SON
NƏFƏSƏDƏK KEŞİKDƏ
Onun səsinin ucadan gəldiyini heç eşitmədim.
Hamıyla mehriban davranar, həlim səslə
danışardı. Əlbəttə, insanlarla birgəydi,
çalışdığı yerlərdə adamlar
çox, səviyyələr müxtəlifdi, iş
gedişatında əsəbiliklərin olması da
mümkün idi. Ancaq yəqin ki, içəri verirdi, hirsi
olurdusa da, daxilində söndürürdü, alicənablığını,
nəzakətliliyini həmişə hifz edirdi. Həm də
özünü məcbur edərək yox. Bu, Həmid müəllimin
təbii halı idi. Həmin səbəbdən də hərdən
özlüyümdə onu yanına köməyə, məsləhətə
gələn hər insanı ovutmağı bacaran müdrik bir
ruhaniyə oxşadırdım.
Ömür yoluna dərindən bələd olduqca
başa düşdüm ki, bu cür dürüst əxlaqın
və belə mütəvazi rəftarın qandan gələn
tərəfi varsa da, onu tərbiyə etmiş mühitdən
kök alan təməlləri də olmamış deyil. Həmid
Araslı ilə mənim yaxın ünsiyyətlərim
başlayanda o, 70-in astanasında idi, çoxdanın
oturuşmuş müəllimi idi və fikir verirdim ki, nədirsə
hər görüşümüzdə sözü hökmən
gəlib keçmiş ustadlarının üzərinə
çıxır və müəllimlərini sayğıyla
yad edir.
O, bir ruhani ailəsində doğulmuşdu və bəxt
ayrı naxış cızsaydı, bəlkə də həmin
xətti tutub gedər, ən azı atası - ərəbcəyə,
şəriətə, dinin əsaslarına mükəmməl
yiyələnmiş, ərəbcədən tərcümə
edərək şərhlər yazdığı "Təşrih
əl-fəraiz" kitabı da əllərdə gəzən
Məmmədtağı Ərəszadə kimi axund olardı
(1867-1911-ci illər arası yaşamış, Nəcəf
şəhərində mükəmməl dini təhsil
almış, Zaqafqaziya Şiə Ruhani İdarəsinin
üzvü olmuş, zəmanəsində görkəmli
nüfuzlu din alimlərindən biri, eyni zamanda tərcüməçi
və dini publisistika ustası kimi şöhrətlənmiş
Axund Hacı Məmmədtağının həmin kitabı
1907-ci ildə Tiflisdəki "Qeyrət" mətbəəsində
basılmışdı).
Amma din xadimliyi Həmidin yolu deyilmiş. Hərçənd
o, ruhaniliyə bağlanmadısa da, hər halda ruh adamı
oldu.
Füzuli sual edirdi və əslində sualı qoyaraq
elə cavabı da sual içində vermiş olurdu: "Aya hər
xilqətə gərçi bir səbəb var, Bəs bu səbəbi
kim etdi izhar?"
Həmid Araslıda, zahirən sakit, əsla inadkar,
döyüşkən görünməyən kimi bu yumşaq
insanda zəruri məqamlarda qəti prinsipiallıq, öz xəttini
nurani ağsaqqallara xas arxayın əminliklə aparmaq,
haqlı olduğunu və əvvəl-axır
sözünün keçəcəyini bilən bilici qazi kimi
səsini qaldırmadan, müvazinətini itrimədən
sonacan dediyinin üstündə durmaq və qalib
çıxmaq səriştəsi ondan fitrətdən gəlirdi,
ya bu, oxuyub-öyrənmənin nəticəsi idi?
Həm o, həm bu varmış, amma bu, ilk növbədə
həm də elə qandan gəlirmiş. Həmid müəllim
ata üzünü və tərbiyəsini göz və ürək
dolusu görməmişdisə, atasını 2
yaşındaykən itirmişdisə də, qan qandır.
Və atası Məmmədtağı Ərəszadənin
mövqeyini, doğru sandığı fikri müdafiə etməkdə
sonacan ardıcıllığı, həm də bu
gedişatda tam soyuqqanlılığını başacan
saxlaya bilməsi haqda həqiqətlərdən xəbərdar
olduqca anladım ki, oğluna da həmin keyfiyyətlər elə
ondan irsən keçibmiş.
Axund Məmmədtağı Həmidi dünyaya gətirəcək
Dürribəyimlə evlənəndə vəfat etmiş
arvadından ona yadigar qalan Hacı adlı bir oğlu
varmış. Nüşabə xanım danışır ki,
onu "Hacı əmi" çağırardıq.
Bu qohumluq bağlılığından da xəbər
bilin ki, sonraların məşhur bəstəkarı Telman
Hacıyev ixtisasca kimyaçı olan həmin Hacının -
Həmid Araslının atabir qardaşının oğlu
imiş. Telmanınsa Tariq adlı bir geoloq qardaşı da
olub.
Həmid müəllim Nüşabə xanıma
söyləyibmiş ki, iki qardaş çox
mehribanmışlar və uşaq vaxtı məhəllə
davalarında Hacı həmişə onu digər tay-tuşlardan
qoruyarmış. Sonradan bu mehribanlıq onların
uşaqlarına da keçdi. Nüşabə xanımın
sözüncə, Hacı əmi ona sevərək
"anamsan" deyirmiş.
