,
bu şöbə Azərbaycanın ən ali xəzinələrindən
birinə dönəcək, həmin şöbənin təməlində
əvvəlcə Əlyazmaları Fondu yaranacaq, o da az sonra
Əlyazmaları İnstitutuna çevriləcək.
Həmid Araslını isə 1937-ci ildə məhz o
şöbəni yaradığına görə vəzifəsindən
də kənarlaşdırmışdılar, siyasi
sayıqlığını itirərək belə ziyanlı
işlərlə məşğul olduğuyçün
komsomoldan da çıxarmışdılar. Əski əlyazmaları,
keçmişin yadigarı olan mənbələri
araşdırdığına görə cəzalandırılan
bu cavan artıq həbsin astanasında idi. Hökmən
tutulacağını məntiqiləşdirən və
yaxınlaşdıran ayrı bəhanələr də
vardı (hökumətin təbirincə isə, ciddi
şübhələr və inkaredilməz əsaslar də
vardı) ki, o, ruhani ailəsindən
çıxmışdı, atası Molla Ərəszadə Gəncəbasarın
ən nüfuzlu üləmalarından olmuşdu, özü
dini təhsil almışdı. Üstəlik, 1920-ci ilin
may-iyun günlərində baş vermiş üsyandan sonra
cavanlı-qocalı bütün gəncəli
başıpapaqlılar yeni rejimin hədəfində idilər,
öldürülən, dustaq edilən minlərdən əlavə
hələ azadlıqda qalan hər bir nəfərə də,
xüsusən gənclərə şübhə ilə
yanaşır, onları qisas barədə düşünən
təhlükə mənbələri sayırdılar.
Fəqət özündən daha əvvəl Azərbaycanın
bəxti gətirdi ki, Həmid Araslı 1930-cu illərdə də,
1940 və 1950-lərdə də dəfələrlə sanki
labüd olan həbs və sürgün qorxusu ilə
üz-üzə qalsa da, çox zaman həbsin bircə
addımlığında olsa da, hər dəfə Tanrı
onu Azərbaycan, ədəbiyyatımız üçün,
sözümüz naminə xilas etdi, o, yaşadı, yolundan, məsləkindən
əsla zərrəcə aralanmadan axıradək ona alın
yazısı kimi qismət olan vəzifəni sədaqətlə
yerinə yetirdi, həmişə millət sözünün
keşiyində dayananlardan oldu.
Həmid Araslı həmin dövrdə həbs edilsəydi,
axtarmaq, ortaya çıxarmaq, yazıb-nəşr etdirmək
girəvəsi ondan alınsaydı, biz Qətranı
tanımayacaqdıq, Nizamidən uzaqda qalacaqdıq, Fələki
Şirvanini bilməyəcəkdik, Əssara, Nəsimiyə, Xətaiyə,
Füzuliyə, Qövsiyə... nabələd qalacaqdıq.
Bunlarsız kasıb olacaqdıq, söz tariximiz alatoran
içində, sönük görünəcəkdi. Belə
acınacaqlı mənzərəni təsəvvür edin ki,
bir tərəfdən Cavid qadağan, Əhməd Cavad yasaq,
Müşfiq yox və klassik ədəbiyyatın da Həmid
Araslının üzə çıxarıb xalqa təqdim
etdiyi klassiklərini onun məqalələri və kitabları
ilə bərabər həmin cərgəyə qatırlar.
Qalacaqdıq heçnəsiz, sırf yeni dövrün komsomol ədəbiyyatının
ümidinə.
Heç kəs bilmirdi, hansısa gümanlar da yoxdu ki,
"xalq düşməni" elan edilmişlərin
üstündən bu ləkə haçansa götürülə
bilərmi, onların irsi yenidən xalqa qayıdarmı. Əgər
1950-ci illərin ortalarında, nəhayət ki, Sovet
İttifaqı boyu milyonlarla insanı, o sıradan onminlərlə
azərbaycanlıları xilas edəcək bəraətlər
başlanmasaydı, siyasi repressiyalar girdabının
ömrü daha bir neçə onil uzansaydı, ürcah ola
biləcəyimiz ayrı fəlakəti də
düşünün - köksüz, əsilsiz, öz dünənindən,
klassiklərindən, mənəvi sərvətlərindən
bixəbər yeni nəsillər yetişəcəkdi.
