ONLARIN NİGARANLIĞI
Hər kəs kimi, alnına yazılmış bir
taleyi yaşayan qələm əhlinin digər insanlardan əsas
fərqlərindən biri budur ki, o, nədən
yazır-yazsın, mütləq hansısa məqamlarda
yazdıqlarının arasında həm də öz
ömrünün yaşanılmışlarını əks
etdirir. Dünəndəki ömürlərdən söz
açan yazıçının, şairin qəhrəmanı
ilə aralarındakı fərq nə qədər
böyük olsa da, hansısa anlarda öz həyatı ilə
qəhrəmanının keçdiyi yol,
qarşılaşdığı yaxşılı-yamanlı
günlər arasında bağlantılar, uyğunluqlar
tapır, ayrı bir insandan bəhs edə-edə həm də
özünü yazır, bu səbəbdən də həmişə
daha inandırıcı, daha təsirli ola bilir.
Akademik Həmid Araslı nə yazıçı idi,
nə şair. Kamil ədəbiyyat tarixçisi, mahir mətnşünasdı
və lap uşaqlıq yaşlarından daim gözəl
sözlə baş-başa olsa da, bədii
yaradıcılığa meyl etmədi. Hərçənd
onillər boyu şeirlə, şairlə oturub-duranın
daxilində artıq şairlik ovqatı yaranır və elə
beynindəki bolluca şeirlərin havası ilə o da istənilən
anda qələm götürüb duyğularını,
düşüncələrini kağıza misra-misra
köçürməyə hazır olur. Söz tarixi xüsusi
ilhamı olmadığı halda elə bilikdən gələn
güc hesabına bəs deyincə şeirlər qoşub ədəbiyyat
aləmində tanınmış o qədər adları
tanıyır ki! Ürəyindən keçsəydi, nə
vardı ki, Həmid Araslı da edərdi. Necə ki, onun alim həmkarlarının
bir çoxu bu ləzzətdən yan keçməyiblər -
Heydər Hüseynov da, Yusif Məmmədəliyev də, Şəfaət
Mehdiyev də, Ziya Bünyadov da və bildiyimiz-bilmədiyimiz
neçə başqa məşhur alimimiz də şeir
qoşmaqdan tamahını saxlaya bilməyib. Ancaq Həmid
müəllim yazmayıb, yazsa da, üzə
çıxarmayıb və bunun da səbəbi, yəqin ki,
obiri şeirə meyl edənlərdən fərqli olaraq,
söz yatırımıza daha dərindən bələdliyi,
həmçinin şəxsiyyəti və
yaradıcılıqlarını ayrıntıları ilə
tanıdığı klassiklərin, yaddaşındakı
irsin onda yaratdığı vahimə idi. Məhz vahimə! Bu
yerdə ayrı sözü qoymaq da çətindir.
Çünki səndən əvvəlki möhtəşəmliyi
əhatəsi və tükənməzliyi ilə biləndə
sən kiçikliyini tam qabarıqlığı ilə dərk
edirsən, o boyda əlçatmazlıq və ənginliyin
müqabilində nəsə yazmağa cəhd etməyə
belə xoflanırsan, qarşısında
balacalığını aydın hiss etdiyin mirasa əlavələr
etməyə çəkinirsən. Hətta bəzən buna
imkanın və haqqın olsa da, bir az təvazö, bir az
qarşındakı böyüklüyü digərlərindən
daha artıq hiss etmək vərdişlərin səni
saxlayır, ağıl sənin başına ağıl qoyur
ki, "belə zirvələr olan yerdə kirimişcə
durmağın məsləhətdir, özünə
birbaşa aid olan, daha çox fayda verə biləcəyin
işlə məşğul ol" deyir.
Həmid Araslı yalnız bircə dəfə ədibliyə
meyl edib, bədiiliklə elmilik arasında dayanan, "elmi
povest" adlandırıla biləcək kitab yazıb - 1940-cı
ildə ilk nəşr etdirdiyi, illər sonra əl gəzdirərək
bir az da göyçəkləşdirdiyi həmin əsər
"Şairin həyatı" adlanırdı. Əslində
elə peşəkar elmi araşdırmalarının bədii
davamı sayıla biləcək o əsər də Nizami Gəncəviyə
həsr olunmuşdu. Amma Həmid Araslı bu kitabında
ölməz şairin ömrünün mərhələlərini
təsvir edərkən fürsət taparaq yeri
düşdükcə öz qəziyyəsini də təsvir
edib, Nizaminin mədrəsə dövrünü, uşaqkən
əvvəlcə atasını, sonra anasını itirməsini
yazanda eyni qisməti yaşayarkən özünün
keçirmiş olduğu həyəcanları qələmə
alıb.
Bunu vaxtilə Həmid müəllim qızı
Nüşabəyə etiraf edibmiş.
Həmid Araslı məsciddəki bir hücrədə
tay-tuşları ilə birgə dərs oxuyan İlyasdan - gələcəyin
Nizamisindən söz açır: "Molla mətni öyrətdikdən
sonra uşaq sakit oturub həmin dərsi əzbərləməli
idi. Sabah soruşanda səhv oxuyan uşağın əlinə
molla çubuq vurar, zoğal ağacının yeri kiçik
uşaq əlində zol salıb göynədərdi. İlyas
yoldaşlarının əlinə çubuq vuruluanda, ya
onların ayağı falaqqaya qoyulanda dözə bilməz,
ağlayardı. Onun yoldaşlarına ürəyi yanar,
yazığı gələrdi. Odur ki, hamıya kömək
etməyə çalışardı. Yoldaşları da onun
xətrini çox istəyirdilər".
