"Dünya elə
bir inkişaf mərhələsinə çatıb ki,
hamının hamıdan asılılığı
yaranıb"
Millət vəkili Hikmət Babaoğlu: "Qərbi Azərbaycana
qayıdış
xalqımızın öz etno-mədəni
coğrafiyasını bütövləşdirmək məqsədi
daşıyır"
Müsahibimiz Azərbaycan Milli Məclisinin deputatı,
siyasi elmlər doktoru, professor Hikmət Babaoğludur.
- Hikmət müəllim, Qərbi Azərbaycana
qayıdışın reallaşması üçün
dövlət nə kimi addımlar atır?
- Qərbi Azərbaycana qayıdış Azərbaycan
Prezidentinin konseptual fikirləri əsasında xüsusi
konsepsiyaya çevrilib. "Qərbi Azərbaycana
qayıdış konsepsiyası" Qərbi Azərbaycan
İcmasının ümumi yığıncağında təsdiq
olunaraq qəbul edilib. Şübhəsiz ki, Qərbi Azərbaycana
qayıdış Azərbaycan xalqının milli mübarizəsinin
növbəti mərhələsi kimi müəyyənləşdirilib.
Yəni Qərbi Azərbaycana qayıtmaq sadəcə Qərbi Azərbaycan məsələsi
deyil, xalqımızın indiki tarixi mərhələdə
öz etno-mədəni coğrafiyasını bütövləşdirmək
məqsədi daşıyır. Çünki Azərbaycan
xalqının etno-mədəni coğrafiyası, dil
coğrafiyası, inzibati-siyasi coğrafiyasından
çox-çox böyükdür, o coğrafiyalardan biri də
Qərbi Azərbaycandır. Yəni Qərbi Azərbaycan son
yüz ildə rəsmi şəkildə Ermənistan ərazisinə
çevrilib. Ondan əvvəl isə Çar
Rusiyasının dövründə qeyri-rəsmi, həm də
rəsmi əsaslarla erməni quberniyası kimi, erməni vilayəti
kimi götürülüb, dövlət statusunda isə
1918-ci ildən sonra yaranıb. 1918-ci ilə qədər Azərbaycan
xalqının İslama qədərki mədəniyyətində
və İslamdan sonrakı mədəniyyətində Qərbi
Azərbaycan coğrafiyası, oradakı mədəni
münasibətlər, dil münasibətləri, ictimai-siyasi
mühit hamısı azərbaycanlılara məxsus olub. Ona
görə də Azərbaycan dövləti bu istiqamətdə
Qərbi Azərbaycanlıların məqsədyönlü fəaliyyətini
dəstəkləyir və Azərbaycan Prezidentinin himayəsi
altında və göstərişi əsasında Xarici
İşlər Nazirliyi tərəfindən Qərbi Azərbaycana
qayıdış konsepsiyası Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib.
Bütün fürsətlərdə Azərbaycan Prezidentinin Qərbi
Azərbaycan mövzusuna bir daha toxunması, onların
qayıtmaq hüquqları olduğunu ən mötəbər
tribunalardan bəyan etməsi Qərbi Azərbaycana
qayıdış mübarizəsində icma nümayəndələrinin
ən böyük dəstəyidir.
- Qayıdışın regional təhlükəsizlik
və stabillik baxımından hansı potensial təsirləri
gözlənilir və dövlət bu riskləri necə idarə
edir?
- Əlbəttə ki, bu gün dünya inteqrasiya edir,
liberallaşır. Bu nə deməkdir? Yəni dünya elə
bir inkişaf mərhələsinə çatıb ki,
hamının hamıdan asılılığı yaranıb.
Ona görə də, kiçik bir regionda da mütləq qarşılıqlı
əlaqələr və qarşılıqlı
asılılıqlar formalaşacaq. Buna görə məsələyə
inkişaf və inteqrasiya kontektsinə baxmaq lazımdır.
