"XX əsr Azərbaycan
ədəbiyyatı tarixi": statikadan dinamikaya
Çağdaş ədəbiyyatşünaslıq
elmimizdə özünəməxsus yer tutan filologiya elmləri
doktoru, professor Bədirxan Əhmədli, ardıcıl və bəhrəli
elmi fəaliyyətilə yanaşı, müəllifi
olduğu çoxsaylı dərs vəsaiti və dərsliklərə
görə də geniş tanınır. Onun "XX əsr Azərbaycan
ədəbiyyatı tarixi" adlı 3 cildlik dərsliyi bu
dövr ədəbiyyatımıza yeni praqmatik baxış sərgiləmək
baxımından nəzərəçarpacaq dərəcədə
ehtiyac duyulan mənbələrdəndir. Uzun zaman kəsiyində
onunla bir yerdə çalışdığımızdan, Bədirxan
Əhmədlinin tədqiqatçılıq və
yaradıcılıq fəaliyyətindən yaxşı xəbərdaram.
Ancaq burada onun yeni nəşr olunmuş üçcildlik dərsliyindən,
bu dərsliyin əhəmiyyətindən söz açmaq
fikrindəyəm.
B.Əhmədli hələ 2010-11-ci illərdə Azərbaycan
ədəbiyyatı və ədəbiyyatşünaslığına
3 cildlik "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyini gətirib. Ədalət naminə bildirək
ki, bu dərslik müəllim, tələbə və tədqiqatçılar
arasında böyük maraqla qarşılanıb. Hər bir
cildi 500 nüsxədən ibarət bu dərslik nadir mənbəyə
çevrilib. Universitet tələbələrinin XX əsr Azərbaycan
ədəbiyyatını öyrənməyə olan
ehtiyacını ödəmək baxımından bu nəşrin
əhəmiyyəti son dərəcə yüksəkdir. Azərbaycan
ədəbiyyatının XX əsr dövrü ən mürəkkəb
və qarışıq mərhələ olduğundan, onun
inkişaf xətlərini və doktrinasını, fəlsəfi-estetik
yanaşma tərzini proletar ideologiyasının, avtoritar və
totalitar baxış bucağı çevrələdiyindən
əvvəlki dövrün konsepsiyasını özündə
ehtiva edən dərsliklər XX əsr ədəbiyyatının
mahiyyətini anlamaq baxımından çoxsaylı suallar
ortaya çıxarırdı. Məhz buna görə də Bədirxan
Əhmədlinin yuxarıda qeyd edilən illərdə
çıxmış 3 cildlik dərsliyi özünün yeni
yanaşmaları ilə seçilməkdə idi. Həmin
üçcildliyin uğuru və ona olan tələbat müəllifin
bu dərsliyin yenidən işlənilmiş ikinci nəşrini
ortaya çıxarmasını şərtləndirib. 2024-cü
ilin ortalarından üzü bu yana adı çəkilən
mənbənin yenidən işlənilmiş və zənginləşdirilmiş
nəşrinin Azərbaycan ədəbiyyatı və təhsil
məkanına uğurla daxil olması olduqca gərəkli bir
mərama xidmət etdi. Müqayisə üçün deyək
ki, əgər 3 cildliyin ilk nəşrinin birinci cildi 480 səhifədən
ibarət idisə, 2024-cü il nəşri 544 səhifədən,
ikinci cildi müvafiq olaraq 436 səhifədən ibarət idisə,
bu nəşri 584 səhifədən ibarətdir. Birinci cildin
ikinci bölümündəki "Azərbaycan ədəbiyyatının
romantizm mərhələsi və onun nümayəndələri"
adlı hissədə olan Əli bəy Hüseynzadə,
Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət,
Abdulla Şaiq, Əliabbas Müznib və Əlipaşa Səbur
kimi müəlliflərə 2024-cü il nəşrində Səməd
Mənsur və Əbdülxaliq Cənnəti barədə
portret-oçerklər də əlavə edilib. Elmi-nəzəri,
ictimai-estetik və fəlsəfi-sosioloji yöndən yenilənmə
cildlərin digər səhifələrindədə səriştəli
alim-pedaqoq işi özünü göstərir.
Bədirxan Əhmədlinin böyük zəhmət
hesabına araya-ərsəyə gətirdiyi "XX əsr Azərbaycan
ədəbiyyatı tarixi" dərsliyi bu gün
özünün sırf tətbiqi əhəmiyyəti ilə
də seçilməkdədir. Müəllifin bu işi məzmun
və mahiyyətində daşıdığı zəruri
faktoloji materiallardan istifadə etmək baxımından da hələ
uzun müddət XX əsr Azərbaycan ədəbiyyatı həvəskarları
və mütəxəssislərinin nəzər-diqqətində
dayanacaq, haqqında çeşidli fikirlər söyləniləcək.