Axund Məmmədtağı, ailə rəvayətlərinə
görə, varlı-hallı adammış. O, vəfat edəndən
sonra, yəqin, elə Dürribəyimə miras qalan mala-pula
iştahlanaraq ona evlənmək təklifi göndərənlər
çoxmuş, hətta razılıq verməsə
götürüb qaçmaqla hədələyənlər də
varmış. Vəziyyəti belə görən Dürribəyim
nisbətən kasıb, amma daha etibarlı hesab etdiyi bir adamla
ailə qurur. Həmid müəllimin uşaqlıq illərindən
xatirində anasının sanki üzrxahlıq edirmiş kimi
dediyi bu sözləri də qalıbmış ki, atanın sərvətini
səninçün qoruya bilmədim, təkcə saxlaya
bildiyim kitabları oldu.
Və bir də kəc taleylə
barışmağın bu bayatısı ki, hərdən həzin
səslə oxuyarmış.
Anası Həmidçün zümzümə edərmiş,
Həmid müəlllim Nüşabə xanıma söyləmişdi,
o da mənə deyir, mən də yazıya alıram ki, daha
heç vaxt unudulmasın:
Əzizim inci könlüm,
Dürr könlüm, inci könlüm,
Sənə Allahdan yoxmuş
Nə küs, nə inci, könlüm.
Həmid müəllim atalığını rəhmətlə
anırmış ki, onu yaşı çatınca, yəqin
ki, ailə ənənəsini davam etdirəcəyini
düşünərək mədrəsəyə
yollamışdı. Sonra ömrü boyu karına gələcək
ərəbcəni, farscanı orada elə kiçikkən Həmid
elə bu səbəbdən yaxşıca öyrənə
bilmişdi.
Mollaxana təhsilini, oradakı müəllimlərini həmişə
minnətdarlıqla yad edirdi. Onları sadəcə molla, axund
kimi dilə gətirmir, ehtiramla "üləma" deyərək
xatırlayırdı.
Doğrudur, özü də etiraf edirdi ki, həmin
müəllimlərinin arasında əsl din alimləri yox idi,
amma hamısını bu sözün çəkisini də
anlayaraq "üləma" adlandırırdı və dəqiqləşdirirdi
ki, indinin çox alimləri onların biliyi
qarşısında aciz qalardı. Deyirdi ki, o müəllimlərim
olmasaydı, mən müxtəlif xətt növlərindən
xəbərdar olmayacaqdım, əlyazmaları oxuya bilməyəcəkdim,
ərəbcənin, farscanın dərin qatlarına enməyə
gücüm çatmayacaqdı, klassik ədəbiyyatdakı
bir çox təlmihlərin, təşbihlərin,
istilahların sirrindən xəbərsiz qalacaqdım. Söyləyirdi
ki, o nurani kişilər mənimçün darülfünun
oldular. Həmin "darülfünun adamlar"ın -
universitet kişilərin əksərinin də Gəncədən
didərgin salındığını, sovetləşmənin
ilk illərindəcə Sibirin buzlu "səhralarına"
sürgün edilərək yoxa
çıxarıldığını da Həmid müəllim
doluxsunaraq yada salardı.
...Həmid Araslı 1921-26-cı illərdə Tiflis
Müəllimlər Seminariyasında təhsil
almışdı, orada da qarşısına bir-birindən
qüvvətli müəllimlər
çıxmışdı. Ustadlarının nümunəsi
onu müəllimlik peşəsinə qəlbən
bağlamışdı, ağlı kəsəndən müəllimlərinin
sevgisini, nəvazişini gördüyündən özü də
həyatı boyu şagirdlərinə, tələbələrinə
eyni qayğıkeşlik və canıyananlıqla
yanaşdı. Müəllimliyə lap gənc
yaşlarında Gəncəbasarda başlamışdı, necə
müəllim olmasının əks-sədası sonrakı
onillərə də gəlib çatmışdı.
2024-cü ilin fevralında Həmid Araslının
115-ci ildönümünü qeyd etməyə
toplaşdığımız məclisdəkilərin bir
çoxu ağsaçlı müəllimlər, neçə
nəsil tələbəyə dərs vermiş təcrübəli
ustadlar idi. Ancaq onların da əksərinin müəllimi Həmid
Araslı olmuşdu. Artıq ömrünün 93-cü ilinə
qədəm qoymuş (o, 1932-ci ilin yanvarında dünyaya gəlib),
həmin məclisdəkilərin bir çoxuna dərs
demiş, elə mənim də universitetdə oxuyarkən
müəllimim olmuş və bu gün də köhnə səliqəsi
ilə yeni tələbələrinə mühazirələr
oxuyan professor Təhsin Mütəllimov, əlbəttə ki, o
gün söz söyləməsəydi, olmazdı. Təhsin
müəllim ustadı haqda xatirələrini 1763-1862-ci illər
arası yaşamış, teatr tarixində parlaq reformator kimi
qalmış yəhudi mənşəli fransız aktyoru
Fransua-Jozef Talmanın düşüncələriylə
başladı. Məşhur səhnəni həyatının
mənası saymış görkəmli aktyor memuarlarında
yazıb ki, mən fikirlərini, hisslərini bir parça
kağızda əbədiləşdirən şairə,
yazıçıya qibtə edirəm, təəssüratlarını,
həyəcanlarını rənglərlə kətana
köçürüb daimiləşdirən rəssama həsəd
aparıram. Çünki mən aktyoram, hər axşam səhnədə
yaradıram və pərdə örtülən kimi
yaratdıqlarım itib gedir, məndən yadigar bir şey
qalmır. Təhsin müəllim bu müşahidəni vacib
bir əlavəylə müəllimlik sənətinə də
aid etmişdi. Demişdi ki, müəllim də, aktyor kimi, hər
dərsə hazırlaşır, çalışır,
auditoriyaya girir, 45 dəqiqə, saat yarım nəyə
qabildirsə şagirdlərinə, tələbələrinə
təqdim edir, zəng çalınır, dərs bitir, sinif
otağında, auditoriyada söylənənlər uçub
gedir. Qalan yadigar ancaq tələbələrdir. Ona görə
də şagirdlərin, tələbələrin müəllimlərinin
xatirəsini yad eləmək yalnız qədirşünaslıq
deyil, həm də savabdır.
