Aktyor Nurlan Rüstəmov:
"Pantomim Teatrı üçün əsər yazan
yazıçı demək olar ki, yoxdur"
Müsahibimiz Nurlan Rüstəmov Pantomim
Teatrının aktyorudur. O, "Uzaq",
"Körpü", "Bir ailəm var",
"Ağarmayan saçlar", "Cehizsiz gəlinlər"
və "Qapı" kimi film və seriallarda rol alıb.
Nurlan Rüstəmov Fəxri Mədəniyyət
İşçisi və Prezident
Mükafatçısıdır.
Aktyor Nurlan Rüstəmovla söhbəti oxuculara təqdim
edirik.
- Nurlan bəy, Pantomim Teatrına gəlişinizi necə
xatırlayırsınız?
- Artıq 17 ildir Pantomim Teatrındayam. Buraya təzə
gələndə hiss edirdim ki, hərəkətlə
tamaşaçını ələ ala bilirəm, hərəkətlə
hər hansı düşündüyüm fikri, yeni bir
ideyanı, mövzunu daha yaxşı çatdıra bilirəm.
Bu səbəblərdən Pantomim Teatrına çox
böyük həvəsim yaranmışdı. Bu teatr bir
növ məni ovsunladı. Televiziyada bir neçə
tamaşasına baxmışdım, sonra universitetə
hazırlaşan ərəfədə məni "Kölgə"
tamaşasına baxmağa apardılar. Onda Pantomim Teatrı Gənc
Tamaşaçılar Teatrının binasında yerləşirdi.
Təsəvvür edin, həmin tamaşa mənim
üçün möhür rolunu oynadı. Qəti surətdə
dedim ki, mən fəaliyyətimi Pantomim Teatrının aktyoru
kimi davam etdirəcəyəm. Mən burada olmalıyam,
yaşamalıyam. Bu teatr bizim iş yerimiz deyil. Direktor və
aktyorlar arasında çox səmimi münasibət var. Bura
bizim evimiz kimidir. Burada yaşayırıq, beynimizdə olan
düşüncələri, tapdığımız
ideyaları, hekayələri rahat şəkildə dilə gətiririk,
oynayırıq və ən əsası nəfəs
alırıq. Elə düşünürəm ki, aktyor
üçün, onun yaradıcılığı
üçün bunlar əsas və vacib şərtlərdir.
Xüsusən belə bir janrda olan aktyor üçün belə
məkan, belə şərait çox vacibdir.
- Danışaraq bir-birini başa düşə bilməyən
insanlara, danışmadan nəyisə izah etmək çətin
olmur?
- Belə deyim, aktyorun içi o qədər dolu
olmalıdır ki, deyəcəyi söz, onun emosianal
gücü o qədər yüksək olmalıdır ki,
tamaşaçıya fikrini ötürə bilsin. İdeya və
mövzu tamaşaçıya çətin formatda gedib
çatmamalıdır, başa düşəcəyi dildə
çatmalıdır. Biz bütün günü məşqlər
edirik, məşğul oluruq, işləyirik,
çalışırıq ki, sözün elə hərəkət
formasını tapaq ki, tamaşaçıya nə demək
istədiyimiz, hansı halda olduğumuz, keçirdiyimiz hisslər
aydın olsun. Çünki hər bir halımız, hərəkətimiz,
adicə əlimizin yanımıza, başımızın
sağa düşməyi belə tamaşaçıya bir
enerji, bir mesaj ötürür. Pantomim Teatrında bunları
öyrənirik. Hər bir bədən üzvü ilə necə
hərəkət etmək olar? Hansı ifadə vasitələrini
göstərmək olar? İdeyanı necə düzgün
çatdırmaq olar? Nə yalan deyim, pantomima çox fərqli
bir janrdır və çox çətindir. Amma artıq biz
işin içindəyik. Rəhbərimiz Bəxtiyar
Xanızadə bizi elə kökləyib, yetişdirib ki,
artıq özümüz nəyi, necə təyin edəcəyimizi
bilirik.
- Heç bir cümlə istifadə etmədən
tamaşaçılara necə təsir edirsiniz?
- Bizim özümüzə məxsus
maneralarımız var, teatrın öz formatı var. Burada
ayrı-ayrı beyinlərin ideyaları səhnələşdirilir.
Teatrın öz qayda-qanunları var. Etik-estetik qaydalar burda ən
vacib amildir. Bir növ bizim tamaşalarımızda olan səhnəciklər
şəkil ab-havası yaradır. Hər bir səhnəciyin
formasını parlaq, estetik şəkildə işləyirik
ki, tamaşaçının gözünü oxşasın,
ona daha çox təsir etsin.
- Pantomim Teatrı film ərsəyə gətirmək
barədə nə düşünür?