İnteqrasiya dediyimiz terminin başqa bir ifadə forması
liberal münasibətlərin qurulmasıdır. Əks təqdirdə,
mümkün deyil. Çox təəssüf ki, ermənilər
liberal-inteqraktiv münasibətlərdən qaçırlar,
çünki onlarda etnik fobiya var. Onlar Cənubi Qafqazda yad
ünsür olduqlarını bildikləri üçün
Qafqazın yerli əhalisi ilə ünsiyyətə girə
bilmirlər. Görürsünüzmü ermənilərdən
fərqli olaraq, gürcülər bizə yaxşə
davranırlar və regiona özlərini adaptasiya edilmiş
görürlər. Ermənilər həmin mərhələni
keçməyiblər, ona görə də həmin mərhələni
keçməyin ən birinci yolu Qərbi azərbaycanlıların
Ermənistana qayıtmasından, Qərbi Azərbaycan
torpaqlarına qayıtmasından keçir. Nəticə
etibarilə, Qərbi Azərbaycanlılar, ki onların sayı
300 mindən çoxdur, Ermənistan vətəndaşı
olaraq yaşasalar, bu, Ermənistan və Azərbaycan
arasında da etibarlı bir sülh körpüsü
yaratmış olar, mənafeələri
uzlaşdırmış olar. Ermənistan-Azərbaycan
münasibətlərində yarana biləcək mümkün
sülhün etibarlılığını və
ömrünü uzada bilər. Ona görə də mən
düşünürəm ki, əgər etnik nifrəti və
radikal siyasi mövqeyi ermənilər kənara qoya bilsələr,
işğalçılıq düşüncəsindən və
faşist ideologiyasından xilas ola bilsələr, bu, Ermənilərin
də lehinə olan bir hadisəyə çevrilər. 1918-ci
ildə Ermənistanda Ararat Respublikası qurulanda da, 1920-ci ildə
Ararat Respublikası SSRİ-nin
daxilinə Ermənistan Sovet Sosialist Respublikası kimi daxil
olanda da, orada az qala əhalinin yarısı azərbaycanlılar
olub və azərbaycanlılar bu Ermənistan
Respublikasının qurucu ünsürləridir. Ona görə
bunlardan imtina etmək olmaz. Bu, heç bir halda ermənilərin
lehinə olmaz.
- Qərbi Azərbaycan əhalisinin tarixi və mədəni
irsinin qorunması və bərpası üçün
hansı tədbirlər planlaşdırılır?
- Mədəni irsin
qorunması ilə bağlı Qərbi Azərbaycan
İcması addımlar atıb, Birləşmiş Millətlər
Təşkilatına müraciət edib, Baş Assambleyaya
müraciət edib. Qərbi Azərbaycanlıların
müraciəti Qərbi Azərbaycanda yaşamaq haqları BMT
Baş Assambleyasının rəsmi sənədi kimi
yayılıb. Mədəni irslə bağlı BMT-nin struktur
vahidləri var. Biz mədəni irslə bağlı
ixtisaslaşmış UNESSO-ya müraciət etmişik və
Qərbi Azərbaycan İcması UNESSO-dan tələb edib ki,
xalqımıza aid olan mədəni irsin, maddi irsin öyrənilməsi
ilə bağlı komissiya təşkil etsin. Bu komissiyaya həm
UNESSO mütəxəssisləri, həm Azərbaycan mütəxəssisləri,
həm də Ermənistan mütəxəssisləri daxil
olsunlar. Çox təəssüf ki, bu gün UNESSO-nun baş
ofisi Fransada yerləşdiyi üçün və Fransa Xarici
İşlər Nazirliyi UNESSO-nu özünün bir
şöbəsi kimi gördüyü üçün bu məsələ
ilə bağlı heç bir addım atmır. Lakin biz əminik
ki, nə vaxtsa bu addımı atmağa məcbur olacaqlar.
- Qərbi Azərbaycana qayıdış prosesində
beynəlxalq təşkilatlarla əməkdaşlıq necə
həyata keçirilir və hansı konkret nəticələr
əldə olunur?
- Qərbi Azərbaycana
qayıdışla bağlı biz İSESCO ilə əməkdaşlıq
edirik. İSESCO İslam Əməkdaşlıq Təşkilatının
mədəniyyət üzrə ixtisaslaşmış
institutudur. Onlardan dəstək gözləyirik. Belə bir dəstək
almışıq, İSESCO bəyanatı səsləndirib.