"Bizə tələbə olanda gözəl alimlər
pleyadası dərs deyib. İnanın ki, bu gün də
onları həsrətlə yad edirəm. İndi daha artıq
dərk edirəm ki, Allah bizə necə xoşbəxtlik bəxş
edibmiş. Müəllimlərimiz Məmməd Arif, Məmməd
Cəfər, Mir Cəlal, Həmid Araslı, Mirzə Feyzulla
Qasımzadə kimi nəhənglər idi. Adları çəkiləndə
istər-istəməz ayağa qalxmaq istəyirsən. Onlar hərəsi
bir şəxsiyyət idi və müəllim də ilk
növbədə gərək şəxsiyyət ola,
varlığı ilə tələbəsinə nümunə
göstərə. Öyrətmək, bilik vermək bundan sonra
gəlir. Tələbə müəllimə inanmasa, elmini qəbul
etməyəcək. Bizim müəllimlərimizin hər biri
öz kursunu yaradan, öz yolu olan, hər biri özünəməxsus
intonasiya ilə dərs deyən, öz geyim üslubu, yeriş
və mühazirə demək üslubu olan ustadlar idi. Onlarla
bağlı nə varsa, bizimçün örnək idi. O vaxt
hələ çox dərsliklər yox idi, biz kitab oxumurduq,
onlara qulaq asırdıq, onlar bizə mühazirələrini
deyə-deyə gələcək dərslikləri elə
auditoriyalarda yaradırdılar.
Həmid müəllim danışırdı, nə
deyirdisə təzə deyirdi, nə deyirdisə orijinaldı.
Son dərəcədə mülayim, yüksək mədəniyyətli
bir şəxsiyyət idi. Qəribə də imtahan
götürməyi vardı. Biz öyrəşmişik ki, tələbə
bilet çəkib bir sualı bilməyəndə deyirik
keç obiri suala. Həmid müəllimdə elə adət
yox idi. Tələbə hansısa sualı bilmirdisə,
özü başlayırdı danışmağa, sonra deyirdi
keç obiri suala. Yəni imtahanda da öyrətməyini davam
etdirirdi. Həmid müəllim orta əsr ədəbiyyatını
tədris edirdi, orada da poeziya əsasdır, ancaq qəribədir
ki, şeir deməyi xoşlamırdı, çox nadir halda
misallar çəkirdi. Ancaq klassik şeirdəki hər
misranı, hər beyti elə açır, elə izah edirdi
ki, sətirlər beynimizə həkk olunurdu, auditoriyadan
çıxanda görürdük ki, ən qəliz şeirlər
artıq əzbərimizdədir. Həmid müəllimin
oğlu Elman da bizimlə oxuyurdu. O, əvvəlcə fəlsəfə
şöbəsində idi, ancaq beşinci kursa keçəndə
universitetdə həmin şöbə bağlandı,
oradakı tələbələri də arzu etdikləri
fakültələrdə yerləşdirdilər. Elman bizim
qrupu seçdi. Onunla dostluq edirdim, həm də Tolstoy
küçəsində qonşuluqda yaşayırdıq.
Elman da çox ayıq, səviyyəli oğlan idi. Həm də
yaxşı güləşirdi, universitetin çempionu
olmuşdu. Həmid müəllim də bəzən gəlib
yarışlarda ona baxardı. Sonra Elman Moskvada şərqşünaslıq
üzrə aspiranturanı qurtardı və ərəb ölkələrində
diplomat olaraq böyük fəaliyyət göstərdi. Elman
danışırdı ki, atam səfir göndəriləcəyimi
biləndə çağırdı, dedi: "Oğul, elə
işlə, üçqat məsuliyyətli ol ki, bizim
familiyamıza, nəslin adına söz gəlməsin".
Elman Araslı hər cəhətdən ata nəsihətinə
əməl etdi. Həm filologiya elmləri doktoru, professor oldu,
həm də Səudiyyə Ərəbistanı və
İordaniyada fövqəladə və səlahiyyətli səfir
vəzifəsini yerinə yetirərkən Azərbaycan
diplomatiya məktəbinin ən sanballı, ən təqdirəlayiq
təmsilçilərindən biri kimi ad çıxardı.
Təhsin müəllimin 1972-ci ildə Şərqşünaslıq
fakültəsində bizə "Ədəbiyyatşünaslığın
əsasları"ndan oxuduğu ilk mühazirə
saatlarını xatırlayıram. Auditoriyaya daxil oldu və
ilk sözünü müəllimlərindən
başladı, dedi ki, siz bəxtəvər gənclərsiniz
ki, Ələsgər Məmmədov, Rəhim Sultanov,
Mübariz Əlizadə, Yusif Ziya Şirvani, Fuad Qasımzadə
kimi müəllimləriniz var, ancaq biz sizdən də xoşbəxt
olmuşuq, çünki müəllimlərimizin
hamısı canlı klassiklər idi, bir çoxları da
sizin indiki müəllimlərinizin müəllimi idi.
