Ziyarətdən
tapılmış əlyazma Məhəmməd
Füzulinindirmi?
"Günün ekranı" xəbərlər
proqramının xüsusi müxbiri olmuş,
tanınmış araşdırmaçı, bir vaxtlar Azərbaycan
radiosu və televiziyasının Şəki-Zaqatala bölgəsi
üzrə müxbiri, sonralar Azərbaycan Televiziyasının
"Günün ekranı" xəbərlər
proqramının xüsusi müxbiri olmuş Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü Pənah Qurbanzadənin
2006-cı ildə çap olunmuş "Hacı Mir Abbas
Ağanın həyat yazısı" kitabında maraqlı bir məlumatla
rastlaşdım. Kitabda yer alan Şəkidəki (Nuxadakı)
"Şıx Osman piri"ndəki tapıntı ilə
bağlı bir məlumat diqqətimi cəlb elədi. Məlumatı
olduğu kimi təqdim edirəm.
"Şıx Osman piri" tədqiq edilməyib, barəsində
də heç yerdə heç nə yazılmayıb. 1947-ci
ildə Nuxada Aydınbulaq kənd sovetinin katibi işləmiş
Camal Abdullayevin söylədiklərinə görə, bu ziyarətgahın
kitabəsində XV-XVI əsrlər yazılıbmış...
Ziyarət Cəfərabad kəndi ilə Aydınbulaq kəndi
arasında, axar-baxarlı bir ərazidə, yol kənarında
yerləşir. C.Abdullayevin söylədiklərindən: "Şıx Osman piri" bizim
yolumuzun üstündədir... Bir gün Nuxadan gəlirdim.
"Çıx Osman piri"nin yanına çatanda birdən
güclü leysan yağdı. Özümü güclə
pirin kümbəzinə çatdırdım...
Bekarçılıqdan köhnə, qədim kümbəzin
tavanına baxırdım... Birdən hisli, qaralmış tirlərin
arasından gözümə bir bükülü
sataşdı. "Bu nə ola" - deyə
düşündüm. Güc-bəla ilə onu oradan
götürə bildim. Nəsə çox qədim,
sapsarı saralmış vərəqləri Quran hərfləri
ilə yazılmışdı. Qalın, təqribən 100 səhifə
olardı. Bərk meşinlə cildlənmiş kitab idi.
Qoltuğuma qoyub kəndə (Aydınbulaq kəndinə -
İ.V.) yollandım. Gətirib verdim Ağaya (Hacı Mir Abbas
Ağa nəzərdə tutulur - İ.V) ki, oxusun görək
nə barədədir. Ağa alıb baxdı, diqqətlə
bir xeyli o tərəf bu tərəfə vərəqləyib
oxudu. Sonra qayıtdı ki, bəs bu M.Füzulinin məhəbbətdən
yazılan şeirləridir. Zarafatla dedi ki, sən uşaqsan,
belə şeyləri sənə oxumaq yaramaz. Ağa bir də
təəccüblə dedi ki, mən Füzulinin belə
şeirləri ilə ilk dəfə
qarşılaşıram.
Ağadan kitabın tarixini soruşdum. Dedi kmi, çox
qədimdir 400 il bundan əvvəl Molla Məhəmməd
adlı bir şəxs tərəfindən köçürülmüşdür.
Bəzi yerləri təhrif olunmuşdur. Ağa belə
söyləyirdi. Özünün söylədiyinə görə,
o, Füzulini yaxşı bilirdi. Soruşdum ki, bəs nə
edim onu? Ağa da məsləhət gördü ki, kasıb
oğlansan, göndər Bakıya, bəlkə,
beş-üç manat göndərdilər.
Məktub yazdım Bakıya, Əlyazmalar İnstitutuna
və kitab barəsində məlumat verdim. Bir müddətdən
sonra Bakıdan cavab aldım. Tapıntıma çox ucuz qiymət
qoymuşdular. Razılaşmadım. Bu dəfə Leninqrad
(Sankt-Peterburq) Şərqşünaslıq İnstitutuna məlumat
yazdım. Oradan da cavab aldım. 200 manat qiymət
qoymuşdular. Göndərdim və tezliklə deyilən məbləği
ünvanıma göndərdilər.
Özünün dediyinə görə, C.Abdullayev bu əlyazmanı
1949-1950-ci illərdə tapıbdır. Elə həmin il də
Leninqrada (Sankt-Peterburqa) göndərmişdir...
Doğrudanmı tapıntı məşhur şair Füzuliyə
mənsub imiş? Biz belə düşünürük ki, hər
nə olsa da, bu tapıntı Azərbaycanla, Azərbaycan
tarixi, ədəbiyyatı ilə bağlı qiymətli bir xəzinə
imiş. Rus nəyə vəsait buraxmağı əla bilir.
Əlyazmanın müəllifi Molla Məhəmməddir.
Bəlkə də, əlyazmanın üzü bu şəxs tərəfindən
köçürülübdür. Bəlkə də, elə
bu şəxsin özü şair Füzulidir. Axı
Füzuli ilkin dövrlərdə öz şeirlərini Molla Məhəmməd
və s. təxəllüslərlə yazıb. 400 il elə də
yaxın dövr deyil. Əgər Camal müəllim bu əlyazmanı
1949-1950-ci illərdə tapmışsa, onda onun qələmə
alınma tarixi haradasa 1550-ci ilə təsadüf edir. Deməli,
böyük şairin özü hələ sağ imiş.
Movcud rəvayətə görə, M.Füzulinin ata Vətəni
Ərəş qəzası olub. Ərəş qəzası
şimaldan Nuxa qəzası ilə qonşu olub. İraqda
yaşayan Füzuli və onun oğlu Fəzli ara-sıra bura gələr
və qohum-əqrabaları ilə görüşərlərmiş.
Sözü gedən pir ilə Ərəşin
arasındakı məsafə də çox deyil.
Hər halda Camal müəllimin tapıntısı
çox qiymətli bir xəzinə imiş. Müqəddəs
"Sıx Osman piri" ulu şairimizin xəzinəsini
neçə illər hifz edib öz müqəddəs dərgahında
saxlamışdır".
Ərəb və fars dillərində mükəmməl
oxuyub-yazan, klassik ədəbiyyatın bilicisi, əruzu və
M.Füzulini əla bilən Hacı Mir Abbas Ağanın əlyazma
barədə fikirlərinə heç bir şübhəmiz
yoxdur. Amma yenə də həmin əlyazmanın ciddi
araşdırılmasına ehtiyac olduğu qənaətindəyik.
Bu yazının hazırlanmasında da məqsədimiz ipucu
vermək və diqqəti bu məsələyə yönəltməkdir.
Biz məsələnin füzulişünas alimlərimiz, həmçinin
tarixçilərimiz tərəfindən diqqətlə
araşdırılmasının tərəfdarıyıq.
Əlyazmanın qorunduğu, saxlandığı yer, ora
verildiyi tarix məlumdur. Zənnimizcə, həmin əlyazmanın
oradan - Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq
İnstitutunun arxivindən tapıb araşdırmaq elə də
çətin olmaz.
Bir də ki, əlyazma dahi Füzuliyə aid olmasa belə
(bəlkə də Füzuli təxəllüsü ilə
yazan başqa bir şairə aiddir), hər halda Azərbaycanla,
Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı qiymətli
mənbə ola bilər. Bütün hallarda
araşdırılması və öyrənilməsi səmərəli
olardı.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.12.