Həmid Araslı səkkiz əsr əvvəldəki
bir uşağı təsvir edərkən onun hisslərini məhz
belə qələmə alırdısa, bu nə təxəyyülün
məhsulu idi, nə də böyüyüb Nizami kimi pak
varlığa çevriləcək uşağın elə bu
cür olmasını fərzetmə. Həmin uşaq o
özü idi, balaca Həmid özü belə olmuşdu,
böyüdü və həmin keyfiyyətlər, o
canıyananlıq, o həmdərdlik, mərhəmət
duyğusu da onunla birgə böyüdü.
Düşünürdü ki, elə dürüst insan belə
də olmalıdır və yaşamış olduğu hissləri
artırıb-azaltmadan Nizamiyə yönəldirdi.
İlyasın başına gələn onun da bəxtinə
çıxmışdı, o da erkən atasız
qalmışdı, o da anasını yeniyetməykən
itirmişdi və yaxşı bilirdi ki, yetim uşaq necə
ağrıyır, içəridən nə təhər
sınır. Dünyada ona ən əziz olan iki insansız
qalmağın sarsıntıları ürəyinə, fikrinə
hansı şırımları ilə
çökmüşdüsə, Nizaminin uşaqlıq illərindən
bəhs edəndə öz ömründəki bu nisgilləri
olduğu kimi onun da ömrünə
köçürürdü. Çünki burada zərrəcə
qəlplik olmamasına öz aqibətindən agah idi.
Varlı-hallı atası Məmmədtağıdan Həmidə
gəlib çatan yeganə sərvət
başqalarının pula gedərmi-getməzmi nəzəri ilə
baxıb əhəmiyyət vermədiyindən salamat
qalmış əlyazma kitabları idi ki, gecəsi-gündüzü
onlarla keçərmiş. Bunu sonralar balalarına
danışarmış. Amma olduğu kimi yazıb da - di gəl
Nizamiyə aid edərək. Bunlar atasız və anasız
qalmış İlyasın - gənc Nizaminin (deməli, həm
də Həmid Araslının) ömrünün
anlarıdır: "Xalası və əmisi arvadı onu
tez-tez yoxlayardılar (guya ki, Nizaminin xalası və əmisi
arvadı, əslində isə elə Həmidin
özününkülər - R.H.). O, gecə-gündüz
mütaliə edir, sevdiyi kitablardan, ömrün bu əziz
yoldaşlarından ayrılmırdı. Nizami mədrəsəyə
davam edir, eyni zamanda mütaliə ilə məşğul
olurdu. O, babasının kitablarını yeni evinə
köçürmüşdü, səliqə ilə
ayrıca bir otaqda saxlayırdı. Babası ömrü boyu
toplamış olduğu bu əlyazmalarını çox diqqətlə
siyahıya alıb, onların hər birinin müəlliflərinin
adını və qısaca məzmununu da
yazmışdı".
Həqiqətənmi Nizaminin də həyatında belə
olmasını bircə Allah bilir. Lakin Həmid Araslı ki
öz ömrünün bu məqamını yaxşı
xatırlayırdı.
Və hamısını aid etmişdi Nizamiyə.
Əsas mətləblərdən aralı düşsəm
də, Həmid Araslı ömrünün bir lövhəsi
var ki, onu da yazım. Axı orada da ən azı kitablar əhatəsində
olan Araslı var. Bunu mənə Nüşabə xanım elə
söz-sözü çəkərkən danışdı. Nə
özü, nə bacısı Dürdanə xanım bunu
yazasıdır, mən yazım ki, alim ömrünün bu
qüssəli qırpımı da itib-batmasın, bəlkə
elə kimsə, bir vaxtlar Həmid müəllim edən sayaq,
bu epizodu hansısa bədii əsərdə bir böyük
alimin, ya ədibin həyatının doğruçu anı
kimi qələmə verdi.
Ömrünün son parçasında vəfalı
zövcəsi Balacaxanım Həmid müəllimə
ötmüş onillərdəkilərdən də
qayğıyla yanaşırdı, onu qoruyurdu. Ancaq iş elə
gətirdi ki, Həmid müəllimin ömründə
böyük yer tutan Balacaxanım ərini bir yığın
xəstəliklər, səhhət böhranları, üstəlik
də, onlardan da betər tənhalığa mübtəla edərək
daha əvvəl getdi.
Nüşabə xanım söyləyir ki, dəfn mərasimi,
cüməaxşamları bitəndən, dərd bir qədər
səngiyəndən sonra bir axşam qardaşım biz
bacıları yığdı hamımızın
böyüdüyümüz ata ocağına, dedi ki, ata tək
qala bilməz, ona hayan olan lazımdır, Nüşabə
köçüb burada qalsın. O belə deyəndə atam
ağladı. Dedi ki, mənim taleyimə bax da. Uşaqlıq
vaxtı da anamın vəfatından sonra mən tamam tək
qalanda qohum-əqrəba elə bu cür
yığışıb məşvərət edirdi ki, Həmidin
bundan sonrası necə olsun, kimin himayəsində
yaşasın. Əvvəldə o cür, indi də belə.
O dövrdə həmin mənzildə bir neçə
dəfə olmuşam. Gündüz saatlarında Nüşabə
xanım işdə olurdu. Amma nigaran qalırdı, arada
neçə dəfə zəng vurub hal-əhval soruşurdu.
