Qərbi Azərbaycanın
tarixi Pəmbək mahalının Arçut kəndi haqda nə
bilirik?
Coğrafi relyefindən irəli gələrək
Arçut kəndində "Dərə və çay"
sivilizasiyası mövcud olub. Dərəboyu yerləşən
komlar, daxmalar bunu deməyə əsas verir. Çay, dərə
və ağac kəndin toponiminin ("topos" - yunanca yer)
formalaşmasında bir məkan və vasitə kimi
mühüm rol oynayıb. Bu aspektdə onu da vurğulamaq yerinə
düşər ki, Arçut kəndində iki köhnə qəbiristanlıq
çaya yaxındır. İlk sivilizasiyalarda, onun
formalarında adətən qəbiristanlıq
yaşayış məskənlərinə yaxın olur.
Ardıcdakı ilk yaşayış məskənləri də
qəbiristanlıqla çay arasındakı dərə boyu
uzanıb. Məscid də çaya yaxın olub. Bu da onu deməyə
əsas verir ki, Çay ətrafı yaşayış məskənləri
Ardıc sivilizasiyasının əsaslarını
özündə əks etdirir. Kəndin adının meydana gəlməsi
əsaslarını özündə ehtiva edir. Məscidin
yanı sonralar kəndin mərkəzi hissəsindən biri
hesab olunub. Kənd getdikcə ətraflara doğru
böyüyüb. Kənddəki elementlər - çay və
meşə predmetləri, kəndin toponiminin (hidronim və
drinonimin birləşməsi) formalaşmasında mühüm
rol oynayıb.
Arçut adının kökündəki
"Arça" sözü leksik baxımdan türk
xalqlarının dilində həmin sözlə eyni məna kəsb
edərək, sinonim söz kimi istifadə olunan "Ardıc
ağacı" deməkdir. "Ut" isə müstəqil
məna kəsb edən Yurd, yaxud da Rut(d)-farsca-çay,
sözlərinin Arça sözünə birləşməsindən
yaranan şəkilçi, məkan şəkilçisi rolunu
ifadə edir. Yurt, yaxud da rut isimi Arça üçün
sözdüzəldən leksik şəkilçiyə
dönüb. Bu baxımdan da qeyd etmək yerinə düşər
ki, Arçut sözü tam leksik mənası və mənşəyi
ilə Arçarut (Ardıc çayı), yaxud da Arçayurt
(Ardıc ağaclarının məskəni, Ardıc meşəsi)
deməkdir. Mürəkkəb sözlərdir. Söz birləşmələridir.
Hal-hazırda Arçut müstəqil və sadə
isim (isimdən düzələn isim) kimi ifadə olunur.
Məlumdur ki, hər bir məhlənin, kəndin, qəsəbənin,
şəhərin, bölgənin, zonanın, ərazinin,
çayın, gölün, dəniz və okeanların, eləcə
də ölkənin
adının, ümumiyyətlə, bütün toponimlərin
(yer və onun adının)
leksik mənası, yəni ilkin ifadə, kök və
söykənəcək mənası, məzmunu həmin məskənin coğrafi
şəraitinə, coğrafi varlığına, coğrafi
xüsusiyyətlərinə, iqlim şərtlərinə və
subyektlərə, obyektlərə
söykənir. Xalqın, şəxsin, nəslin, tayfanın,
fərdin adı ilə də toponim meydana gəlir. Ad ada şərt
olur, səbəb verir. Məsələn, Arçutda "Məşədilərin
yurdu (binəsi)", "Qolgödəyin yalı" və
s. şəklində adlanan toponimlər, söz birləşmələri
mövcuddur. Eləcə də toponim adlar təbiət hadisələri
ilə, həmçinin cəmiyyətdə baş vermiş
hadisələrlə də əlaqələndirilir. Məsələn, Arçuta
yaxın ərazidə "Hüseyn ölən
qılıc", kəndin yaylağında "Hənfətoylan"
deyilən toponim var. Həyatda mübariz olan, şücaət
göstərən, qəhrəmanlıq edən, mühüm
xidmətləri olan şəxslərin, o cümlədən,
el-oba rəhbərlərinin, liderlərinin adları da müəyyən
məkanlara, obyektlərə həkk olunur. Bu aspektdə bir
faktı qeyd edə bilərik ki, Arçutda "Xan Vəlinin
çökəyi" deyilən yer var. Şəxsi adlarla
bağlı toponimlərə antrotoponim deyilir. Belə faktlar
çoxluq təşkil edir. Toponim tarixin müəyyən
olunmasında baza elementlər kimi çıxış edir.