Başladı onlarla bağlı hekayətləri
nağıl etməyə və sən demə, bu, Təhsin
müəllimin indiyədək davam edən şakəri
imiş. Həmid Araslı gecəsində bunu da
danışdı ki, keçmiş tələbələrindən
olan indiki həmkarı, Bakı Dövlət Universitetində
xarici ölkələr ədəbiyyatından dərs deyən
Nüşabə Sadıqova bir gün ondan soruşub: "Təhsin
müəllim, bizə birinci dəfə auditoriyaya gələndə
bilirsiniz necə başladınız? Dediniz ki, biz gözəl,
çox güclü müəllimlər
görmüşük, sizə suyunun suyunun suyu gəlib
çatıb. Biz indi onların öyrətdikləri əsasında
nəsə deyirik".
Təhsin müəllim bir vaxt
yarızarafat-yarıciddi söylədiyi bu sözləri yada
salaraq belə yekunlaşdırdı ki, o böyük müəllimlərimizin
suyunun suyunun suyuyuq, onlarsa əsl bulaqlar idilər, Həmid
Araslı da həmin bulaqların ən gurlarından biri!
Unudulmaz rəssamımız Baba Əliyevin (1915-1991)
yaratdığı tarixi bir tablo var. Yəni o köhnə nəsil
rəssamlarımızın fırçasından
çıxmış lövhələrin hər biri indi
özlüyündə ayrıca bir tarixdir, amma haqqında bəhs
etdiyim əsərdə tarix içində tarix var. Bir masa ətrafında
tanınmış simalar toplaşıb. Bir yanda Məmmədhüseyn
Təhmasib (1907-1982) ayaq üstə, sol küncdə oturan
Mikayıl Rəfili (1905-1958), onların böyründəki də
Heydər Hüseynov (1908-1950). Obiri yanda isə digər ulduzlar
- Məmməd Arif Dadaşzadə (1904-1975), Həmid
Araslı, Mir Cəlal (1908-1978), Mirzə Feyzulla Qasımzadə
(1898-1976). Onları bir masa arxasına toplayaraq bu tabloda əbədiləşdirən
hansı hadisədir? İlk dəfə olaraq üçcildli,
çoxmüəllifli, akademik "Azərbaycan ədəbiyyatı
tarixi" kitabı yaranacaq, onu müzakirə edirlər. O
üçcildliyin yaradılmasını isə əsla elə
sadəcə kitab yazmaq məsələsi kimi qəbul etməyin.
Onsuz da tez-tez görüşmüş, təmasda olmuş bu
məslək və duyğu qardaşlarının
qovuşduğu rəsm əsəri millət quruculuğu
yolundakı mühüm addımın atılması ərəfəsidir.
O kitab əslində xalq üçün bir bələdçi
olacaq, millətin gələcək zaman içərisində
özünü tanıyaraq inamla irəliləyə bilməsindən
ötrü səmt çırağı vəzifəsini
yerinə yetirəcək. O cildlər yarandı və
onların təməlində nə qədər başqa cildlər
ortaya çıxdı. Millət bu gün də o
işığı tutub gedir. Bir azərbaycanlı bu gün
özünü əmin, güvənli, qüvvətli hiss
edirsə, özünü dünyanın irəli gedən
xalqlarından sayırsa, bu
arxayınçılığın səbəbi odur ki, onun
babaları var.
Həmin masa arxasındakı kişilərin də
xidməti xalqın hər sıra nəfərinə doğma
babalarını tanıtmaq, o babalarla iftixar duyğusunu
aşılamaq idi. Zamanına görəsə bu, sadə
iş olmayıb. Zahirən böyük vaxt da keçməyib.
Tarixçün 80-90 il nədir ki! Ancaq XX əsrdə Azərbaycanın
yaşadığı sovet onilləri büsbütün fərqli
tarixdir, millət taleyinin indilərlə heç vəchlə
tutuşdurulabilməz parçasıdır. Həmin keşməkeşli
tarixin özəlliklərindən bugünkü nəsillərin
xəbəri yoxdur, heç maraqlanmırlar da. Ancaq o
dövrün sərt gerçəklərindən agah olmasan,
bu gün əlimizdə-ovcumuzdakıların da qədrini bilməzsən.
Bilmədiyininsə itirilmə təhlükəsi, bixəbərləşdikcə,
biganələşdikcə mənəviyyatımıza
oxşar təcavüzlərin başvermə qorxusu həmişə
var və məkr də artrıq həm əl altdan, həm də
elə açıqca yeridilməkdədir. Sərvətlərimizi,
dəyərlərimizi, bizi biz edən üstünlükləri
ən çətin əyyamlarda qoruyan, yaşadan, bir dərsliyə
döndərib sabaha ötürən o cür kişilər
olduğuna görə girdablar bizi sovura bilməyib,
çöhrəmizi hifz etmişik, dirçəlmişik,
müstəqilliyimizə qovuşmuşuq. O dəyərlərə
sahib olmadan insan maşınlaşır, əsirinə
düşdüyü ayrı dilin, təsirinə
düşdüyü ayrı mənəviyyatın (ya mənəviyyatsızlığın)
balasına çevrilir.
Bu gün çox ciddi şəkildə bir ayrı
biçimdə var olan həmin hürkülər Həmid
Araslıgilin vaxtında başqa bir şəkildə
ortadaydı. Qoruyuculuq o vaxt çox çətin, məşəqqətli,
sınaqlı idi, amma indi zahirən guya daha rahat kimi
görünən zəmanədə o cür sadiq, fədakar
mübarizlərin qıtlığı ucbatından daha qəlizdir.
