Naxçıvandan dünyaya...
NƏVƏ - BƏHİYYƏ NAXÇIVANİ VƏ
ZƏRURİ SÖZARDI
(Əvvəli qəzetin ötən şənbə
sayında)
Məşhur ailənin üçüncü nəslinin
ən görkəmli nümayəndəsi heç şübhəsiz,
Əli və Violetta Naxçıvanilərin qızı, Mirzə
Ələkbər Məmmədxanovun nəvəsi -
tanınmış yazıçı,
araşdırmaçı, ingilis ədəbiyyatı mütəxəssisi,
bəhailiyin tarixinə, məşhur şəxsiyyətlərinə
dair bədii-publisistik əsərlərin müəllifi Bəhiyyə
Naxçıvanidir. Valideynləri ona bütün
dindaşlarının yüksək ehtiramla
yanaşdıqları müqəddəs şəxsin - Həzrəti
Bəhaullanın ilk qız övladı, bəhailiyin tarixində
ən fədakar qadınlardan
biri kimi tanınan Bəhiyyə
xanımın (1846-1932) adını vermişdilər.
1948-ci ilin fevralında Tehranda doğulsa da, burada
yalnız üç yaşına qədər
qalmışdı. Həmişə hüdudsuz azadlıq və
qayğısız həyat dövrü kimi
xatırladığı uşaqlıq illəri Afrikada,
Uqandanın paytaxtı Kampalada keçib. Orta təhsilini
Böyük Britaniyada, Doktor Villyams məktəbində, ali təhsilini
isə Birləşmiş Ştatlarda, Massaçusets
universitetində alıb. Son dövrdə əsasən Fransada
yaşasa da, Böyük Britaniya vətəndaşıdır.
Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul
olub. Kanada, ABŞ, İsrail, Kipr və Belçikada, eləcə
də müxtəlif Afrika ölkələrində Avropa və
Amerika ədəbiyyatını tədris edib, bəhailiyə
dair mühazirələr oxuyub. 2007-ci ildə
Belçikanın Lyej universitetinin fəxri doktoru dərəcəsinə
layiq görülüb.
Erkən yaşdan etibarən
intellektual-yaradıcılıq mühitində yaşayıb-böyüsə
də, yazıçı kimi debütü nisbətən gec
baş tutub. İlk bədii əsərini - dünya bestsellerinə
çevrilən alleqorik səciyyəli "Xurcun, yaxud şəkk
gətirənlər və axtaranlar üçün
nağıl" romanını
52 yaşında çap etdirib. Və dərhal da təkrarsız
istedadı, cəlbedici ədəbi üslubu və novator
yaradıcılığı ilə Avropa miqyasında ədəbi
dairələrin diqqətini çəkib. Kitabları indiyə
qədər fransız, italyan, ispan, rus, türk, Koreya, polyak,
alman, yunan, yəhudi, Danimarka və digər dünya dillərinə
tərcümə olunub. "Tayms" jurnalının Ədəbiyyat
əlavəsi (Times Literary Supplement) onu müasir dövrün
"super İran romançısı" adlandırıb.
Babın yeganə qadın silahdaşı Tahirə Qürrətüleynin
həyat və mübarizəsinə həsr olunmuş "Çox oxuyan qadın"
romanı isə 2007-ildə Böyük Britaniyada "ilin üç ən
yaxşı kitabı" sırasına daxil edilib.
Yaradıcılığa başladığı
dövrdən Avropa ölkələrində Bəhiyyə
Naxçıvanini inadla ingilisdilli fars yazıçısı
və fars mədəniyyətinin yetirməsi kimi qələmə
verməyə çalışırlar. Doğrudur, bəzən
ötəri şəkildə kökləri etibarı ilə
Azərbaycana bağlılığı da yada salınır.
Amma bir məsələ var ki, 1979-cu il İran islam
inqilabından sonra ölkəni tərk edən mühacir dairələrin
müəyyən maraq və rəğbəti istisna olunmaqla rəsmi
Tehran onu inadla
"özününkü" saymır (və
düşünürəm ki, Bəhiyyə xanım bundan
çox da böyük iztirab çəkmir!). Ayətulla
rejimi milli, etnik, hətta vətəndaş mənsubiyyətini
bir kənara qoyub sadəcə "bəhai
yazıçısı" adlandırır (rejimi hakimiyyətə
gəldiyi ilə gündən bəhailiyi ciddi təqib edir və
sərt şəkildə cəzalandırır. İslam
inqilabının başlanğıc mərhələsi
uşaqlar və qadınlar da daxil kütləvi bəhai
edamları ilə yadda qalmışdı -V.Q.) ölkənin
çağdaş mədəniyyətinə heç bir aidiyyətinin
olmadığını vurğulayır. Əsərlərinin
farscaya tərcümə və nəşrinə qadağa
qoyulub. Yazıçının özünə gəldikdə
isə "Mən ingilis dilinin vətəndaşıyam"
- deyir. Onu İranla bağlayan iki ən başlıca amil
burada doğulması və diasporla əlaqələridir. Həmin
əlaqələr isə daha çox dini-mədəni səciyyə
daşıyır.