- O vaxtı mən təzə teatra gələndə
arada boşluqlar yaranırdı, bir-iki saatlıq fasilələr
olurdu. Biz həmin fasilələrdən istifadə edib elə
bu binanın içində film çəkirdik. O qədər
maraqlı idi. Təsəvvür edin, qışdır, qar
yağır, fasilə vaxtıdır və biz həmin qardan
istifadə edərək film çəkdik. Pantomim
Teatrının aktyorları ilə çəkilmiş filmlər
var. Hazırda başımız tamaşalara o qədər
qarışıb ki, hələ ki ona tam vaxt ayıra bilmirik.
- Onda belə çıxır ki, tək problem
vaxtdır. Maliyyə və texniki baxımından heç bir
probleminiz yoxdur? Çünki əksər aktyorlar və
rejissorlar maliyyənin yoxluğundan şikayətlənirlər.
- Belə deyim, bizim aktyorlarımız unikaldırlar.
Onlar həm montajı bacarırlar, həm çəkilişi,
həm rəsmi. Sözsüz ki, yüksək səviyyəli
bədii filmdən danışmırıq. Elə filmlər
üçün yüksək maliyyə lazımdır.
Yalnız öz çərçivəmizdə ortaya nəsə
qoya bilərik.
- Azərbaycanın Çarli Çaplini hesab etdiyiniz
kimsə var?
- Pantomim Teatrı ümumiyyətlə, çox
istedadlı aktyorlar yetişdirir. Hazırda onların əksəriyyəti
müxtəlif teatrlarda çalışırlar. Bəziləri
Xalq artistidir, bəziləri Əməkdar artistdir. Pərviz Məmmədrzayev,
Nargilə Qəribova, Qurban Məsimov və başqa
aktyorlarımız bu teatrın yetirmələridir. Çarli
Çaplin özünəməxsus aktyor olub. Burada hər bir
fərd yaxşı keyfiyyətləri ilə bir-birindən fərqlənir.
Bəxtiyar Xanızadə elə aktyorları burada cəmləyib
ki, həmişə kimsə qıraqdan bizi müşayiət
edəndə qəribə bir ansamblla qarşılaşır.
Bizə həmişə deyirlər ki, sizdə bir fərqlilik
var. Burada artıq adam yoxdur, hamı bir-birindən nəyəsə
görə fərqlənir. Düşünürəm ki, hər
biri özünəməxsus Çarli Çaplindir.
- Qırğızıstana qastrol səfəriniz necə
keçdi?
- Ümumiyyətlə, son bir-iki ildə xeyli
qastrollarımız olub. Rusiyanın Sankt-Peterburq şəhərinə,
Qırğızıstana, Qazaxıstana və Trabzona səfərlərimiz
oldu. Qırğızıstan tamaşaçıları bizim
üçün artıq doğmalaşıb, çünki
ikinci dəfədir ki, Qırğızıstanda qastrol səfərində
oluruq. Leyla xanım Əliyevanın təşəbbüsü,
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə biz
orada iki tamaşa oynadıq - Ceyhun Dadaşovun "Manqurt"
tamaşası və Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin
"İblis" əsəri əsasında
hazırlanmış "İblis" tamaşasını.
İblis tamaşasında baş rolu canlandırıram.
Bişkek tamaşaçısı çox istiqanlı və
qonaqpərvərdir, bizi çox yaxşı
qarşıladılar və uğurlu bir tamaşa oldu.
- Pantomima fərqli janrdır. Bu janra maraq bu gün
hansı səviyyədədir?
- Bizim daimi tamaşaçılarımız var.
Hazırda teatrın 40 nəfərlik yeri var və bu 40 nəfərlik
yer həmişə dolu olur. Pantomima həvəsində olan
xüsusi tamaşaçılarımız da var. Mən
özüm Mədəniyyət və İncəsənət
Universitetində işləyirəm, orada plastik-pantomimadan,
qılınc təlimindən və səhnə hərəkətindən
dərs deyirəm. Plastik-pantomimadan dərs deyəndə
görürəm ki, tələbələrin bəziləri hələ
məlumatlı deyillər, onları məlumatlandırdıqca
həvəsləri artır və maraqlanmağa başlayırlar.
Artıq demək olar ki, hər tamaşada 2-3 tələbəmi
görürəm. Bir tamaşanı belə
ötürmürlər. Bu, çox yaxşı haldır.
- Hərəkəti və fərqliliyi sevdiyinizi
deyirsiniz. Pantomim Teatrı kimi, Yuğ Teatrı da hərəkətli
və fərqli tamaşalar ərsəyə gətirir. Niyə
Yuğ yox, məhz Pantomim Teatrını seçdiniz?
