Musiqi sərhəd tanımır
Dekabr ayında, ilin xatirələrə dönən
çağında, Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyası qapılarını geniş açaraq,
yeni ulduzların parladığı bir məkana çevrildi.
Bu möhtəşəm ocaq, musiqi sənətinin sehrinə
bürünərək, gənc istedadların səsini
ucaltdı və onların bacarıqlarını musiqi
dünyasına təqdim etdi. Akademiyanın divarları boyunca
səslənən hər bir melodiya, sanki yeni bir dövrün
başlanğıcını müjdələyir, gələcəyin
musiqiçilərinin doğulmasına şahidlik edirdi.
Bu günlərdə Akademiya müxtəlif ölkələrdən
və şəhərlərdən gəlmiş gənc
ifaçıların bir araya topladığı
yaradıcı məkana çevrilərək, musiqi
bayramına ev sahibliyi etdi. Hər bir çıxış,
sanki qış axşamını isidən ilham
işığı kimi salonda əks-səda doğururdu. Bu tədbir,
musiqiyə olan sevginin sərhəd
tanımadığını və gənc musiqiçilərin
istedadlarının həqiqi sənətə çevrildiyini
bir daha sübut etdi.
2024-cü il 22-24 dekabr tarixlərində burada ilham və
yaradıcılıq ab-havası hökm sürdü - VII Beynəlxalq
"World Harmony" müsabiqəsi keçirildi. Akademiya, gənc
musiqiçilərin səsi ilə ucalan canlı orkestrə
çevrildi və paytaxta musiqi və incəsənət
bayramı bəxş etdi. "World Harmony" müsabiqəsi
yalnız istedadların nümayişi üçün bir
platforma deyil, həm də bir çox gənc musiqiçinin
peşəkar inkişaf yolunda mühüm addım oldu.
"World Harmony" müsabiqəsi bu tədbirdə
iştirak edən hər kəsin qəlbində dərin iz
buraxaraq, gənc ifaçılar üçün yeni
üfüqlər açan əlamətdar bir hadisəyə
çevrildi. Müsabiqənin yüksək səviyyədə
təşkil olunması, hər mərhələnin
düşünülmüş şəkildə həyata
keçirilməsi və iştirakçılara göstərilən
diqqət xüsusilə qeyd olunur ki, bu da onların
potensialını tam şəkildə üzə
çıxarmaq üçün rahat şərait yaratdı.
Geniş ictimaiyyətin və mütəxəssislərin
diqqətini cəlb edən müsabiqə yüksək səviyyədə
təşkil olunmuşdu. Münsiflər heyətinin tərkibinə
musiqi mədəniyyətinin görkəmli nümayəndələri
daxil idilər. Onların yaradıcılığı və
peşəkar nüfuzu öz ölkələrinin sərhədlərini
aşaraq beynəlxalq aləmdə tanınırdı.
Onların arasında müsabiqənin sədri -
SSRİ-nın və Azərbaycanın Xalq artisti, Bakı
Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
də yer alırdı. Onun adı uzun illərdir ki, Azərbaycan
musiqi sənətinin və təhsilinin rəmzinə
çevrilib. Münsiflər heyətinin həmsədri
Bakı Musiqi Akademiyasının tədris işləri üzrə
prorektoru, Əməkdar müəllim, professor Nərminə
Quliyeva idi. O, musiqi sənətinin və təhsilinin
inkişafına verdiyi töhfələr və görkəmli
pedaqoji nailiyyətləri ilə tanınır.
Azərbaycan nümayəndələri ilə yanaşı,
münsiflər heyətinin tərkibində zəngin təcrübəyə
və geniş coğrafiyaya malik beynəlxalq ekspertlər də
yer almışdılar. Onların arasında "Harmoniya"
Gürcü Folkloru və Klassik Musiqinin İnkişafı
İttifaqının sədri, professor Tsinino
Biçikaşvili xüsusilə seçilirdi. O, gənc
istedadların inkişafı və milli musiqi mədəniyyətinin
dünya arenasında tanıdılması istiqamətində fəal
çalışır. Münsiflər heyətinin digər
üzvü Başqırdıstanın Əməkdar incəsənət
xadimi, A.Şnitke adına Moskva Dövlət Musiqi
İnstitutunun fortepiano sənətinin kafedra müdiri, sənətşünaslıq
namizədi, professor, tanınmış pianoçu və
pedaqoq Rustam Şayxutdinov idi. Litvadan olan professor Deyvidas Staponkus
müsabiqəyə müxtəlif yaş qruplarından olan
musiqiçilərlə iş təcrübəsini gətirmişdi.
