“Sərhədsiz
yazılar” təqdim olunub
Yanvarın 11-də “Kitabçı” kitab
mağazasında yazıçı, publisist Nicat Həşimzadənin
“Sərhədsiz yazılar” kitabının təqdimat və
imza mərasimi keçirilib.
Tədbirdə Nicat Həşimzadənin pedaqoji fəaliyyətlə
məşğul olduğu Azərbaycan Dillər Universitetinin
(ADU) rəhbərliyi, tanınmış ədəbiyyatçılar,
ictimaiyyət nümayəndələri, tələbələr
və jurnalistlər iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan
müəllif tədbir iştirakçılarını və
qonaqları salamlayıb, sözə, ədəbiyyata, kitaba
göstərdikləri diqqətə görə hər birinə
öz təşəkkürünü bildirib. N.Həşimzadə
qeyd edib ki, sayca 8-ci kitabı olan “Sərhədsiz yazılar”
bir müddət öncə dünyasını dəyişmiş
gənc şair Rauf Ranın əziz xatirəsinə həsr
olunub.
Daha sonra söz çıxışçılara
verilib.
ADU-nun rektor məsləhətçisi Anar Osmanlı
çıxışında müəllifi təbrik edib, onun
təkcə ədəbiyyatda deyil, pedaqoji fəaliyyətində
də uğurlarını nəzərə
çatdırıb. A.Osmanlı bildirib ki, N.Həşimzadə
bir müəllim kimi öz fənnini böyük sevgi ilə
tələbələrinə tədris edir. Bu da tələbələrin
ona olan sevgisinin, hörmətinin təməlidir.
Ədəbiyyatşünas tənqidçi, filologiya
elmləri doktoru Tehran Əlişanoğlu Nicat Həşimzadənin
yaradıcılığı haqqında yüksək fikirlərini
səsləndirərək qeyd edib ki, Nicat az yaşına rəğmən
ədəbiyyatı dərindən bilən və duyan
yazıçıdır. Onun əsərləri ilə
bağlı düşüncələrini zaman-zaman məqalələrində
qələmə aldığını deyən tənqidçi
müəllifin esse yaradıcılığını da
yüksək qiymətləndirib, geniş müşahidə və
analiz qabiliyyətinin esse yaradıcılığı
üçün mühüm meyar olduğunu
vurğulayıb.
Əməkdar Mədəniyyət işçisi
Müsəllim Həsənov müəllifi yeni kitabı
münasibəti ilə təbrik edib, onun qələminin, dəsti-xəttinin
müasir ədəbiyyatımızda müsbət mənada fərqləndiyini
vurğulayıb.
Yazıçı, publisist, telejurnalist Azər Qismət
çıxışında Nicat Həşimzadənin həm
bir publisist kimi yaradıcılığına, həm də
bir insan kimi şəxsiyyətinə dərindən bələd
olduğunu deyərək, onun yorulmaz fəaliyyətinin, sonsuz ədəbiyyat
sevgisinin gənclərə örnək olduğunu bildirib.
Şair-esseist, professor Əli Şirin
Şükürlü, Əməkdar jurnalist Azad Müzəffərli,
ADU-nun Tərcümə fakültəsinin dekanı Bənövşə
Məmmədova, yazıçı Kənan Hacı və
başqaları çıxış edərək N.Həşimzadənin
yaradıcılığı, kitabları haqqında fikirlərini
bölüşüb, onu yeni kitabı münasibəti ilə
təbrik ediblər.
Qeyd olunub ki, kitabda müəllifin son 7 il ərzində
dünya ədəbiyyatı nümunələri, eləcə
də müxtəlif mövzularla bağlı
yazdığı esselər toplanıb.
“Sərhədsiz yazılar”ın mərhum gənc
şair Rauf Raya həsr olunduğunu xatırladan N.Həşimzadə
kitabda onun haqqında iki essenin yer aldığını nəzərə
çatdırıb. Eyni zamanda müəllif Rauf Ranın ona və
özünün də Rauf Raya həsr etdiyi şeirləri
oxuyub.
Sonda müəllif qonaqlar üçün
kitablarını imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.9.