Günəşin
qabağını kəsməyin!.. -
"Dünyanın necə olduğunu hamı bilir, mən
öz dünyamı çəkirəm"
Pablo Pikasso
Tanrı-Dünya-İnsan üçbucağında ən
zəif həlqə insandır. Bu üçlük qlobal
Qalaktikada insan yaşayan yer planetini "idarə edir". Və
min illərdir, bu idarəçilikdə hökmranlıq
uğrunda mübarizə gedir. İnsan dini, milləti və
dövləti yaratmaqla özünə təsəlli tapır.
Dünyanı, Milləti (etnosu) Yaradan deyir ki (onun əvəzinə
dörd "kitablı" - monoteist dini liderlər!), İnsanı mən
yaratmışam. Ümumiyyətlə, təkcə
İnsanı yox, təbiətdə mövcud olan canlı və
cansız varlıqları mən yaratmışam. İnsan isə
deyir, səni mən yaratmışam - uydurmuşam. Sən mənin
düşüncəmin məhsulusan, mən olmasaydım, sən
də mövcud olmazdın.
Alimlər bu fikirdədir, dünyanın 72 faiz sudan
ibarətdir. Tanrı da onun yaratdığı İnsan da suyun
içində yaşayır. İnsanın öz içi də
su ilə doludur. Günlərin bir günü Okeanlar birləşsə,
daşsa, yer kürəsi Qərq
olsa, necə olacaq?! Görəsən, din, millət, dövlət-ölkə,
sərhəd müharibəsi aparan dünya mənim deyən
insanlar heç bunu
düşünürmü?
Qlobal yanaşdıqda "Əzəmətlə səslənən"
(M.Qorki) İnsan nə qədər miskindir. Bəşər
övladı tarixin müxtəlif mərhələlərindən
keçib, insan tarixi yaradıb, tarix də insanı
formalaşdırıb. Çox zaman insan tarixdən
asılı olub, öz yaratdığının qulu olmaq kimi
acı bir tale yaşayıb. Fəqət, hər etnos öz
tarixi ilə tanınıb. "Kitablı dinlər"
yarananda onlar əvvəlcə tarixin "qarniri" funksiyası
daşıyıb. Sonra əməl təmələ xidmət
etməyib. İnam və iman adlanan iki psixoloji vaakkumda dövr
edib. Dinlər insanları tapındığı həqiqətlərdən
yayındırıb. Bəzən insan cəmiyyətində həqiqət
rəzalətlə əvəz olunub. Həqiqət rəzalətə
xidmət edib. Və dinlər bu prosesdə köməkçi
funksiyası daşıyıb. Allah anlayışı, saxta mənəvi
borc anlayışı, əzrayıl fenomeni, cənnət
eşqi (və ehtirası!), cəhənnəm qorxusu kimi
cürbəcür miflər tədricən İnsanı
psixoloji vahimə sferasına daxil edib. "Kim Allahdan çox
qorxursa, Allah onu çox sevir" məntiqi tezliklə hakim kəsilməyə
başlayıb. Mənim fəlsəfəm belədir: İnsan
yaşadığı cəmiyyətdən çox,
doğulduğu təbiətə bənzəyir. Cəmiyyətin
müəllifi İnsan, Təbiətin müəllifi
Tanrıdır. İnsan təbiətə üz çevirəndə
mənəvi rahatlıq tapır, cəmiyyətlə ünsiyyətdə
mənəvi gərginlik keçirir. Və ən
amansızı budur ki, İnsan öz nadanlığı
ucbatından əsrlər boyu Təbiətə
istehlakçı münasibət göstərib, ondan intiqam
alıb, təbiəti məhv etməsi ilə
öyünüb. Bu gün Təbiət insandan intiqam alır.
2024-cü il noyabrda Bakıda keçirilən COP29 təbiəti
qorumaq istəyinin, bəşəriyyətin doğma yer
planetindən nigarançılığının təzahürü
idi. Dünyanın təbii resurslarını qorumaq,
yaşıl enerjiyə keçmək dövrümüzün
qlobal çağırışıdır. Təbiətin,
kosmosun fəthi artıq təhlükəyə çevrilib, ərazinin,
dövlətlərin və sərhədlərin fəthi uzun əsrlər
boyu müharibəyə çevrildiyi kimi, təbiətin
amansız fəthi də fəlakətə aparır.