Həmid Araslının məhz belə bir qəddar
zaman parçasında millət adına yerinə yetirdiyi
işlər sadəcə bir ədəbiyyatşünas, alim əməyi
deyil, millət tarixində qalan əvəzsiz xidmət, vətəndaş
şücaətidir.
Bu gün Azərbaycan boyu saysız-hesabsız Beyrəklər,
Turallar, Selcanlar var - ana kitabımızın - Dədəm
Qorqud oğuznamələrinin qəhrəmanları.
"Kitab-i Dədə Qorqud" Azərbaycan insanının
ruhuna qarışmış abidədir. Ancaq Həmid Araslı
olmasaydı, bu abidəsiz qala bilərdik. Bu ana
kitabımızı 1939-cu ildə sadələşdirərək,
əski türkcədən müasir Azərbaycan dilinə
uyğunlaşdıraraq nəşr etdirmişdi. Lakin 1950-ci
illərin əvvəllərində məhz "Kitab-i Dədə
Qorqud"u nəşr edib yaydığına, təbliğ
etdiyinə görə Həmid Araslıya qarşı həmlələr
başlandı. Həm də bu dəfə 1937-ci ildə
olduğundan da qat-qat kəskin, sərt şəkildə.
İşdən çıxarıldı, evlərindən əl-ayaq
kəsildi, həmin Nizami muzeyinin zalında Dədə Qorqudla
bağlı növbəti ifşaçı müzakirələr
vaxtı ayağa qalxıb etirazını bildirməyə cəhd
edəndə iclası aparan yazıçı M.Ə.İ.
hikkə ilə Araslıya çımxırmışdı
ki, otur yerində, yoxsa bu saat səni buradan milis
çağırıb apartdıraram. Alimin diplomat oğlu, mərhum
Elman Araslının atası ilə bağlı mənə
söylədiyi kədərli xatirələrdəndir ki, evlərində
içərisinə isti pal-paltar, dəyişək
yığılmış balaca çamadan o günlərdə
və aylarda qapının ağzında hazır qoyulubmuş.
Çünki istənilən növbəti gecədə Həmidi
apara bilərdilər. Elman müəllim
danışırdı ki, atası artıq bəri başdan
ömür-gün yoldaşına vəsiyyətini də
edibmiş...
Ancaq yenə millətin avand taleyindən mənhus
dalğalar tez keçib getdi. Həmid Araslının da, onun
sevimli "Kitab-i Dədə Qorqud"unun da başı
üstündəki qara buludlar dağıldı.
Və Azərbaycan öz kökünə bunca
bağlıdırsa, Azərbaycanın yeni nəsilləri
öz milli ruhunu, milli varlığını bunca aydın dərk
eləyirsə, əlbəttə ki, burada bizim ana
kitabımızın yeri ən ucalardadır və o
bünövrə abidəmizə indi bu qədər sahibiksə,
bunun da əsas səbəbkarlarından biri, söz yox ki,
unudulmaz Həmid Araslıdır.
Həmid Araslıya Azərbaycan insanı çox
borcludur. O qədər borcludur ki, o insanı biz yalnız
ildönümündən-ildönümünə, hansısa
yuvarlaq tarixli yubileylərində qeyd etməməliyik. Onsuz da
belədir. Çünki Həmid Araslı müəllim
işləyib, Gəncəbasarda, Azərbaycanın müxtəlif
yerlərində dərs deyib və o örnək müəllimlərdəndir
ki, yetirmələri heç vaxt onu unutmayıb, daha artıq -
hətta dərs demədiyi insanların da müəlliminə
dönə bilib. Yazdığı dərsliklər onillərcə
məktəb-məktəb, kitabxana-kitabxana, ev-ev dolaşıb
və insanlar o kitabları oxuyaraq həm sinifdəki müəllimlərindən,
həm də bu kitabın səhifələrindən onlara
bilik ötürən ustaddan dərs alıblar - milləti
tanımaq, xalqı və yurdu sevmək, Azərbaycanın
müqəddəs irsi olanların qədrini bilmək dərsini.