Sovet dövlətinin, bolşevikləşdirilmiş
kommunist ideologiyasının məqsədi əslini-kökünü
tanımayan, fərdləri bir-birində əriyib itən,
milli özünəməxsusluqdan uzaq olan bivec kütlə,
asan idarəolunan qul təfəkkürlü, aqibəti ilə
barışmış sürü, amorf sovet xalqı yaratmaq
idi. Həmid Araslı və onun məsləkdaşları
çalışırdılar ki, bu xalqın milli sifəti qeyb
olmasın, rişələr dərinə işləsin, xalq
öz əcdadından güc alsın. Ədəbiyyatşünaslığa
yalnız bir elm sahəsi kimi deyil, ən başda ümdə
milli siyasət kimi yanaşan Həmid Araslı ömrü boyu
yalnız qədim ədəbiyyatla məşğul oldu. Sovet
onillərində yaşadı, amma həm də heç vaxt
bu dövrün adamı olmadı. O, Nizamilərlə, Xaqanilərlə,
Füzulilərlə həmzaman idi, onları bizim
zamanınkı edirdi və çağdaşlarını da
ruhən onların həmdövrünə döndərirdi.
Çəkmiş olduğu acıların verdiyi dərslər
və mükəmməl bildiyi keçmiş ona bu ibrəti də
aşılamışdı ki, qətiyyən
arxayınlaşmaq olmaz, ömür müvəqqəti, yol
bitməzdir, bu səbəbdən də etibarlı
ardıcıllar yetişdirilməlidir. Ümid bəslədiyi
tələbələri, aspirantları, doktorantları öz
yerində, buna da çalışdı ki, canı
canından, qanı qanından olanlardan, övladlarından,
qohum-əqrəbasından da onun yolunu davam etdirənlər
olsun.
Onlardan biri - görkəmli türkoloq alim, professor
Tofiq Məliklinin Nizami muzeyindəki Həmid Araslı tədbirində
iştirakı üçün ayrıca dəvətə
ehtiyacı yoxdu. Çünki uzun illər SSRİ Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunda
(1969-1992), daha sonra İstanbul Universitetində (1991-1994),
ardıncasa Moskva Dövlət Linqvistika Universitetində
(1994-2015) çalışmış, Rusiya Türkoloqları
Komitəsi sədrinin müavini vəzifəsini tutmuş Tofiq
Məlikli vətəndən uzaqlarda karyerasını başa
vurandan sonra, nəhayət ki, birdəfəlik Bakıya
yığışdı və köhnə dostu mən Nizami
muzeyinə işləməyə dəvət etdim. Tofiqsə
mənə çox illər əvvəl söyləmişdi
ki, türkologiyanı özünə məslək olaraq hələ
orta məktəbi başa vurub ali məktəbə girməyə
hazırlaşdığı 1960-cı ildə yaxın qohumu
akademik Həmid Araslının xeyir-duası ilə seçib.
2024-cü ildə, Araslı gecəsində isə artıq
bunun təfərrüatlarını Tofiq hamıyla
bölüşürdü: "Universitetə sənədlərimi
verməyə hazırlaşanda anam məni götürüb
Məmməd dayı adlı qohumumuzla birlikdə Həmid
müəllimgilə gətirdi. Oturduq, söhbət elədik.
Həmid müəllim hansı fakültəyə qəbul
olunmaq istədiyimi soruşanda şərqşünaslığın
türk filologiyası şöbəsinin adını çəkdim.
Bir az dalğınlaşdı, qayıtdı ki, sən başıbəlalı
bir yol seçirsən, çünki türkoloqların
arasından sağ çıxan azdır. Əgər
türkoloq olmaq istəyirsənsə, çox ciddi alim
olmalısan və ciddi çalışmalısan. Tək
türk dilinə, osmanlıcaya deyil, ərəbcəyə də,
farscaya da marağın olmalıdır, onları da öyrənməlisən.
Mənim şərqşünaslıq fakültəm Şah
Abbas məscidindəki mollaxana olub, sənin indi dilləri
öyrənmək imkanın daha da çoxdur. Mən razı,
bil ki, bu, çətin, amma şərəfli, vətənə
də çox lazımlı ixtisasdır".
O gün Tofiq anası ilə bərabər, onunla Həmid
müəllimgilə gələn Məmməd dayı dediyi
qohumu haqda da söz açdı. Tofiq Məlikli ogünəcən
mənə naməlum olan həmin adamın Gəncədə
XX yüzilin əvvəllərində "Difai"
partiyasını quranlardan olduğunu, 1918-ci ilin sentyabrında
Bakını xilas etmək üçün gələn Nuru
Paşanın dəstəsində vəzifə tutduğunu,
1920-ci ildə sovet cəza orqanlarının təqiblərindən
can qurtararaq İstanbula sığındığını, 5
il orada qalandan sonra gizlicə Azərbaycana
qayıtdığını, Gəncədə
yaşadığını, hər bazar günü xəlvəti
Bakıya baş çəkdiyini söyləyirdi,
düşünürdüm ki, gör xəbərsiz
qaldığımız nə qədər düyünlü
taleli insanlarımız olub ki, əslində gərək
onları tanıyaq, bilək, çünki hər birinin
istiqlalımızda özünə görə xidməti,
danılmaz payı var.
Həmin Məmməd dayı yad gözlərdən
yayınaraq Bakıya ona görə gəlirmiş ki, burada ailə
qurduğu alman xanımı və 3 oğlu varmış.
Pünhanca gəlib ailəsini yoluxar, onlara pul, ərzaq gətirərmiş.
