Böyük
coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi
bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
sayımızda)
Kolumbdan sonrakı tədqiqatçılar isə yeni kəşf
edilən torpaqların Hindistan olmaması qənaətinə gəlməklə,
ilk dəfə onu tapmış səyyahın həmin
iddiası ilə razılaşmamışdılar. Venetsiyadan
olan Con Kabot İngiltərə kralı VII Henrinin göstərişi
ilə XVI əsrin əvvəllərində Şimali
Amerikanın Massaçusets körfəzində olmuş, lakin
Hindistanda olduğu xəbərini verməmişdi. Kolumbdan əvvəl
də avropalıların Şimali Amerikada olması barədə
mülahizələr mövcuddur. Vikinq Layf Eriksonun Kolumbdan
yarım min il əvvəl, X əsrdə orada olması barədə
tədqiqat xarakterli məlumatlar da bütünlüklə
inkar edilməmişdir. Buna şübhə etmək də
çətindir, çünki vikinqlər həmin
dövrün ən məharətli dənizçiləri kimi
məşhurlaşmışdılar, hətta onların
Afrikanın şimal hissəsində olması barədə
ideyalar vardır. Mərakeşdən cənubdakı səhra
zonasında, Mavritaniyada yaşayan tuareqlərin, onlar ağ sifətli
və göygöz olmaları ilə seçilirlər, əcdadının
guya vikinqlər olduğu güman edilir.
Florensiyalı Ameriqo Vespuççi də Kolumbun ilk
səyahətlərindən sonra, həm də iki dəfə,
1504-cü ildə də Şimali Amerikada olmuşdu. Onun
ölümündən sonra dərc edilən məktublarında,
səyyah bu qitəni Kolumbdan fərqli olaraq "Yeni
Dünya" adlandırmışdı.
1507-ci ildə alman kartoqrafı M.Valdzemüllerə,
onun qitəni belə adlandırması məlum olduğundan,
ilk mükəmməl xəritəni tərtib edəndə bu ərazini
Ameriqo Vespuççinin şərəfinə
"Amerika" adlandırmışdı. Sonralar bu ad təkrar
olunmaqla, həyat vəsiqəsi qazanmış və hər
iki qitə Amerikalar adını daşımışdır.
1776-cı ildə Şimali Amerikadakı 13 koloniya Böyük
Britaniya ağalığından azad olmaq naminə,
yaratdıqları yeni dövləti "Amerika Birləşmiş
Ştatları" adlandırmışdılar. Kolumb fəxr
edə bilərdi ki, onun kəşf etdiyi yeni qitə, onun
adını daşıması da, XX əsrdə
dünyanın ilk fövqəldövlətinin yerləşdiyi
bir məkana çevrilmişdir.
Tarixin ən böyük şəxsiyyətlərindən
biri kimi məşhurlaşan Xristofor Kolumb arzuladığı
Hindistana gəlib çıxmasa da, öz ağlı, iradəsi
və hünəri hesabına Şimali Amerika qitəsini kəşf
etmişdi. Yeni sakinlər burada aberigen əhali olan
hinduları, onları qırmızıdərillilər
adandırırdılar, qırmağa başlamış, XIX əsrdə
onların təqib edilməsi dalğası daha geniş miqyas
almışdı. Cənubi və Mərkəzi Amerikada isə,
orada yaşayan xalqların inkişafından xəbər verən
sivilizasiyaları ilə yanaşı, yerli əhalinin də
konkistadorlar tərəfindən, az qala, məhv edilməsinə
şərait yaradılmışdı.
Hindistanın avropalılar tərəfindən kəşfi
Kolumbun ilk məşhur səfərindən hələ
dörd il əvvəl, 1488-ci ildə portuqaliyalı Bartolomeo
Diaş Afrikanın qərb sahilləri
yaxınlığında üzərkən, onun ən cənub
nöqtəsi olan Xoş Ümid Burnuna gəlib
çıxmışdı. O, buranı dolanıb keçsə,
Hind okeanına çıxa bilərdi və dəniz yolu onu
Hindistana aparırdı. Lakin komandasının qiyam
qaldırması təhlükəsindən qorxub, o, geri
qayıtmalı oldu. Bu mühüm vəzifəni on il sonra,
1498-ci ildə onun həmvətəni Vasko da Qama həyata
keçirdi. O, Xoş Ümid Burnundan hərlənib
keçdikdən sonra Hind okeanına girdi. Hindistana gedən dəniz
yoluna yaxşı bələd olan ərəb dənizçilərinin
köməyi ilə Hindistana, bu ölkənin qərbindəki
Kalikut limanına gəlib çıxdı, bura Malabarın
yaxınlığında idi. Portəgizlilər həm də
strateji təfəkkürə malik idilər, Qoada fort tikdilər.
Portəgizlilərin həyat tərzi, yerli əhaliyə
möhkəm təsir göstərdiyindən, onun elementləri
Hindistanın bu hind dilində "İnək"
adını daşıyan ştatında yaşamaqda, qalmaqda davam
edir. Digər hindlilərdən fərqli olaraq qoalılar təkcə
inək ətini yeməklə kifayətlənməyib,
saxladıqları donuz ətini də öz mətbəxlərinə
daxil etməkdən çəkinməmişlər.