Günahkar heç də dinin dediyi kimi cin, şeytan deyil, məhz
İnsandır. İnsan həm qurucu, həm də
dağıdıcıdır. İnsan düşünmədən
öz yuvasını dağıdır. Sonra da kənarda
günahkar axtarır.
Bəşəriyyətin xilas yolu Sevgidədir - təbiəti,
bir-birini, zəhməti sevməkdədir. İnsanlar
arasından qaçmağa çalışan
qarşılıqlı Sevgini tutub saxlamaq lazımdır.
Torpağa hörmət lazımdır, qara torpaq həyat
mənbəyi - həm məskən, həm də mədfəndir.
Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki, mən də,
Sənin kimi idim, bu günə qaldım.
Bu rübaidə deyildiyi kimi, biz şəhid qanı
suvarılmış, şəhid bədənləri üzərində
yaranmış müqəddəs torpağın üzərində
gəzdiyimiz unutmamalıyıq.
Torpağı incitməyin,
Asta qazın qəbrimi.
Çiçəkləri əzməyin,
Daşda yazın səbrimi.
Bu dörd misra da mənim son
çağırışım, vəsiyyətimdir...
Elə bir zaman gəlib ki, İnsan böyük
sınaq qarşısındadır: xəstəliklər,
regional və lokal müharibələr, şaxələnmiş
dinlər - hamısı İnsan şəxsiyyətini əzir.
İnsan bütün təbii və süni fəlakətlərə
qarşı dayanmağı bacarmasa, bəşəriyyət məhv
olacaq. Öz tarixi və sosial mövcudluğunu qorumaq
üçün İnsanın əlində bircə silah var -
Mənəviyyat! Tarixin heç bir dövründə Mənəviyyat
bu qədər aktual olmayıb. Millətimizi - qədim
Türkü fəthdən - fəthə aparan iki amildən
biri - Cəsarət və Mənəviyyat
olub. Cəsarət, qəhrəmanlıq mənəviyyatdan -
"vətən əxlaqı"ndan (Z.Göyalp) güc
alıb. Türk ailəsi türk mənəviyyatının
bir institutudur. Onun əsasında Sevgi dayandığına
görə o möhtəşəmdir. Türk gəncliyi
ağsaqqala hörmət kultu ilə yetişib, şəxsiyyət
kimi formalaşıb, cəsur olub. Bu gün həmin kultu
texnokrat təsirlərdən, dini cəhalətdən qorumaq
lazım gəlir.
Ən qiymətli milli sərvətlərimiz - əxlaqi
sərvətlərdir. Əxlaqi sərvətlərin
başında "Vətən əxlaqı" dayanır.
Sevgi və hüquq olması Vətən əxlaqı da pozula
bilər. Hər günü bir ilə bərabər olan 44
günlük Vətən müharibəsinin böyük tarixi
Zəfərlə başa çatması məhz vətən əxlaqı
sayəsində mümkün oldu. Məhz Vətən əxlaqı
gənclərimizi cəsarətlə şəhidliyə
apardı.
Vətən əxlaqı insanın
varlığına müqəddəs Ana südü ilə
daxil olur. Bizim analar - türk xatunları zərif və gözəl
bellərində qılınc öz ərləri ilə bərabər,
vətən uğrunda qəhrəmanlıqla vuruşublar.
Bizim xanımlar ipəkdən yumşaq və poladdan kəskin
yaranmış və yaşamışlar. Son zamanlar sərhədlərin
açılması, "demokratiya" sayəsində
Avropadan sürətlə keçən şoular səbəbindən
mənəviyyatımız deportasiyaya uğramaqdadır. Gərək
özgənin arxasınca qaça-qaça,
özümüzü itirməyək.