"Yəqin, Nüşabə də, Dürdanə də
xatırlayacaq. Məmməd dayı hər bazar günü
gizli gəlib əvvəlcə bizə baş çəkirdi,
sonra gedirdi uşaqlarının yanına. Hərdən məni
də götürüb Həmid müəllimgilə
gedirdi".
Təbii ki, dərdləşməyə gedirdi. Məmməd
dayının Həmid müəllimlə tutan söhbətləri
az deyildi.
Həmid Araslı siyasətə qarışmazdı.
Şərqşünaslıq İnstitutunda birgə
çalışdığımız illərdə onun dilindən
heç vaxt hər hansı siyasi mövzuda söhbətə
müdaxiləni eşitmədim. O dövrdə bəzən
aparıcı qəzetlər görkəmli elm, mədəniyyət
adamlarına Sovet İttifaqının siyasi həyatındakı
ayrı-ayrı hadisələrlə bağlı münasibəti
ifadə edən yazılar sifariş verərdi, ya özləri
məqaləni hazırlayar, razılığını alaraq
altda hansı tanınmışınsa imzasını
qoyardılar. Həmid müəllimin imzası belə
yazıların da altında görünmədi. Mən o vaxt
Yaxın və Orta Şərq Xalqları İnstitutundakı
(sonrakı Şərqşünaslıq) "Yazılı
Şərq Mənbələrinin Tədqiqi və Nəşri
şöbəsi"ndə elmi işçi idim. İllik
planlar tərtib edilərkən bizim şöbənin işləri
ilə bağlı mötərizədə həmişə rəsmi
və zəruri bir dəqiqləşdirmə edilirdi:
"Oktyabraqədərki ədəbi, mədəni və
tarixi irsin öyrənilməsi". Yəni tarixin sovetlərədərki
hissəsi.
Bir dəfə şöbənin illik planları cədvəlini
verdilər ki, imzalatdırmaq üçün Həmid müəllimə
aparım. Bir-bir hər fərdi planın ilk səhifəsinə
yuxarı başdan qol çəkirdi, dilləndim ki,
institutdakı bütün şöbələrin içində
ən sanballısı bizim şöbənin adıdır, əlavəsi
isə lap gözəldir.
Gülümsündü, başını
qaldırdı, bildim ki, ürəyincədir, amma kəlmə
kəsmədən gözü ilə "elə demə"
işarəsini verdi.
Özü onsuz da həmişə "oktyabraqədərki"
dövrdə idi, bilirdim ona çox xoşdur ki, mən də
yolumun başlanğıcından, lap tələbəlik illərimdən
klassik ədəbiyyatla məşğulam.
Fəqət Həmid müəllim oktyabrdansonrakı
dövrün də hər sifətinə bələd idi, ona
görə də nə özü adam arasında siyasi
çaları olan söhbətlə qarışardı, nə
də qəlbinə yaxınların hansısa mümkün bəlalara
düçar olmamasından ötrü belə
danışıqlara meyl etməsini tövsiyə edərdi.
Ən azı elə o gün mənə gözü,
baxışları, dodaqlarının sözsüz hərəkəti
ilə dediyi qədər.
Lakin daxilində həmin söhbətləri etməyə
ehtiyacı da varmış axı. Ona görə də
keçmiş "Difai"çi, yaxın qohumu Məmməd
dayı Həmid müəllimçün, Həmid müəllim
də Məmməd dayıdan ötrü xısınca ürəkboşaltma
girəvəsiymiş.
Tofiq Məlikli o vaxt dünyadakı əsas şərqşünaslıq
mərkəzlərindən sayılan Moskvada türkologiya sahəsində
ən sözükeçər mütəxəssislərdən
biri mərtəbəsinə ucalmışdı. Bu da xatirimdədir
ki, SSRİ Ali Attestasiya Komissiyasında ona çox inanır, ən
mübahisəli işləri ekspert rəyi üçün məhz
Tofiqə göndərirdilər və elmi obyektivliyinə də
o qədər etibar edirdilər ki, yeri düşdükcə
Azərbaycandan gələn və türkologiya məsələləri
ilə bağlı dissertasiyaları da başqalarına yox, məhz
son söz üçün ona yönəldirdilər.
Ancaq Tofiq o vaxt da deyirdi, indi də etiraf edir ki, həmin
illərdə Bakıya hər gəlişində mütləq
Həmid müəllimə baş çəkər, məsləhətlər
alar, yığılıb qalan suallarına münsif
cavabını ondan istərmiş.
"Moskvada Sovet Türkoloqları Komitəsinin sədr
müavini seçiləndə xarici əlaqələr üzrə
bütün işlər mənə
tapşırılmışdı. O vaxt 1926-cı ildəki
ilk Türkoloji qurultaydan sonra Bakıda 1988-ci ildə sovet
türkoloqları və türkiyəli alimlərlə bərabər,
ilk Sovet-Türk kollokviumunu keçirdik. Mənim tək idim və
istəyimlə sonra silsiləyə çevriləcək
kollokviumlardan birincisi "Kitab-i Dədə Qorqud"a həsr
olunmuşdu. Həmin kollokviumda Türkiyənin ən
ünlü alimləri Orxan Şaiq Gökyay, Bəhaəddin
Ögəl, Əhməd Bican Ərcilasun və
başqaları iştirak edirdi. İlk iclasın həmsədrləri
Azərbaycan Akademiyası tərəfindən Bəkir Nəbiyev,
Moskvadan, Sovet Türkoloqları Komitəsindən mən idim.
