"Söğüt" dərgisində Kamal Abdulla
bölümü
Türkiyənin önəmli ədəbiyyat dərgilərindən
biri olan "Söğüt"də Azərbaycanın
böyük alimi və yazarı akademik Kamal Abdulla ilə
bağlı bir yazı hazırlandı. Dərgi Kamal
Abdullanın əsərlərinin də
yayımlandığı "Ötükən" nəşriyyatında
yayımlanır. "Söğüt" həm gənc, həm
də qocaman bir dərgidir. Çünki
"Söğüt" illər öncə,"Ötükən"
nəşriyyatının qurulduğu illərdə bir
müddət yayımlanmış, sonra bağlanmış,
aradan uzun illər keçdikdən sonra eyni adla, eyni yayım
evində yeni nəsil tərəfindən yayımlanmaya
başlamışdır. Dərgi iki aydan bir çap olunur və
hər sayında bir şəxs, ya da mövzu haqqında
yazı hazırlamaqdadır.
Kamal Abdulla ilə bağlı bölüm olduqca
geniş həcmlidir. Dərginin baş redaktoru Sinan Terzi
giriş bölümündə yazıya geniş yer
ayırıb. Dədə Qorqud
çalışmalarının önəmini vurğulayan və
böyük yazara nə üçün belə bir
bölüm hazırlandığını izah edən Sinan
Terzi yazının bir yerində bunları qeyd edir: "Bu
sayımızda "Söğüt"ün üz
qapağında belə bir əmək sahibinin, Dədə
Qorqudun başa düşülməsi naminə illərini fəda
edən Kamal Abdullanın adı var. İnanıram ki, bu
gün "Dədə Qorqud" araşdırmalarına
verdiyi töhfələrlə, qeyri-adi şərhləri və
təhlilləri ilə bu sahədə yazan, hamının
böyük hörmət və sevgisini qazanan Kamal Abdulla tuta
biləcəyimiz möhkəm əllərin sahibidir.
Bugünün mühakimələri ilə keçmiş
haqqında hökm vermək yerinə, bugünün
şüuru ilə keçmişin tərəzisinə
güzgü tutub düz oxunuşla bayağılaşan, dərinliklərinə
enilə bilinməyən mətnləri yeni şərhlərlə
türk millətinin və insanların istifadəsinə vermək
çox böyük işdir. Özünə minnətdarlığımızı
bildirməyi borcluyuq. Başda bu bölümün
hazırlanmasında böyük zəhmətləri olan
Bahtiyar Aslan olmaqla bölümümüzü zənginləşdirən
hər kəsə çox təşəkkür edirik.
Ümidvarıq ki, qaynaq özəlliyi daşıyan bu
bölüm ilgili hər kəsin kitabxanalarında arxiv kimi yer
alacaqdır".
Bölümün lap əvvəlində Bahtiyar
Aslanın böyük yazıçımızla
apardığı geniş bir müsahibə yer alır. Dərginin
12 səhifəsini tutan bu geniş, mənalı müsahibədə
Kamal Abdullanın uşaqlığı, gəncliyi, sənət
və ədəbiyyata yönəlməsi, akademik fəaliyyəti
haqqında məlumat var. Kamal Abdullaya verilən suallar, məlumdur
ki, türk oxucusunun gözündə insan və
yazıçı olaraq bir Kamal Abdulla fotosu yaratmaq istəyir.
Müsahibə Kamal Abdullanın sənət və akademik həyatının,
bəlkə, buna taleyinin demək də mümkündür,
bir şəkildə "Dədə Qorqud" ilə kəsişdiyini
göstərir. Uzun illərdir, "Dədə Qorqud"
haqqında çalışan yazıçımız, bəllidir
ki, dastan haqqında düşünməyə, yeni suallar verməyə
və bu sualların cavabını axtarmağa davam etməkdədir.
Reportajdan Kamal Abdullanın ailəsini, akademik mühitini,
qohumlarının onun həyatına təsirini, akademik həyata
yönəlməsini, yetişməsində zəhməti olan
böyük şəxsiyyətləri, dostluqlarını
öyrənmək mümkündür.