Müasir tarix göstərir ki, indi biz öz yaşam
qaydalarını yaratmalıyıq. Avropa qaydaları aqressiya
ucbatından, özlərinin olmayan Xaçpərəstliyindən,
Doğma Şərq isə Xurafat, Cəhalət səbəbindən
bizə - Azərbaycana yaramır. Biz 44 günlük Vətən
müharibəsində xalqı Zəfər
döyüşünə aparan Mənəviyyat enerjisini
inkişaf etdirməli və gələcəkdə ona
tapınmalıyıq. Digər bir əsas yolunuzu Müzəffər
Ali Baş Komandan, Prezidentimiz, böyük diplomat İlham
Əliyev deyib: "Bizim ailəmiz Türk
dünyasıdır!"
Türk Dövlətləri Təşkilatının
(Mən ona "Turan" birliyi deyirəm!) səmərəli
fəaliyyəti bizi Vəhdətə - "Qızıl
almaya" doğru aparır. Biz
unutmamalıyıq, həmişə hər yerdə
qürurla deməliyik ki, Arxamızda Böyük Türk
Dünyası dayanır!
Mən həmişə Ulu Bilkə Kağanın
(673-732) vəsiyyətini yad edirəm: "Ey türk oğuz bəyləri!
Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə,
altdan yer dəlimədikcə, bil ki, türk ulusu, türk
yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su
kimi axıtdığn
qanına, dağlar kimi yığdığın
sümüyünə layiq ol! Ey ölməz türk ulusu,
özünə dön!"
Tarixdə qalmaq, idarəçiliyi əldə etmək
üçün "özünə dön"ən
vaxtımız yetişib...
Dünyanı iadər etmək missiyası türklərin
əlinə keçib. Bu, ədalətlə idarəetmə
olacaq. Onu çağdaş türk gəncliyi həyata
keçirəcək, bu gənclik "Ortaq türk əlifbası"
ilə dərs keçəcək. Bu
türkçülükdə böyük bir inqilab, uzun əsrlər
yaddaşlarda yatan Turan idealının dirilməsidir.
Böyük romantik şair - filosof Hüseyn Cavid
iftixarla demişdir:
Mən bir türkəm dinim, cinsim uludur
Sinəm, özüm atəş ilə doludur.
Ana dilimiz - türk dili bizi həmişə tarixdə
qouyub, türklüyümüzü öləziməyə
qoymayıb. "Xalqın tarixi və mənşəyi də
ilk növbədə onun dilinin tarixi və mənşəyindən
başlayır" (Elməddin Əlibəyzadə).
Böyük macar alimi A.Vameri isə belə zikr edib. "Millətləri
mühafizə edən qalalar, istehkamlar deyil, onların zəngin
dilləri və ədəbiyyatlarıdır". Mən ədəbiyyatla
məşğul olduğuma görə özümü bəxtəvər
hesab edirəm. Çünki bədii ədəbiyyat həm
dil, həm mənəviyyat, həm fəlsəfə, həm də
gözəllikdir. Ədəbiyyatla məşğul olduğum
50 il ərzində dərk etmişəm ki, ədəbiyyat elə
həyatdır, insandır. Dünyanın ən
böyük, ən cəsur, ən
ədalətli xalqı türk olduğu kimi dünyanın ən
böyük elm və ədəbiyyatı da türk ədəbiyyatıdır
- Nizami, Xaqani, Nəsimi, Füzuli, Mirzə Fətəli, Nəvai,
Bayğara, İbn Sina, Əl Fərabi, Əl Birunun, Mövlanə
Rumi, Yunus Əmrədir... türk ədəbiyyatını
İslam fanatizmindən xilas etmək lazımdır.
"Mövhumat bəşər nəslinin ən dəhşətli
düşmənidir" deyib böyük maarifçi filosof
F.Volter din əvəzinə gen-bol işlənən və tətbiq
edilən mövhumat, cəhalət xürafat tarixən
olduğu kimi bu gün də Azərbaycanda türkün yenilməz
ruhunu zəiflətməkdədir. Dünyanın böyük
adamları türklər barəsində çox dürlü
kəlmələr işlədiblər: "Tarixdən
türklər çıxarılarsa ortada tarix deyilən bir
şey qalmaz (Tritz Loymat).
"Mənə türklərdən təşkil
edilmiş bir ordu verin, dünyanı əsir
götürüm" (Napoleon).