Həmid müəllimin kitablar, əlyazmalarla dolu
iş otağına geniş mənzilindəki böyük
otaqdan keçib gedirdin. Onsuz da həmişə nurani olmuş
Həmid müəllimin ömrün bu axır
parçasında işığı sanki bir az da
artmışdı.
Hər ora gedəndə, onu kitablar əhatəsində
görəndə xəyalımdan bu da keçirdi ki, elə Həmid
müəllim özü də bir köhnə qiymətli
kitab, qədim və nadir əlyazma kimidir. Əski əlyazmalarda
eyni bir əsərin iki nüsxəsini tapmaq
müşküldür ki, tünlüklə üst-üstə
düşsün, ya xətasız, yanlışlarsız
olmasın. Təsadüfi deyil axı, hətta Füzuli də
bu mərəzdən şikayətlənmişdi, səhv
buraxa-buraxa yazan katiblərə qarğış etmişdi.
Qədim bir kitaba oxşatdığım Həmid
Araslının o keçmiş əlyazmalardan bir vacib təfavütü
də bu idi ki, onda insanı diksindirəcək qüsurlar yox
idi. Çünki bu əlyazmanın katibi o özü idi.
İlk cümlələrindən başlayaraq ahəstə-ahəstə
son vərəqlərinə doğru irəlilədiyi bu
kitabın hər səhifəsini elə yazmış - elə
yaşamışdı ki, sonra hansısa qüsurlara görə
nə vicdanı onu incidəcəkdi, nə də
başqaları hansısa iradlar tuta biləcəkdilər. O qədər
mürəkkəb dövr içində belə nümunəvi
ömür yaşamağa çoxmu insan nail olub?
O zamanı sağına-soluna çox
araşdırmış birisi kimi inamla təsdiqləyirəm
- bu, az, lap az kişilərə müyəssər olub!..
...Çoxları kimi, mən də Həmid
Araslını görməmişdən tanımışam və
əslində hər gün onunla birgə olmuşam. Orta məktəblər
üçün "Ədəbiyyat" dərsliyinin müəllifi
idi və universitetdə oxuyarkən də onun həm qədim ədəbiyyatımıza,
həm aşıq yaradıcılığına, həm də
XVII-XVIII əsrlərdəki söz tariximizə həsr edilən
kitablarından elə dərslik kimi yararlanmışdıq.
Zahirən sonra da yolumuz onunla kəsişməməli idi.
Şərqşünaslıq fakültəsini bitirəndə
başqa qrup yoldaşlarımızı gənc mütəxəssis
kimi təyinatla Bakıdakı və müxtəlif
rayonlardakı məktəblərə müəllim göndərsələr
də, təkcə mənim təyinatımı elmi tədqiqat
sahəsinə - Elmlər Akademiyasına verdilər. Ancaq
ixtisasıma daha uyğun olan Yaxın və Orta Şərq
Xalqları İnstitutuna, ya Əlyazmalar Fonduna, Ədəbiyyat,
ya Dilçilik institutlarına deyil, Fəlsəfə və
Hüquq İnstitutuna göndərdilər. Belə izah etdilər
ki, burada da Şərq dillərini bilən mütəxəssislərə
ehtiyac var və siz Fəlsəfə tarixi şöbəsində
çalışacaqsınız. Əslində buna sevindim.
Çünki fəlsəfəyə marağım çox
idi, hətta universitetə qəbula gələndə sənədlərimi
fəlsəfə fakültəsinə vermişdim, ancaq nədirsə,
bir neçə gün sonra belə bir fakültənin
açılışının təxirə
salındığı bildirildi və başqa fakültə
seçməyimiz təklif olundu. Yalnız bundan sonra artıq
yoxlanılıb qəbul edilmiş sənədlərimi Şərqşünaslıq
fakültəsinə yönəltdik. Üstəlik də, hələ
tələbəlik illərimdən ciddi araşdırmağa
başladığım XI əsrin şairi Baba Tahir Üryan
daha əvvəl filosof idi. Onun fəlsəfəsi ilə
bağlı da hələ tələbə ikən universitetin
Fəlsəfə seriyasından olan Elmi Əsərlərində
ayrıca məqaləm dərc edilmişdi.
Düşündüm ki, elə bu şöbədə Baba
Tahirin fəlsəfəsini daha dərindən
araşdıraraq bu mövzuda dissertasiya yazaram. Lakin bu arada Fəlsəfə
və Hüquq İnstitutunda daimi olan bir neçə
münaqişə tərəfinin ən fəallarından olan
Midhət Ağamirovu müəyyən qədər
neytrallaşdırmaq üçün "Azərbaycanda
marksizm və leninizmin yayılması" adlı yeni
şöbə yaradıldı və məni əmrlə ora
köçürdülər. İşin
avandlığından bu arada direktorunun Həmid Araslı
olduğu Yaxın və Orta Şərq Xalqlarının
aspiranturasına qəbul haqda elan da
çıxmışdı. Ancaq məsələnin çətin
tərəfi bu idi ki, adətən belə qəbullarda bircə
yer ayrılırdı və oranın da namizədi irəlicədən
bəlli olurdu. Yaxın qohumum Validə xanım orta məktəbdə
Həmid müəllimin qızı Nüşabə xanıma
Azərbaycan tarixindən dərs demişdi. Söz
açılanda bildirdi ki, bu barədə Nüşabə
xanıma ağız aça bilər ki, Həmid müəllimlə
məni görüşdürsün. O vaxt mənim artıq
Bakıda və Moskvada mötəbər elmi jurnal və
toplularda nəşr edilmiş 6 məqaləm vardı ki,
çap məsələlərinin qəliz olduğu həmin
çağlarda heç bir çox cavan alimlərin o qədər
məqaləsi yoxdu. Odur ki, Həmid müəllimlə
görüşsəm, elə məqalələrimin ilkin
xoş təəssürat yaradacağı gümanında
idim. Ancaq heç görüşə ehtiyac da olmadı.
