İslam dünyasının elmi
irsini yaşadan kitabxanalar
Kitabxanalar keçmişi, bu günü, gələcəyi,
kitablar aləmini və insanların mənəvi
dünyasını birləşdirir, eyni zamanda öz yenilikləri
ilə elmi ictimaiyyət üçün həmişə əlamətdar
hadisədir. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının
ixtisaslaşdırılmış fondları arasında
zənginliyi ilə seçilən Şərq ədəbiyyatı
fonduna üz tutan alimlərimizə bu fondun ən dəyərli
nümunələrindən sayılan İslam
ensiklopediyalarının müxtəlif illərdəki nəşrləri
yaxşı tanışdır. İstər tarixçi olsun,
istər dilşünas, istər filosof və ya ədəbiyyatşünas,
fərqi yoxdur, tədqiqatçılarımızın ən
çox üz tutduğu, dəfələrlə müraciət
etdikləri bu qiymətli mənbələr azərbaycanşünaslıq
üçün də nüfuzlu elmi mənbələrdəndir.
Əsrin mədəniyyət sərvəti olan
İslam Ensiklopediyasını nəşr etdirərək
dini-mədəni məzmun və tarixi-faktoqrafik baxımdan bənzərsiz
olan bu əsəri cəmiyyətə əlçatan etmək
müqəddəs bir missiyadır. Bu qəbildən nəşrlərin
ərsəyə gəlməsində, xüsusilə Türk
dünyasında İslam mədəniyyətini, mənəvi-əxlaqi
dəyərləri elmi şəkildə öyrənən və
təbliğ edən İSAM-ın fəaliyyəti kifayət qədər geniş və
çoxşaxəlidir. İSAM bu istiqamətdə milli və
beynəlxalq elmi tədqiqat layihələrini, monoqrafik tədqiqatların
aparılmasını, ensiklopedik nəşrlərin, dərgi
topluların işıq üzü görməsini, bu qəbildən
biliklərin
populyarlaşdırılmasını dəstəkləyir.
Bundan əlavə, islam elmləri sahəsində elmi
araşdırmalara həsr olunmuş simpozium və konfranslar təşkil
edir. Yaxın Şərq, Orta Asiya, Balkanlar və Şimali
Afrikanı əhatə edən araşdırmaları ilə
Türk dünyası mədəni həyatına və
İslam araşdırmalarına töhfə verir. Türk və
İslam dünyasının tarixi irsinin müasir elmi metodlarla
araşdırlmasına üstünlük verir. Eyni zamanda bu
coğrafiyada sosial, mədəni və intellektual həyatda
baş verən dəyişiklikləri və inkişafı təmin
edir, ölkələr arasında elmi və akademik qurumlarla əlaqələri
təşviq edir.
İslam Araşdırmaları Mərkəzinin TDV
Kitabxanasına ehtiyac duyulan nəşrlərlə əlaqədar
rəsmi ianə müraciətinə və dəvətinə
cavab olaraq bu ilin 16-20 dekabr tarixində Türkiyənin
İstanbul şəhərinə ezamiyyətdə olduq.
Mərkəzdə bizi İSAM Kitabxanası və Sənədlər
üzrə menecer Mustafa Birol Ülker və həmkarları
qarşıladılar. M.B.Ülker İstanbul Universitetinin
Ədəbiyyat fakültəsinin Kitabxanaçılıq
bölümünün məzunudur və İslam
Araşdırmaları Mərkəzinin Kitabxana və Sənədlər
Müdirliyinə qədər müxtəlif səviyyələrdə
çalışmış təcrübəli bir mütəxəssisdir.
Öyrəndik ki, İSAM Kitabxanası uzun illərdir ki,
öz resursları ilə hazırladığı
avtomatlaşdırma proqramlarından istifadə edir. Mövcud
proqram təminatının günümüzün təhlükəsizlik
tələblərinə, proqram texnologiyası tələblərinə
və kitabxana-arxiv standartlarına uyğunlaşdırmaq
üçün transformasiya layihəsinə
başlanılıb. Hazırda layihənin üç mərhələsi
başa çatıb və dördüncü mərhələyə
start verilib.
