Qəyyur Yunus
yaradıcılığının fərqliliyi və sehri
Ölkəmizin milli rəngkarlıq məktəbinin
inkişafına layiqli töhfələr bəxş etmiş
sənətkarlardan biri də Xalq rəssamı Qəyyur
Yunusdur. O, çağdaş rəssamlıq sənətimizin ən
layiqli nümayəndələrindən biridir.
Qəyyur Habil oğlu Yunusov 1948-ci ildə
Bakının Əmircan kəndində anadan olub. Dahi rəssam
Səttar Bəhlulzadə ilə qohumluq bağı var. Q.Yunus
lap kiçik yaşlarından rəssamlığa maraq
göstərib. Balaca vaxtlarından S.Bəhlulzadənin
emalatxanasına gedib-gəlib, dahi rəssamdan sənətin
sirlərini öyrənməyə başlayıb. Peşəkar
rəssamlıq təhsilini əvvəlcə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda,
daha sonra isə Tbilisi Rəssamlıq Akademiyasında alıb.
Rəssamın ölkəmizlə yanaşı, bir sıra
xarici dövlətlərdə fərdi sərgiləri təşkil
olunub. Q.Yunusun əsərləri ölkəmizin və
dünyanın başqa dövlətlərinin nüfuzlu muzeylərində
və şəxsi kolleksiyalarında saxlanılır.
İstedadlı rəssam bir sıra nüfuzlu mükafatlara və
medallara layiq görülüb.
Bir rəssamın yetişməsində, yetkinləşməsində
və püxtələşməsində onun doğulduğu
məkan, təhsil aldığı mühit əsas faktordur və
şübhə yox ki, bu amillər yaradıcı şəxsin
həyatında mühüm rol oynayır. Q.Yunus Avropa
yönümlü rəssamlıq təhsili alıb. Amma onun
yaradıcılığının ana xətti və əsas
qayəsi Şərq incəsənətindən, Azərbaycan
incəsənətinin ayrılmaz qolu olan Qacar üslubundan
qaynaqlanır və rəssamın yaratdığı bədii
sənət nümunələri bunu hər vəchlə
özündə ehtiva edir. Təbii ki, bu, rəssamın bədii
dünyagörüşündən və ömrü boyu
apardığı bədii müşahidələri əsasında
gəldiyi qənaətlərdən yaranıb. Rəssamın
özü bu barədə deyir: "Mənim bu istiqamətdə
işləməyim Tbilisidə təhsil aldığım illərdə
orada Qacarlar üslubunda yaradılmış sənət əsərləri
ilə tanışlığımdan başladı və bunun
mənim yaradıcılığıma böyük təsiri
oldu".
Rəngkarlıq ustası gördüklərini bədii
təxəyyülündən keçirməklə və
islam incəsənətinin əsas xüsusiyyətlərini
araşdırmaqla öz yaradcılıq manerasını zənginləşdirib
və sonda yaradıcılıq dəst-xəttini,
özünün bədii yaradıcılıq
cığırını formalaşdırıb.
Q.Yunusun əsərlərinə tamaşa edən zaman
sanki adam ayrı bir aləmə düşür. Sənətkarın
sirli tablolarında rəssamın bədii təxəyyülündən
süzülüb gələn obrazlar, nəsnələr, əsərin
ümumi ab-havası tamaşaçını öz
dünyasına çəkib aparır. Rəssamın
tablolalarında elə bil dərin mistika var.
Tamaşaçı sanki obrazların statik, dolğun, mənalı
və müəmmalı nəzərləri
qarşısında qeyri-ixtiyari olaraq fikirlərə dalır,
düşüncələrə qərq olur. Elə bil mənəvi
cəhətdən saflaşır, durulur. Fikrimcə, bu, rəssamın
elə əsl istəyinin, yaradıcılıq qüdrətinin
nəticəsidir. Q.Yunus yaratmış olduğu obrazlar - əsasən
də qadın obrazları timsalında ümumiləşmiş
Azəbaycan qadınının saf, ülvi, məhrəm
obrazını yaratmağı qarşısına məqsəd
qoyub və öz istəyinə uğurla nail ola bilib.
Rəssamın yaratdığı kompozisiyalarda məkan
tutqun tonlardadır. Bu, istər açıq, istərsə də
qapalı məkanda işlənilmiş tablolarda olsun, eyni ilə
belədir. Rəssamla Əmircanda yerləşən
yaradıcılıq emalatxanasında
görüşümüzdə onunla
apardığımız sənət söhbətləri adama
ayrı bir estetik zövq bəxş edir.
Qəyyur müəllimin minilliklərə söykənən
İslam incəsənəti, mənəvi dini dəyərlərimiz,
ölkəmizin zəngin incəsənət tarixi, rəssamlığın
hazırkı durumu, rəssamın fərdi
yaradıcılıq xüsusiyyətləri, onun rəssam kimi
missiyası və gələcək planları baradə
söhbətlərini dinlədikcə nə qədər kamil
və zəngin bədii təxəyyülə,
dünyagörüşə malik bir insanla, müdrik rəssamla
qarşı-qarşıya qaldığını dərk edirsən.
Rəssamın yaradıcılıq nümunələri
- təsvir edilən məkanlar və qəhrəmanlar ilk
baxışda sadə, cəlbedici, ovsunlayıcı
olmasına, tamaşaçıda xoş hisslər, duyğular
yaratmasına baxmayaraq, birdən adam özü də bilmədən
bu məkanda və qəhramanların içində -
süjetin alt qatlarında gizlənmiş, minilliklərdən
süzülüb gələn, dərin məna-məzmun
yükünə malik hadisələrin axırına
düşüb gedir, həmin aləmə qərq olur, tabloda
kilidlənmiş ilahi gözəlliklə qovuşur.
Q.Yunus yaradıcılığı, bədii
dünyagörüşü və sənət dünyası
haqqında, onun düşündürən və bədii
zövq aşılayan çoxsaylı tabloları haqqında
bir sıra sənətşünaslar, sənət adamları
yüksək fikirlər söyləyib, məqalələr
yazıblar. Bu yerdə sənətşünas Sara Nəzirovanın
rəssamın yaradıcılığı haqqında
yazmış olduğu: "Elə tablolar var ki, onlardan
insanlığın bir anı, yaxud müəyyən bir
zamanı baxır. Qəyyur Yunusun tablolarından isə
xalqımızın ən azı min illik mədəniyyəti
boylanır" - cümlələri yada düşür.
"Salam olsun o şəxsə ki, ruhunun qidası
gözəllikdir" - deyən Xalq rəssamı Qəyyur
Yunusun tablolarında əks olunan, minilliklərdən
süzülüb gələn işıq gələcək
dövrləri də sənət nuruyla aydınladacaq.
Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı, Azərbaycan
Rəssamlar İttifaqının üzvü
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.13.