Bədirxan Əhmədlinin bakalavr və magistrlərə,
ali məktəb auditoriyasında çalışanlara, tədqiqatçı
və ədəbiyyatşünaslara təqdim etdiyi "XX əsr
Azərbaycan ədəbiyyatı tarixi" dərsliyinin əvvəlki
bu səpkili nümunələrdən fərqli xüsusiyyətlərini
əyani şəkildə göstərmək
üçün onun bəzi tərəfləri ilə
bağlı olan əsaslı qənaətlərimizi ədəbi-nəzəri
ictimaiyyətlə bir qədər geniş şəkildə
bölüşməyi də zəruri hesab edirik.
Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı
tarixi az qala bir əsr ərzində adekvat elmi üsullar,
metodologiya və konsepsiyaya söykənmədən milli zəmindən
daha uzaq olan Çar Rusiyasının, Sovet
İmperiyasının direktivlərinin müəyyənləşdirdiyi
istiqamət və rakuslardan öyrənilib, partiyalı ədəbiyyatın
və ədəbiyyatşünaslığın çərçivələrinə,
istiqamət perspektivlərinə uyğun olaraq nəzərdən
keçirilib. Doğrudan da, sovet dövründə
bütün tariximizin olduğu kimi ədəbiyyat tariximizin də
müxtəlif mərhələlərini dərindən
öyrənmək, bu və ya digər ədəbi
simaların yaradıcılığı və şəxsiyyəti
haqqında, dövrün özünün əyintiləri,
ziqzaqları ilə bağlı obyektiv reallığı əks
etdirən fikir söyləmək son dərəcə çətin
idi. Bununla belə, sovet dövründə ədəbiyyat
tariximizin müxtəlif mərhələlərini incələməyə
səy göstərən dərs vəsaitləri və dərsliklər,
məhdud sayda olsa da, mövcud idi. Lakin bunu da nəzərə
alaq ki, o dövrdə ortaya çıxan dərs vəsaitləri
və dərsliklər mütləq "Qlavlit"in
"süzgəc"indən keçməli idi. Elə buna
görə də obyektiv həqiqətləri özündə
əks etdirən dərsliklərin meydana
çıxmasını gözləmək də sadəlövhlük
olardı. Çünki partiyasız ədəbiyyatın,
üstəgəl, Qırmızı İmperiyanın
özbaşınalığına eyham vurmaq istəyən əsərlərin
meydana çıxması da reallıqdan kənarda idi.
Bütün bunlar isə onu göstərir ki, bəhs etdiyimiz
dövrdə (yəni XX əsrdə) ədəbiyyat tariximiz
yalnız deformasiyaya məruz qalmış aynada əks
olunmalıydı.
Bu gün təhsilin yeni çoxsəviyyəli
strukturuna keçid alitəhsilli mütəxəssis
hazırlığı sistemində dövlət
standartlarının özünün belə kardinal müstəvidə
dəyişməsini ortaya qoyur. Belə vəziyyət yeni təfəkkür
tərzinə söykənən və onun əsasında
hazırlanan dərs vəsaitləri və dərsliklərin
ön mövqeyə çıxmasını zəruriləşdirir.
Professor Bədirxan Əhmədli elmi-tədqiqat işlərinə
AMEA-nın Ədəbiyyat İnstitutunda başlayıb,
ömrünün mühüm hissəsini bu elm ocağında
keçirsə də, digər tərəfdən, o, həm də
uzun illər ərzində Bakı Slavyan Universitetində və
digər ali məktəblərdə tədqiqatçılıq
bacarığını mühazirəçilik və
praktiklik, yəni birbaşa tədris, təhsil və təlimlə
bağlayıb. Yaxşı alim olmaq heç də
yaxşı təhsil, tədris işçisi, pedaqoq olmaq demək
deyil. Əgər bunlardan birincidə mənbə və
materialları öyrənib səriştəli tədqiqatçı
kimi yetişmək mümkündürsə, ikincidə pedaqoji
takt, məntiq, vərdiş və bacarıqlara yiyələnmədən
mühazirəçi-müəllim olmaq son dərəcə
müşkül işə çevrilir. Bundan başqa, qeyd
etdiyimiz bu iki keyfiyyətin uğurlu zəmində birləşməsi,
həm də üçüncü - daha üstün keyfiyyətin
ortaya çıxması olmadan, ali məktəb
auditoriyasında metodik prinsip, üsul və priyomlara yiyələnmədən
dərslik və dərs vəsaiti yazmağın
mümkünsüzlüyü göz önünə gəlir.
Belə bir şəraitdə elmi-nəzəri struktura, kamil məzmun
bazasına söykənən, dövrün müxtəlif
ideoloji-siyasi, mədəni-mənəvi, ədəbi-estetik
problemlərini və kataklizmlərini mümkün qədər
obyektiv əks etdirməyə çalışan dərsliklərin
ortaya çıxmasına ehtiyac artır. Çünki uzun
zaman kəsiyində ədəbiyyat və ədəbiyyatşünaslıq
sosrealizm metodologiyası əsasında və yalnız onun
estetik prinsipləri bazasında nəzərdən
keçirilirdi. Sosrealizm bədii-estetik metod və fenomen kimi,
artıq neçə illərdir, tarixin arxivinə
atılıb. Hələ sovet dövrünün özündə
onunla razılaşmayan, yaxud qəliblərinə uyğun gəlməyən
ədəbi şəxsiyyətlərin
yaradıcılığı adekvat ədəbi tənqid
aynasında tədqiqatlardan kənarda qalıb və hələ
bu günün özündə də qalmaqdadır. Buna
görə yetişməkdə olan ədəbi-filoloji nəsil
onlardan xəbərsiz qalmamalı, sovet dövrünün
neqativ ictimai, sosial, iqtisadi, mədəni əyintiləri tədris
prosesində obyektiv baxış bucağından tələbələrə
çatdırılmalıdır.