- Bu, bir növ zövq məsələsidir. Mən
buraya gələnə qədər pantomima sahəsini bir balaca
araşdırmışdım. Bu teatrın formatı Yuğ
Teatrının formatından xeyli fərqlənir. Pantomima
Teatrı bir neçə modellərə, formalara bölünür.
Bu, mənim çox xoşuma gəlir, məni ovsunlayır.
Çünki burada sən istədiyin hər bir şeyi
artıq realizə edə, qura bilirsən, Bəxtiyar
Xanızadənin göstərişi ilə yan- yörəsini
bir az düzəldirsən və normal, maraqlı bir
tamaşaya çevrilir. Məni bura cəlb edən səbəblərdən
bir də elə budur.
- Pantomim Teatrı aktyorlara hansı üstünlükləri
qazandırır?
- Bəxtiyar müəllim burada bizi həm bir aktyor, həm
də bir insan kimi yetişdirir. Aktyor həm də insan kimi
formalaşmalıdır. Qabımızda bir az rəssamlıq
qabiliyyətimiz varsa, Bəxtiyar müəllim onu açıb
ortalığa qoyur, onun istifadəsinə şərait
yaradır. Rejissorluq qabiliyyətimiz varsa, ondan istifadə
edirik, onu təkmilləşdiririk və ya kiminsə poetik
şeir demək qabiliyyəti varsa, onu inkişaf elətdirir. Yəni
burada hər bir aktyor təkcə aktyorluqla kifayətlənmir.
O həm yaxşı şəkil çəkir, həm
şeir, həm də hekayə yazır. Təsəvvür
edin, burada hər bir aktyorun bir kitablıq hekayəsi və
şeiri var. Bax belə imkanlarımız var, biz yaxşı
yaza bilirik, həmin yazdıqlarımızı tamaşalara
köçürə bilirik. Qurduğumuz hər tamaşa demək
olar ki, aktyorların və rejissorların ideyasıdır, onların
təxəyyülünün məhsuludur. Pantomim Teatrı
üçün əsər yazan çox az sayda
yazıçı var, demək olar ki, yoxdur. Buna görə
biz burada aktyorların və rejissorların beyninin məhsulundan
yararlanırıq. Məsələn,
"Ağbığlılar" tamaşası var, bu, mənim
yazdığım əsərin quruluşudur. Bu qəbildən
olan xeyli tamaşalarımız var.
- Son zamanlar sizi film və seriallarda da tez-tez
görürük. İllərlə teatrda fəaliyyət
göstərdikdən sonra kino sahəsinə necə
keçid etdiniz?
- Mənim ixtisasım teatr və kino aktyorudur, hər
şeyin əsası buradandır. Təklif nə vaxt gəlirsə,
yararlı təklifdirsə, maraqlı təklifdirsə, məni
qane edirsə, kriteriyalarıma, formatıma uyğundursa,
razılaşıb, gedib çəkilirəm. Çünki Bəxtiyar
müəllim və universitet müəllimim Fərhad
İsrafilov məni kiməsə əlavə ağız açmağa,
nəyisə xahiş etməyə və minnətçi
olmağa qoymayıblar. Bəlkə elə onun təsiridir, ya
necədirsə, mən yalnız burada özümü realizə
edə bilirəm. Buna görə illərlə daha çox
teatrda fəaliyyət göstərmişəm.
- Həm müəllimsiniz, həm də teatr və
kino aktyorusunuz. Hansı ilə sevgidən, hansı ilə maddi
problemlərdən dolayı məşğul olursunuz?
- Hələ indiyə qədər sevmədiyim işlə
məşğul olmamışam. Sevmədiyim işdə
ümumiyyətlə işləyə bilmirəm,
vaxtımı ona sərf edə bilmirəm. Ürəyim
darıxır, narahat oluram. Universitetdə dərs deməyim
bir növ Bəxtiyar Xanızadədən öyrəndiklərimi
gənclərlə bölüşmə istəyimdən irəli
gəlir, bundan zövq alıram. Teatr isə mənim
üçün ayrı bir dünyadır. Oradakı fəaliyyətimə
nə kino, nə də universitet mane ola bilər.
Çünki buranı mən heç nəyə dəyişmərəm.
17 il ərzində sevgim bir qram da olsa, azalmayıb və
heç vaxt peşman olmamışam ki, mən Pantomim
Teatrının aktyoruyam. Həyatım, ruhum buraya
bağlıdır. Sözsüz ki, bunların hər birində
maddiyyat var, bunlar olmasa, biz dolana bilmərik. Rəqəmlərin
elə də əhəmiyyəti yoxdur, sadəcə maaş
var və o maaşla dolanırıq. Amma inanın ki, bu sahələrdə
olmağım daha çox sevgidən irəli gəlir.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.12.