Bəhiyyə Naxçıvani
İlk mətbu əsəri bəhai uşaqlarının
tərbiyə məsələlərinə həsr
olunmuş "Biz nə zaman
böyüdük" ("When we grow up", Oksford, 1979)
kitabıdır. Şəxsi təcrübə və
müşahidələr əsasında yazılmış
kitab bədii əsərdən daha çox sosioloji
araşdırma xarakteri daşıyır, publisistik, hətta
müəyyən mənada pedaqoji səciyyəlidir. Hadisələrin
mərkəzində dayanan gözəgörünməz qəhrəman
isə, heç şübhəsiz, yazıçının
özü, müxtəlif ölkələrdə keçən
həyatıdır. Çünki bəhai valideynlərin demək
olar ki, hamısı övladlarının tərbiyəsi
prosesində idarəçiliyi altında yaşadıqları
dövlət və cəmiyyətlərin özünəməxsus
problemləri ilə üzləşirlər. Həmin problemləri,
eləcə də yerli bəhai icmasının onlara
münasibətini ön plana çəkən müəllif
insan təbiəti ilə müqəddəs kitabların əsaslandığı
ayələri üz-üzə gətirir, cəmiyyəti və
ailəni bu mənəvi-psixoloji kəsişmə
bucağı altında tədqiq etməyə,
işıqlandırmağa çalışır. Bab və Bəhaulladan
gətirilən çoxsaylı parçalar tərbiyə məsələlərini
bəhailiyin ruhu, mahiyyəti və tarixi ilə əlaqələndirməyə
xidmət edir. Eyni zamanda ideal kimi diqqət mərkəzində
dayanan prinsiplərlə gündəlik həyat arasında
etibarlı körpü qurur. Heç şübhəsiz,
müəllifin özünün də tanınmış bəhai
ailəsindən çıxması başqalarının
nüfuz edə bilmədiyi qapalı mühiti fərdi
xüsusiyyətləri və ziddiyyətləri ilə
göstərməyə imkan yaratmışdı.
Romançı kimi fəaliyyətə başlayana qədər
Bəhiyyə Naxçıvani əsasən bəhai
mövzusunun müxtəlif aspektləri ilə bağlı
daha bir neçə elmi-publisist kitab çap etdirmişdi.
Bunların sırasında "Cavab" ("Responce",
Oxford, 1981), "Dörd nəfər adada" ("Four on an island",
Oxford, 1983), "Soruşulan suallar. Fundamentalizmə etiraz"
("Asking questions. A Challenge to Fundamentalism") kimi əsərlərinin
adını çəkmək mümkündür. O, eyni
zamanda Auqusto Lopez-Klarosla birlikdə yazılmış və
emansipasiya məsələlərinə həsr edilən
"Qadınlara bərabərlik - hamı üçün tərəqqi:
Gender qeyri-bərabərliyinin qlobal böhran fəlakəti"
(Equality for Women - Prosperity for All: The Disastrous Global Crisis of
Gender Inequality. New York, 2018) araşdırmasının müəllifidir.
Müəlliflər bəhailiyin prinsipial xarakterli gender
konsepsiyasını - qadına ehtiramlı münasibəti,
qadın şəxsiyyətinə və hüquqlarına
sayğını bəşəriyyətin başı üzərindən
asılmış təhlükəni dəf edəcək
mühüm amil kimi dəyərləndirirlər. Bəhiyyə
Naxçıvaninin tarixçi-humanitar fəaliyyəti tam əsasla
həm də bədii yaradıcılığının
bünövrəsi, zəmini sayıla bilər.
Bəhiyyə Naxçıvaniyə Lyej (Belçika)
Universitetinin fəxri doktoru diplomu təqdim edilir.
