"Alef": Başlanğıcdan
sona sehrli Borxes gerçəkliyi
Aradan illər keçəndən sonra yenidən Xorxe
Luis Borxesə "qayıtmaq" ehtiyacı hiss etdim. Bu səfər
əvvəlkindən fərqli, özgə bir əhvalla,
başqa ovqatla, ayrı təfəkkürlə... Necə deyərlər,
Borxesi "bilməyən" onu mütaliə etməyin
aclığını duymaz, amma bir dəfə Borxesi
"tanıyan" onu təkrar oxumamağın əskikliyini
çox dərindən hiss edər.
İnzivada ikən birdəncə ürəyim istədi,
yenə Borxesin qaranlıq zirzəmilərinə enim, başgicəlləndirən
labirintlərində dolaşım, surətimi
çoxüzlü güzgülərdə fərqli
proyeksiyadan izləyib hansısa paralel dünyadakı "mən"in
zəka sərhədinin uc nöqtələrində
bütün bunların yuxudamı, reallıqdamı baş
verdiyini xatırlamağa çalışım...
Borxeslə ilk dəfə 2016-cı ildə
İstanbuldakı kitab mağazalarının birindən
aldığım "Alef" vasitəsilə
"tanış oldum". "İlk
görüş"ün umduğum qədər isti
keçdiyini deyə bilmərəm. Kitabdakı hekayələri
bircə-bircə oxumuş və bu qənaətə gəlmişdim
ki, deyəsən, Borxes mənim yazıçım deyil. Amma
sonrakı günlər ərzində yuxu ilə gerçəklik
arasındakı mistik sərxoşluğa bənzər halətdə
dolaşmışdım. Qəribə mütaliə təəssüratı
idi: "Alef" kitabında oxuduqlarımı sanki necəsə
öz həyatımda yaşamışdım, oradakı
bütün çoxqatlı bilgilər, hətta təhkiyə
tərzi də sirli bir şəkildə tanış gəlirdi.
Bunlar yaddaşımın hansısa mərtəbəsində
vardı, amma heç cür xatırlaya bilmirdim...
Röyamı, dejavümü, ya içinə "həbs
olunduğum" o sehrli ilk hissiyyat hər nədirsə,
qaranlıq zirzəmidə nə vaxtsa yerini bilib sonra
unutduğum çıxış qapısını
axtarmağa bənzəyirdi: qapı açıldımı,
içəri dolan işıq selində hər şeyi anidən
xatırlayacaqdım... Onda başa düşmüşdüm
ki, ilk qənaətim yanlış olub, Borxes elə tam mənim
yazıçımdır, sadəcə hələlik zehni
çərçivələrin məhdudiyyətindən
"çölə daşa bilmirdim"...
Fəqət o zaman Borxesi oxuyarkən ruhuma hopan o mistik
hissiyyat illərlə zehnimin fonunda qaldı. Ta ki məntiqlə
izahını verə bilmədiyim, ancaq intuisiyama güvənib
qəlbimlə inandığım ruhani təcrübələrin
müşayiəti ilə keçən son illərdə
Borxesin göyqurşağı parlaqlığındakı
Alefini detallarınacan, yuxu ilə gerçəkliyin
arasında qəribə beyin dalğasında, bir gün
"görənə" qədər... Və özümdəki
bilgini (əslində hamının şüuraltında o ilahi
bilgi kodlanıb, sadəcə doğulanda hər kəsə də
yaxşıca unutdurulub...) az qala hüceyrə
yaddaşımla xatırladım!.. O an Borxesi, məncə, tam
mahiyyətiilə anladım, elə onu anlamayanları və
anlamaq istəməyənləri də... Çünki
"xatırlamaq" da elə unutmaq qədər
ağrılı və əziyyətli işdir...