Əslində Həmid Araslı o kitablara üz tutmuş, o
kitabları vərəqləmiş, o kitablardan yaxşı azərbaycanlı
olmağın dərslərini almış hər bir
insanın birbaşa müəllimidir.
...2024-cü ilin fevralında Həmid Araslının
115 yaşının bayramına gələnlərə hələ
mərasim başlanmamışdan unudulmaz alimin onun yolunu davam
etdiən ədəbiyyatşünas qızı Nüşabə
xanım fəxrlə danışırdı ki, Nizami muzeyi
1939-cu ilin sonlarında, 1940-cı illərin əvvəllərində
qurulmağa başlayanda bura ayağı ilk dəyənlərdən
olub. Hələ xırdaca uşaqmış. Evləri lap
yaxındaymış, muzeyin yanındakı indiki Fəvvarələr
bağının yuxarı hissəsində. Atası hərdən
əlindən yapışıb onu da bura gətirirmiş.
Deyir, anam həmişə gileylənirdi ki, ay Həmid, səhər
gedirsən, axşam toz-torpaq içərisində
qayıdırsan, elə bil heç alim yox, indi muzeydə təmir
işləri aparan fəhlələrdən, ustalardan birisən.
Səbəbsiz deyilmiş. Nizami muzeyinin ixtiyarına
verilmiş bina yenidən qurulurmuş, otaqlar
sökülür, birləşdirilir, genişləndirilir, gələcək
ekspozisiya üçün
uyğunlaşdırılırmış, beynində artıq
gələcək muzeyi canlandıran Həmid Araslı
inşaatçıların yanından əl çəkmir, zəruri
məsləhətlərini, tövsiyələrini verirmiş.
Evi ilə gələcək muzeyin arası vur-tut
üç-dörd dəqiqəlik yol idi və artıq muzeyin
elmi katibi vəzifəsinə təyin edilmiş Həmid təmir-yenidənqurma
işlərinin ən təcili şəkildə başa
çatdırılması tapşırığı
verildiyindən gecə-gündüz iş davam edən bu məkandan
heç aralanmaz, evə yalnız gecə düşəndən
sonra qayıdarmış.
Ondoqquzuncu yüzilin ortalarında tikilmiş həmin
bina ta XX əsrin əvvəllərinədək -
Bakının məşhur mehmanxanalarından birinə
çevrilənədək karvansara olmuşdu. Qismət elə
gətirdi ki, həmin binanın yenidən Azərbaycanın
yaşarı söz karvanının daimi məskən
saldığı bir Məbədə çevrilməsi,
söz karvanımızın ölməz sarbanlarının
qovuşduğu Ocağa dönməsi yolunda can qoyanların
önündə gedən də Həmid Araslı oldu. Odur ki,
bu nurlu insanın işığı və xatirəsi bir
zamanlar hər gün dəhlizləri ilə
addımladığı Nizami muzeyinin hafizəsindən
heç vaxt silinməz!
Həmid müəllimin 115 yaşının
tamamında onun məhrəm evində -- Nizami muzeyində
qurduğumuz məclisində ilk həmsöhbətim
yazıçı Anar olmuşdu. Çünki bu adın onun
özünün də, ata-anasının da ömründə
məxsusi yeri vardı. Həm də Həmid müəllimin
qurucularından olduğu Nizami muzeyi Anara bir başqa cəhətdən
də əzizdi ki, ali məktəbi bitirəndən sonra əmək
fəaliyyətinə bələdçi kimi burada
başlamışdı.