Onun yalnız elmi-publisist deyil, bədii
yaradıcılığında da bəhai tematikası
mühüm yer tutur. İki əsəri - "Xurcun, yaxud
şəkk gətirənlər və axtaranlar
üçün nağıl" ("The Saddleback, A Fable for
Doubters and Seekers", London, 2000), eləcə də
"Çox oxuyan qadın" ("The Women, Who Read Too
Much", London, 2015) romanları isə sırf bəhailik
mövzusundadır və dini təlimin görkəmli şəxsiyyətlərinə
həsr edilib. Müəyyən Şərq mistikasına, təhkiyənin
qeyri-adiliyi və obrazlılığına görə
"London Times" qəzeti bu əsərlərlə Salman
Rüşdi yaradıcılığının ilkin mərhələsi,
"Publisher Weekly" məcmuəsi isə Michael Ondaatyenin
romanları arasında müəyyən bənzərliklər
görürlər.
Adını çəkdiyim "Xurcun" romanı
bir qədər dolayısı yolla Seyid Məhəmməd
Əlinin - Babın həyatından, daha doğru ömür
yolunun səciyyəvi mərhələsindən, yaxud
epizodundan bəhs edir. Hadisələr 1844-1845-ci illərdə,
Məkkə ilə Mədinə arasındakı Nəcd
yaylasında, Həcc ziyarəti zamanı baş verir. Konkret
zaman kəsimi təsadüfi seçilməyib. 1844-cü il
babilik-bəhailik təqvimində çox önəmli tarix,
epoxal hadisələrin baş verdiyi dövrdür. Həmin il
mayın 23-də Seyid Əli Şirazda özünün
insanların yolunu yüzilliklər boyu gözlədikləri
Mehdi olduğunu bildirən rəmzi mənalı Bab
adını qəbul etmişdi. Eyni gündə də babilik-bəhailiyin
üçüncü müqəddəs şəxsi - Bəhaullanın
oğlu Əbdülbəha dünyaya gəlmişdi. Göstərdiyimiz
ili yaddaqalan edən başqa bir hadisə isə Babın
1844-sü il dekabrın sonundan 1845-ci il yanvarın ortasına qədər
sürən Məkkə ziyarəti idi. Ziyarət zamanı o,
məxsusi olaraq seçdiyi islamın müqəddəs şəhərində
dini missiyasını elan etmək, sonra isə İraqdakı tərəfdarlarının
sıralarına qoşulmaq niyyətində idi. Lakin səfər
əvvəldən düşündüyü kimi uğurlu
alınmamışdı.
Yolçular Nəcd yaylasının hüdudlarına
daxil olanda Zəvvar (Bab-V.Q.) içinə müxtəlif əşyalar
qoyduğu Xurcununu itirir. Araşdırıcılarından
birinin "oxucunun nəfəsini kəsən əsər"
kimi səciyyələndirdiyi romandakı bütün
sonrakı hadisələr də həmin sehrli Xurcun ətrafında
cərəyan edir. Adsız Oğrunun
çırpışdırdığı Xurcun növbə
ilə Gəlinin, Dəstəbaşının, Sərrafın,
Kölənin, Keşişin, Dərvişin, Cəsədin əlinə
düşür və onların hər birinin həyatını
əsaslı şəkildə dəyişdirir, yaxud fərqli
səmtə yönəldir. Daha çox ümumiləşdirici
xarakter daşıyan bu adamlar müxtəlif dinlərə,
millətlərə və sosio-iqtisadi zəminə malik olsalar
da, dəhşətli qum fırtınası başlananda, yaxud
quldurların hücumuna məruz qalanda hamısı özlərini
bir karvanın yolçuları, Məmməd Araz demişkən,
bir taleyin oyununda cütlənmiş zərlər kimi hiss etməyə
başlayır. Həlledici məqamda insanların şüur
altında, davranış və hərəkətlərində
baş verən metamorfozalar ustalıqla əks etdirilir. Məsələn,
əsər boyu aciz adam kimi görünən və əslində
karikatura təsiri bağışlayan hindistanlı Dəllal
müəllifin qadir qələmi sayəsində zamanı yetişəndə birdən-birə
öz ürək parçalayan həyat tarixçəsi ilə
cəsur insana çevrilir. Maraqla izlənən təhkiyənin
sonuna çatanda Bəhiyyə Naxçıvaninin cəlbedici
süjet qurmaq, hadisələri məntiqi
ardıcıllıqla əlaqələndirmək,
personajların fikir və düşüncələrinin dərinliyinə
varmaq, nəhayət bütün bunları sadə,
anlaşıqlı, aydın dillə, özünəməxsus
formada təqdim etmək bacarığına heyran qalmamaq olmur.