Nüşabə xanım atasından xahişi edincə mənim
sənədlərimin qəbuluna izin verilmişdi. Sonralar
Nüşabə xanım mənə bunu da söylədi ki,
o, atasına mənim haqqımda söz açanda təəccübünə
rəğmən Həmid müəllim söyləyib ki, onu
tanıyıram, radioda-televiziyada verilişlərini
görüb-eşitmişəm, yazılarını
oxumuşam.
Çox keçmədən mən aspiranturanı
vaxtından əvvəl başa vurdum, dissertasiyamı
müzakirəyə təqdim etdim, Həmid müəllim məni
instituta işə də götürdü və bir çox
irəliləyişlərimə də yolaçan oldu. Məndən
əvvəl o institutda çalışmışlar da, mən
gedəndən sonra orada başqa direktorların dövrlərində
işləyənlər də bu müəssisəyə rəhbərlik
etmişlərin hər birini ehtiramla xatırlayaraq həmişə
bunu məxsusi vurğulamışlar ki, Həmid müəllimə
heç kəs tay ola bilməz.
2024-cü ilin 23 fevralında Həmid müəllimin
115-ci ildönümünə toplaşdığımız,
onunla əbədi ayrılıqdan 40 il keçərkən
salondakıların neçəsi elə bir zamanlar onun rəhbərliyi
altında Yaxın və Orta Şərq Xalqları
İnstitutunda işləmiş ovaxtkı gənc, indiki
yaşlı nəsil şərqşünaslar idi.
Həmid müəllim institutun direktoru olmaqla
yanaşı, həm də Türk filologiyası şöbəsinin
müdiri idi. Oçağkı şöbə əməkdaşlarından
indi həyatda olan bircə Barat Osmanovadır. Deyir ki, biz Həmid
müəllimə bir direktor, şöbə müdirindən
daha əvvəl atamız, doğmamız kimi yanaşardıq.
Həmid müəllim bizim şöbənin müdiri
olduğundan çalışardıq ki, bütün işlərimiz
digər şöbələrdən daha nizamlı olsun ki, əziz
müdirimizin yanında xəcalətli qalmayaq. Hər birimizin
dissertasiya müdafiəsi üçün bütün şəraiti
yaratmaqdan savayı, əsərlərimiz Moskvaya, Ali Attestasiya
Komissiyasına təsdiqə göndəriləndə də
oradakı ayrı-ayrı nüfuzlu alimlərə, köhnə
dost-tanışlarına şəxsi məktublar göndərərdi
ki, bizdən köməklərini əsirgəməsinlər.
Həmid Araslı məclisinin daha bir qonağı ərəbşünas
Laura xanım Orucova Həmid müəllimlə lap gənckən,
akademiyada yenicə işləməyə
başladığı vaxtlardan təmaslarda olub.
Danışır ki, tanınmış dilçi alim Həsən
Zərinəzadənin rəhbərliyi ilə dissertasiya üzərində
işləyirmiş, ictimai işlərdə də fəal
cavanlardanmış, institutun komsomol təşkilatının
katibi seçilibmiş, irəli çəkilmək məsələsi
gündəlikdəymiş, bu münasibətlə onu
Respublika Komsomolu Mərkəzi Komitəsinə dəvət
ediblərmiş: "Məni qəbul edən Respublika
Komsomolunun birinci katibi Rafiq Əsgərovun elə ilk sualı
bu oldu ki, harada işləyirsiniz? İnstitutumuzun adını
deyincə "Direktorunuz kimdir?" soruşdu. Həmid müəllimin
adını dedim, o da dərhal əlini atdı telefona. Salam-kəlamdan
sonra xəbər aldı ki, Həmid müəllim, sizdə
Laura xanım işləyir, necə kadrdır? Baxıram ki, Həmid
müəllim dəstəyin o başında nə deyirsə,
burada Rafiq müəllimin sifəti saniyəbəsaniyə dəyişir,
mülayimləşir. Doğrusu, Həmid müəllimin mənim
haqqımda belə xoş sözlər deməsinə heyrətləndim.
Axı onunla salamlaşmaqdan artıq söhbətimiz olmamışdı.
Həmid müəllim məni necə tərifləmişdisə,
birinci katib qayıtdı ki, səni Komsomolun Mərkəzi
Komitəsinə şöbə müdiri vəzifəsinə
götürmək istəyirik. Doğrusu, bu, gününə
görə çox ciddi yüksəliş, sonrakı daha
ciddi irəliləyişlərə müqəddimə ola biləcək
təyinat idi. Ancaq üzr istəyərək dedim ki, mənim
həmişə arzum şərqşünaslıq, bu sahədə
çalışmaq olub. Sizin nə
tapşırıqlarınız olsa, can-başla yerinə yetirərəm,
ancaq institutumuzdan ayrılmaq istəməzdim. Dedi ki,
yaxşı, tələsik cavab vermə, get fikirləş, bir
neçə gün sonra qəti sözünü deyərsən.
Qayıdıb gəlib Həmid müəllimin yanına getdim,
görüşümüz barədə danışdım.
Dedi ki, narahat olma, qızım, Rafiq müəllimlə
danışaram, sən burada işini davam etdirərsən.