Anar müəllim o gün sözünə belə
başladı ki, çox illər qabaq Həmid müəllim
haqqında bir esse yazıb və sərlövhəsini də
"Ədəbi xəzinəmizin xəzinədarı"
qoyubmuş: "Doğrudan da Həmid müəllim minillik Azərbaycan
ədəbiyyatının ən dəyərli xəzinədarlarından,
bu ədəbiyyatın ən böyük tədqiqatçılarından
və ən cəsur qoruyucularından biri idi. Çünki bu
ədəbiyyatı tədqiq etmək, üzə
çıxarmaq, şərh eləmək, çap eləmək
bir şeydir, onu qorumaq, nadan hücumlarından, bəzən
siyasi donoslardan qorumaq başqa bir şeydir".
Həmid Araslının Azərbaycan ədəbiyyatı
və elmi tarixindəki xidmətlərini minnətdarlıq
hissi ilə xatırlamaqla yanaşı, Anar xeyirxah və nəcib
alimin şəxsən ona etdiyi yaxşılıqlardan söz
açdı: "Azərbaycan ədəbiyyatında mənim
ən çox sevdiyim əsər "Kitab-i Dədə
Qorqud"dur və bu əsəri də mən 14
yaşında ilk dəfə Həmid Araslının nəşr
etdiyi kitabdan oxudum. O kitabla tanış oldum və ömrüm
boyu Dədə Qorqud mənim həyatımı müşayiət
edir. Elə ilk oxunuşdan da mən "Kitab-i Dədə
Qorqud"u bir film kimi görürdüm. Nə dram əsəri,
nə opera, nə balet kimi yox, məhz kino kimi. Təbii,
bunların da hər biri ola bilər, olmalıdır da. Ancaq mənim
ilk oxunuşdan sonra ayrı-ayrı epizodları ilə xəyalımda
canlanan məhz dastanın kino şəkli idi. Çünki
orada çöllərin genişliyi, at yarışları,
dağlar döşündəki çadırlar, qızğın
döyüşlər, həmin yarıköçəri-yarıoturaq
həyat ekran təcəssümü tələb edirdi.
Bütün bunları nəzərə alaraq mən onillərlə
beynimdə, ürəyimdə gəzdirdiyim bu dastan əsasında
bir ssenari yazdım. Amma ssenarini təqdim edəndə
kinostudiyada elə birinci iradları bu oldu ki, axı "Kitab-i
Dədə Qorqud" pantürkist əsərdir.
Qayıtdım ki, vaxtilə bunu Mircəfər Bağırov
deyirdi, onu da güllələdilər. Ona görə də
indi bu abidəyə pantürkist əsər deyən yoxdur.
Sonra bir qorqudşünas - Allah ona rəhmət eləsin, xidmətləri
də var, danmaq insafsızlıq olar - düz 24 səhifəlik
bir məktub yazdı ki, bu ssenarini çəkmək olmaz,
çünki başdan-ayağa "Dədə Qorud"u təhrif
eləyən, yanlış anladan bir əsərdir. O
qorqudşünasın iradlarının hamısını deməyəcəm,
bir mülahizəsini desəm, məncə, qənaətlərinin,
bütövlükdə yazısının hansı səviyyədə
olması bilinər. O, iddia edirdi ki, "Dədə
Qorqud"dakı Beyrək əslində Babəkdir, ona görə
də filmdə Babək obrazını yaratmaq lazımdır.
Babəkin "Dədə Qorqud"a nə dəxli
olduğunu isə, yəqin, o alimin özündən başqa
heç kəs bilmirdi. Nə isə, filmin taleyi havadan
asılıb qalmışdı. Onda mən dedim ki, Azərbaycanda
"Dədə Qorqud"un ən böyük tədqiqatçısı,
naşiri, onu hamıdan yaxşı dərk eləyən Həmid
Araslıdır, ona verək, ssenarini oxuyub desə ki, yox, bu,
yaramır, mənim heç bir etirazım olmayacaq,
bütün zəhmətimi də halal edəcəyəm,
razılaşacağam ki, çəkilməsin. Təklifimi qəbul
etdilər, əlyazmanı Həmid müəllimə göndərdilər.