Yazıçı sözün həqiqi mənasında
keçmişin hadisələrindən sehrli nağıllar
yaratmağı, tarixi mifləşdirməyi bacarır.
Bəhiyyə Naxçıvaninin ikinci romanında -
"Kağız. Xəttatın xəyalları" əsərində
("Paper". The Dreams of A Scribe", London, 2004) hadisələr XIX əsrin
ortalarında, daha dəqiq desək, 1847-1848-ci illər
arasında (İranda babilər üsyanının pik həddə
çatdığı dövr) eyni adlı xanlığın
paytaxtı kimi tanınan Cənubi Azərbaycan şəhəri
Makuda cərəyan edir. Təbii ki, bu dəfə də məkan
və tarix təsadüfi seçilməyib. Baş vəzir
Hacı Mirzə Ağasının təklifi, Məhəmməd
şah Qacarın (deyilənə görə, o,
bütünlükdə babilərə müsbət münasibət
bəsləmiş, lakin zəifliyi və prinsipsizliyi
ucbatından mövqeyini müdafiə edə bilməmişdi)
razılığı ilə 1847-ci ilin yayında Bab Maku
sürgününə göndərilmişdi. Əsas əsəri
- "Bəyan" da burada yazılmışdı. Roman
beş hissə, 19 fəsildən ibarətdir. Fəsillərə
bölünmədə bəhai rəmzinə müraciət
göz önündədir. Bəhai təqvimində il 19 aydan,
hər ay isə 19 gündən ibarətdir. 19 rəqəmi isə
Bab da daxil olmaqla babiliyin ilk iman gətirənlərinin, müqəddəslərinin
toplam sayını ifadə edir.
Bəhiyyə Naxçıvani - ingilis ədəbiyyatı
professoru
Xəttat, yaxud Katib Makunun adi sakinlərindən biridir.
Onun yaşadığı dünya casusların və üləmanın,
dəllalların və ara həkimlərinin, ruhanilərin və
şarlatanların, sərbazların və şahzadələrin,
oğruların, intriqanların, cadugərlərin və qatillərin
at oynatdığı məkandır. Onun
yaşadığı dünyada artıq hər yerdə
kağız hökmfərmadır. Kağızsız heç
bir iş görmək olmur. Alış-veriş və ticarət,
siyasət və diplomatiya, hətta sevgi və hissiyyat məsələləri
də kağıza bağlıdır, kağız vasitəsi
ilə aparılır, kağız üzərindən həll
edilir. İddialı Xəttat şah əsərini - indiyə
qədər yazdıqlarının, üzünü
köçürdüklərinin ən mükəmməlini,
təkrarsızını yaratmaq istəyir. İşə
başlamaq üçün ona ilk növbədə çox
gözəl - xalçanın xovu kimi yumşaq,
dağların qarı qədər bəyaz, sübhün
şəfəqləri kimi parlaq kağız lazımdır.
Lakin məmləkət böhran içindədir.
Kağız hazırlamağın qədim üsulu artıq
yasaq edilib. Fabrik istehsalı olan Avropa kağızı çətin
tapılır. Üstəlik də, həddən artıq
bahadır. Nəticədə dünyadan təcrid olunmuş,
böyük güclərin qarşı-qarşıya dayandığı
kiçik şəhərdə kağız hər
zamankından daha qiymətli mataha çevrilib. Xəttat istəyinə
qovuşmaq üçün uzaq səfərə
çıxır. Qonaq getdiyi yerdə onu məsciddən
saraya, qaladan bazara göndərirlər. Bu yol həm də
keçmişin kədərli gerçəkliyindən gələcəyin
nisbətən aydın, işıqlı səhifələrinə
aparan yolun pillələri, mərhələləri kimi təqdim
olunur.
Tanınmış türk yazıçıları
Orhan Pamuk və Elif Şafakın romanlarının sirli-macəraçı
atmosferini xatırladan əsərin əsas personajları Xəttatla
bir sırada adsız təqdim edilən Molla, Dul qadın,
Qarovulçu, onun anası, qızı və Dustaqdır.