Mən də, Barat xanım Allah şahididir, o da, digər
gənclərimiz də Həmid müəllimi çox sevərdik,
elə doğmaca atamız, böyüyümüz kimi, o da bizə
öz övladı kimi münasibət bəslərdi. Alimliyi
nə səviyyədə idi, hər kəsə məlumdur.
Ancaq biz onun alimliyindən də üstün
insanlığına şahid olmuşuq".
Həmid müəllimin taleyi elə gətirmişdi
ki, uşaqlığından əlyazmalarla bağlı
olmuşdu, əlyazmalarda gerçək tariximizi
gördüyünə, onları toplayıb
araşdırdığına, təbliğ etdiyinə görə
cəza almışdısa da, həvəsdən düşməmişdi,
yolundan dönməmişdi. Bu gün Azərbaycanın
Əlyazmalar İnstitutu kimi qiymətəsığmaz xəzinəsi
varsa, onun baniləri sırasında Həmid müəllimin
öz halal payı var. Bu da bir ayrı yazıymış ki,
sonda onun axırıncı iş yeri də elə
Əlyazmalar İnstitutu oldu. Təbii ki, bu, həmin institut
üçün şərəf, orada
çalışanlardan ötrü təcrübə məktəbi,
istənilən anda sual verib-cavab almaq imkanı idi. Şərqşünaslıq
İnstitutuna Ziya Bünyadov rəhbər gətiriləndən
sonra Həmid müəllimə orada bir şöbə
müdiri kimi qalmaqçün də yer olmadı. Belə
nankor, qaba münasibət unudulmur, hər şeyi görən
Allah belə umulmaz rəftarlara biganə də qalmır.
Həmid müəllim Əlyazmalar İnstitutunda
işləməyə göndəriləndə oradakı hələ
dissertasiya müdafiəsinə hazırlaşan, sıravi elmi
işçi olan cavanlar indi elmimizdə aparıcı mövqe
tutan sanballı alimlərdir. Qırx ildən artıq vaxt
keçib. Ancaq aradakı bu dörd onildən uzun zaman fasiləsi
əlyazmaçılarda Həmid müəllimə olan məhəbbəti
və sayğını zərrəcə soyuda, korşalda
bilməyib.
Onlardan biri, akademik Möhsün Nağısoylu da o
gün bizimlə idi və Həmid müəllimli günləri
anırdı: "Şəxsən mənim nəzərimdə
klassik Azərbaycan ədəbiyyatını tədqiq edən
şəxslər sırasında Həmid Araslı ən
yüksək zirvədə dayanır və Həmid müəllimin
əsas üstünlüyü o idi ki, klassik ədəbiyyat
haqqında məhz əlyazmalar əsasında
yazmışdı. Taleyimə minnətdaram ki, mənə də
o müstəsna alim və insanla ünsiyyət günlərini
qismət etdi. Mən şərqşünaslıq fakültəsinə
təsadüfən daxil olmuşam. Arzum müəllim olmaq idi.
Ona görə 1962-ci ildə, 16 yaşımda orta məktəbi
bitirərkən sənədlərimi Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsinə vermişdim. Amma
müsabiqədən keçə bilmədim. Növbəti
ildə ikinci dəfə cəhd elədim, yenə də sənədlərimi
eyni yerə verdim. Amma təsadüfən ora deyil, şərqşünaslıq
fakültəsinə qəbul olundum. Sən demə, o il şərqşünaslıq
fakültəsində tələbə
çatışmırmış, qəbulda yüksək bal
yığanları ora yönəldirmişlər. Sabir
Rüstəmxanlı, Hidayət Orucov da mənim kimi çox
bal yığanlardan olduqlarından onlar da şərqşünaslıq
fakültəsinə düşmüşdülər. Ancaq
onlar razılaşmadılar, filologiya fakültəsinə
qayıtdılar, mən isə qaldım. Beşinci kursda
oxuyarkən məni Əfqanıstana ezam elədilər. Orada hələ
tələbə ikən iki il yarım tərcüməçi
işlədim. Gedərkən 21 yaşım vardı, orada
yerli gənclərlə də oturub-dururduq, onların
arasındakı yeni fikirli insanlardan biri də şair Bariq
Şəfii idi. Qərara aldım ki, Bakıya qayıdandan
sonra diplom işimi məhz bu gənc şairin həyat və
yaradıcılığına həsr edim. Bu əfqan
şairi haqda yazdığım diplom işimdə elmi rəhbərim
Mübariz Əlizadə oldu. Buraxılış imtahan
komissiyasının sədri Həmid Araslı idi, müdafiə
zamanı diplom işimi vərəqlədi və belə sual
verdi ki, burada yazmısınız guya klassik əfqan
poeziyası yalnız romantik məhəbbət üzərində
qurulub, onda yeni fikir yoxdur, bu mülahizəni haradan
götürmüsünüz? Mən də cavab verdim ki, bu,
bir rus şərqşünasının fikridir, ondan iqtibas
etmişəm. Əlavə etdi ki, bu, yanlış qənaətdir,
başqa müəllifin fikri olsa da, siz ona tənqidi münasibət
bildirməliydiniz.
Düzü, düşündüm, yəqin ki, bu
iraddan sonra diplom işimə "beş" qiymət verilməz.
Ancaq Həmid müəllim insanlıq göstərdi, təriflədi,
işlənməmiş mövzuda yazdığımı
vurğuladı, diplom işimə "əla" qiymət
qoydu".
