Bakıdakı
Suraxanı Atəşgah məbədi
MAKEDONİYALI İSKƏNDƏR
TƏRƏFİNDƏN
İLAHİLƏŞDİRİLMİŞ ARAN HÖKMDARI
NÜŞABƏYƏ SİTAYİŞİN
TƏZAHÜRÜ
Azərbaycanda m.ə. VI-IV minilliklərə aid edilən
ən qədim neft quyusu Bakının Binəqədi kəndinin
yaxınlığında aşkar edilib (Bax: Məhfuzə
Zeynalova). Bakıətrafı əsrlər boyu sönməz
odların olduğu ərazi kimi mənbələrdə qeyd
olunub.
VI əsrdə yaşamış Bizans müəllifi
Paniumlu Prisk özünün "Qotik tarixi" əsərində
Xəzər dənizinin qərb sahilindəki mənzərəni
belə təsvir edir: "Daşdan dənizə qalxan alov
görünürdü".
M.Kalankatuklu, əl-İstəxri, Məsudi, və
başqaları yanan qazın Abşeronda mövcudluğu barədə
VII-X əsrlərdə qeyd etmişdilər.
XV əsr Rus səyyahı Afanasi Nikitin Dərbənddən
"odu sönməz Bakıya" getdiyini və təbii
yanğınlara rast gəldiyini bildirib.
XV əsr azərbaycanlı müəllif Bakuvi
yazır: "Bakıdan bir fərsəx aralıda elə yer
var ki, oradan heç vaxt sönməyən od
püskürür".
Avropalı Adam Oleari, Səfəvilər sülaləsi
dövlətində Şlezviq-Holşteyn hersoqluğunun iki səfirliyinin
iştirakçısı olaraq, 1633-1635, 1635-1639-cu illər
hadisələrini təsvir edir: "Bakı ətrafındakı
və Barmax dağı (Beşbarmaq - H.H.)
yaxınlığındakı quyulardan çıxarılan
neft xüsusi yağdır. Barmax dağının yanından
keçdik və neft quyularını gördük. Bunların
sayı 30-a qədər olan müxtəlif şəkilli
çuxurlar idi, onlardan gur çeşmə kimi neft
axırdı (Oleum Petroleum). Çeşmənin sanki qaynayaraq
necə pıqqıldadığı eşidilirdi; onların
qoxusu kifayət qədər kəskin idi, həm də ağ
neft daha xoş iylidir".
Azərbaycanda olmuş XVII əsr müəllifi
Engelbart Kempfer yazır: "Suraxanı kəndi
yaxınlığındakı çoxsaylı quyulardan od
tökülürdü".
İohann Lerx, Rusiya səfirliyinin həkimi olaraq,
1735-ci ildə yazır: "Mən 30 iyun 1735-ci ildə
sönməz atəşdən Balaxanıdakı qara neft
quyularına qədər beş verst (verst - 1,05 km-ə bərabər
uzunluq ölçüsüdür - tərc.) yol getdim... Yerli
sakinlər yerin altında kiçik bir çuxur qazır, ora
gil boru qoyur və yerdən gələn buxarını
yandırırlar. Bu oduzun müddətcə yanan bir oddur:
"Onu ya bezlə, ya da torpaqla söndürərlər".
1858-ci ildə Aleksandr Düma yazırdı: "Təsəvvür
edin ki, təxminən bir kvadratmil olan ərazidə alov axınları
yüzə qədər qeyri-müntəzəm dəlikdən
püskürür".
Beləliklə, müasir Suraxanı Atəşgahı
təbii abidə olaraq, qədim dövrlərdən orta əsrlərin
sonlarına qədər mövcud olub. Azərbaycanda "Oda
sitayiş məbədi"nin qədim və ən əzəmətli
nümunəsi, Bakı Qız Qalasıdır (Bax: H.Həsənov.
"Qız Qalası").
Suraxanı ətrafında təbii odların
mövcudluğu, onların müqəddəsləşdirilməsi
və XVIII-XIX əsrlərdə burada hind amilinin
mövcudluğu haqqında qısa məlumat verim.