Kitabda yer alan "Alef" hekayəsindən ayrıca
bəhs etmək istəyirəm. Yəqin "Alef"in həm
də müəllif üçün vazkeçilməz mistik
sehrindəndir ki, Borxes sonralar hekayələrini yenidən nəşr
etdirəndə növbəti kitabı "Alef və digər
hekayələr" adlandırmışdı. Hekayədə
məkan və zamanın bütün ölçülərinin
bir nöqtədə birləşdiyi sehrli fenomen - Alef
haqqında danışılır. Alef - hekayədə bir zirzəminin
küncündə gizlənən və bütün
kainatın bir an içində müşahidə edilə
bildiyi metafizik obyekt kimi təsvir olunur. Alef ideyası Borxesin
insanın bilgi, şüur və varoluş haqqındakı
suallarını metaforalarla ifadə etməsi üçün
əvəzolunmaz bir rəmzdir... Bu konsept fəlsəfi
baxımdan məkan və zamanın təkamülü, insan
idrakının hədləri və sonsuzluq
anlayışını özündə ehtiva edir. Alef təkcə
bir nöqtə deyil; o, hər şeyin eyni zamanda mövcud
olduğu "təcrübə mərkəzi"dir. Burada
insan şüuru kainatın ağlagəlməz, gözişləməz
ənginliyinə şahid olur, lakin bu genişliyi anlamaqda aciz
qalır.
"Alef" hekayəsi Borxesin dil və üslub
baxımından zəngin, mürəkkəb və müxtəlif
qatlarda işlənmiş əsərlərindəndir.
"Borxesanə sehr"ə daha yaxşı vaqif ola bilmək
üçün hekayəni türkcədə Fatma Akersonun,
rus dilində Yevgeniya Lısenkonun tərcüməsində
oxuyub müqayisə etmək fürsətim oldu və
xüsusilə rus dilinə tərcümənin keyfiyyətini
bəyəndim.
İnsafən, əsərin dilimizə
"Əlif" adı ilə edilmiş tərcüməsini
də, bəzi dil və üslub xətalarını
çıxmaq şərtilə, qənaətbəxş
saymaq olar. Yeri gəlmişkən, bir haşiyə
çıxıb əsərin orijinaldakı "Alef"
adının dilimizdə "Əlif"lə əvəzlənməsini
doğru hesab etmirəm. İbrani əlifbasının ilk hərfini
bildirməklə yanaşı, yəhudi Kabalasında ezoterik
"bütün sayların sonsuzluğunu özündə
birləşdirən ilkin başlanğıc"
anlamındakı "Alef"in tərcümədə
olduğu kimi saxlanması lazım idi. Aydındır, "əlif"
fonetik olaraq Azərbaycan dilinə uyğunluq məqsədilə
istifadə edilib, amma Borxesdə "Alef" həm də
xüsusi bir isim olaraq daha çox fəlsəfi və simvolik
bir məna daşıyır. "Əlif" sözü isə
Azərbaycan dilində ümumi olaraq ərəb əlifbasından
hərf kimi qəbul edilir (klassik ədəbiyyatdakı "əlif"in
müxtəlif sufistik anlamlarını nəzərdə
tutmuram hazırkı kontekstdə). Qısaca, "Alef"
adı bu kontekstdə dilimizə "Əlif" olaraq tərcümə
edilməməliydi, çünki buradakı məxsusi anlam və
fəlsəfi mənanın qorunması önəmlidir.
...Borxesin yaradıcılığına xas dəqiqlik,
metaforalar və simvolizmlə birləşən üslubun
intellektual və fəlsəfi dünyagörüşü ilə
birgə tandemi "Alef"i daha da
dolğunlaşdırıb. Yazıçının hərtərəfli
mütaliəsi hər cümlədən fəlsəfi mətnlərə
göndərmələr və bol sitatlar vasitəsilə
xoş rayihə kimi yayılaraq həm də onun intellektual əzəmətini
göstərir. Borxes "Alef"də təhkiyəçi
müəllif olmaqdan əlavə, əsərin qəhrəmanı
rolunda qarşımıza çıxır. "Alef"
nöqtəsini müşahidə etməsi ona dünyadakı
hər şeyi görmə imkanı verir, amma bu zaman sanki
öz məkanının və zamanının
oriyentasiyasını itirir. "Bütün kainat"ı
gördüyü halda, özünün kənarda qalması
bir paradoks yaradır: İştirakçı - Müşahidəçi...