Möhsün Nağısoylu 1971-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirəndən sonra o vaxtlar hələ
Əlyazmalar Fondu adlanan indiki Əlyazmalar İnstitutunun
aspiranturasına qəbul olunur, sonra bu elm ocağına
bağlılığı 40 il davam edir.
Möhsünün elmi araşdırmaları
sırasında onun "Şühədanamə"yə həsr
etdiyi dissertasiyası da, ayrı-ayrı yazıları da
çox dəyərlidir. İmam Hüseyn müsibətindən
bəhs edən həmin əsəri bizim elmi dövriyyəyə
gətirənsə elə Həmid Araslı olub ki, bu haqda ilk
dəfə Elmlər Akademiyası xətti ilə
baraxılmış "Azərbaycan ədəbiyyatı
tarixi" üçcildliyinin 1960-cı ildə işıq
üzü görən birinci hissəsində məlumat verib.
Gününə görə sırf dini mövzulu belə bir ədəbi
abidənin faktiki olaraq ümumrespublika səviyyəli ortaq rəsmi
ədəbiyyat dərsliyinə daxil edilməsi həm sadə
iş deyildi, həm də cəsarət tələb edirdi.
Unudulmasın ki, dahi Füzulinin eyni mövzulu "Hədiqət
üs-süəda"sı uzun illər yasaq altında idi, nəşr
edilmədən qalırdı.
1978-ci ildə akademiyada keçirilən aspirantlar
konfransında Möhsünlə Araslının yolları
yenidən kəsişir. Həmid müəllim konfransın
humanitar elmlər bölməsinə rəhbərlik
edirmiş. Möhsün "Şühədanamə"də
tərcümə məsələləri" mövzusunda məruzə
edir. Onun bir mülahizəsi dinləyənlərdə ciddi
etiraz doğurur. Elə Möhsün kimi cavan
araşdırıcılardan biri Zaman Əsgərli ayağa
qalxır ki, siz iddia edirsiniz guya bəzi xalqların ədəbiyyatı
tərcümələrdən başlayır, bu, doğru
deyil, hər bir xalqın ədəbiyyatı onun söz sənətindən
başlayır.
Bölmənin sədri, hamının qəbul etdiyi
münsif Həmid Araslı Möhsünü müdafiə
edir, xırdaca dəqiqləşdirməylə hər iki tərəfi
təmin edən, mübahisəni yatıran - həm ədalətli,
həm də sərrast alimanə münasibət bildirir ki, bu
gənc ümumən ədəbiyyatların tərcümədən
başlanmasını yox, bəzi xalqların yazılı ədəbiyyatının
tərcümələrdən başlanması fikrini irəli
sürür, bu da tamamilə doğrudur.
Möhsünün tədqiqatı üçün məhz
"Şühədanamə"ni seçməsi də Həmid
müəllimin döşünə yatdığından
ayrıca təqdimat yazır, konfrans
iştirakçıları arasında bu gəncin aylıq məvacibi
miqdarında mükafatlandırılması məsələsini
qaldırır.
Bu da mehriban xatirələrlə naxışlanan həmin
Araslı axşamında akademik Möhsün
Nağısoylunun dediyidir: "Həmid müəllim bizim
instituta işləməyə gələndə onun
başına pərvanə kimi dolanırdıq".
...Həmid Araslını Özbəkistanda çox
sevirdilər. Özü mənə danışırdı ki,
hər Daşkəndə uçanda oranın
tanınmış alimləri onu qarşılamaqçün
hava limanına çal-çağırla gələrdilər.
1920-1930-cu illərədək Azərbaycanda Füzuli ilə Nəvai
eyni dərəcədə sevilərmiş və o iki klassikə
eyni istək də Özbəkistandaymış. Hər dəfə
Həmid müəllimi özbəklərlə əlaqədar
düşünəndə o da ürəyimdən keçir
ki, iki seçmə şəxsiyyətimizə Özbəkistanda
həmişə xüsusi hərarətli münasibət bəslənib.
Nəriman Nərimanov, bir də Həmid Araslı. Qəribədir
ki, müəyyən sovet onillərində Moskvada da, Bakıda
da Nəriman Nərimanovun adı, yazdıqları qadağalar
altında olanda, ya ifrat soyuq yanaşmalarla
qarşı-qarşıya qalanda Özbəkistanda hər
şey əvvəlki qaydasında qalırmış, Nəriman
Nərimanovun adına küçə də yerindəymiş,
meydan da, Həmid Araslıya da Özbəkistanın Əməkdar
elm xadimi adı bizdən daha əvvəl verilib və səbəbsiz
də deyildi. Çünki Nəvainin burada yeni zaman içərisində
tədqiqi, tərcüməsi, təbliği istiqamətində,
özbək-Azərbaycan ədəbi əlaqələrinin
inkişafı yolunda Həmid müəllimin xidmətləri
həddən ziyadədir.
Mustafa Kamal Paşa Atatürkün 1932-ci ildə
qurduğu Türk Dil Qurumunun sovet dövründə nüfuzu
və çəkisi çox yüksək idi. İlk növbədə
ətrafında canlı klassik hesab ediləsi güclü alimləri
topladığına, bir-birindən mühüm ciddi nəşrlərinə
görə. SSRİ-nin dövlət siyasətində
Türkiyəyə olan kəc münasibət digər türk
respublikalarına nisbətən Azərbaycan və azərbaycanlılarla
əlaqədar daha mühafizəkar şəkildə həyata
keçirilirdi. Buna səbəb həm hər cəhətdən
Türkiyə türkləriylə ruhən və dilcə daha
ortaq olmağımız, həm də həmsərhədliyimiz,
məsafəcə yaxınlığımızdı. Ona
görə də sovet dönəmində lap yüz dəfə
layiq olsa da, bir azərbaycanlı alimin Türk Dil Qurumuna
üzv seçilməsi inanılmaz qədər çətin
məsələ idi. Ancaq Həmid Araslıya bu, nəsib
olmuşdu. O əhvalatı da mənə söyləmişdi.