Eyni zamanda Türk Dövlətləri Təşkilatının
müvafiq qurumları ilə əlaqələr qururuq. Azərbaycanlıların
qayıdışı ilə bağlı bu istiqamətdə
bu təşkilatın hansı potensialı ola bilər,
hansı addımlar ola bilər və hansı addım
atıla bilər məsələsi müzakirə edilir. Və
əlbəttə ki, biz müraciət etsək də, cavab
almamışıq, amma bu, birtərəfli təşəbbüs
olaraq qalıb. Avropanın insan hüquqları üzrə
ixtisaslaşmış institutları çox təəssüf
ki, bizim müraciətlərimizi iqnor edirlər, çünki
nəticə etibarilə onların mahiyyəti və
yaradılış məqsədləri insan
hüquqlarını manipulyasiya edərək başqa ölkələr
üzərində Qərbin hegemoniyasını qurmaqdan ibarətdir.
Ondan kənar hər hansı bir hüquq hadisəsini görmək
istəmirlər. Olmayan yerə hüquq pozuntusundan
danışıb, onu bir vasitə kimi istifadə edirlər,
kiməsə təsir vasitəsinə çevirirlər, amma
bizim hüquqlarımız pozula-pozula, bizə müraciət
etmirlər. Mənə elə gəlir ki, bu istiqamətdə
Qərbi Azərbaycanın görüləsi işləri hələ
çoxdur.
- Bu qayıdış prosesinin gənc nəslin milli
kimlik və vətənpərvərlik ruhunun gücləndirilməsinə
təsiri necə olacaq?
- Əlbəttə ki, qayıdış da, o
torpağa sevgi də o vaxt mümkün olur ki,
özünü o torpağa mənsub hesab edəsən və
o torpağın sənin olduğunu düşünəsən.
Bu, çox mühüm bir məsələdir. Əgər o
torpağa aidlik, o torpağa mənsubiyyətlik hissi yoxdursa,
demək ki, o torpaqlar bizim ola bilməz. Bu mənada o tarixi
yaddaşı çox mühümdür. Azərbaycan
Prezidenti çıxışlarının birində belə
dedi ki, "Bizi Qarabağa qaytaran tarixi yaddaşımız
oldu". Ona görə də mənə elə gəlir ki,
bu mənada Azərbaycanın ailə institutları çox
böyük işlər görməyi bacarıblar, Azərbaycanın
təhsil institutları çox böyük işlər
görməyi bacarıblar və Azərbaycan mediası
çox böyük işlər görməyi bacarıblar.
Bu nədən ibarətdir? Daima ictimai yaddaşa və
informasiya mübadiləsi prosesinə ona bağlı məlumatlar
ötürülüb. Ailədə, ailə münasibətləri
kontekstində. Doğulduqları kənddən
danışıblar, oranın otundan, oranın relyefindən,
oranın dağından, suyundan, çayından
danışıblar. Mən əminəm ki, hər bir Qərbi
Azərbaycanı görməyən yeni bir üzvündən,
yeni nəsil üzvündən kəndləri soruşsanız,
oradakı bulaqların, çayların, məktəbin,
babasının evinin yerini gözü yumulu əzbər deyəcək.
Bax, bu, xalqımızın qüdrətidir, böyük
gücüdür. Ona görə mən düşünürəm
ki, tarixi yaddaşımızda problem yoxdur. Bir də mənəviyyat
məsələsi var. Yəni Azərbaycan xalqı mənən
zəngin bir xalqdır və çox dərin yaddaşı
olan xalqdır, bu da bizim dövlətçilik ənənəmizlə
bağlıdır. Məsələn, Azərbaycan
xalqının dövlət qurmaq tarixi 5000-ci il bundan əvvələ
gedir. Ona görə Azərbaycan Prezidenti dedi ki, "Azərbaycan
xalqı dövlət qurmaq istedadına malikdir". İstedad
nədir? Tanrı tərəfindən verilən bir keyfiyyətdir.
Tanrı bizə bu keyfiyyəti veribsə və biz 5000 il əvvəl
dövlət qurmuşuqsa, deməli, Qərbi Azərbaycanda da
dövlətçiliyimizin mədəni sərhədlərinə
sahib çıxıb orada yaşayacağıq.
Məryəm BAĞIROVA
525-ci qəzet .- 2025.- 14 yanvar(№6).- S.7.