Hind amilinin Suraxanıda iki mərhələsi var.
Birinci mərhələ 1713-cü ildən 1810-cu ilə qədər
sırf ticarət fəaliyyəti ilə əlaqədardır
(Bakının Multani karvansarasında yaşayan hind tacirlərini
müşayiət edən hindlilər üçün burada
yaşayış yerləri tikilmişdi). İkinci mərhələ
isə Azərbaycanın Rusiya imperiyasının tabeliyinə
keçdiyi və İslamın hakimiyyətə təsirinin
azaldığı 1810-cu ildən 1880-ci ilə qədər
olan dövrdə hindlilərin Bakıda oda sitayiş
dövrü əhatə edir.
Makedoniyalı İskəndərin bioqrafları, Əhəmənilər
imperiyasını fəth edən zaman onun Midiya valisi
Atropatın müşayiəti ilə qadın
döyüşçülərlə görüşü
barədə məlumat verirlər. Bu görüş İskəndərin
Hindistana yürüşü ərəfəsində Cənubi
Qafqazın şərq hissəsi də daxil olan Midiyada baş
vermişdi. Bu ərazidə Kür-Araz çayları
arasındakı hissəni antik müəlliflər Plini və
Arrian Sakasena (Sakların torpağı) kimi qeyd edirlər.
Makedoniyalı İskəndərin burada
görüşdüyü qadın
döyüşçülərin (amazonların)
başçısını isə antik müəlliflər
Arrian və Yustin Talestris adlandırırlar. Yerli qadın
hökmdarla Makedoniyalı İskəndərin
görüşü barədə süjeti Nizami Gəncəvi
(XII əsr) də təqdim edir. O, görüş yerini Bərdə,
Aran hökmdar qadını isə Nüşabə
adlandırır. Bu hadisə bizim müasirlərimiz olan
M.Mundinqin, E.Baynhamın, A.Mayorun xüsusi tədqiqat predmeti
olub və onlar aşağıdakıları müəyyən
etmişlər: birincisi, İskəndərin amazonlarla
görüşü, həqiqətən də, olub; ikincisi,
onlar klassik amazonlar deyil, Sak cəmiyyəti üçün ənənəvi
olan qadın döyüşçülər dəstəsidir;
üçüncüsü, antik mənbələrdə
xatırladılan "Talestris" adı yerli ənənələrə
görə, Nüşabə adlandırılan hökmdar
qadının adının yunan versiyasıdır.
Nüşabə ilə görüşün İskəndərdə
hansı təəssürat yaratdığını İskəndərin
Hindistanda olması barədə məlumat verən mənbələrdən
öyrənə bilərik. Orta əsr tarixçisi Mahomed
Kasim Ferişta 1831-ci ildə Bombeydə nəşr olunan,
özünün "Tarikhi-Ferishta hıstory of the rise of the
Mahomedan power in İndia" adlı farsdilli əsərində
(1612-ci ilə qədər yazılıb) yazır ki,
Makedoniyalı İskəndər Hindistanın
şimalındakı Kangra şəhərində yerləşən
hind məbədini ziyarət edərək, mövcud
bütü sındırıb, Nüşabə adlı sevdiyi
qadının şəklini/bütünü məbədə
hədiyyə etmişdi. Büt hindlilər tərəfindən
qəbul edilmiş, həmçinin onlar Nüşabəni
öz dillərində "Cvaalaci" ("Alov ilahəsi")
adlandırmışlar. İskəndər zamanından bəri
hindlilər xatırlayırlar ki, onların Nüşabə
adlı qəbul etdikləri "Alov ilahəsi" şahzadə
olmuş və Xəzər dənizinin qərb sahilində
yaşamışdı. Hindistanda və Pakistanda çoxlu
sayda qadının Nüşabə adını
daşıması təkcə bizim oxucular üçün
deyil, əslində mənim üçün də təəccüblüdür
(maraqlananlar üçün deyirəm ki, ingilis dilində bu
ad orada "Nowshaba" şəklində yazılıb).
