Məcnunun Feysbuku
Esse
Keçmişin sevdaları da başqaydı...
Çox eşidirik bu sözü bir-iki nəsil
böyüklərin dilindən. Dünənin xiffətini
çəkmək çoxunun vərdişidir.
Keçmişin doğrusu da, yalanı da indiyə çevriləndə
asanlıqla mahiyyətini dəyişə bilər. Necə deyərlər,
sağlığında kor Fatma, öləndə
badamgözlü. Təəssüf ki, bəzi nəsnələrə
şərhimiz aşağı-yuxarı Fatmaya deyilən tərif
kimidir. Sabahın qorxudan qeyri-müəyyənliyinin
acığına dünənin acısına da şirin
deyirik. Ya bilərəkdən, ya da bilməyərəkdən.
Keçmişin yağı, şokoladı,
kinoları kimi, aşiqləri də bir başqa imiş sən
demə.
Görəsən, həqiqətən sevgi adiləşib,
yoxsa keçmişdə də insan belə sevirmiş?
Bu suala adil cavab çətin tapılar, ancaq əksini
düşünənlərin xeyli bəhanəsi var. Çoxu
da bir-birinə bənzəyir. Məsələn, deyirlər
ki, keçmişdəki sevgiləri gözəlləşdirən
həsrətin kölgəsi imiş. Bu günün
insanının insana gedən yolu qısadır deyə nə
həsrətin kölgəsi var, nə də bu kölgədə
fürsət gözləyən vüsal yanğısı. Hər
şey gün kimi aydındır indi. Yarın halını
bilmək üçün bir mesaj, səsini eşitmək
üçün bir zəng kifayətdir. İndi
yaşasaydı, bəlkə nə Fərhad dağ dələrdi,
nə Məcnun səhraya düşərdi. Bir sözlə,
başqadır bu günün sevdaları.
Məlum haqq-hesabın bütün günahını
texnologiyanın ayağına yazan o qədər insan var ki... Mən
belə düşünmürəm. Əlbəttə,
razıyam ki, sosial şəbəkələr insan münasibətlərinin
təbii gedişatına mane olur, bəzən də ciddi
problemlər yaradır. Həmin problemlərdən biri, hətta
deyərdim birincisi, insanın müqayisə predmetinə
çevrilməsi və bunun fonunda alternativ seçimlərin əlçatanlığıdır.
Sən bu gün varsan, sabah yoxsansa, canım sağ olsun. Dostluq
siyahımda şansımı sınayacağım onlarla profil
var. Bir "necəsən"lə başlayan neçə-neçə
hekayə yazılmağa namizədkən, kimdir qalaq-qalaq məhəbbət
dastanı gəzən?
Keçmişin adamı uzun romanların səhifələrinə
məhkum idi. Bu qədər asan deyildi birini tanıyıb
onunla yol almaq. Çox vaxt da bir-birinə bənzər taleləri
yaşayırdı o dövrün adamları. Balaca bir kənddə
doğulmusansa, çox güman sənin qismətin
uzağı beş-on hasar o tərəfdədir. Ya xalan
oğluna gedəcəksən, ya bibin qızı ilə evlənəcəksən.
Yəqin ki, atına minib, yarını beş-üç mahal
uzaqda axtaranlar o vaxt da olub. Ancaq əminəm ki, bu cür divanələrin
sayları az imiş.
İndi nə at var, nə də yəhər. Bir təyyarə
bileti bəsdir ki, onillərin həsrətinə son qoyulsun.
Müasir dövrdə uzaqlara getmək də asandır, orada
yaşayanları burada ikən görmək də. Belə olan
halda təkcə münasibətlərdə yox, elə həyatın
bir çox yönündə də müqayisə edəcəyin
xeyli alternativ görürsən. Bu, bir tərəfdən həyat
üçün daha yaxşı zəmin yaradırsa, digər
tərəfdən insanı tərəddüdə
sürükləyir. Seçim imkanı nə qədər
çoxdursa, qərar vermək də bir o qədər çətindir.
Söhbət insan münasibətlərindən gedirsə, vəziyyət
lap qəlizləşir. Ancaq həyatdan nə, taledən necə
bir insan istədiyini bilirsənsə, vəziyyət sənin
xeyrinədir. Çünki bu dövrdə əsl mahiyyətini
gizlətmək göründüyü qədər asan deyil. Məsələn,
aşiq olduğu qızı yalnız bulaq başında
beş-on nəfərin əhatəsində görən adam
ona dair hansı gerçəyə yaxın düşə bilər?
Yaxud həftədə bir məktub göndərməklə
bütün gün danışmaq eyni şeydirmi? Əlbəttə
ki, o qız ən gözəl paltarını geyinib gələr
bulaq başına, ən qəşəng sözləri yazar
yar məktubuna. Şekspir demişkən, xəyalımızdakı
ruhları bəyəndiyimiz bədənlərə qoyub onu
eşq zənn edirik. Bəlkə də zənnində
yanılanlar elə yarı bulaq başında gəzənlər
imiş. Kim bilir...
Bu günün aşiqini isə üç-beş
gözəl sözlə aldatmaq olmur. Gec-tez faş olur kimin
hansı kimliyə sahib olduğu. Mütləq ki, yüz
mesajdan birində başa düşürsən ki, bu adam sənin
adamın deyil. Bəlkə bunu anlamaq üçün indi az
zaman tələb olunur deyə, dövrü günahkar
çıxarırlar. Yaxud da qarşındakının
axtardığın adam olduğunu zənn edirsənsə,
texnologiyanın verdiyi imkanlar münasibətlərin daha da
möhkəmlənəsinə şərait yaradır. Əgər
hisslər qarşılıqlı, duyğular səmimidirsə,
birlikdə keçirilən vaxt iki insanı bir-birinə daha
da yaxınlaşdırır.
Fikrimcə, bu günün sevgiləri də gözəl
yaşanır. Çünki insandan insana gedən yollar
qısalıb, bu da imkan verir ki, əlini tutacağın
adamın əvvəlcə ruhunu tanıyasan.
Ömür-gün yoldaşı seçmək məktub
ümidinə buraxılacaq qədər bəsit məsələ
deyil.
Keçmişin eşq hekayələrini bu qədər
gözəlləşdirən də məhz keçilən
yolun məşəqqətidir. Yol nə qədər uzundursa,
eşq də bir o qədər ehtişamlıdır.
Deyir, bir gün uşaq babasından soruşur:
- Baba, Leyli ilə Məcnun bir-birini niyə belə bərk
seviblər?
Babası cavabında deyir:
- Ona görə ki, evlənməyiblər...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.19.