Həmid müəllim də oxuyaraq bir neçə səhifədə
mənim üçün son dərəcə dəyərli
olan müsbət bir rəy verdi, təsdiq etdi ki, film çəkilməlidir,
Anar dastanın ekran həllini doğru tapıb.
Film çəkilərkən biz Həmid müəllimi
baş məsləhətçi kimi təsdiq etdik, hazır
olanda filmə baxaraq ayrıca məqalə də yazdı. Onun
vəfatından sonra mən "Dədə Qorqud" ssenarimi
və povesti çap etdirəndə Nüşabə
xanımdan xahiş etdim ki, Həmid müəllimin arxivindən
o iki yazını - rəyi və məqaləni tapsın. Mən
də həmin yazıları müəllifi olduğum "Dədə
Qorqud"un bütün çaplarına önsöz kimi
qoydum".
Həmin gün Anar müəllim Həmid
Araslının araşdırıcı ömrü ilə
bağlı çoxlarına bəlli olmayan bir təfərrüatdan
da xəbər verdi.
Bizim Əhməd Şmide adlı qiymətli bir alimimiz
vardı. "Bizim" yazıram ona görə ki, Hans Piter
Şmide əsilcə alman, dincə xristian olsa da, xaçpərəstlikdən
imtina edərək müsəlmanlığı qəbul
etmişdi, məsləkinə sevgilərinin nəticəsi
olaraq adını da dəyişib Əhməd olmuşdu, həyatını
da dolduran ədəbiyyatımızın tədqiqi, tərcüməsi
və təbliği oldu. Onunla hələ tələbəlik
illərində unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin mənzilində
tanış olmuşduq, elə ilk görüşlərdəncə
hiss etmişdim ki, Əhməd Şmidedəki Azərbaycan,
türklük sevgisi sadəcə alim, yazıçı
marağı deyil, bir sufi eşqi kimi tükənməz
sevdadır. Bu gün Əhməd Şmidenin öz vəsiyyətiylə
arxivi də bizdə, Nizami muzeyində saxlanmaqdadır.
Anar müəllim həmin Araslı axşamında
Əhməd Şmideni yada salaraq söylədi ki, onunla
yazışırdı və məktublarından bəlli olur
ki, Həmid müəllimlə də dostmuşlar. Məktublarından
birində Əhməd Şmide Anara Həmid müəllimin
vaxtilə ondan etdiyi bir xahişdən yazır. Həmid müəllim
Əhməd Şmidedən rica edibmiş ki, sən Türkiyəyə
tez-tez gedirsən, orada Orxan Şaiqlə görüş, mənim
qardaşlıq salamlarımı yetir və de ki, "Dədə
Qorqud" bizim ümumi malımızdır, biz Dədə
Qorquddan qardaşıq. Ancaq onun orada yaza bildiyi müəyyən
mətləbləri mən burada yaza bilmirəm. Ona görə
məni tənqid edəndə unutmasın ki, biz "Dədə
Qorqud" qardaşlarıyıq.
öz yox, Həmid Araslının akademik olandan, Azərbaycan
elmi-ədəbi mühitində ən sanballı simalardan birinə
çevriləndən sonra da "Kitab-i Dədə
Qorqud"la bağlı bir para məsələləri ürəyi
istəyən kimi yaza bilməməsinin səbəbi ideoloji
çəpərlər, senzuranın varlığı,
köhnədənqalma qarayaxıcı düşüncə tərzinin
tam aradan getməməsi idi. Hətta 1980-ci illərdə də
"Dədə Qorqud" dastanlarına aludəliyi
pantürkizm kimi qələmə verməyə cəhd edən
nadürüstlər meydanda qalırdısa, belə
ehtiyatlılığın da, hər düşüncədən
keçən elmi həqiqətlərin də
açıqlığı ilə yazıla bilməməsinin
səbəbi aydın olur. İllah da çuxası
tüstülü, "Dədə Qorqud"a görə
vaxtilə bağı ağrımış Həmid Araslı
ola!
