Müəllim ömrünün
sönməyən işığı
"Babək Xubyarov bizim Şabran rayonunda
çalışan min nəfərə yaxın müəllimin
arasında fərqlənib Əməkdar müəllim adına
layiq görülsəydi, əlbəttə, buna təbii baxar,
o qədər də heyrətlənməzdim. Ancaq Babək
müəllim ölkəmizin paytaxtında - Bakıda minlərlə
müəllimin arasında fərqlənərək belə bir
ada layiq görülüb. Bu isə olduqca
qürurvericidir..." O vaxt Şabran Rayon İcra Hakimiyyətinin
başçısı olan hörmətli Novruz Novruzov bu səmimi
sözləri Babək müəllimin ünvanına deyəndə
2014-cü ilin dekabrı idi. Və onda Babək müəllimin
60 illik yubileyi təntənə ilə qeyd olunurdu. Azərbaycan
təhsilində özünəməsus yer tutan ustad pedaqoq, Əməkdar
müəllim, dərsliklər müəllifi Babək Ələkbər
oğlu Xubyarovdan söhbət gedir. O, rayonun Qələgah kəndində
anadan olmuşdu. Atası Ələkbər müəllimdə
pedaqoq idi. Uzun illər rayonun müxtəlif məktəblərində
direktor işləmişdi. Əvvəllər onu təkcə
bizim Şabran rayonunda hamı tanıyır və sevirdi.
Sonralar bütün respublikada tanınan ziyalılardan biri oldu.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
tarix fakültəsini bitirmiş, 22 il Şabranda, 16 ilisə
Bakı şəhər 158 №-li tam orta məktəbdə
şagirdlərə tarix fənnini tədris etmişdi. Ötən
əsrin sonlarında Azərbaycan Dövlət Televiziyası
Babək müəllimin şagirdlərindən ibarət
"Çıraqqala" komandasının Nəsrəddin
Tusi adına bilik yarışlarında ikiqat qalib olmasından
bəhs edən "Çıraqqalanın Tusi zirvəsi"
adlı bir televiziya filmi də çəkmişdi. Səfəvilər
dövlətinin 500 illiyi, Naxçıvan şəhərinin
3500 illiyi, Naxçıvan Muxtar Respublikasının 80 illiyi
münasibəti ilə keçirilən bilik
yarışlarında Babək Xubyarovun yetirmələri qaliblər
sırasında olmuşdular. Babək müəllimin
şagirdləri Azərbaycan tarixi fənni üzrə
respublika olimpiadalarında fəxri yerlər tutmuşdular. Gənc
nəslin təlim-tərbiyəsi ilə yorulmadan məşğul
olan Babək Xubyarov da ömrünü bütünlüklə
bu ülvi amala həsr etmişdi. O, Təhsil Nazirliyinin, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının elmi
seminar və konfranslarında dəfələrlə dərin məzmunlu
məruzə və çıxışlar etmışdi.
Babək Xubyarov Təhsil Nazirliyinin qabaqcıl, təcrübəli
bir pedaqoq kimi ona göstərilən etimadına həmişə
əməli fəaliyyətilə cavab verərək tarix fənləri
üzrə Dövlət Proqramlarının, 7-ci sinif "Orta
əsrlər tarixi", 8-ci sinif üzrə "Orta əsrlər
tarixi" dərsliklərinin, seçmə fənlər
üzrə tarix proqramının, tematik iş planının,
müəllimlər üçün coğrafiyadan "1001
test" kitablarının müəllifidir.
Bu dünyada 62 illik bir ömür yaşayan Babək
müəllimin insan həyatının, fəaliyyətinin mənası
barədə çox dəyərli fikirləri qalıb: O
deyirdi: "Mən sınan, inciyən, maneələrdən
qorxan adam deyiləm və hər hansı bir çətinlik məni
qorxutmur, daha da qüvvətləndirir, güc verir, gücləndirir.