Leksik məna əsas mənbədir və adın baza xassələrini
özündə ifadə edir. Diqqəti tarixə yönəldir,
mənsubiyyəti təsdiqlədir. Yaşayış və
qeyri-yaşayış məskənlərinin adları
yazılı və şifahi olur. Yazılı adlar daha
çox inzibati əsaslıdır. Şifahi adlar isə deyimlərdə
əks olunur. İnzibati xassə almaya bilər. İnzibati
formaya düşmüş adlar yerli xəritələrdə əksini
tapa bilir. Hər bir məkana, yaşayış məskəninin
ətrafındakı məkanlara (dağlara, yamaclara,
bataqlıqlara, çaylara, gölməçələrə,
şəlalələrə, düzənliklərə və
enişlərə, yoxuşlara, yamaclara və s.) verilən
adlar böyük və kiçik xəritələrdə,
inzibati dəftərlərdə qeyd olunur. Məsələn,
Ardıc çayı rəsmən Arçut çayı kimi
regionun topoqrafik xəritəsində var. Pəmbək
çayının qolu kimi xəritədə öz əksini
tapır. Adlar topoqrafik (kartoqrafik) xəritələrdə (iri
miqyasda tərtib olunan coğrafi xəritələrdə), eləcə
də ümumcoğrafi xəritələrdə, müxtəlif
miqyaslarda əksini tapır. Toponimikaya görə, makrotoponim
(böyük coğrafi adlar) və mikrotoponim (kiçik
coğrafi adlar) deyilən yanaşmalar var. Xəritələri
də bu kimi tiplərə, növlərə ayırmaq olar.
Arçut kəndi Qərbi Azərbaycanda tarixi Pəmbək
mahalında yerləşir. 1988-ci ilin dekabr ayının 11-15
aralığına qədər təmiz azərbaycanlıların
yaşadığı kənd olub. Kənddə yalnız iki
qardaşdan ibarət olan bir erməni tayfası yaşayıb.
Onlar da azərbaycanlılara assimilyasiya olublar və Azərbaycan
dilində təhsil alıblar, müsəlmançılığı
qəbul ediblər. Azərbaycanlıların adət-ənənələri
ilə həyat sürüblər. Müsəlman dininin adət-ənənələri
ilə yaşayıblar. Onlar da azərbaycanlılar kimi 1988-ci
ilin dekabrında kəndi tərk etmək məcburiyyəti ilə
üzləşiblər, deportasiyaya məruz qalıblar.
Arçutun tarixi çoxəsrlikdir. İlk məskən
haqqında hələlik dəqiq məlumat yoxdur. Geniş
araşdırma tələb edir. Lakin tarixdə belə bir fakt
var ki, 12-ci Osmanlı Padşahı III Muradın (doğum
tarixi 1546; ölüm tarixi 1595) dövründə Loru Bəylərbəyliyi
üç sancağa ayrılıb. Pəmbək
sancağının kəndlərindən, yaşayış məskənlərindən
biri də Güneyli Arçut Yenicə olub. Məlumdur ki, bu
dövrə qədər Pəmbək zonası Səfəvilərin
nəzarətində olub. 1590-cı ildə imzalanmış
İstanbul müqaviləsi ilə Osmanlı
imperiyasının tərkibinə daxil olub. Tarixdə o da var
ki, 1728-ci ildə Osmanlılar bu dörd vilayəti birləşdirərək
Tiflis əyaləti adlandırıblar.