Portuqaliyalılar Hindistana yol açmaqla kifayətlənməyib,
orada özlərinə möhkəm dayaq nöqtəsi
yaratdılar. Axı subkontinentin qərbindəki Malabarda,
Avropada çox qiymətli ədviyyat hesab edilən bibər
yetişdirilirdi. Qitə ölkələrində ədviyyata
böyük tələbat olduğundan, fərasətli portəgizlilər
bu əmtəənin ticarətini əllərinə
keçirdilər. Sonralar onlar darçının və muskus
qozunun bol olduğu Malakkaya gəlib çıxdılar və
oradakı ərəb tacirlərini
sıxışdırıb, ticarəti bütünlüklə
öz fəaliyyət sahəsinə çevirdilər. Onlar
burada Malakka şəhərini tutduqda, əhalinin bir hissəsini
qırıb, digər hissəsini əsir götürdülər.
Portuqaliyalılar çalışırdılar ki, özlərinin
ticarət imperiyasını yaratsınlar və həm də
buna, əsasən, nail olurdular. Onların tacirləri
Avropanı fasiləsiz olaraq ədviyyatla təmin etməyə
başladılar. Bu ticarət, ona investisiya qoyanlara da nəhəng
gəlir gətirirdi.
Əlbəttə, dəniz səyahətləri və
onların köməyi ilə əldə edilən
böyük coğrafi kəşflər heç də
yalın əllə əldə edilməmişdi, bunun
üçün zəruri texniki inkişaf və texnologiya
nümunələri tələb olunurdu. Orta əsrlərin
sonunda avropalılar artıq bunlara yiyələnmişdilər.
Bu dövrdə Avropada sənətkarlıq, manufaktura
istehsalı da inkişaf etmişdi. Avropa daxili ticarətə də
böyük diqqət verirdi. İngiltərə yun parça
istehsalının genişləndirdiyindən bu mala olan və
paltar ticarəti üzrə inhisara malik idi, müəyyən
dərəcədə o dövrdə indiki Çinin rolunu
oynayırdı.
Yeni torpaqlardakı rəhmsizcəsinə istismar burada
da bir qədər fərqli olan öz xüsusiyyətlərinə
malik idi. Yun parça istehsalı üçün xammala
böyük ehtiyac yarandığından, İngiltərədə
qoyunçuluq sürətlə inkişaf edirdi və bu ev
heyvanlarına əlavə otlaq sahəsi tapmaq zərurəti
yaranırdı. Ona görə də varlı torpaq sahibləri
yoxsul kəndliləri öz yaşayış yerlərindən
qovub, o sahəni otlağa çevirirdilər. Bu qəddar
proses "çəpərləmə" adlanırdı.
XVI əsrdə yaşamış böyük filosof
Tomas Mor obrazlı qaydada "qoyunların insanı yediyini"
bildirirdi. Qoyunçuluğun inkişafı ona görə bu
dinc heyvanı, az qala, yırtıcı vəhşiyə
çevirmişdi. Tomas Mor onu da əlavə edirdi ki, yun
istehsalı sahəsi o qədər böyük əhəmiyyət
daşıyırdı ki, "qoyunun dırnağının
toxunduğu qum dənəsi qızıla çevrilirdi".
Orta əsrlərdə yaşayanlar həm də ticarəti
genişləndirdilər, bunun nəticəsində
avropalılar hələ yaxşı tanımadıqları
xalqlarla bir növ əməkdaşlığa girmişdilər.
Bu heç də yenilik sayılmamalı idi. Qədim dövrlərdə
də, hətta b.e.ə. X əsrdən başlayaraq
finikiyalılar ticarət aparmaq üçün Aralıq dənizi
ilə üzdükdə bir sıra xırda koloniyaları, həmçinin
b.e.ə. 814-cü ildə Afrikanın şimalındakı
Karfagen dövlətini yaratmışdılar. Karfagenlilər də
öz müəllimlərindən aldıqları dərsə
əməl edərək, inkişaf etmiş dənizçilik
dövlətinə çevrilmişdi, onlar b.e.ə. VI əsrdə
özləri də İspaniyaya keçib, orada şəhərlər
salmışdılar, onlar Ebro çayının sahillərində
böyük əraziyə sahib olmuşdular. Karfagen dəniz
ticarətindən elə varlanmışdı ki, həmin
dövrdə dünya dövləti olmağa can atırdı
və bu sahədə Romanı öz rəqibi kimi
görürdü. B.e.ə. III-II əsrlərdə bu iki
dövlət arasında aparılan Puniya müharibələri
qüvvətlənmiş Romanın qələbələri ilə
nəticələnmişdi. B.e.ə. 146-cı ildə isə
romalılar tutduqları Karfagen şəhərini məhv
etmişdilər. Bu, Romaya o dövrdə vahid fövqəldövlət
olmağa imkan vermişdi, artıq onunla rəqabət aparan
heç bir dövlət yox idi.