Bəhailiyin tarixinə maraq yazıçını
diqqətini hərəkatın ən diqqətəlayiq
simalarından birinə - Qəzvindən
çıxmış türk əsilli üsyankar şairə
Tahirə Qürrətüleynin koloritli fiquruna cəlb etməyə
bilməzdi. O, Babın 18 (bu şəxslərdən 8 nəfərinin
Azərbaycan türkü olmaları barədə məlumatlar
mövcuddur) ən yaxın silahdaşı arasında zərif
cinsin yeganə nümayəndəsi idi. Eyni zamanda ağlı,
iradəsi, cəsarəti və mətinliyi ilə kişi nəslinin
bir çox təmsilçilərini açıq-aşkar
üstələyirdi. Əsl adı Fatimə (bəzi mənbələrdə
Zərrintac kimi də göstərilir - V.Q.) olan Tahirə
(Babın verdiyi ləqəbin mənası "təmiz, saf,
ülvi" anlamına gəlir - V.Q.) nüfuzlu Qəzvin
müctəhidlərindən Məhəmməd Baraganinin ailəsində
doğulmuşdu. Atası yüksək əqli qabiliyyətini,
biliklərə olan həvəsini nəzərə alıb onu
"oğlan kimi" böyütmüşdü.
Tahirə ağıllı olduğu qədər
gözəl, gözəl olduğu qədər də cəsarətli
idi. XIX əsr İran mühitində çadranı atmaqdan,
kişi məclislərində üzü açıq
oturmaqdan qorxmamışdı. Qatı şiə mübəlliği
kimi tanınan atası, əmisi (eyni zamanda qayınatası: nəticədə
guya onu qətlə yetirmək ittihamı ilə edam
olunmuşdu), əri gənc qadını ram etməyə,
susdurmağa çalışırlar. Lakin bu, asan başa gələn
məsələ deyil. Hətta iki dəfə
görüşdüyü Nəsrəddin şahın
açıq-aşkar heyranlığı və hərəmində
yer tutmaq təklifi də onu yolundan çəkindirə bilmir.
Labüd ölümlə üz-üzə dayanan Tahirənin
son sözü "Siz məni istədiyiniz vaxt öldürə
bilərsiniz, amma qadınların azadlığa
çıxmasının qarşısını ala bilməzsiniz"
- olur. İradə və qətiyyət, fədakarlıq və
cəsarət, doğruçuluq və sədaqət
haqsızlıqla, şər məmləkəti və ədalətsiz
dünya düzəni ilə barışmayan üsyankar
qadının xarakterinin əsas cizgiləri kimi təzahür
edir. Təsadüfi deyil ki, XX əsr görkəmli türk
şairi, İttihad və Tərəqqi hərəkatının
liderlərindən biri kimi tanınan Süleyman Nazif (1870-1927)
qəzvinli xanımı orta əsrlər Fransa müqavimət
hərəkatının lideri Janna d`Arkla müqayisə
etmiş, mübarizlik və yüksək insani ləyaqət
hissi baxımından fransız qadın qəhrəmanından
daha üstün, cəlbedici saymışdı.
Tahirə Qürrətüleyni, eləcə də
şahın hərəmlərindən, qızlarından
tutmuş XIX əsr İran qadınını müxtəlif
müstəvidə (ana, gəlin, qız, bacı) incə
ştrixlərlə təsvir edən roman Qərb ədəbi
tənqidində geniş maraq doğurmuş, onlarla elmi-tənqidi
məqalə və resenziyanın, biri-birini inkar edən fikirlərin,
emansipasiya ilə bağlı mülahizələrin mövzu
qaynağına çevrilmişdi. Başqa sözlə desək,
"çox oxuyan qadının" - Tahirənin dramatik həyat
romanı da kifayət qədər çox oxunmuş, ortaya fərqli
rəy və təfsirlər çıxarmışdı.
Məsələn, müasir ingilis tənqidçisi
Carol Haggas əsər barəsində "Booklist"
jurnalında yazmışdı:
"Əvvəldən sona qədər həyəcanla
izlənən romanda Tahirə Qürrətüleynin gerçək
həyatı timsalında XIX əsr İran şairəsinin zərif
cinsə münasibətdə köhnə baxış və
yanaşma tərzinə, ortodoks dini görüşlərə,
hakim siyasətə qarşı mübarizəsi təsvir
olunur. Bəhiyyə Naxçıvani hələ məntiqi
sonuna gəlib çatmayan tarixi böyük ustalıqla əfsanəyə,
mifə çevirməyi bacarmışdır".