Bu reportajı yenə Bahtiyar Aslanın
reallaşdırdığı nisbətən qısa iki
müsahibə izləyir. Bunlardan, birincisi, qeyri-səlis məntiq
mövzusunda birlikdə işlədiyi ("Qeyri-səlis məntiq
və Kitabi-Dədə Qorqud" və "Qeyri səlis məntiq
və dil-nitq") Rafiq Əliyevlədir. Buradakı suallara
baxanda məlum olur ki, daha çox Kamal Abdullanın bəşəri
yönü ortaya qoyulmaq istənilir. Bu səbəblə də
ilk sualı insan olaraq Kamal Abdullanı öyrənməyi
qarşısına məqsəd qoyur. Rafiq Əliyev bu ilk suala
böyük yazıçının əhəmiyyətli
xüsusiyyətlərindən birinin sədaqət olduğunu
söyləyərək cavab verir. Rafiq Əliyevə görə,
əslinə qalsa, qıraqdan baxanda biraz soyuq (bəlkə də,
ciddi demək də mümkündür) görünən Kamal
bəyin daxilində bir uşaq yaşamaqdadır. Əslində
sənət də bir baxıma həmişə bu uşaqdan bəslənir.
Bəlkə də, ədəbiyyatın bir oyun olduğunu,
daxilimizdəki oyun ehtiyacından qaynaqlandığını
düşünmək mümkündür. R.Əliyev daha sonra
bu böyük alimin həmişə ağılla hərəkət
etdiyini, qışqırma, hirs kimi xüsusiyyətlərin
onda çox olmadığını sayır.
Azərbaycanın böyük şairi Ramiz
Rövşən isə məktəb illərində
başlayan dostluqlarından, necə tanış
olduqlarından, dostluqlarının necə inkişaf etdiyindən
və bu günə qədər necə davam etdiyindən
danışır. Ramiz Rövşənə görə, Kamal
Abdullanın əsərlərində həyatın,
reallığın harda qurtardığını, oyunun ya da
fantaziyanın harada başladığını anlamaq mümkün
deyildir.
R.Rövşən daha sonra Kamal Abdullanın Azərbaycan
ədəbiyyatındakı yerini müəyyən etməyə
çalışır və belə deyir: "Kamal bir
çox mövzuda qaydaları yıxan adamdır. Bilirsiniz ki, ədəbiyyata
şeirlə başlayıb sonradan elmə yönələn
bir çox adam var. Elmdə özünü tam şəkildə
təsdiq etdikdən sonra ədəbiyyata keçən və ədəbiyyatda
da özünü təsdiq edən insan çox nadirdir. Həm
ədəbiyyatda, həm də elmdə müvəffəqiyyət
əldə etmək, doğrudan da, çox çətindir.
Umberto Ekonu demirəm. Ancaq bunu ifadə edim ki, ən azı,
2000-ci illər Azərbaycan ədəbiyyatını Kamal
Abdulla olmadan düşünə bilmək mümkün
deyildir. Bu dövr Azərbaycan ədəbiyyatının ən
ciddi hadisələrindən biri Kamal Abdulladır. Yəni Kamal
Abdulla olmasa, 2000-ci illər Azərbaycan ədəbiyyatında
çox böyük boşluq yaranardı. Onun romanları,
hekayələri, povestləri bu mənzərəni
tamamlayır".
Bu müsahibələri Türkiyədə xalq ədəbiyyatı
sahəsində önəmli işlər görən və
Kamal Abdulla haqqında diqqətəlayiq məqalələr qələmə
alan, böyük alimin bəzi əsərlərini Türkiyə
türkcəsinə çevirən Ali Duymazın
"Qorqudşünas Kamal Abdulla" adlı yazısı izləyir.
A.Duymaz öz yazısında Kamal Abdullanın "Dədə
Qorqud" üzərində apardığı
çalışmalardan danışır və diqqətçəkən
müsahibələrdən bəzilərini qiymətləndirir.