Bu baxımdan, Bədirxan Əhmədlinin 2024-cü
ilin ikinci yarısından geniş oxucu və tədqiqatçı
auditoriyasına təqdim olunmuş "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi" dərsliyi məhz sadaladığımız
boşluqları doldurmağa mahiyyətincə, layiqincə
xidmət etməkdədir. Bu cildlərdən hər biri "Giriş", müvafiq fəsil
və bölmələr, ədəbiyyat siyahısından
ibarətdir. Hər bir bölüm daxilində "İctimai
həyat və ədəbi proses", "Poeziya", "Nəsr",
"Dramaturgiya" və ədəbi şəxsiyyətlərin
yaradıcılıq portretlərini əks etdirən materiallar
təqdim olunur. Bölümlərdə təkrarlanan (dərslikdə
bu təkrarlara ciddi ehtiyac duyulmaqdadır) ümumi
başlıqlara baxmayaraq, onlardan hər birində spesifik olan,
ictimai-sosial, mədəni-ədəbi həyatımıza
neqativ möhür vuran problemlər yetərincə
qabardılaraq tələbələrin və tədqiqatçıların
diqqətinə çatdırılmaqdadır. Məsələn,
1920-ci illər ədəbiyyatı ümumi şəkildə
"Proletar hegemoniyası dövrünün ədəbiyyatı",
1930-cu illər "siyasi-ictimai repressiyalar dövrünün ədəbiyyatı",
"1940-50-ci illər sosrealizmin təşəkkülü və
yeni meyllərin təzahürü", "Azərbaycan
mühacirət ədəbiyyatı", "Cənubi Azərbaycan
ədəbiyyatı" kimi başlıqlarda nəinki ədəbi-bədii
fikrin aparıcı nümayəndələrinə, həm də
tarixi-siyasi proseslərə yetərincə obyektiv münasibət
sərgilənir.
Birinci bölümün "İctimai həyat və ədəbi
proses" hissəsində müəllif tələbələrin
diqqətini indiyə qədər dərsliklərimizdə səslənməsi
və təsnifi məqbul hesab edilməyən məsələlər
üzərində cəmləşdirir. Məsələn,
"Milli təmayülçülük, vətənçilik,
cümhuriyyətçiliyin beynəlmiləlçiliklə əvəzlənməsi,
həqiqi istiqlalçılıqdan yalançı müstəqilliyə,
senzuralı mətbuat və ədəbiyyat, köhnə tənqid,
yeni təbliğ, ədəbiyyatda proletarlaşma", yenə
də həmin bölümdə milli müəyyənlik
duyğularının zəifləməsi, poeziyada yeni
yabançı təfəkkür tərzinin
formalaşması və sair, 1930-cu illərin ədəbi mənzərəsində
ictimai-siyasi həyatda olduğu kimi ədəbi mühitdə
də "kim kimi" məsələsi, sağ və sol təmayüllər,
ədəbiyyat və repressiya, repressiya caynaqlarının ədəbi
mühitə uzanması, repressiyanın xarakteri və strukturu,
şüarçılığın tədricən poetik tərənnümlə
əvəzlənməsi bu sıradadır. "Nəsrdə
deklarativlik, plakatçılıq, sxematiklik, konfliktsizlik"
nəzəriyyəsinin dramaturgiyanın inkişafını zəiflətməsi,
Azərbaycan mühacirət ədəbiyyatının bədii
düşüncəni zənginləşdirməsi və sair
məsələlərlə yanaşı, həm də
1920-30-cu illər bədii nəsrində psixologizm elementləri
və naturalizm problemləri kimi əvvəllər tədris
proqramlarına daxil edilməmiş məsələlər, bədii
nəsrin cəmiyyətin həyatına nüfuz etməsi,
40-50-ci illərdə mənzum və tarixi dram janrına
müraciət, yaradıcı simalara, əsərlərə
tarixi-xronoloji zaman kəsiyində yeni təfəkkür tərzinə
uyğun münasibət ifadə olunması və sair məqamlar
müəllifin problemi mahiyyətincə dərkindən xəbər
verməkdədir. Odur ki, Bədirxan Əhmədlinin 2024-cü
ildə təkrar nəşr etdirdiyi "XX əsr Azərbaycan
ədəbiyyatı tarixi" dərsliyi müəllifin bu
dövr ədəbiyyatına məhz elmi-nəzəri,
pedaqoji-metodik kontekstdə doğru-dürüst mövqedən
yanaşdığının bariz təzahürü kimi dəyərləndirilməlidir.
Nizami TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.11.