Türkiyəyə dəvət edilmişdi, mərasim Ankarada
gerçəkləşirdi. O vaxt Türkiyəyə
uçmağın tək yolu Moskvadan idi. Həmid müəllim
danışırdı ki, mənimlə əvvəlcə
Bakıda bizimkilər söhbət apardılar, sonra da Moskvada rəsmi
yoldaşlar tövsiyə etdilər ki, orada özümü
necə aparım. Dedilər ki, sizə Türk Qurumuna Fəxri
üzv seçilməyiniz təklif olunacaq, təşəkkürünüzü
bildirib imtina edin. Bizim o yerə başqa namizədimiz var.
İndi adını yazmıram, əslində
Moskvanın istədiyi rus millətindən olan da yaxşı
alimdir, ancaq əgər Türkiyə məhz Həmid
Araslını Türk Dil Qurumuna üzv etməyi qərarlaşdırmışdısa,
Kreml nə hoqqadan çıxır-çıxsın, buna necə
təsir edə bilərdi ki. Qazandığı təkcə
bu ola bilərdi ki, Həmid Araslı razılaşmasın,
onun namizədliyi geri götürülsün və bir azərbaycanlı
Türk Dil Qurumuna üzv seçilməsin.
Həmid müəllimi tanıyanların heç biri
lazım gələndə onun belə boz üz göstərə
bilməsini heç ağlına gətirməz, mən də
eyni düşüncədəydim. Ancaq Moskvanın nəzərdə
tutduğu alınmır. Həmid müəllim bunu da mənə
özü söyləyib ki, Ankaradakı toplantının o həyəcanlı
məqamı çatdı ki, namizədliyim irəli
sürüldü, mən də tapşırığa
uyğun olaraq qalxıb imtina etməliydim. Türkiyədəki
sovet səfirliyinin nümayəndəsi də bir kənarda əyləşib
arxayınca gedişatı izləyirmiş. Həmid Araslı
ayağa qalxır, nə öz namizədliyinə qarşı
etiraz edir, nə də Moskvanın irəlicədən ona təlqin
etdiyi mətni təkrarlayır. Göstərilən etimada
görə təşəkkür edir, Türk Dil Qurumuna
üzvlüyün onunçün şərəf olduğunu
söyləyir.
Bu, ələ ömürdə bircə dəfə
düşə biləcək girəvə idi, onu qeyb etsən,
bəlkə ardınca başqa itkilər də gələrdi.
Həmid Araslı bütün mümkün fəsadları
göz altına alaraq həyatındakı ən cəsarətli
addımlarından birini atır.
Üzdən sakitmiş. Ancaq 1957-ci ildə baş
vermiş həmin hadisədən 24 il sonra da mənə o
haqda həyəcanlanmadan danışa bilmirdi və söyləyirdi
ki, saçlarım o gün ağardı...
Həmid Araslının Türk Dil Qurumuna üzv
seçilməsinin bəhrələrindən sonralar çox
həmkarları, bütövlükdə türkologiyamız,
mətnşünaslığımız, dilçiliyimiz, ədəbiyyatşünaslığımız
faydalandı. Yollar bağlı idi, təsadüfdən-təsadüfə
oralara səfər edənlər olmasaydı, Türkiyədə
çıxmış hansısa kitabın, hətta adicə qəzetin
bircə sayının belə əlimizə yetməsi
ağlabatmaz idi. Ancaq Həmid müəllim həmin
üzvlük sayəsində istər-istəməz
körpüyə döndü. Əvvələn, ona Türk
Dil Qurumunun bütün nəşrlərini göndərirdilər,
digər yandan da artıq Türkiyə ilə icazəli daimi əlaqəsi
olduğundan o tərəfdən özünə və həmkarlarına
gərək olan kitabları, mənbələri də
sifariş etmək imkanı vardı.
Ancaq yalnız Türk Dil Qurumu deyildi. Həmid
Araslı 1972-ci ildə İraq Elmlər Akademiyasının da
üzvü seçildi. Sovet İttifaqı Türkiyəyə
olan tərs münasibəti İraqa bəsləmirdi, həm də
artıq Həmid Araslı elə ağır elmi çəkiyə
malikdi ki, ona maneçilik törətmək də asan
olmazdı. Odur ki, bu seçilmək daha rahat keçdi və
bundan da təkcə Həmid müəllim deyil, bütün
şərqşünaslığımız qazandı. Bir tərəfdən
İraqdakı qan qardaşlarımız - kərküklü
soydaşlarımızla daha sıx əlaqələr qurmaq,
onların ədəbi-mədəni həyatını burada da
araşdıra bilməkçün daha geniş mənbələr
dairəsinə pəncərəmiz açıldı, o biri
yandan da ərəbşünaslarımıza seçdikləri
mövzularda tədqiqat apararkən hər dəfə ortaya
çıxan ilk mənbələr sıxıntısına
müəyyən qədər əncam çəkildi. Xeyirxah
Həmid müəllim bu sarıdan da çox tədqiqatçının
yardımçısına, məxəz təminatçısına
döndü.