Bəhiyyə Naxçıvani və atası, 98
yaşlı Əli Naxçıvani Londonda Britaniya muzeyində
bəhai sənəti sərgisinin
açılışında
"Literary Rewyu" məcmuəsi isə belə
fikirdədir ki, "bilərəkdən tərcih olunan
anaxronik bədii üslub romanı müasir ədəbi
uydurmalardan uzaqlaşdırır, ona hüdudsuz cəlbedicilik,
hətta cazibədarlıq gətirir". Romanın ədəbi-bədii
məziyyətləri, orijinallıq və sənətkarlıq
xüsusiyyətləri məsələsinə toxunan
"Times Literary Supplement"in fikrincə,
"Naxçıvani təhkiyəsinə elə eklektik yumor,
ekzotik hissiyyatlar və hər şeydən xəbərdarlıq
aurası qatır ki, bütün bunların fonunda adam
özünü az qala məşhur nağılın qəhrəmanı
Şəhrizad kimi hiss edir. Onun dili zəngindir, təhkiyəsi
poetikdir. Oxuduqca zövq alırsan və sanki sözlər
qarşında rəqs edir".
Təbii ki, məqsədimiz daşıdığı
soyad və nəsil şəcərəsi, soy-kökü ilə
onsuz da yurdumuza bağlı olan Bəhiyyə
Naxçıvanini hər hansı şəkildə Azərbaycan
yazıçısı, yaxud ingilisdilli Azərbaycan ədəbiyyatının
nümayəndəsi kimi qələmə vermək deyil. Belə
etiraf ilk növbədə yazıçının, şairin,
ümumən yaradıcı şəxsin, sənət
adamının özündən gəlməlidir. Doğrudur,
onun iki mühüm romanında hadisələr Cənubi Azərbaycan
şəhərində, Azərbaycan mühitində cərəyan
edir. "Çox oxuyan qadın" romanının qəhrəmanı
isə hətta fars tarixçilərinin də türk kimi qəbul
etdikləri gerçək tarixi şəxsiyyət - şairə
Tahirə Qürrətüleyndir. Amma bütün bunlara
baxmayaraq, yazıçı əsərlərində ad
seçimindən tutmuş xarakterlərin fərdi cizgilərinə
qədər mütləq milli identifikasiyadan uzaq dayanmağa
çalışır. Hadisələrin təsvirində,
personajların təqdimində millidən daha çox
insani, ümumbəşəri
keyfiyyət və cəhətləri qabarıq əks etdirməyə
can atır. Nəhayət, fikrimcə, özünü sadəcə
"fars" deyil, zəngin tarixə və milli rəngarəngliyə
malik ümumiran mədəniyyətinin təmsilçisi
sayır.
Bəhiyyə Naxçıvaninin sonuncu romanı
"Biz və Onlar"
("Us&Them") adlanır. Müəllif bu əsərdə
ilk dəfə ənənəvi bəhai mövzusunun cazibə
dairəsindən uzaqlaşaraq nəzərlərini İran
islam inqilabından sonra dünyanın müxtəlif guşələrində,
ilk növbədə isə ABŞ
Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrdə
məskunlaşan beş milyonluq İran diasporunun problemlərinə
yönəldib. Həmin problemlərin sırasında onun diqqətini
ilk növbədə mühacirlərin yad mühitə
adaptasiya məsələsi çəkmişdir. "Standford
Univercity Press blog" elektron nəşrinə verdiyi
"Avara-avara dolaşan yadelli" adlı müsahibəsində
müəllif
yaradıcılığı üçün tamamilə
yeni olan mövzuya müraciətinin səbəblərini izah
edərək demişdi: "Biz" və "onlar"
yoxdur, sadəcə biz özümüzü başqaları ilə
eyniləşdirməyi bacarmayanda yadelli oluruq".
"Başqaları" dedikdə isə müasir İran
mühacirətinin (milli-etnik və dini mənsubiyyətindən
asılı olmayaraq istənilən mühacirətin!)
nümayəndələri nəzərdə tutulur.
