Sonsuz ağrılar və bəşəri
təklik
Esse
İnsan mühakiməyə meyilli varlıq olduğu
üçün onun eqosu bəzən özünüdərk
prosesini "məqsədli" şəkildə yubadır.
Başqalarının səhvləri, günahları,
uğursuzluqları onu daha çox maraqlandırır, nəinki
öz şəxsi keyfiyyətləri. Psixoloji akt kimi qəbul
edilən sənət və onun şəkildəyişmələri
insanın mahiyyətini bu və ya başqa rakurslardan göstərmək
üçün "təlimatlandırılıb".
XIX əsrin avanqard ədəbi nümunələri
yaranana qədər mətnlər ya kilsə qanunlarının
icmalı, ya da ibtidai insanın yenicə sivilizasiyaya
qovuşması eyforiyasının eqosu kimi qarşımıza
çıxır. "Don Kixot"la başlayan özünəironiya
şəkli fransız və ümumilikdə Avropa
intibahında yayğınlaşır. Özünəironiya
özünümühakiməyə təkan verir. Və beləcə
ədəbiyyatda "antiqəhrəmana simpatiya"
yaranır. Bu cür mürəkkəb psixoloji axının ən
yaxşı dalğıcı isə, təbii ki, Dostoyevskidir.
Nabokov onun haqqında "Rus ədəbiyyatının
ən zövqsüz yazıçısıdır" deyirdi.
Çünki bütün qəhrəmanları bir-birinə
oxşayır: depressiv, yorğun, nihilist, qaramat. Dostoyevski
yaradıcılığının yeganə müsbət
xarakteri, yəqin ki, Mışkindir. Digərləri ilə
müqayisədə bir qədər ümidli, bir qədər
romantik, eyni dərəcədə də digərləri kimi
realist. Özünüdərk prosesini keçmiş biri!
Dostoyevski qəhrəmanlarının bu qədər
bir-birinə bənzəməsini keçirdiyi ağır
travmalarla əlaqələndirir və nihilist biri olduğunu
boynuna alırdı. O da qəhrəmanları kimi mazoxistcəsinə
nə qədər qaramat olduğunu boynuna alırdı.
İsanın qurban seçilib atası tərəfindən
çarmıxa göndərildiyini iddia edən qəhrəmanları
kimi özünü də rus mühitinin və ictimai
elitasının qurbanı hesab edirdi.
Dostoyevski edam kötüyündən son anda endirilir.
Günlərlə ölümünü gözləyir, dar
ağacından asılacağı saniyələri sayır və
son anda çarın əmri ilə bağışlanır.
Bu əfv ona dərin psixoloji ağrılar yaşadır.
Dünya ilə bütün əlaqələrini kəsmiş
gənc vətənpərvər həyata yenidən əvvəlki
üsyankar, inadkar imiclə qayıda bilmir (Həmin edamı
gerçəkləşdirən vəzifəlilərdən
biri də Nabokovun babası olub. Nabokovun Dostoyevskiyə
antipatiyası genetikdir). Və qumara qurşanır.
Ziqmund Freyd Dostoyevskinin qumarbazlığını aludəçilik
kimi yox, terapiya kimi qiymətləndirirdi. Daxilindəki maddi
insanı öldürmək üçün o, davamlı
uduzmalı idi. Və belə də olurdu. Dostoyevskinin qumar
borcları o öləndə belə tamamilə ödənməmişdi.
Qumar borcuna görə kitab yazması, məşhurlaşması
və sair kimi bilənən məlumatları qeyd etmədən
Freydə qayıdıram.
Freyd Dostoyevskinin yaradıcılığının
böyük psixoloji diaqnozlarla dolub-daşmasını
epilepsiya zamanı gördüyü hallusinasiyalarla əlaqələndirir.
Dostoyevskinin epileptik çıxarışları Nitsşeni
üstinsanı axtarmağa sövq etmişdi. O da
düşünürdü ki, Dostoyevski həmin dövrə qədər
yazıb-yaratmış ən yaxşı psixoloqdur. Freyd
parapsixologiyadan danışanda hökmən Dostoyevskinin
adını çəkir.