Digər yandan, bilindiyi kimi, Kamal Abdulla "Dədə
Qorqud" mətnlərini sənət əsərlərinə
də daşıyıb, məsələn
"Yarımçıq əlyazma" əsərində,
"Laokoon" da mətni iki romanın da mərkəzinə
yerləşdirib. Ali Duymaz yazarın bu
davranışını belə qiymətləndirir: "Bu
kontekstdə Kamal Abdulla "Dədə Qorqud"un
restravrasiyasından danışan, onu müasir bir mətn
olaraq görməyə maraqlı düşüncəsiylə
özünəməxsus bir yol açmışdır. Bəlkə
də, bu tərzini daha yaxşı ifadə etmək və
geniş kütlələrə çatdırmaq
üçün özündə postmodern xüsusiyyətlər
ehtiva edən bir roman qələmə alma ehtiyacı hiss
etmişdir. Bu roman "Dədə Qorqud" kitabının
yarımçıq bir əlyazmasının
tapıldığı fantaziyasından hərəkət edərək,
mətnin müxtəlif şərh və yeniləmələrlə
tamamlanmasının vacibliyini düşündürən bir əsərdir".
Azərbaycanın gənc elm adamı və
yazıçılarından biri olan Nərgiz İsmayılova
isə bölümə "Kamal Abdullanın
Üçölçülü labirinti" adlı
yazıyla töhfə verir. N.İsmayılova yazısında
Kamal Abdullanın dünya və Azərbaycan ədəbiyyatındakı
yerini, əsərlərindəki milli ünsürləri,
postmodern tərəfləri qısaca izah edir. "Kamal Abdulla
və postmodernizm" adlı bir əsər nəşr
etdirmiş N.İsmayılova, yazısından da
anlaşıldığı kimi, ciddi bir akademik biliyə
sahibdir. Bu bilik onun mətnlərə çox fərqli
yönlərdən yaxınlaşmasına səbəb olur. Mətni
yaxşı başa düşmək, şərh etmək də
o mətnə dair çox sual verməklə əlaqədar
bir şeydir. Buna görə də bu qısa yazıda
N.İsmayılova Kamal Abdullanın sənətinə dair
yazılması, araşdırılması lazım olan bir
çox mövzuya toxunur.
Rəşad Məcid isə "Öz içində
gizlənən adam" başlıqlı yazıyla
bölümdə yer alır. Bir xatirə mətni kimi ərsəyə
gəlmiş yazı 1990-cı illərdə başlayan
dostluğun indiyə qədər necə davam etdiyini diqqətə
çatdırır. Ancaq R.Məcid yazının sətir
aralarında bizə Kamal Abdullanın psixolojik portretini də
çəkir. "Öz içində gizlənən
adam" sözü məhz R.Məcidin "görünməyən
Kamal Abdulla"nı aşkara çıxarmaq cəhdinə
işarədir. Rəşad Məcidin şeirə bənzər
bu yazısında böyük yazıçının əsərləri
ilə əlaqədar mükəmməl aşkarlıqlar da
yer alır.
Azərbaycanın böyük folklor alimi Muxtar
İmanov isə "Romanda mif modeli: Saxta qəhrəman"
adlı yazısıyla bölümə töhfə verir.
Yazıda "Yarımçıq əlyazma" adlı
romanda postmodern ünsürlərin necə istifadə edildiyi və
Kamal Abdullanın bu əsərdə
alışılmışın xaricinə necə
çıxdığı izah olunur. M.İmanov
yazıçıya yönəldilən mənfi tənqidlərin
gerisində yerləşmiş düşüncənin xaricinə
çıxılmasının yetdiyini irəli sürür.
Bölümün son yazısı Türkiyədə
Kamal Abdulla haqqında bir doktorluq dissertasiyası qələmə
alan alim Fatih Keskinə aiddir: "Sirlər və sərhədlər
kənarının yolçusu: Kamal Abdulla". Keskin doktorluq
dissertasiyası səbəbiylə də Türkiyədə
böyük yazıçı haqqında söz söyləmək
səlahiyyətinə malik olan bir neçə şəxsdən
biridir. Keskin olduqca geniş yazısında Kamal Abdullanı və
sənətini bir çox yöndən təhlil edir və
qiymətləndirir.
"Ötükən" nəşriyyatında
çap olunan "Söğüt" dərgisinin 30-cu
sayında Kamal Abdulla üçün altmış səhifəyə
yaxın bir bölüm hazırlanması önəmli
birişdir. Ancaq məlumdur ki, yazıçı və əsərləri
haqqında yazılacaq çox şey qalır. Bu yazılarda
da vurğulanan, hərəsi ayrıca məqaləyə
mövzu ola biləcək çox saysa məsələlər
var.
Bahtiyar Aslan
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.18.