Vilnüs və Kosta-Rika Musiqi Akademiyalarını təmsil edən
Ala Bendoraytiene öz pedaqoji nailiyyətləri və uğurlu
beynəlxalq layihələri ilə tanınır. Münsiflər
heyətində həmçinin Türkiyədən
tanınmış violin ifaçısı və pedaqoq, beynəlxalq
musiqi festivalları və müsabiqələrində fəal
iştirak edən Bilgütay Öztürk də yer
alırdı. Bu cür ulduzlardan ibarət münsiflər heyəti
iştirakçıların
çıxışlarının yüksək səviyyədə
qiymətləndirilməsini təmin edirdi. Nüfuzlu
musiqiçilərin iştirakı müsabiqənin əhəmiyyətini
daha da artırırdı. Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti
də müsabiqənin keçirilməsinə mühüm
töhfə verərək tədbirin yüksək səviyyədə
təşkilində fəal rol oynadılar.
Müsabiqə çərçivəsində
ifaçılıq sənətinin əsas istiqamətlərini
əhatə edən səkkiz nominasiya təqdim olunmuşdu ki,
bu da musiqi mədəniyyətinin müxtəlifliyini və zənginliyini
əks etdirirdi. İştirakçılar fortepiano, simli və
nəfəsli alətlərdə ifaçılıq
bacarıqlarını nümayiş etdirmiş, dirijorluq,
konsertmeyster sinfi, ümumi fortepiano, kamera ansamblı və xor sənəti
üzrə nominasiyalarda yarışdılar. Onlar yaş
kateqoriyalarına bölünərək iştirak etdilər
ki, bu da bütün iştirakçılar üçün bərabər
şərait yaratmış oldu.
Müsabiqə eyni vaxtda dörd fərqli məkanda
böyük uğurla keçirildi: parlaq
çıxışlara şahidlik edən BMA-nın möhtəşəm
Böyük zalı və Kiçik zalı, yaradıcı
atmosferi ilə seçilən Tədris-məşğələ
zalı və Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin Konsert zalında.
Nominasiyaların geniş spektri musiqi
ifaçılığının demək olar ki,
bütün əsas sahələrini əhatə edərək,
həm solistlərə, həm də kollektivlərə
özlərini göstərmək imkanı verdi. Hər bir
nominasiya iştirakçılara öz fərdi
bacarıqlarını nümayiş etdirməklə
yanaşı, ifaçılıq texnikası, artistizm, ansambl
duyumu və səhnə mədəniyyəti kimi vacib keyfiyyətlərin
inkişafına da təsir göstərdi. Xüsusilə,
kamera ansamblı və xor sənəti nominasiyaları
iştirakçılara kollektiv iş bacarıqlarını
nümayiş etdirmək imkanı yaratdı ki, bu da peşəkar
musiqiçinin formalaşmasında mühüm rol oynayır.
Bu yanaşma sayəsində müsabiqə gənc
musiqiçilərə ifaçılıq sənətinin
müxtəlif istiqamətlərində özlərini
sınamaq və yeni təcrübə qazanmaq imkanı
yaratdı.
Üç gün ərzində Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası gənc
ifaçıların ilham dolu
çıxışlarının sədaları ilə doldu.
Hər bir iştirakçı öz istedadının ən
parlaq cəhətlərini üzə çıxarmağa
çalışırdı. Müsabiqə dinləmələri
musiqi bayramına çevrilərək,
iştirakçıların yüksək hazırlıq səviyyəsini
və incəsənətə olan səmimi sevgisini
nümayiş etdirdi.
Münsiflər heyətinin qarşısında çətin
və məsuliyyətli bir vəzifə dururdu -
çoxsaylı istedadlı musiqiçilər arasından ən
parlaq və layiqli olanları seçmək. Bu seçim təkcə
peşəkarlıq deyil, eyni zamanda musiqi sənətinin dərin
anlayışını, incə dinləmə qabiliyyətini
və obyektivliyi tələb edirdi. Münsiflər heyəti
yüksək peşəkarlıq və diqqət
nümayiş etdirərək seçim prosesini ədalətli
və yüksək səviyyədə həyata keçirdi.
Münsiflər heyətinin işində xüsusi rol
müsabiqənin həmsədri, professor Nərminə
Quliyevaya məxsus idi. Onun ustalığı, təcrübəsi
və musiqiyə olan həssas yanaşması müsabiqənin
uğurla keçirilməsinə əvəzsiz töhfə
verdi. Nərminə Quliyeva təkcə
iştirakçıları deyil, həm də həmkarlarını
ruhlandıraraq, gənc ifaçıların
yaradıcılıq potensialını üzə
çıxarmaq üçün zəruri olan dəstək və
etimad atmosferi yaratdı. O, yalnız müsabiqənin həmsədri
kimi deyil, həm də təşkilati məsələlərin
bütün spektrini öz üzərinə götürərək,
tədbirin hazırlanması və keçirilməsində əsas
rol oynadı. Onun iştirakı ilk dəqiqələrdən
hiss olunurdu - istər jüri və
iştirakçıların səmimi və qonaqpərvərliklə
qarşılanmasında, istərsə də müsabiqənin
bütün mərhələlərinin dəqiq
koordinasiyasında. Professor Nərminə Quliyevanın detallara
verdiyi diqqət sayəsində müsabiqə yüksək səviyyədə
keçdi və bütün iştirakçılar və
tamaşaçılar üçün unudulmaz təəssüratlar
buraxdı.