Jozef Kempbell "Min sifətli qəhrəman"
kitabında insanın bütün günahlarının əsasında
yarımçıq dünyaya gəlməsini səbəb
göstərir. İnsanın digər canlılardan daha gec
"süddən qopması"nı da bununla əlaqələndirir.
O, ana bətnində bütünləşmir. Onun sonralar Edip
kompleksi yaşaması da bununla bağlıdır. İnsan
sevgiyə və aliliyə ac gəlir dünyaya. Və
heç bir mədəni akt onu öz ibtidai sərhədlərindən
çəkib çıxara bilmir. Bunun əsas yolu insanın
daim özünü sorğulaması və yanlız
özünü mühakimə etməsidir. Raskolnikov kimi.
Öz içinə çəkilib getdikcə batinində
boğulmaq və bütün günahlarını
"qusmaq". Dostoyevskiyə görə, aliliyə gedən
yol bu idi. Ancaq o heç bunu da istəmirdi. Uşaqlıqda,
yeniyetməlikdə, gənclikdə aldığı travmalar
onu əbədi nihilistə çevirmişdi.
Dostoyevski öz qəhrəmanlarına qarşı həssas
idi. Onlara yazığı gəlirdi. Dostoyevskişünas alim
Məmməd Qocayev qeyd edir ki, məşhur yazıçı
ilk romanı "Yoxsul insanlar"ı da məhz bu səbəbdən
çap etdirməyə qorxurdu. O qorxurdu ki, adamlar onun qəhrəmanlarını
incidəcəklər.
Rus ədəbiyyatında bütün tənqid və
heyrətlərə rəğmən, iz qoya bilmiş
Dostoyevski yaradıcılığını iki hissəyə
(40-cı illər - əvvəl və sonra) bölsələr
də, o, Tolstoy kimi yaradıcılığının ikinci
hissəsində də öz ilkin qənaətlərinə
qalib gələ bilməmişdi və həmişəlik
psixoloq olaraq qalacaqdı.
Ondan sonra psixologiyada inqilab etmiş Freydə də,
Yunqa da təsir etməyi bacarmışdı. Ən vacibi isə
həm nihilizmin, həm də ondan doğan ekzistensializmin və
bünövrəsini bu iki cərəyandan
götürmüş absurdizmin banisi kimi onun adını
çəkmək həmişə zəruri olacaq.
Bəs niyə Dostoyevskinin dedikləri, göstərdikləri
və hiss etdirdikləri İkinci Dünya müharibəsindən
sonra daha yaxşı qavranıldı?
Çünki İkinci Dünya müharibəsi
tanrımərkəzçiliyin, yəni ümidin,
görünməzə inamın sonuncu sınağı idi.
Avropa, xüsusən, yəhudi köklü xalqlar bu sınaqdan
çıxa bilməmişdi. Və insana
qayıtmağın, mərkəzdə insan və onun hisslərinin
dayandığı yeni dövrə girməyin vədəsi
idi. Avropa getdikcə özünə qapandı. Fərdiyyətçilik
toplum münasibətlərindən əvvələ
keçdi. İnsanlar, nəhayət, tək olduqlarını
dərk etmişdilər. İsa və tanrıları onlara
"kömək etməmişdi". Modern və post-modern
dövrdə teosentrik dövrün dağılmasından sonra
inkişaf tapdı.
Dostoyevski isə bunu illər əvvəl kəşf
etmişdi. O, "Yeraltından notlar"ın qəhrəmanı
kimi hər kəsə qarşı çıxa bilmirdi.
Bütün çətinliklərin günahını
özündə axtarırdı. Bu axtarış isə onu
çox dərinlərə çəkirdi.
Varlığını şübhə altında qoyan
iztirablara böyük bir köç başlamışdı
artıq. Ona əbədiyyət qazandıran da bu
köçün özündən sonra yüzillərlə
davam etməsi oldu.
Rəvan
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.19.