Şübhə yoxdur ki, eyniləşmə qorxulu prosesdir. Nəticə
etibarı ilə milli, dini, mədəni, tarixi-psixoloji özəllikləri
aşınmasına, yaxud tam aradan qaldırılmasına nədən
olur. Çünki bu zaman yad mühitdə yaşayan toplumun
özünəməxsus xüsusiyyətlərinin itirilməsi,
müqəddəs bildiyi dəyərlərin devalivasiyası təhlükəsi
meydana çıxır. Son əsərində Bəhiyyə
Naxçıvani Domokl qılıncı kimi mühacirlərin,
miqrantların, laməkanların başı üzərindən
asılmış bu qorxunc təhlükəyə diqqət
yetirmək istəyib.
lll
Yenidən hekayəmizin əvvəlinə qayıdaraq
XIX yüzilliyin 60-cı illərində qədim
Naxçıvan torpağında dünyaya göz açan
üç gəncin fərqli taleyinə diqqət çəkmək
istərdim. Təkrar da olsa, deyim ki, onlardan ən az
tanınanı Heydər Muradhasilov bütün həyatı
boyu "müəllim baba" kimi xalq maarifi sahəsində
çalışdı. Cəlil Məmmədquluzadə dahi
yazıçı və dramaturq, ictimai xadim, islam Şərqində
mütərəqqi ideyaların carçısı,
böyük maarifçi-demokrat kimi məşhurlaşdı.
Dövrünün Molla Nəsrəddininə çevrilib
bütün şüurlu həyatı boyu cəmiyyətdəki
qüsurlara, gerilik, cahillik və milli yoxsunluğa qarşı
qılıncdan kəsərli sözü, sarsıdıcı
gülüşü ilə mübarizə apardı.
Ölülər və dəlilər dünyasının
altını üstünə çevirdi. XX əsr Azərbaycan
ədəbiyyatı tarixində naşiri olduğu jurnalın
adı ilə məşhurlaşan qüdrətli ədəbi məktəb
yaratdı.
Özü də söz sənəti ilə
yaxından maraqlanan, oğlunun iddiasına görə ana dilində
qələmə alınmış orijinal bədii əsərlərin
və tərcümə mətnlərinin
müəllifi olan Mirzə Ələkbər ola bilsin ki,
keçmiş seminariya dostu və həmyerlisinin
yaradıcılığı, bütün islam Şərqinə
səs salan "Molla Nəsrəddin" jurnalı, xurafat və
cəhalətin daşını daş üstündə
qoymayan "Ölülər", aydın milli-məfkurəvi
istiqaməti ilə seçilən
dahiyanə "Anamın kitabı" tragikomediyaları ilə
tanış idi. Hətta ola bilər ki, "Ölülər"in
1916-cı ildə Bakıda baş tutan və cəmiyyətdə
əsl partlayış effekti yaradan ilk tamaşasında iştirak
etmişdi. Hər halda keçmiş seminaristlərin şəxsi
görüşləri də istisna olunmamalıdır. Lakin təəssüf
ki, əlimizdə onların
münasibətlərini, əlaqə, ünsiyyət və
fikir mübadilələrini doğrulayan hər hansı sənəd,
məlumat yoxdur. Ehtimallar isə hələ tutarlı istinad
sayıla bilməz.
Babiliyin ilk tədqiqatçısı professor Mirzə
Kazımbəy məşhur kitabının müqəddiməsində
yazmışdı: "Qərb
yürütdüyü siyasət nəticəsində
Asiyada maarifi dirçəldə bilməz. Olsa-olsa, diqqət və
qayğısı ilə təcridi inkişafa təkan verə
bilər. Ölkənin simasını dəyişdirənlər
onun öz daxilində yetişməlidir". İslamın
heç zaman sivilizasiyanın qarşısında maneəyə
çevrilmədiyini etiraf edən alim bir qədər tərəddüdlə
də olsa, Babın banisi olduğu hərəkatın
İranda və digər Asiya ölkələrində həmin
missiyanı üzərinə götürəcəyinə inanırdı.
Yarandığı gündən özünü
"bəşəriyyətin birliyi, sülh və
qardaşlıq dini" elan etmiş bəhailiyin
sıralarına qoşularkən gənc Ələkbər Məmmədxanov-Naxçıvani
də zənnimcə, cəmiyyətə, insanlara bu yolla fayda
gətirmək, "ölkənin simasını dəyişdirən"
açıq fikirli insanların sırasında olmaq istəmişdi.
Amma belə fədakar, sağlam əqidəli, milli ruhlu
qurucular öz məmləkətində də az deyildi. Bunun əyani
örnəyi yeniyetməlik illərində təhsil
üçün birlikdə Qoriyə yollandığı, birgə
şəkil çəkdirdiyi böyük Cəlil Məmmədquluzadə
ilə Heydər Muradhasilov idi.
Amma o, fərqli yol seçmişdi.