Tiflis əyalətində tərəkəmələrin
(qarapapaq türklərinin) yaşadıqları yerlərdən
biri də Pəmbək ərazisi idi. Arçutda qarapapaq
türklərinin məskunlaşması da adi bir hal idi. Kənd
haqqında tarixi faktlar çoxdur. Belə bir statistik məlumat
var ki, 1831-ci ildə kənddə 137 nəfər azərbaycanlı
yaşayıb. O tarixi faktlar da mövcuddur ki, ermənilər
özləri də etiraf edirlər ki, səlcuqların Pəmbək
zonasında mövcudluğu orta əsrlərə gedib
çıxır. Arçutun yerləşdiyi Pəmbək
zonası qarapapaq türklərinin məskunlaşma
coğrafiyası ilə də bağlıdır. Tarixdə
belə bir qeyd də var ki, 1828-ci ildə imzalanan Türkmənçay
müqaviləsindən sonra Gürcüstan və Ermənistan
sərhəddi boyunca məskunlaşan qarapapaqların bir hissəsi
Qacar imperiyasına, bir hissəsi isə Osmanlı
imperiyasına köç edib. Sonradan öz doğma
yurdlarına geri qayıdanlar da olub. Bu tarixi faktlar onu deyir ki,
Qarapapaq türklərinin yayıldığı coğrafiyada
yerləşən Arçut kəndi bir-birini əvəzləyən
köçlə üzləşib. XX əsrin əvvəllərində
də kənd kütləvi şəkildə Osmanlı
dövlətinin Qars bölgəsinə köç
etmişdir və bu gün də kəndin bir qolu Türkiyədə
yaşamaqdadır.
Araşdırma nəticəsində məlum olub ki,
Arçut və Ardıc adlarında Qafqazda bu kimi
yaşayış məskənləri var: Pəmbək
Mahalında yerləşən Arçut kəndi;
Laçın rayonundakı Arduşlu (Ardıclı) kəndi;
Quba rayonunda Ördüc (Ardıc) kəndi; Qusar rayonunda
Arçan (Ardıc məkanı) kəndi; Dağıstanda
Arçutta (Arçut) kəndi. Türkiyənin Girəsun
ilində Ardıç kəndi var. Belə adda daha bir kənd
də Tunceli ilinin Pertek ilçəsində də
mövcuddur. Sadalanan bu kəndlərin toponimikası ardıc
ağacı ilə bağlıdır.
Erməni dilinin ziddiyyəti nədən ibarətdir:
Erməni dilində Arçut sözünün kökündəki
"Arç" sözü "ayı" mənasını
verir. Arçuk isə ayı balasıdır. Lakin "ut"
sözü onlarda daha çox səkkiz ədədinə verilən
addır. Müstəqil sadə isim kimi səkkiz rəqəmini
ifadə edir. Bu da Arçut sözünün mənasının
erməni variantında ziddiyyətləri ortaya qoyur.
Çaşqınlıq yaradır. Əgər erməni dilində
bu, yəni Arçut adı "səkkiz ayı" mənasını
ifadə edirsə, onda sözdə ədəd birinci gəlməlidir.
"Arçut" sözü "Utarç"
yazılmalıdır. Erməni dilində məkanı bildirən
sözlər daha çox -kert (Mardakert, Stepanakert və s.),
bert (qala, şəhər) sözləridir. Məsələn,
Ermənistanın Tavuş vilayətində qala mənasını
verən Berd şəhəri var. Şəhərin əvvəli
adları mürəkkəb adlar olaraq Tovuz qala, Tovuz kənd,
Qalakənd olub.
Əlavə olaraq qeyd etmək yerinə düşər
ki, erməni dilinin sözdüzəldici şəkilçiləri
arasında "ut" şəkilçisinə rast gəlinmir.
Pəmbək mahalındakı Arçut sakinləri
öz kəndlərinə tələffüz zamanı
yumşaldıcı şəkildə Arçud, yaxud da Arcut
da deyirdilər.
Elşən NƏSİBOV
Qərbi Azərbaycan İcmasının üzvü.
"ARDIC" Hərəkatının təsisçisi və
məsul katibi
525-ci qəzet .- 2025.- 10 yanvar(¹4).- S.11.