"Türklər savaşmağa başlayarsa,
şeytanı cəhənnəmdə əsir götürər"
(Çingiz xan).
Mən qürur duyuram ki, belə bir cəsur və
qüdrətli millətin oğluyam. Əsas budur ki,
türkün varlığından mənəviyyat
ilqımlarının ritmini öləziməyə qoymayan,
arxayınlaşmaqla özünə güvənmək
arasında gözlə görünməyən bir məsafədir.
Türklər hiyləgər deyil, uşaq kimi təmiz və
sadədir, tez inanandır. Bunlar isə onu arxayınlasdıra
bilər...
"Türk balıqqulağının içindəki
mirvarini xatırladır, nə qədər ki, o öz
qınındadır, heç bir qiyməti yoxdur, lakin
balıqqulağının içindən çıxan kimi o
qiymətə minir, padşahların taclarını, şahzadə
xanımların boyun-boğazlarını və
qulaqlarını bəzəyir" (Turan
İmperiyasının banisi Alp Ər Tonqa).
Mirvarinin balıqqulağının içindən
çıxmaq zamanı yetişib, tarix diqqətlə onu
gözləyir. Başlıcası budur ki, həmin mirvarini
itirməyək, onu göz bəbəyimiz, ruhumuzun cövhəri
Alp ər Tonqa dediyi kimi qoruya bilək. Bu, Türk Dövlətləri
Təskilatının (TDT) başlıca vəzifəsidir.
"Ortaq türk əlifbası"nın çox
böyük gələcəyi var. Bu perspektivdə türklərin
- hazırda dünyada 40 adla yaşayan millətin
danışıqsız birləşməsi yoludur. Bu gen
birliyi, din birliyi, qan birliyi kimi güclü bir vəhdətdir
- Dil birliyi!
Bu dahilər, qəhrəmanlar yetişdirən bir oxu tərzi,
şəkli olacaq. Tanrı, İslam və Dünya münasibətlərində
Dil böyük rol oynayacaq. Müasir dünyanın ən
böyük problemi ünsiyyət problemidir. Sivilizasiyanın
birinci göstəricisi ünsiyyət mədəniyyətidir.
Ünsiyyət İnsan və Tanrı, İnsan və Cəmiyyət
arasında ən zəruri amildir. Təbiətlə ünsiyyət
İnsanı yaşadan ən vacib şərtdir Fəqət,
bu ünsiyyət doğru və dəqiq olmalı, İnsan təbiətə
istehlakçı münasibət bəsləməməlidir.
Təbiət bəşər övladının anası mənziləsindədir,
ananı isə yalnız sevmək lazımdır. Təəssüf
ki, müasir insan sirli-sehrli bir aləmdə yaşadığını
dərk edə bilmir. Mifdə oilduğu kimi Ana Təbiətdə
də hər şey nağıl kimidir. Təbiəti dərk
etməyə İnsanın ambisiyaları maneə olur, torpaq,
hakimiyyət, şöhrət, sərvət hərisliyi!
İnsan - bu əzəmətli varlıq getdikcə daha
çox əşyalardan asılı olur. Qəribədir,
bizim insanlar öz müasirlərinıə, vəzifəsinə,
sərvətinə görə dəyər verir. Şəxsən
mənim üçün pulla alına bilən şeylərin
heç bir dəyəri yoxdur: insan sərvətinə və
hakimiyyətinə görə yox, fiziki və mənəvi
gözəlliyinə, ləyaqət və şəxsiyyətinə
görə qiymətlidir. Bir gün dünya fatehi İskəndər
çəlləkdə yaşayan filosof Diogenin yanına gəlib
deyir: Mən İskəndərəm, sənin
üçün nə edə bilərəm?! Filosof ona deyir: -
Günəşin qabağını kəsmə, bir az yana
çəkil.
Günəşin qabağını kəsməyin
insanlar. Çünki "Həpimiz bir günəşin zərrəsiyiz"
(A.Şaiq).
Nizaməddin ŞƏMSİZADƏ
Dövlət mükafatı laureatı, Əməkdar
elm xadimi
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.10.