Borxes zaman və məkanın qeyri-müəyyənliyini
vurğulayan bu tərslik və ironiya ilə
hazırlıqlı oxucuya fərqli fəlsəfi təcrübə
təqdim edir. Hekayə dilinin gözlənilməz
konstruktivizmi heyranedicidir. Bir-birini izləyən, bəzən
iç-içə keçib mətnin təbəqələnməsinə
şərait yaradan cümlələr sanki səliqəli,
gözoxşayan, mükəmməl strukturla hekayəyə
"qutu kimi oturub". Bu üslub həm hər cümlənin,
həm də ümumi mətnin strukturu içində
çoxsaylı məna qatları yaradıb.
Borxes "Alef"də hazırlıqlı oxucunu
yalnız süjetlə deyil, həm də təsvir etdiyi mənzərələrin
sirli gözəlliyi ilə bədii ədəbiyyatın
misilsiz qüdrəti qarşısında təzimə vadar
edir. Alefə baxış səhnəsinin təfərrüatlı
təsviri Borxesin misilsiz bədii ustalığını
nümayiş etdirir. O, sözlərlə bir tablo yaradır:
oxucu Alefi həm görür, həm dədərindən hiss
edir. Borxesin yazı məharəti təsəvvür
gücümüzü hərəkətə gətirir və
bizi real dünyadan qoparıb mistik bir səyahətə
aparır. Məhz o təsvirdə Borxesvari magik realizmin
qarşısıalınmaz cazibəsinin meditativ orbitindən
çıxmaq olmur...
O, dil imkanları ilə mürəkkəb fəlsəfi
anlayışları, paradoksları və metaforaları birləşdirərək
oxucuya içində "hər şey" və
"heç nə"yin yer aldığı zəngin Alef
nöqtəsi açır. Borxesin məşhur "hər
şey və heç nə" ekzistensialist kimlik paradoksunu
bir daha görürük: Alef həm "hər şey"
ehtişamı ilə var, həm də "heç nə"
simvolikası kimi yoxdur...
Borxesin Alefi Platon fəlsəfəsindəki ideyalar aləmini
- fiziki dünyanın fövqündə yerləşən, əbədi
və dəyişməz həqiqətlərin olduğu
metafizik məkanı yada salır. Platonun fikrincə, bu
dünyadakı hər bir obyekt və hadisə yalnız
ideyalar aləminin mükəmməl formalarının əksidir.
Eyni şəkildə, Alef də adi məkan və zaman
ölçülərinin fövqündə dayanır, fiziki
dünya onun içində cəmləşir. Hər iki halda
həqiqət mövcuddur, lakin onu qavramaq üçün
insanın düşüncə çərçivəsi
kifayət etmir. Platonun fikrincə, insan ruhu ideyalar aləmini
bir vaxtlar tanıyıb və bilik bu unudulmuş həqiqətləri
xatırlamaq prosesidir. Borxesin Alefinə baxmaq insan ruhunun hər
şeyi bir anda xatırlaması ilə eyniləşdirilə
bilər. Burada Borxesin insan idrakına skeptik yanaşması və
Platonun mütləq bilik idealı arasında müəyyən
fərq nəzərə çarpsa da, "Alef" hekayəsi
Platonun fəlsəfi konsepsiyaları ilə gözəl
"dialoqa girir". Alef Platonun ideyalar aləminin modern və
mistik bir təzahürü kimi görünür.