Açılış nitqimdə mən elan etdim ki, bu
kollokvium akademik Həmid Araslının xatirəsinə həsr
olunur. Bu, Həmid müəllimin haqqı,
hamımızın, ilk növbədəsə mənim ona
qaytardığım borc idi".
İndinin insanlarının bu həqiqəti qavraması
çətindir, gələcəkdəkilər
üçünsə lap anlaşılmaz olacaq ki, niyə
vaxtilə kimlərisə millətini, vətənini vəsf
edən şeirlər yazdığına görə,
xalqına, yurduna vurğunluğundan ötrü, öz tarixini
araşdırdığına, ədəbiyyatının, sənətinin
əski nümunələrini axtarıb-tapıb üzə
çıxardığına görə cəzalandırıblar,
azadlıqdan, həyatdan məhrum ediblər, "xalq
düşməni" damğası vurublar. Məəttəl
qalacaqlar ki, tutalım, niyə biz Həmid Araslı kimi alimləri
sanki görülməsi tam məqbul və arzuolunan işləri
yerinə yetirdiyinə, bir araşdırıcı olaraq vəzifə
borcuna əməl etdiyi halda cəsur, qorxmaz, qəhrəman
adlandırmışıq.
1990-cı illərin sonlarında mənə ilk dəfə
İstanbulda, dəvət olunduğum televiziya verilişində
canlı yayımda Türkiyə vətəndaşlarına
söz demək imkanı nəsib olmuşdu. Oradan
başladım ki, bu anlarda məni görən, dinləyən
insanların hamısından Türkiyəni ən çox sevən
mənəm. Dərhal səbəbini də izah etdim ki,
çünki sizin heç birinizə Türkiyəni sevdiyinizə,
bu məhəbbəti dilə gətirdiyinizə görə cəza
verilməyib, məni isə vaxtilə Sovet İttifaqında
buna görə suçlandırıblar, hələ tələbə
ikən televiziya verilişlərində çıxış
edərək dilimizə yatmayan, artıq əvəzlənməsi
vaxtın tələbi olan hansısa ərəb, fars kəlməsinin
yerinə daha münasib doğma kəlməni, türk
sözünü işlətdiyim üçün
"pantürkist", "ekstremist" adlandırıblar,
aylarla efirə çıxmağıma icazə verməyiblər,
xaricə çıxışıma qadağa qoyublar.
Odur ki, məsum və faydalı, millətəxeyir
işi ilə məşğul olmuş Həmid
Araslının bütün fəaliyyəti mahiyyətcə
ardıcıl mübarizə və müqavimət idi.
1950-ci illərin başlanğıcında Azərbaycanda
Moskvanın ötürməsi ilə "Kitab-i Dədə
Qorqud"a və qorqudçulara qarşı həmlələr
tüğyan edəndə, Həmid müəllimin
övladları Elman və Nüşabə Araslıların mənə
söyləməsincə, qəzet-jurnallar sanki amansız məhkəmə
kürsüsünə çevrilibmiş. Hər gün,
günaşırı Həmid Araslı haqqında həqarət
dolu yazılar dərc edilirmiş. Həmin məqalə müəlliflərindən
bəziləri, yenə Araslının övladlarının təsdiqincə,
axşam evə gələrək üzrxahlıq edirmişlər
ki, vallah, mən yazmağa məcbur idim, keç
günahımdan, amma hər halda çalışdım ki,
onlar istədiyindən bir az yumşaq alınsın. Bu da
Nüşabə xanımın xatirəsidir, deyir ki, iş elə
gətirdi atam haqqında tənqidi məqalə yazanlardan biri
çox keçmədən oxşar vəziyyətə
düşdü, indi onu təqib etməyə, haqqında hərzə-hədyanlı
məqalələr dərc etməyə başladılar; anam
Balacaxanım bir axşam atama dedi ki, ay Həmid, dur gedək o
adama təskinlik verək.
Geyinib gedirlər, qapını döyürlər,
onları həmin adam özü qarşılayır.
Qarşısında az əvvəl kəskin tənqid atəşinə
tutduğu Həmid Araslı və xanımını
görüncə pərtləşir, "hə, nədir, məni
təbrik etməyə gəlmisiniz?" deyir.
Cavab verirlər ki, yox, niyə elə fikrə
düşürsünüz, indi sizin başınıza gələn
bəlanı biz çəkmişik, ona görə gəlmişik
ki, ürək-dirək verək.
O mədhuş zaman zolağında hədəfə
götürülənlər, tutulmağa hazırlananlar, ya
artıq həbsə atılmışların ailə üzvləri
yazılmamış qayda ilə ağır yoluxucu xəstəliyə
düçar olmuş yaxındüşülməzlər
zümrəsinə aid edilirmişlər. Hamı onlardan gen gəzir,
oturub-durmamağa səy göstərir, hətta
salamlaşmaqdan belə çəkinirmiş.
Vaxt ən qabil təbibdir, çox acıları
unutdurur, çox dərdləri yaddaşın alt qatına
çəkir. Ancaq qəribədir ki, söz və münasibət
yarası nə qədər zaman keçsə də, səngimir,
üstündən xeyli müddət ötəndən sonra da
qaysaq bağlamadan qalır, anı gəldikcə yenə
keçmişdəki kimi göynədir.
Nüşabə xanım o vaxt uşaq olub, atası,
ailə gözümçıxdıya salınan dövrdə
10-12 yaşı varmış, indi sinni səksəni
keçib. Ancaq o günlərdə onlara salam verməyənlərin
də, hayan durmaqdan çəkinməyənlərin də
üzləri elə ovaxtkı ağlığı və
qaralığı ilə yadındadır.