Nizami poetik əsərlər yaratsa da, tarixi salnamələri
diqqətlə öyrənmişdi. Xüsusilə, Nizaminin
İsgəndərin Azərbaycana səfəri haqqında məlumatlarla
İsgəndərin bioqraflarından biri olan Roma tarixçisi
Kvint Kurti Ruf arasında mən tam oxşarlıq aşkar etdim.
Nizami əsərində Hindistanda İsgəndərin
Nüşabəyə həsr etdiyi bütün
quraşdırılmasına işarə edir. Nizami deyir ki, belə
bir rəvayət var ki, İsgəndər hansısa məbədi
ziyarət edərək köhnə bütü
dağıdıb yenisini ucaldır. Nizaminin dediyinə görə,
onun üzərində belə yazırlar: "Bu hədiyyənin
üstündə İsgəndərin damğası var".
Biruni "Hindistan" kitabında İsgəndərin bütlərə
olan marağı haqqında yazıb.
XV-XVI əsrlərdə, hind tacirlərinin Azərbaycana
səfərləri çoxaldığı zaman onların
ilahəsi olan Nüşabənin vətənindəki
"Əbədi alovlar" haqqında məlumatlar konkret təsdiqini
tapıb. Bakının ətrafında türk-azərbaycanlıların
islamı qəbul edənə qədər sitayiş etdikləri
atəş ziyarətgahları olmuşdu. Bu, türklərin
özlərinin birbaşa skif əcdadlarından miras
aldığı atəş kultu idi (Bu, Zərdüştlük
deyildi, çünki onlar atəşə deyil, öz ali ilahilərinə
Axura-Mazdaya sitayiş edirdilər. Həmçinin Suraxanı
Atəşgahı Zərdüşti məbədi deyil!).
Abşeronda təbii alovlar bol idi. Bu səbəbdən də
İslamaqədərki dövrdə Atəşgaha bənzər
məbədlər çoxluq təşkil edirdi.
Təxminən 1810-cu ildən başlayaraq hind zəvvarları
burada təbii alovlar üzərində Cvaalaci (Nüşabə)
şərəfinə dua edirdilər. Müstəsna olaraq,
hindlilər Suraxanı məbədinin mərkəzi
mehrabın yenilənməsini, əlbəttə
ki, imperiya hakimiyyətinin icazəsi ilə həll etdilər.
Mütəxəssislər iddia edirlər ki, Atəşgah
memarlıq abidəsi yerli ənənələrə uyğun
tikilib, kənar divarı və giriş portalı var. Həyətin
mərkəzində əsas məbəd - mehrabın
dördbucaqlı döngəsi ucalır. Giriş
portalının üstündə ənənəvi Abşeron
qonaq otağı - "balaxana" yerləşir.
Beləliklə, İskəndərin hindlilərə təqdim
etdiyi Nüşabə və hindililərin onu özlərinin
Cvaalaci ("Alov ilahəsi") ilə eyniləşdirilməsinin
xatirəsini əks etdirən Suraxanı Atəşgah məbədi
yenilənib. Bu, ondan irəli gəlirdi ki, bu məbəd
onların da sitayiş etdikləri ilahənin, əslində isə,
Bərdə hökmdarı Nüşabənin vətənində
yerləşirdi. Bununla da Bakı və Hindistanda hindlilər tərəfindən
bir-birinin analoqu olan iki məbəd mövcud idi. Hindlilər
Hindistandakı məbədlərini "Kiçik
Cvaalaci", Bakıdakı Atəşgah məbədini isə
"Əsas" və ya "Böyük Cvaalaci" hesab
edirlər. Deməli, hindlilər əslən özlərinin
"Od tanrıları" olan "Cvaalaci" ilə əslən
Azərbaycandan olan ilahiləşdirilmiş və Od
tanrısı olaraq qəbul olunmuş Nüşabəni eyniləşdirib
Suraxanıdakı Atəşgah məbədinin üzərində
ona sitayiş haqda mətn həkk etmişlər.
Həsən Həsənov
Tarix elmləri doktoru
525-ci qəzet .- 2025.- 15 yanvar(№7).- S.10.