Öpüşə bilməyən
arxeoloqların dramı
"Şeyx Sənan"
serialı haqqında
Yerli istehsalımız "Şeyx Sənan"
serialına tiflisli aktyor dostum, xətri əziz oxucum Sənan
Əlləzin məsləhəti ilə baxdım. Sənan bəy
filmdə əsas qəhrəmanı oynayıb.
Bəri başdan deyim ki, şəxsən mən və
yazar dostlarım Milli Akademiyamızın Arxeologiya və Etnoqrafiya
İnstitutu alimlərinin yerinə olsaydıq,
yığışıb, öz aramızda normal bir büdcə
toplayardıq. Sonra da filmin yaradıcı heyətinə
gözəl bir restoranda güclü ziyafət verər və əllərini
sıxıb təşəkkür edərdik. Təşəkkür
edərdik ki, arxeoloqlar kimi təvazökar, sakit, az qala aseksual
bilinən bir tayfanı belə sevişkən, libidosu yüksək,
intriqa və macəra dolu həyat yaşayan peşə sahibləri
kimi təqdim ediblər. Serialda arxeloqlar o qədər macəra
və ziddiyyət doludurlar ki, adam az qalır soruşsun,
qardaş, bunlar haranın arxeoloqlarıdır - Parisin, yoxsa
Las-Veqasın?
Yazıya başlamazkən, bir-iki kəlmə də
yaxşı söz demək istəyirəm ki, bundan sonra
yazacaqlarımla könül qırmayım və düşmən
qazanmayım. Ən əsası da cüzi büdcə ilə,
dörd yandan senzura ilə kino çəkən, kinoya çəkilən
həssas, kövrək yaradıcı heyətin qəlbinin incə
tellərini qırmayım. Bəli, bu gün ölkədəki
iş adamlarının, dövlət məmurlarını
başı tik-tokerlərə şir atmağa, müğənnilərə
sponsorluq etməyə qarışan bir vaxtda hələ də
sənətlə məşğul olmaq doğrudan da
böyük ərdəmdir. Bu ərdəmə, fədakarlığa
görə filmin bütün yaradıcı heyətinə təşəkkür
edirəm.
İkincisi, seriala çəkilən gənc
aktyorların az qala hamısı yaxşı fakturaya,
maraqlı üzə sahib uşaqlardır və adam çox
istəyir ki, gələcəkdə plastik əməliyyatla bu
orqanik, təmiz, gözəl üzləri korlamayacaqlar.
Xüsusilə Tural Əhməd və Aygün Fətullayevanın
üzləri sadəcə xəzinədir, ümid edirəm,
bu xəzinələrinin qədrini biləcəklər.
İndi keçək bayaqdan ürəyimdə
yığılıb qalanlara. Rusların bir sözü var,
"takoqo pozora ya ne videla daje v indiyskom kino". Adama elə gəlir
ki, bir dəstə birinci kurs tələbəsi qərar verib
ki, bekarçılıqdır, durun kino çəkək.
Püşkatma yolu ilə biri ssenari yazıb, ikisinə
rejissorluq düşüb, rollar da necə gəldi
bölünüb, hadisələrin baş verəcəyi yer
olaraq ölkənin ən sərin, mənzərəli rayonunu
seçiblər, quqllayıb baxıblar ki, o rayonda nə var,
aha, çoxlu tarixi xarabalıqlar, ora bir dəstə adam nəyə
gedə bilər, aha, arxeoloji ekspedisiyaya. Orda kim yaşayır,
aha, gürcülər. Bəs hekayəni necə quraq, hər
gürcülər, tərsa balası, Şeyx Sənan, kak raz
bizim Sənan da Tiflisdəndir (hərçənd, söhbətə
dəxli yoxdur), qoy olsun Şeyx Sənan hekayəti. Amma tarixi
rekvizitlər çətin söhbətdir, onda hadisələr
müasir dövrdə baş versin. Vsyo, getdik kino çəkməyə.
Filmdə hadisələr gürcülərin
yaşadığı kəndlər və yaxınlıqda
baş verir, amma gürcü icması ilə məsləhətləşmə
olmayıb. Olubsa da, sadəcə
biabırçılıqdır. Gürcü icması necə
yaşayır, məişətlərində hansı komponetlərdən
istifadə edirlər, bir qram vizualizasiya yoxdur, gürcülərin
həyat, məişəti və təsərrüfat atmosferi
sadəcə sıfırdır.