Mustafa Birol Ülkerin müşayiəti ilə orada
yaradılmış xidmət sahələri, fondlar, oxu
zalları və digər şəhərciklərlə də
tanış olduq. Mərkəzin sorğusuna əsasən gətirdiyimiz
kitabların sərgisini və təqdimatını təşkil
etdik. AMEA Nəsimi adına Dilçilik İnstitutunun yenidən
nəşrə hazırladığı "Divanü
lüğat-it-Türk" (1-3-cü cildlər), "Türk
mənşəli arxaizmlər lüğəti",
"Fütuhüş-Şam", Əbdürrəhim Ərdəbili
Şirvaninin "Məzhər üt-Türki", "Nəsiminin
dilində işlənən onomastik vahidlərin izahlı
lüğəti" və digər kitabları
İstanbuldakı İSAM Kitabxanasına hədiyyə etdik.
Hədiyyə edilmiş kitab kolleksiyasına görə
Mustafa Birol Ülker Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti,
akademik İsa Həbibbəyliyə təşəkkür və
minnətdarlıq məktubu da təqdim etdi. Onu da qeyd edək
ki, İslam Tarix Sənət Və Mədəniyyət
Araşdırma Mərkəzinin (Research Centre For Islamic History,
Art and Culture - IRCICA) Kitabxana və Arxivlər Departamentində
(IRCICA) görüşlərimiz də əhəmiyyətli və
yaddaqalan oldu. 1980-ci ildə İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) törəmə təşkilatı olan IRCICA
çərçivəsində Kitabxana və Arxiv
Departamentinin yaradılması qərara alınıb. Kitabxana
2017-ci ildən etibarən İstanbulun tarixi yerlərindən
biri olan Cağaloğluda Ulu Porte kompleksi daxilində işlərini
davam etdirir. IRCICA Kitabxana və Arxivlər Departamenti müxtəlif
növ və formatlarda zəngin kolleksiyalarını, əsasən
tarix, coğrafiya, din, elm, fəlsəfə, incəsənət,
memarlıq və ədəbiyyat mövzularında
dünyanın hər yerindən istifadəçilərə
təqdim etməklə bu sahələrdə tədqiqat və
araşdırmalara dəstək verir. İslam mədəniyyəti
və sivilizasiyasına dair kolleksiyaları qorumaq, inkişaf
etdirmək və gələcək nəsillərə
ötürmək missiyası ilə cəmiyyətə xidmət
edir. IRCICA Kitabxana kolleksiyası çap kitab və jurnallarla
yanaşı, rəqəmsal daşıyıcılara
köçürülən nadir və əlyazma əsərlərdən,
müxtəlif formatlarda arxiv materiallarından (sənədlər,
audio-vizual materiallar, xəritələr və s.) ibarətdir.
Bu kitabxana dünyanın müxtəlif ölkələrində
mədəniyyət qurumları, universitetlər, incəsənət
dərnəkləri, eləcə də alim və tədqiqatçılar
arasında məlumat mübadiləsi və əməkdaşlıq
edir. Burada müşahidə etdiyimiz yeniliklər, istifadəçi
üçün açıq və əlverişli şəraitdə
yerləşdirilmiş fondlarda işin təşkili və
bütün bu gördüklərimiz təcrübəmiz
üçün faydalı oldu.