Alef fenomeni insan şüurunun qeyri-adi, məntiqlə
izah olunması mümkünsüz təcrübələr
yaşadığı vəziyyətlərə işarə
edir. Hekayədəki qəhrəmanın Alefi izləyərkən
yaşadığı heyrət transsendent bir hal kimi izah olunur.
Bu, insan beyninin sonsuzluğu anlamaqda çətinlik çəkdiyi
zaman verdiyi təbii reaksiyanın təsviridir.
Yunqun "kollektiv şüuraltı" nəzəriyyəsinə
əsaslansaq, Alef həm də insan şüurunun simvolik
kainatını təmsil edir: burada həm universal rəmzlər,
həm də fərdi şüuraltı xatirələr
mövcuddur. Alef həm də insanın daxili mənliyinə -
şüuraltına səyahətidir. Şüuraltı
seanslarında da insan qaranlıq təhtəlşüur zirzəmisinə
qorxmadan enib yaraları və qorxuları ilə üzləşə
biləndə (əslində öz Alefi ilə
qarşılaşaraq) şəfalanır... Hamımız bir
Alefin (alovun da demək olar...) içindəyik, eyni zamanda hər
insanın bütöv Alef içində də öz fərdi
Alefi var: xatirələr, arzular, gözləntilər, ümidlər
və təcrübələrin bir nöqtədə
toplandığı daxili dünya! Alefi vəcd içində
seyr o daxili dünyanın kəşf olunmasıdır. Lakin bu
kəşf həm də insanın öz məhdudiyyətlərini
dərk etməsidir. Bu paradoksal vəziyyət insan təbiətinin
əsas xüsusiyyətlərindən biridir.
"Alef" hekayəsində İlahi yaddaşın
iki üzü - "Akaşa" və "Lövhi-məfhuz"
anlayışlarının paralelliyi də sezilir. Akaşa - qədim
hind fəlsəfəsində kainatın yaddaşı,
bütün hadisələrin, fikirlərin və enerjilərin
qeydə alındığı metafizik sahə, Lövhi-məhfuz
isə İslam sufizmində Allahın iradəsi ilə
kainatın keçmiş, indi və gələcək
bütün hadisələrinin, olmuş və olacaqların
yazıldığı ilahi lövhədir. Hər iki konsept
sonsuz, əbədi ilahi bilgi mənbəyini təmsil edir və
insan idrakının fövqündə dayanır.
"Alef"də də kiçicik bir kürəcikdə
görünənlər Akaşadakı və Lövhi-məhfuzdakı
kimi məkanın və zamanın fövqündə, hər
şeyin bir anda eyni nöqtədə mövcud olması təcrübəsinin
inanılmaz bədii ifadəsidir...
Burada "kvant sicili" nəzəriyyəsi də əsərin
ruhuna ahəstəcə nüfuz edib. Alefdə kvant
superpozisiyasına bənzər vəziyyət - bütün
mümkün hadisələr bir aradadır, yəni zaman və
məkan bir-birindən ayrı deyil, əksinə, bütün
kainatın hər bir anı eyni (zam)anda mövcuddur.
Borxes"Alef"də həm də ölümü
"işləyib": ölüm insan təcrübəsinin
ayrılmaz bir parçasıdır, hər şey təkrarlanaraq
sonsuz şəkildə var olur, beləliklə, müəllif
ölümün əslində
düşünüldüyü qədər qorxulu
olmadığına inandırır.
Borxes real və xəyali olan arasındakı sərhədi
elə ustalıqla silir ki, magiya içində reallıqda,
gerçəkliyin özəyində isə sehrə
bürünmüş hiss edirsən. Bu aspektdən - Borxesin
düşüncə aləminin bədii sehri əslində elə
real dünyanın gerçəkliyi kimi qavranılır.
Çünki Borxesin anlatdığı hər şey insan
düşüncəsinin bəhrəsidir və insana aid olan hər
şey bütün sehri ilə elə gerçəkliyin
özüdür...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.13.