Serialda əsas qəhrəmanlar arxeoloqlardır,
arxeoloqlarla məsləhətləşmə olmayıb. Olubsa,
sadəcə biabırçılıqdır. Bütün
film boyu arxeologiyaya aid bircə dənə də olsun dialoq
yoxdur ki, adam bu insanların doğrudan da arxeoloq olduğunu hiss
eləsin. Hətta arxeoloqlar itən artefakta "itən tarixi əşya"
deyirlər. Mən bir neçə arxeoloji ekspedisiyada
olmuşam, günlərlə onların düşərgələrində
yaşamışam. Onlar necə danışır, necə
geyinir, hansı zarafatları edir, hansı terminologiyadan istifadə
edir, bilirəm. Və bu filmdə arxeoloq düşərgəsi
atmosferi yox idi. Ortada altı daim tüstüləyən bir
qara çaydan və ətrafda dörd beş çadır hələ
arxeoloq düşərgəsi demək deyil.
Filmdə arıçılıq təsərrüfatı
var, arıçılarla məsləhətləşmə
olmayıb. Donuz saxlayan oğlan var, donuz necə saxlanır,
filmin heyətinin xəbəri yoxdur.
Başlayaq, serialın ssenarisindən. Sözün
açığı, onsuz da hollivud dinamikası, bəşəri
konflikt gözləmirdim. Bununla belə, mənə elə gəlir
ki, ssenari müəllifinin hekayə nədir, nəqletmə nədir,
konflikt nədir, ümumiyyətlə, nəqletmə prinsiplərinə
aid olan hər şey nədir məsələsindən bir qram
xəbəri yoxdur. Hətta filmin müəyyən yerlərində
hadisələr elə barmaqdan sorulurdu, elə absurd şəkildə
cərəyan edirdi ki, ssenarinin süni intellekt tərəfindən
yazıldığını düşünürdüm.
Çünki ömründə hekayə nəql etməmiş
bir insan belə hadisələri belə absurd şəkildə
cərəyan etdirməyi məntiqli bilməzdi.
Film detektiv kimi başlayır, dram kimi davam edir, müəyyən
bir məqamdan sonra rejissorlardan biri deyir ki, bəlkə bir az da
qorxu-horror zırrayaq, onu da edirlər, arada rejissorların fəlsəfə
damarı tutur, arada dinə aludə olurlar, arada sevgiyə
girişirlər. Bir əldə on səkkiz qarpız tutur, bir
filmdə bəşəriyyətin bütün təməl dəyərlərini
analizdən keçirməyə iddia edirlər, axırda da
ortalığa belə əcaib bir şey çıxır.
Bu işdə ən kobud, ən bəsit işlənmiş
komponentlərdən biri də simvolikadır. Qazıntlar
altından çıxarılan, bir tərəfində
xaç, bir tərəfində aypara olan antik eksponatın
(caaan!) filmin əsas simvolikası olması azmış kimi,
xristian Tamaranın boynunda xaç, müsəlman Sənanın
boynunda aypara var (ətiniz tökülməsin). Sənan
xristianlığı qəbul edir, Tamara da müsəlman olur.
Bağça uşaqları oyuncaq dəyişdirir elə bil,
al, mənim dinim sənin olsun, sənin də dinin məniiiiim.
Axırda uşaqlarının da yaxasına bir tərəfində
xaç, bir tərəfində aypara olan qızıl sancaq
taxırlar. Bu hissə o qədər krinc idi ki, ssenaristin,
rejissorun, aktyorun yerinə mən utandım. İspan utancı
keçirdim.
Serialda şablonlar sadəcə dəhşətlidir.
Yaşlı ataların həmişə ürəyi tutur.
Yüngülbeyin hesab edilən qız mütləq siqaret
çəkir. Əyyaş mütləq şərabı
şüşədən içir. Oğlanı yoldan
çıxarmaq istəyən qız qırmızı, erotik
paltarda onun yanına gəlir (günün günorta
çağı, qazıntıların qızmar yerində)...
P.S. Serialda sanki hər kəs hər şeyi birinci dəfə
edir. Türkay Cəfərli sanki birinci dəfədir
öpüşür, arxeoloji ekspedisiya rəhbəri sanki ilk dəfədir
ki, qazıntı aparır, Sənan ilk dəfədir ki, sevir,
Anton ilk dəfədir ki, arı görür (arıya
allergiyası olan oğlan guya arı saxlayır -
MƏNTİQ, HARDASAN?), ssenarist ilk dəfədir ki, əlinə
qələm alır, rejissor ilk dəfədir ki, film çəkir...
(Davamı olacaq)
Günel MÖVLUD
525-ci qəzet .- 2025.- 15 yanvar(№7).- S.9.