Növbəti görüşümüz Süleymaniyyə
Əlyazma Kitabxanasında oldu. İstanbulun Süleymaniyyə
rayonunda yerləşən bu kitabxana 1927-ci ildə
yaradılıb. Osmanlı dövründə əsası
qoyulan kitabxana mühüm İslam kolleksiyasına malikdir və
nadir əsərlərdən ibarətdir. Hazırda
Süleymaniyyə Kitabxanası türk-islam mədəniyyətinin
əsas qaynaqları olan ərəb hərfləri ilə
yazılmış əlyazma və köhnə çap əsərlərini
özündə cəmləşdirən, yerli və xarici tədqiqatçılara
beynəlxalq səviyyədə xidmət göstərən
bir qurumdur. Burada nəqqaşlıq, xəttatlıq,
miniatür kimi ənənəvi sənətlərin ən
yaxşı nümunələrini görmək
mümkündür. Bu əsərlər arasında dünyada
bənzəri olmayan nüsxələr və ya sultanlara həsr
olunmuş çox qiymətli əlyazmalar var. Elektron kataloqda
axtarış parametrləri beynəlxalq standartlar, Şərq
xalqlarına məxsus yerli milli bioqrafik tanıtma alqoritmləri
nəzərə alınıb. Kitabxanada əlyazmaların
qorunmasını təmin edən fiziki-kimyəvi, bioloji
xarakterli parametrlərin nəzərə
alındığı xüsusi mühafizə sistemləri təmin
edilib. Rəqəmsallaşdırma prosesləri xüsusi şərtlərlə
həyata keçirilir.
Kitabxanalardan aldığımız təəssüratlar
çox müsbət, səmərəli və perspektivlidir.
Çünki Türk dünyasında elmi-mədəni əlaqələrin
təməlində kitabxanalar kimi müəqəddəs bilik
məbədləri mövcuddur və onların
varlığı inkişafı, tanınması, yenilənməsi,
əlaqələrinin genişlənməsi
Türk dünyasının birliyinə gedən həm əski
həm də yeni salınan magistral yollardır. Bu yollarda
atdığımız bütün addamlar gələcəyimizə
hesablanıb.
Ezamiyyətimiz çərçivəsində gərəkli
və səmərəli görüşlərimiz Bəyazit
Dövlət Kitabxanasında davam etdi. Kitabxana yüksək
texnoloji əsaslarla oxucularının hər bir
ehtiyacını qarşılmağa hazır olan bir təşkilatdır.
1884-cü ildə əsası qoyulmuş kitabxananın tarixinə
dair məlumat aldıq, bir milyondan artıq kitab və digər
çap əsərləri, əlyazmalardan ibarət fondları
və təqdim etdiyi xidmətlərlə əyani
tanış olduq. Burada oxuculara nəzarət deyil,
sözün əsl mənasında mədəni və dinamik
biblioqrafik xidmət növlərinin təqdiminin şahidi
olduq.
Bütün bu proseslər və fondlar, iş prinsipləri
ilə bizi tanış edən, bizə geniş məlumat təqdim
edən IRCICA rəhbərliyi başda olmaqla, professor Cengiz
Tomar, Orhan Çolak və doktor Didar Bayır xanıma,
Türk Əlyazmalar Təşkilatı rəhbəri
Coşqun Yılmaz bəyə, Əlyazmalar və nadir əsərlər
şöbəsinin müdiri Hüseyin Kutan bəyə, Bəyazıt
Dovlət Kitabxanası ilə bu tanışlıq
üçün başqan Ramazan Minderə, Aysel xanıma, Van
Yüzüncü İl Universiteti Ədəbiyyat Fakültəsinin
Tarix Bölümü professoru Cavid Qasımova təşəkkür
edirik. Qardaş Türkiyənin yuxarıda adlarını
çəkdiyimiz və yığcam məlumatlarla kifayətləndiyimiz
kitabxanalarla qarşılıqlı informasiya mübadiləsinə,
rəqəmsallaşma və modernləşmə proseslərinin
texnoloji əsaslarının öyrənilməsinə və
səmərəli elmi əlaqələrə müsbət təsir
edəcək görüşlərimizin
reallaşmasını himayə edən Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə,
Nəsimi adına Dilçilik İnstitutu direktoru, professor
Nadir Məmmədliyə dərin təşəkkürümüzü
bildiririk.
Sevil ZÜLFÜQAROVA
AMEA Dilçilik İnstitutunun kitabxana müdiri
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.14.