2024-cü ilin o qış günündə görkəmli
Azərbaycan aydını Anar 86 yaşında idi. Ancaq
danışdıqca sanki dönüb olmuşdu 22-23
yaşlı cavan bir oğlan. Axı indi bu xatirələrini
bölüşdüyü dəqiqələrdən 64 il əvvəl
o, elə həmin Nizami muzeyində hər gün işə gəlirdi,
hər gün direktoru Həmid Araslı ilə
görüşürdü, hər gün qurucusunun Həmid
müəllim olduğu zallarda tamaşaçıları gəzdirərək
onlara elə çoxusunu Həmid Araslının
kitablarından öyrəndiyi Azərbaycan ədəbiyyatı
hekayətlərini danışırdı...
...Həmid müəllimin kişiliyindən deyən
bu əhvalatı mənə yazıçı Ənvər Məmmədxanlının
bacısı Həbibə xanım danışıb.
Ömrünün son parçasında o, Azərbaycan
Televiziyasının Ədəbi-dram verilişləri
redaksiyasında çalışsa da, gənclik illərində
"Azərnəşr"də işləmişdi. 1930-50-ci
illərdə "Azərnəşr" sadəcə
kitabların nəşr edildiyi bir məkan deyildi. Burada mütəmadi
olaraq ciddi müzakirələr keçirilər,
respublikanın elmi-ədəbi qüvvələri toplanar,
ayrı-ayrı ədəbi əsərlərin gələcək
taleyindən tutmuş dərsliklərə qədər bir
çox ümdə məsələlərlə bağlı
həlledici qərarlar verərmişlər.
Mübahisələrlə ötən belə ciddi
qarşıdurmalı müzakirələrdən biri orta məktəblərin
ədəbiyyat dərsliklərinə həsr edilibmiş.
İştirakçıların əksəri Azərbaycanın
o çağlardakı ən tanınmış və
nüfuzlu ədəbiyyatşünasları, şair və
yazıçıları imiş, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsindən də nümayəndə
varmış.
Söhbət klassik şairlərdən hansını ədəbiyyat
dərsliklərinə daxil edib, hansıları tədrisdən
kənara qoymaqdan gedirmiş. Söz gəlib çıxır
Məhəmməd Füzulinin üstünə. Özü də
klassik ədəbiyyatla məşğul olan və bu sahədə
aparıcı mütəxəssislərdən sayılan M.M.
ayağa qalxır və hamının təəccübünə
rəğmən deyir ki, Füzulini orta məktəb dərsliklərinə
salıb uşaqların beynini yükləmək lazım
deyil. Onun yazdıqları uşaqların yaşından
böyük eşq-məhəbbət mövzusundadır, ancaq
bundan daha pisi odur ki, bu yaradıcılıq ideoloji səhətdən
bizə uyğun deyil. Füzuli Allahı, peyğəmbəri,
imamları tərənnüm edir, hökmdarların vəsfində
qəsidələr yazıb, bu isə kommunist əxlaqı və
dünyagörüşü ilə zidd olan məsələdir.
Dərin sükut çökür. Kimsə qalxıb etiraz etməyə
ürək eləmir. Çünki həmin
çıxışı edənin qarayaxalığına
yaxşı bələd olmalarından əlavə bu da
vardı ki, yuxarıdan gələn yüksək partiya
nümayəndəsinin yanında məfkurəsinin sosialist
dünyagörüşü ilə uyğun gəlmədiyi
iddia edilən şairi müdafiə etməyin düşər-düşməzi
ola bilərdi. Hələ Stalin də taxtında idi,
Bağırov da kürsüsündə oturmuşdu və 37
havası da yerində idi.