Elə həmin ərəbşünaslardan biri,
filologiya elmləri doktoru İmamverdi Həmidov da Həmid
müəllimin yubiley axşamına qonaqdı. Əyləşənlərdən
neçəsi keçmiş tələbə
yoldaşları idi - Tofiq Məlikli, Nüşabə
Araslı, Laura Orucova...
"Biz Şərqşünaslıq fakültəsində
eyni dövrdə tələbə olmuşuq. Mən universiteti
bitirib Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul
olunanda orada direktor mərhum Mirzağa Quluzadə idi. Mənə
məsləhət etdi ki, Həmid müəllimlə
görüş, onun tövsiyələrini dinlə, gör
araşdırmaq üçün nə mövzular təklif
edir. O vaxt ərəbdilli Azərbaycan ədəbiyyatı ilə
bağlı professor Malik Mahmudovun tutarlı
araşdırmaları, sevindirici nəticələri də
vardı. Ancaq Həmid müəllim mənə dedi ki, axtar,
görülmüş işlər hələ azdır, Malikin
əhatə etmədiyi, bizim ərəbdilli ədəbi irsin
hələ müəyyənləşdirilməmiş,
bugünə çatdırılmamış təmsilçiləri
də, mənbələri də az deyil. Az sonra yenidən Həmid
müəllimin yanına gəlib XIII əsr müəllifi
Yaqut əl Həməvinin 20 cilddən ibarət "Mucəmu-l-udəba"
- Ədiblər haqqında ensiklopediyasından söz
açanda, deyəndə ki, orada bir azərbaycanlı ədibi
- Ömər Gəncini tapmışam, bilsəniz necə
sevindi! Beləliklə, ədəbiyyat tariximiz daha bir gəncəli
şairlə zənginləşdi. Mənim rəsmi elmi rəhbərlərim
Rüstəm Əliyev və Mirzağa Quluzadə idisə,
qeyri-rəsmi təmənnasız elmi rəhbərim və
ustadım Həmid Araslı oldu. Belə alındı ki, mən
dörd il Bağdadda, dörd il də Qahirədə tərcüməçi
işlədim. Həmin müddət ərzində oranın
xeyli görkəmli elm adamları ilə görüşlərim
oldu. O sıradan da məşhur İraq alimi, Füzuli
haqqında ərəb dilində ilk kitabı yazan Hüseyn
Əli Məhfuzla. O, Həmid müəllimlə də
tanış idi, Füzulinin 400 illiyində Bakıda
görüşmüşdülər. Hüseyn Əli Məhfuzun
öz kitabında Həmid müəllim haqqında qeydləri
də var. Füzulinin İraqda keçirilən 500 illiyi mərasimlərinə
bizim Azərbaycandan geniş tərkibli nümayəndə heyəti
getmişdi. Bağdadda yubileyi təntənə ilə qeyd
etdik. Həmid Araslının qızı Nüşabə
xanım da həmin yubileydə iştirak edirdi. Orada
Nüşabə xanımı Hüseyn Əli Məhfuzla da
tanış etdim. İraqlı alim bu görüşdən
çox mütəəssir oldu. Həmid müəllim
haqqında çox gözəl sözlər dedi, onu
füzulişünaslığımızın şeyxi
adlandırdı, əlavə də etdi ki, nə
yaxşıdır Azərbaycan elminin siması olan belə ləyaqətli
bir soyadı elmdə yaşatmaqda davam etdirən övlad
var".
Həmid müəllim klassiklərimizin hamısına
övlad sədaqəti ilə bağlı insan idi.
Gücü nəyə çatırdısa etmişdi,
yaşlı vaxtlarında da çalışırdı ki,
cavanları, yeni nəsil araşdırıcıları hələ
yetərincə öyrənilməmişləri tədqiq etməyə,
farsca, ərəbcə yazılmış köhnə ədəbi
nümunələri məqbul bədii tərcümələrdə
bugünün oxucusuna çatdırmağa
ilhamlandırsın, alovlandırsın. Xaqanidən nigaran
qalmışdı. Onun sözü idi ki, Xaqani heç də
Nizamidən geri qalan şəxsiyyət deyil, Nizamiyə bərabər
şairdir və Xaqanini də eyni səviyyədə tədqiq
və təbliğ etməliyik. Əlimizdə bu gün Xaqani
şeirlərinin farscadan tərcümələrindən ibarət
iri toplu var. Ancaq iri o demək deyil ki, şairin irsinin
hamısıdır. Yarısından da azıdır. 1950-ci illərin
ortalarında həmin tərcümələrin gerçəkləşdirilməsinin
təşəbbüsçüsü Həmid müəllim
olmuşdu, daha əvvəllər, hələ 1940-cı illərin
başlanğıcında Nizami müasirlərinin ana dilimizdə
səslənməsinin vacibliyi çağırışı
da ondan gəlmişdi. Bunların üstünə nə qədər
artıra bilmişik?
Həmid Araslının olmadığı 40 ildə əsr
və minillik dəyişib, çox sahələrdə
çox yüksəlmişik. Bəs klassik irsimizi bugünə
və sabaha çatdırmaqda Həmid Araslının və
silahdaşlarının etdiklərindən nə qədər
qabağa gedə bilmişik? Könül ovunduran cavab verə
bilmirik. Həmid Araslının və fədakar məsləkdaşlarının
yeri görünür. Onlar ruh adamları idilər və yəqin
ki, indi boş qalan yerlərinə, umduqları kimi davam etməyən
bir para işlərinə görə xiffət çəkirlər...
11 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 15 yanvar(№7).- S.12-13.