Düşünürəm ki, Mirzə Ələkbər
Naxçıvani dünyaya xüsusi missiya ilə gələn
insanlardan idi. Və məhz həmin missiya onu daxilən iman gətirdiyi
bəhai hərəkatının ön sıralarında yer
tutmağa, bütün həyatını tərəddüd
hissi keçirmədən inanc və amalına adamağa
sövq etmişdi. Şəksiz bilik, istedad, əqidə və
xarizma sahibi olan, insanları arxasınca aparmağı bacaran
Mirzə Ələkbər sırf milli maraqlar mövqeyində
dayansaydı, doğma vətəninə, vətəndaşına,
milli-mədəni dəyərlərə, amal və ideyalara
xidmət yolunu seçsəydi, bəlkə də Mirzə Fətəli,
Mirzə Cəlil, adaşı Mirzə Ələkbər Sabir
və mədəniyyət tariximizin digər görkəmli
"mirzələri" ilə bir sırada yer tutmaq haqqı
qazana bilərdi. Bunun üçün kifayət qədər
gücü, biliyi və potensialı vardı.
Amma yenə böyük Mirzə Cəlil demişkən
"ağıl və dərrakə sahibinə demək olmaz
ki, öz bildiyini at, mənim bildiyimi tut". Mirzə Ələkbər
bilincli halda bəhailiyə xidmət yolunu seçmişdi. Bu
yolda səmimiyyətlə çalışmış, sona qədər
seçiminə sadiq qalmışdı. Onu xalqına və
insanlığa daha çox fayda gətirə biləcək fəaliyyət
sahəsi saymışdı. Bizim münasibət və
yanaşmamızdan asılı olmayaraq övladları da
atalarının amalını və işini davam
etdirmişdilər. Səsləri, sözləri
dünyanın beş qitəsindən eşidilmişdi. Yenə
də eşidilir. Naxçıvanilərin dördüncü
nəslinin nümayəndəsi - Mirzə Ələkbərin
nəticəsi Əmir Şam Naxçıvani ulu
babasının Lev Tolstoyla əlaqələrini
araşdırır. Bəhiyyə Naxçıvaninin
qızı Meri Viktoriya isə "Mirzə Ələkbər
Naxçıvani" kitabının çapa
hazırlanmasında babası Əli Naxçıvaninin ən
yaxın köməkçilərindən biri olmuşdu.
Dünyanı kamilləşdirmək, insanları bir-birinə
yaxınlaşdırmaq, sülhə və
qardaşlığa xidmət etmək, bəşəriyyəti
bir amal ətrafında birləşdirmək üçün
tarixi Naxçıvani soyadı ilə çıxış
edən bu insanlar fərqli yol seçsələr də, Azərbaycandan
pərvaz etmələri, kökləri ilə Vətənimizə
bağlı olmaları danılmaz faktdır. Artıq bu ailənin
dördüncü nəsli amerikalı və qərblilər
üçün yazılışı da, tələffüzü
də o qədər asan görünməyən
Naxçıvani soyadını daşımaqdadır.
Heç kəsi onlarla fəxr etməyə, yaxud qürur
duymağa çağırmıram. Amma tanımağımz,
fəaliyyətlərinə bələdliyimiz hər halda
yaxşı olardı.
P.S. Ümid edirəm ki, oxucuların diqqətinə təqdim
edilən yazı hər hansı şəkildə bəhailik
təliminin təbliği, yaxud əleyhinə yönəlmiş
material kimi qəbul olunmayacaq. Təbii ki, belə niyyətdən
çox uzağam. Məqsədim sadəcə kökləri
ilə Azərbaycana bağlı bir ailənin bu təlimin
dünya çapında yayılması sahəsindəki xidmətlərini
göstərməkdir. Bəşər mənəvi fikrinə
belə töhfələrimiz az deyil. Amma bəzən
hansısa ideoloji mülahizələri, kiminsə nəsə
deyəcəyini düşünüb susur, mətləbin
üzərindən sükutla keçirik. Mənfi, yaxud
inkarçı emosiyalara önəm vermədən gerçəkləri
öz donunda, öz simasında təqdim etmək
lazımdır. İndi yasaq mövzular yoxdur. Ən azı
olmamalıdır. Obyektivlik mövqeyinə, həqiqət
meyarına sadiq qalmaqla hər şeydən yazmaq,
doğru-dürüst məlumat vermək mümkündür.
Bu qeydlər də həmin niyyətlə qələmə
alınıb.
Oktyabr-noyabr, 2024-cü il
Sarayevo
Vilayət QULİYEV
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.10-11.