"Mən, Lalə,
bir də Şerlok Holms"la bitən həsrət
Hamımız texnologiyanın yaratdığı
problemlərdən şikayət edirik. Amma heç birimiz
texnologiya olmadan da yaşamaq istəmirik. Elə bir dövrdəyik
ki, uşaqlar texnologiya ilə hələ ana bətnindəykən
tanış olurlar. Ona görə də müasir
dövrün bu reallığından qaçmaq
mümkünsüz görünür. Biz yalnız
texnologiyanın imkanlarından doğru istifadə etməklə
onun mənfi təsirlərindən həm
özümüzü, həm də uşaqlarımızı
qoruya bilərik. Bu məqamda uşağın nəyə
baxdığı, nə dinlədiyi, nə oxuduğu
xüsusilə əhəmiyyətlidir.
Son 20 ildə dünyaya gələn uşaqlar artıq
nağıllara inanmır. Bizim həvəslə
baxdığımız, səbirsizliklə yayımını
gözlədiyimiz cizgi filmləri, yerli kino nümunələri
ən yeni nəsilə maraqsız gəlir. Çünki onlar
hər şeyin daha dinamik, rəngarəng və lakonik
olduğu bir əsrdə yaşayırlar. Sürət və
texnologiya çağında yaşayan nəsil ona təqdim
ediləsi yerli alternativlər olmadığı
üçün getdikcə milli baxışdan
uzaqlaşır. Kifayət sayda televiziya kanalı olmasına
baxmayaraq, ölkədə yalnız bir uşaq kanalının
mövcudluğu vəziyyətin nə qədər ciddi
olduğundan xəbər verir. Həmin kanalın isə
yalnız 0-3 yaş qrupunda olan uşaqlara xidmət göstərməsi
də ayrı bir dərddir. Günün çoxunu televizor və
internet qarşısında keçirən bir cəmiyyətik
və uşaqlarımız da bundan nəsibini alır.
Böyüklər zövqlərini idarə edə bildiyi
üçün özünə nəyin yaxşı, nəyin
pis təsir göstərəcəyini az-çox bilirlər.
Amma uşaqlar onlara təqdim olunanları seçim etmədən
qəbul edir və mənimsəyirlər. 2000-ci illərə
qədər uşaqlar üçün bir-birindən
maraqlı layihələr, proqramlar, filmlər nümayiş
olunsa da, bunu son 20 ilə şamil etmək çox çətindir.
Televiziya kanalları 20 il ərzində sanki uşaqları
unutdular. Bir sözlə, müasir dövrün uşaqları
informasiya bolluğu içində bu sarıdan yoxluq
yaşayırlar. Belə olduğu halda uşaqlar bu
ehtiyaclarını heç bir nəzarətin
olmadığı sosial media və internet oyunları vasitəsilə
ödəməyə çalışırlar. Əcnəbi
yutub kanallarında "uşaqlar üçün"
hazırlanan zərərli vloqların abunəçilərinə
çevrilirlər. Bu da uşaqlarımızın öz mədəniyyətlərindən
uzaqlaşmasına səbəb olur və şəxsiyyətin
formalaşmasına ciddi mənfi təsir göstərir. Bu
gün hər 5 ailədən 3-ündə valideynlər
uşaqlarının kitaba marağının olmamasından
şikayətçidirlər. Məktəblərdə
uşaqların oxuyub-anlama testlərindəki göstəriciləri
aşağı səviyyədədir. 10 uşaqdan 5-i inşa
yaza bilmir. Yeni nəsil uşaqlarda şifahi nitqin və
yaradıcı təfəkkürün formalaşması və
inkişafı çox ləng gedir. Kitabxanaların
qapısını tanıyan uşaq yoxdur. Bütün
bunların səbəbi təkcə valideyn və ətraf
mühit ola bilməz. Burada həm də televiziya və media
faktorunun ciddi rolu var. Lakin bu mövzu, artıq xeyli vaxtdır,
heç bir televiziya kanalını maraqlandırmır.
Hazırlanan layihələrin əksəriyyəti isə reytinqə
hesablandığı üçün uşaqlara doğru
istiqamət vermək kimi bir məsuliyyəti üzərinə
götürmür. Nəhayət, son 3 həftədir,
İctimai Televiziyanın efirində yayımlanan, Tural
Sevdimalı və Vüqar Hüseynovun birgə
yazdıqları, rejissor Rüfət Şahbazovun quruluş verdiyi
"Mən, Lalə, bir də Şerlok Holms" serialı
uşaqların dünyasına onların dili ilə
boylanır. Serialın əsas qəhrəmanı 7-ci sinif
şagirdi Muraddır. Zəngin fantaziyaya malik qəhrəmanımız
macəra və detektiv romanlar oxumağı sevir. Oxuduğu
kitablar onun müşahidə qabiliyyətini artırır.