Əvvəllər isə hələ Roma güclü
olmayanda, yunanlar Apennin yarımadasının cənubunda və
Qara dənizin şimalında şəhərlər
salmışdılar, indiki Neapolun da əsasını onlar
qoymuşdular. Krımdakı Feodosiya, Kerç qədim
yunanlardan qalmış irsi yadigarlardır.
Avropalılar qitə xalqlarının qədim tarixindən
çox şey öyrənmişdilər və ona görə
də dənizlərlə səyahətə çıxmaqdan
qorxmurdular. Çünki quru yollar şəbəkəsi
mövcud olmadığından, adamlar dəniz sularında və
çaylarda üzməyə üstünlük verirdilər.
İlk dəfə qədim romalılar b.e.ə. III əsrdə
Appi yolunu, sonra isə şimal sərhədinə gedən quru
yolunu çəkdilər. Avropanın işğal edəndə
imperiya yol şəbəkəsinin inkişafına da diqqət
verməyə başladı. Müasir Avropanın yol şəbəkəsi
vaxtilə qədim romalıların tikdikləri yollara əsaslanır.
Lakin okeanda üzmək dənizdə üzməkdən
fərqli idi, orada dalğalar tufan nəticəsində daha
hündürə qalxır, gəmilər üçün məhv
olmaq təhlükəsi yaradırdı. Ona görə də
okeandakı dənizçilik daha möhkəm gəmilərə
və yaxşı naviqasiya vasitələrinə malik
olmağı tələb edirdi. Əgər əvvəllər
dənizçilər üzmək üçün istiqaməti
müəyyən etməkdən ötəri Qütb ulduzunu
müşahidə edirdilərsə, Çində icad
olunmuş kompas bu sahədə onların köməyinə gəldi.
Okeanda üzmək üçün külək
növlərini dəqiq bilmək də tələb olunurdu.
Çünki küləyin sürəti böyük olduqda təhlükə
yaratdığı kimi, onun olmaması yelkənin köməyi
ilə hərəkət edən gəmilər
üçün fəlakət idi. Yunan mifologiyasına görə,
Mikena çarı Aqamemnon yunan ittifaqının Troyanı zəbt
etmək üçün dənizdə üzməyə
başlayanda, küləyin olmamasına görə, allahlara
qızı İfigeniyanı öldürməklə qurban
vermiş və onların mərhəməti ilə səfərlərinin
uğuruna nail olmuşdu. Afrikanın Qvineya sahillərinə
yaxın zonalarda küləyin olmaması, ştil bir neçə
gün davam etdikdə, bu, qızmar günəşdən və
susuzluqdan komanda heyətinin və nəticə etibarilə gəminin
məhvi ilə nəticələnirdi. Ona görə də dənizçilər
bu zonada üzməkdən qaçmağa
çalışırdılar. Portuqaliya gəmi kapitanı
Pedro Kabral bu təhlükəni nəzərə alaraq, oradan
uzaqlaşdıqdan sonra, dəniz cərəyanına və
küləyin qərbə tərəf əsməsinə
düşdüyündən, 1500-cü ildə Cənubi
Amerikadakı Braziliyanın şərq sahilinə gəlib
çıxmışdı. O, bu torpağa qədəm
basdıqdan sonra, onun Portuqaliyaya məxsus olduğunu elan
etmişdi. Beləliklə, Kabral təsadüf nəticəsində
Cənubi Amerika qitəsini kəşf edənə
çevrilmişdi. Şimali Amerikanı kəşf edən
Kolumbdan fərqli olaraq, onun elə bir məqsədi də
olmamışdı.
Tordesiliya müqaviləsi adlanan, Roma papasının
edikti Atlantik okeanının qərbində kəşf olunan
yeni torpaqlar İspaniyaya, şərqindəkilər isə
Portuqaliyaya məxsus olacağını bildirsə də, Cənubi
Amerikadakı Braziliya Portuqaliyaya məxsus olaraq, qaldı.
Yalnız 1822-ci ildə Braziliya Portuqaliyanın müstəmləkəçiliyindən
azad olub, müstəqil dövlətə çevrildi. İndi
də Braziliyanın dövlət dili portəgizlərin dilidir
və yerli əhali də bu dildə danışır.
Okeanda üzən gəmilər uzaq məsafələri
qət etməyə və ağır yük götürməyə
qadir olmalı idilər. Həm də onların göyərtəsində
ağır toplar yerləşdirilməli idi, çünki
yerli əhali ilə vuruşmaq da lazım gəlirdi. Heç
bir xalq öz ərazisini yadelliyə hədiyyə vermək
istəmirdi.
Portəgizlilər və ispanlar təkcə beynəlxalq
ticarətlə kifayətlənməyib, tutduqları, daha
doğrusu, işğal etdikləri torpaqları, adətən,
öz müstəmləkələrinə çevirirdilər
və bu, yerli xalqlar üçün qara günlərin
başlanmasından xəbər verirdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 15 yanvar(№7).- S.14.