24 dekabr 2024-cü il tarixində isə Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında VII Beynəlxalq
"World Harmony" müsabiqəsinin təntənəli
bağlanış mərasimi keçirildi. Nərminə
Quliyeva çıxış edərək bu mötəbər
tədbirin əhəmiyyətindən və gənc
musiqiçilər üçün yaratdığı
geniş imkanlardan danışdı. O, müxtəlif nominasiya
və yaş kateqoriyalarında keçirilən müsabiqənin
uğurla başa çatdığını vurğuladı.
Çıxışı zamanı professor N.Quliyeva müsabiqədə
ənənəvi nominasiyalardan əlavə, fortepiano, simli və
nəfəsli alətlər, konsertmeyster sinfi, xor-dirijorluq
sinfi, ümumi fortepiano və kamera ansamblı kimi yeni nominasiyaların
əlavə olunmasının mühüm yenilik olduğunu
qeyd etdi. Professor N.Quliyeva bu yeniliklərin "World Harmony"
beynəlxalq müsabiqəsinin tarixində xüsusi yer
tutduğunu və belə miqyaslı bir tədbirin məhz Azərbaycanda
keçirilməsinin qürurverici olduğunu bildirdi. O, tədbirin
yüksək səviyyədə təşkil olunmasında Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyinə,
xüsusilə Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinə, əməyi keçən hər kəsə
minnətdarlığını ifadə edərək,
müsabiqənin uğurla başa çatmasını
yüksək qiymətləndirdi.
Nərminə Quliyeva həmçinin gənc
istedadların üzə çıxarılmasında və
onların inkişafında bu müsabiqənin əhəmiyyətini
xüsusi vurğuladı. O, qalib ifaçıları səmimi
şəkildə təbrik edərək, onlara yeni
yaradıcılıq uğurları və musiqi
karyeralarında daha böyük zirvələr fəth etməyi
arzuladı.
Nərminə xanım çıxışını
yekunlaşdırdıqdan sonra söz beynəlxalq münsiflər
heyətinin üzvlərinə verildi - professorlar Tsinino
Biçikaşvili, Ala Bendoraitiene və Rustam Şayxutdinov
müsabiqənin yüksək səviyyədə təşkil
olunduğunu xüsusi vurğuladılar. Onlar tədbirin gənc
musiqiçilərin inkişafına verdiyi töhfədən
məmnun qaldıqlarını bildirdilər və
iştirakçılara gələcək
yaradıcılıq fəaliyyətlərində yeni
uğurlar arzuladılar.
Mərasimin rəsmi hissəsindən sonra qaliblərin
iştirakı ilə yüksək əhval-ruhiyyəli qala
konsert keçirildi. Bu konsert müsabiqənin parlaq finalı
oldu, iştirakçılar bir daha səhnədə
istedadlarını nümayiş etdirərək
tamaşaçılara gözəl anlar yaşatdılar. VII
Beynəlxalq "World Harmony" müsabiqəsi bir daha
göstərdi ki, Bakı Musiqi Akademiyası regionda
istedadlı gənclərin inkişafına və musiqi mədəniyyətinin
yüksəlməsinə mühüm töhfə verən
aparıcı təhsil və mədəniyyət mərkəzlərindən
biridir.
Mükafatlandırma mərasimində müsabiqə
iştirakçıları diplomlar və sertifikatlar ilə təltif
olundu. Mükafat alanlar arasında həm yerli, həm də gənc
xarici ifaçılar yer aldı.
"World Harmony" müsabiqəsi yalnız
yaradıcılıq yarışması deyildi, o, müxtəlif
yaş qruplarından və ölkələrdən olan
musiqiçiləri bir araya gətirərək, onları yeni
zirvələrə ruhlandırdı. Bu tədbir,
musiqiçilər arasında dostluq əlaqələrinin
yaranmasına və yeni əməkdaşlıqların
qurulmasına şərait yaratdı. "World Harmony" bir
daha sübut etdi ki, musiqi sərhədləri aşaraq
insanları birləşdirir və yeni nəsil
ifaçılar üçün geniş imkanlar
açır.
Biz inanırıq ki, "World Harmony" müsabiqəsi
gələcəkdə də musiqi mədəniyyətinin
inkişafına töhfə verməyə davam edəcək,
gənc istedadların üzə çıxarılması və
dəstəklənməsi üçün mühüm bir
platforma olaraq qalacaq. Bu müsabiqə daha çox
musiqiçini bir araya gətirərək onların
yaradıcılıq potensialını genişləndirmək
və peşəkar inkişafına təkan vermək
missiyasını uğurla yerinə yetirəcək.
Könül NƏSİROVA
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
"Musiqi nəzəriyyəsi" kafedrasının
müdiri, Əməkdar müəllim, professor
525-ci qəzet .- 2025.- 10 yanvar(№4).- S.12.