Yada salır ki, ayağı evimizdən kəsilməyən,
əksinə, həmin nigaran günlərdə get-gəli
artan nadirlərdən biri Mir Cəlal idi. Həm də
çox vaxt tək gəlmirdi, yoldaşı da,
uşaqları da yanında olurdu.
Bunu da səbəbsiz etmirmiş. Çünki o
günlərdə təcridin, biganəliyin, ətrafdakıların
soyuqluğunun əzabını evlərin xanımları, təqib
olunan ailələrin uşaqları hədəfə
götürülənlərin özlərindən az çəkmirmiş.
O qatmaqarışıq əyyamlarda ziyalılar
arasındakı ailəvi yaxınlığın bəxş
etdiyi siyasətdənkənar bir başqa məziyyət də
varmış. Xanımların, uşaqların
qaynayıb-qarışması ilə belə ailələr
bir-birinə qohumdan da yaxın olurmuş. Bəzən kişilərin
sözləri çəp gələndə, müəyyən
yaradıcılıq məsələlərinə görə
arası dəyəndə, umu-küsünün dərinə
işləməməsi, münasibətlərin təzədən
bərpa olunması üçün mötəbər zəmanət
vardı - birevli kimi uşaqlar, xanımlar sərinliyin tezcə
aradan getməsi, elə öz-özünə
barışıq üçün ən təmənnasız
və təbii körpü idilər.
O gün - 2024-cü ilin fevralında bu ürəkaçan
mənzərə gözlərimin önündə idi. Həmid
müəllimin məclisinə gələnlərin bir
çoxu indi ata-analarından daha yaşlı olan
1940-50-60-cı illərin uşaqları, yeniyetmələri
idilər. Bu gün hər biri Azərbaycan cəmiyyətində
hörmətli yer, məqam sahibi şəxsiyyətlər,
çətin, imtahanlı çağların ailəvi
dostları, böyük yazıçıların, şairlərin,
alimlərin övladları...
Onların hər biri qısa olmayan ömürləri
boyunca, əlbəttə, nələrisə tapıb, nələrisə
itiriblər. Ancaq əminəm ki, onların
hamısının həyatdakı ən vacib qazanclarından
biri elə sadə olmayan zamanın ələyindən
keçərək bugünə çatmış belə
saf, təmiz hisslər, bundan belə qırılması
mümkünsüz birgəlikdir.
Elə bu sabitlik və dəyişməzlik də
onlara mərd, dəyanətli ataların yadigarıdır. Məgər
Həmid müəllim özü dəyişdimi?
Cavanlığında hansı şövqdə, hansı
mübarizlikdə, hansı əqidədə idisə,
ixtiyarlığınacan da o cür qaldı.
1981-ci ildə Həmid Araslı 72-yə
çatmışdı və bir alim üçün sən
deyən qoca yaşda deyildisə də, çox
düşmüşdü. Ötmüş onillərin
sıxıntıları, sarsıntıları izini
qoymuşdu, yüksək qan təzyiqi vardı, digər
löyün-löyün səhhət böhranları da onu
mütəmadi narahat edirdi. Ancaq ürəkdəki eşq və
şövq, ruhdakı əzm və ötkəmlik elə əvvəlki
idi.
1981-ci ildə daha heç kim bir ədibi, bir ədəbiyyatşünası
qınamırdı ki, sən niyə "Kitab-i Dədə
Qorqud"dan yazırsan, nədən Füzuli ilə
bağlı tədqiqat aparırsan, nə üçün qədim
əlyazmalara çox maraq göstərirsən. Artıq
meydanda kəm köhnə, həm orta, həm yeni nəsildən
bolluca ədəbiyyatşünaslarımız, görkəmli
alimlərimiz vardı.
Və 1981-ci ildə Tehranda fars dilində Xətaidən
bəhs edən bir kitab nəşr edildi. İranda çox
kitablar buraxılırdı ki, heç xəbərimiz olmurdu,
ancaq görünür tədbir də tökmüşdülər
ki, həmin kitab tezliklə göz dağı kimi Bakıya da
gəlib çatsın.
Firuz Məhsuri adlı müəllifin kitabının
elə adı gendən "vur-vurum" deyirdi: "Şah
İsmayıl şair olmayıb və o, "Divan"a da sahib
deyildi" ("Şah Esmail şaer nə bude və
"Divan"a həm nə daşteəst").
Çoxlarının xəbəri vardı ki, belə
ziyanvurucu kitab yazılıb, yəqin, vərəqləyib məzmunu
ilə tanış olanlar da bəs deyincə idi. Ancaq yenə
başqalarının bu təxribata laqeyd qaldığı əsnada
səsini qaldıran, qələmini sıyıran qoca şir
oldu.
İlk gənclik illərindən ədəbiyyatımızın,
sözümüzün, mənəvi
varlığımızın keşikçisi, sərhədçisi
olmaq məsuliyyətini bir vicdan vəzifəsi kimi boynuna
götürmüş ixtiyar Həmid Araslı səhhətindəki
nasazlıqları sanki unudaraq masa arxasına keçdi, Şah
Xətaimizə dil uzadanın dilini yandıran sərt bir cavab
və ifşa məqaləsi yazdı, "Ədəbiyyat qəzeti"ndə
dərc etdirdi, bununla da həm dosta, həm düşmənə
bəyan etdi ki, əvvəlki səbat və qətiyyətlə
yenə meydandayıq, yenə keşikdəyik!
5 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.14-15.