Murad oxuduğu kitabların qəhrəmanlarını xəyal
dünyasında canlandıra bildiyi üçün onlarla
söhbət edə bilir. Serialda diqqətimi çəkən
və bəyəndiyim detallardan biri yaradıcı heyətin Muradın hekayəsini real həyatdan
qopmadan təqdim etməsidir. Məsələn, filmdə sehr,
qeyri-adi varlıqların gücü kimi absurd, aldadıcı
personaj və hadisələr yoxdur. Burada hər şey
kitabın, mütaliənin gücünə
bağlıdır. Yay tətilini kənddə baba və nənəsinin
yanında keçirən Murad ilk bölümdə məşhur
yazıçı Artur Konan Doylun detektiv personajı Şerlok
Holmsun köməyi ilə qonşu qızı Lalənin itən
keçisini tapır. Ssenarist tez-tez vurğulayır ki, çətin
məqamlarda onun köməyinə gələn qüvvə əslində
kitabdır. İkinci bölümdə babasının hesab
kartından müəmmalı şəkildə yoxa
çıxan pulları tapmaq üçün yola
çıxan Murad bu dəfə uğursuzluq yaşayır və
bir neçə dəfə yanılır. O, əvvəlcə
Şerlok Holmsun deduksiya üsulundan istifadə edib oyun
yoldaşı Camaldan şübhələnir, lakin səhvə
yol verir. Daha sonra Murad qərara gəlir ki, başqa detektiv
roman oxusun. O, Aqata Kristinin yaratdığı məşhur
detektiv personaj Erkül Puaro ilə tanış olur. Lakin
Puaronun da deduksiya üsulu ona istədiyi nəticəni vermir.
Ssenarist və rejissor bununla da azyaşlı
tamaşçılara Murad barədə fərqli
düşünmək imkanı yaradır. Həmçinin
göstərir ki, həyat həmişə uğur gətirmir,
buna baxmayaraq, hədəfdən yayınmaq, ruhdan düşmək
olmaz.
Serial vasitəsilə uşaqlara ötürülən
mesajlar çox dəyərlidir və ən əsası, bəsit
sosial çarx məzmunu daşımır. Filmin uğurlu
alınması, bəlkə, bir az da buna bağlıdır.
Düşünürəm ki, bu, real həyatda da belədir.
İnsan məsləhət eşitməkdən çox da məmnun
olan bir varlıq deyil. Filmlər və ədəbi nümunələr
insanlara çıxış yolu göstərməlidir.
Uşaqlar bu serialdan nə öyrənə bilər? Hədəfə
çatmaq üçün çalışmağı, hər
uğursuzluqda həvəsdən düşüb ümidini
itirməməyi, səhvini anlayıb üzr istəməyi,
böyüklərə hörməti, əmin olmadan kimisə
ittiham etməməyi, ünsiyyət mədəniyyətini,
qohumluq əlaqələrinə sahib çıxmağı və
qonaqpərvərliyi. Alimlərin araşdırmasına görə,
günün çox hissəsini televizor və planşet
qarşısında keçirən uşaqlar ünsiyyət
problemindən əziyyət çəkirlər. Bu hal
böyüdükcə xroniki hala alır. Muradın kənddə
həmyaşıdı Lalə və digər kənd
uşaqları ilə tanış olub tez bir zamanda
dostlaşmasının, məkana uyğunlaşmasının
da onun sistemli mütaliəsi ilə əlaqəli olduğu
diqqətə çatdırılır.
Filmdə təkcə əşyanın, yeməyi
deyil, həm də informasiya və biliyi paylaşmağın
vacibliyi incəliklə vurğulanır. Murad şəhərdən
gətirdiyi cihazları və oxuduğu kitablardan öyrəndiyi
maraqlı faktları Lalə ilə paylaşır. Laləni də
kitab oxumağa həvəsləndirir. Serialda 44 günlük
müharibədən bəhs olunması, "Şuşa
Fatehi" ifadəsinin işlədilməsi, Lalənin
qardaşının timsalında dövrümüzün real qəhrəmanlarının
da olduğunun vurğulanması təqdirəlayiq detallardır.
Filmin kiçik aktyorları da öz rollarının öhdəsindən
məharətlə gəliblər.
Muradın şüurunda canlandırdığı
Şerlok Holms və Erkül Puaronun mübahisəsi olduqca təbii
və inandırıcı verilib. Ədəbi personajlar
Muradı paylaşa bilmirlər. Çünki Murad onların hər
ikisini paralel şəkildə oxuyur, çətinə
düşdüyü üçün hər ikisi barədə
eyni anda fikirləşir. Az-çox mütaliəsi olan
insanlara bu mənzərələr, yəqin ki, yad deyil. Məsələn,
mən uşaq vaxtı Jül
Vernin "Sirli ada" romanını oxuduqdan sonra
düşdüyüm hər çətin məqamda Herberti
xatırlayırdım.
Film uşaqlara kitablardakı qəhrəmanların,
baxdıqları anormal cizgi film personajlarından daha doğma və
real olduğunu aşılayır. Bütün bu keyfiyyətləri
ilə "Mən, Lalə, bir də Şerlok Holms"u
uşaqlar üçün hələlik bənzərsiz bir
iş hesab etmək olar.
Günel MUSA
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.17.