Həmin gün danışmağa, fikrini deməyə
əslində hamıdan daha ehtiyatla yanaşan Həmid
Araslı olmalı idi. Ancaq söhbət millət qeyrətindən
gedirdi. Daynmaq məqamı deyildi.
Həbibə xanım kövrələrək
xatırlayırdı ki, Həmid müəllim qalxdı
ayağa, rəngi ağarmışdı, dedi ki, axı
Füzulinin işinin-peşəsinin hökmdarları mədh
etmək olduğunu söyləyirsiniz, niyə onun tac sahiblərini
ifşa edən "Padişah-i mülk" qəsidəsini
unudursunuz, niyə sarayların riyakar təbiətini açan
"Şikayətnamə"sini nəzərə
almırsınız? Misal da çəkdi ki, axı bu sətirlər
Füzulinindir: "Padşah-i mülk dinari dirhəm
rüşvət verib, Fəth-i kişvər qılmağa eylər
mühəyya ləşkəri. Göstərən saətdə
dövran-i fələk bir inqilab, Həm özü fani olur, həm
ləşkəri, həm kişvəri". Əksinə, elə
bizim ideologiya baxımından yanaşanda burada
inqilabçılıq, etirazçılıq var,
haqsızlıqla barışmamaq var. Füzuli belə fikirləri
ilə də, saf məhəbbəti təsvir etməsi ilə
də bu gün gənc nəslin tərbiyəsində fayda verə
bilən böyük klassikimizdir, onun həyatı da,
yaradıcılığı da dərsliklərdə mütləq
yer almalıdır.
Həbibə xanım söyləyirdi ki, Həmid
müəllimin bu sözlərindən sonra başqaları da
cürətə gəldi, Füzulinin dərslikdən
çıxarılmasına yaranmış təhlükə
sovuşdu.
...Həmin müdhiş dövrdə Domokl
qılıncı başı üstündə daim
asılı olan Həmid Araslı o müzakirələr
gedişində səsini çıxarmasaydı da,
günün şərtlərini nəzərə alaraq bəlkə
də onu susqunluqda ittiham etmək heç düz olmazdı.
Onsuz da uçurumun lap qırağında idi. Dinməsəydi,
o gün o biri adamın dediyi keçsəydi, Füzuli dərsliklərdən
çıxarılsaydı nə olacaqdı? Yəqin,
ardınca eyni müsibət Nizaminin də, Nəsiminin də,
Vaqifin də başına gətiriləcəkdi. Uşaqlar məktəbə
gedəcəkdilər, başqa dərsliklərdən başqa
şeirləri oxuyacaq, babaları olaraq tam ayrı adları
tanıyacaqdılar, ayrı zövqün, ayrı
düşüncənin yiyəsi kimi böyüyəcəkdilər,
keçmişdəkilərdən fərqli azərbaycanlılar
olacaqdılar.
Həmid Araslınınsa vicdanı imkan vermirdi ki,
sussun. Dözə bilmirdi ki, millətin mayasına haram
qatsınlar. Desəm öldürərlər, deməsəm
ölləm məqamı idi.
Həmid Araslı ölərəmsə belə deməliyəm
qeyrətliliyi səmtə dönürdü.
Onu minnətdar xalqı necə unudar? Belə Vətən
yavrularını daim bağrımızın başında, məhəbbətlərimizdə
yaşatmasaq, biz sağlam millət ola bilərikmi?!
Həmid Araslının narahat və bəxtiyar
ömrü uzunu amalı millətin yaddaşını hifz etmək,
onu zədələrdən qorumaq oldu. Yolunu bir müəllim
olaraq başlamışdı, müəllim qalaraq sonacan da əqidəsində
sabitqədəm oldu və yadigar qoyduğu ən vacib dərslərdən
biri də bu oldu ki, millətin ruhuna doğru acı yellər əsəndə
özünüzə olan təhlükəni unudaraq
köksünüzü qabağa verin, daha əvvəl milləti
düşünün!
2 yanvar 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 8 yanvar(№2).- S.10-11.