O baxımdan özüm bir vaxt görmədiyim
qayğını, diqqəti indi ehtiyacı olanlardan əsirgəmirəm".
Onunla yeniyetməlik dövrümüzdə əvvəl
sovxozda, sonra çörək zavodunda fəhlə işləmişdik.
Tələbəlik dövründən sonra da birgə işlədiyimiz
müəllimlik dövrlərindən dostluğumuz daha da
möhkəmləndi. Ailəvi dost olduq. Doğma kəndi Qələgahda
dünyadan köç edəndən sonra dəfn
olunacağı yeri də mənə nişan vermişdi.
Bakıda xəstə yatdığı vaxtlarda onu yoluxmağa
getmişdim. Rayon təhsil şöbəsinin müdiri Emin
Mövsümov (vaxtilə Emin müəllimdə tarix fənninə
həvəsi, marağı Babək müəllim oyadıb onu
bu sahəyə yönəltmişdi), Şabran şəhər
Tofiq Abbasov adına tam orta məktəbin direktoru Fikrət
Şamxalov da onun ziyarətinə gəlmişdilər. Xeyli
söhbət etdik. Xəstəliyindən, vətəndən, Qarabağdan
danışdıq. Onda 2016-cı il yanvar ayının əvvəli
idi. Yanvarın 28-i Babək müəllim dünyasını dəyişdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev 27 sentyabr 2020-ci ildə ordumuza düşmən
üzərinə əks-hücum əmri verəndə Babək
müəllimin yetirməsi Emin Mövsümov və Fikrət
Şamxalov da bu müqəddəs müharibədə zəfər
qazanmağımız üçün könüllü şəkildə
savaşa atıldılar. 44 günlük Vətən
müharibəsinin iştirakçısı olan Emin
Mövsümov və Fikrət Şamxalov da təltif olunanlar
arasındadır. Əfsuslar olsun ki, Babək müəllim Zəfər
bayramını görmədi. Ancaq bu Zəfərdən sonra
onun işıqlı ruhunun şad olduğuna ürəkdən
inanırıq.
Babək müəllimin 4 övladı var.
Hamısı alitəhsillidir. Böyük qızı
Könül xanım iqtisad elmləri üzrə fəlsəfə
doktorudur, İqtisad Universitetində çalışır.
İkinci qızı Nərmin xanım Şabran şəhər
Roman Yusifov adına 2 saylı tam orta məktəb-liseydə
tarix müəllimi işləyir. Üçüncü
qızı Pərvin xanım da müəllimədir, Bakı
şəhərində çalışır. Oğlu
Çingiz isə hərbçi, zabitdir. Zənnimcə, Babək
müəllim xoşbəxt idi ki, ata kimi
övladlarının sevincini yaşayırdı.
Hələ sağlığında Ramil Ələkbərovun
ssenarisi əsasında Ceyhun Şüküroğlu İTV
kanalında Babək müəllim haqqında "Azərbaycan
müəllimi" adlı sənədli film çəkmişdi.
Film dəfələrlə ekranlarda nümayiş olunub. Onun
haqqında "Unudulmazlıq imtiyazı" adlı
povest-portretin müəllifi isə yazıçı-publisist
Aydın Tağıyevdir.
Bu yaxınlarda 70 yaşı tamam olan Babək müəllim,
çox heyif ki, 8 ildir, aramızda yoxdur. Lakin onun adı və
işıqlı əməlləri əbədiyaşar və
unudulmazdır. Bu baxımdan, Mövlana Cəlaləddin Ruminin
bir müdrik kəlamını Babək müəllimə də
tam mənada aid etmək olar: "Öldükdən sonra məzarımızı
yer üzərində axtarmayın! Bizim məzarımız
ariflərin qəlbindədir".
Xankərəm ORUCOV,
Təqaüddə olan dil-ədəbiyyat müəllimi
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.12.