Yazmasam, borclu
qalaram...
İSLAM SADIQ YARADICILIĞI HAQQINDA QEYDLƏR
Yaxından-uzaqdan şəxsən
tanıdığım, yaxud yaradıcılığına
az-çox bələd olduğum qələm əhlindən bəziləri
hərdən öz əsərlərini mənə təqdim
edir və münasibət bildirməyimi istəyirlər. Burada
qəbahət bir işin olmadığını bildiyimdən,
"Əsəri oxuyum, sonra danışarıq" - deyirəm.
Təbii ki, qarşı tərəf də mövqeyimi
anlayışla qarşılayır. Nəticə əsərin
dəyərinə bağlı olur, əgər əsər
yaxşıdırsa, müəllifi təbrik edir, bəzən
bununla kifayətlənməyib, hətta haqqında resenziya da
yazıram, yox, əsər zəifdirsə, susur, münasibət
bildirməyi məqsədəuyğun hesab etmirəm. Arif və
ayıq müəlliflər də mövzuya
qayıtmırlar...
Ötən əsrin 80-ci illərindən
imzasını izlədiyim, müəyyən münasibətlərimizin
olduğu, dəfələrlə də haqqında yazmaq fikrinə
düşdüyüm İslam Sadıqla bağlı isə fərqli
olaylar oldu. Sosial şəbəkələrin birində
şairin öz yaradıcılıq gecəsinə, yubileyinə
dəvət etdiyi qonaqların siyahısında adımı
görmədim. Doğrusu, təəccüblənsəm də,
üzə vurmadım və ötəri hiss keçib getdi.
Bir müddətdən sonra təsadüfən İ.Sadıqla
rastlaşdıq, həmişəki qaydada bir-birimizdən hal-əhval
tutsaq da, incik görünən şair giley-güzarını
gizlətmədi:
- Yubileyimə də gəlmədin, gözüm
axtardı, səni görmədim.
- Dəvət olunanların siyahısında yox idim.
Ona görə...
İslam Sadıq cümləmi bitirməyimə imkan
vermədi:
- Nə danışırsan, əvvəla, telefonun
cavab vermədi, ikincisi isə, indiki kimi yadımdadır, sənin
adını siyahıya şəxsən yazmışdım.
Mübahisə etmədim və "Görünür,
bir anlaşılmazlıq olub" - dedim və davam etdim:
- Sən istedadlı, zəhmətkeş şair,
publisist, alimsən. Sənin haqqında yazmağı
çoxdan fikirləşsəm də, hər dəfə
ortaya bir iş çıxırdı. İndi zaman yetişib,
şair! Yazmasam, borclu qalaram...
Və beləliklə, bu yazıya başladım...
Qələmi və görkəmi ilə folklor qəhrəmanlarının
özünü və sözünü yaşadan
İ.Sadığın poeziyasının mövzu dairəsi
çoxşaxəli, rəngarəngdir, onun elmi tədqiqat sahəsi
isə əsasən bir istiqamət üzrədir. Bu da alimə
problemi daha dərindən, hərtərəfli izləməyə,
işləməyə, onun aktuallığını ciddi
arqumentlərlə əsaslandırmağa,
araşdırmalarının nəticələrini uğurla
ümumiləşdirməyə, maraqlı elmi-nəzəri qənaətlərə
gəlməyə imkan verir. O, 2007-ci ildə "Azərbaycan
folklorunda "Koroğlu" poetik ənənəsi"
mövzusunda dissertasiyasını müdafiə edərək,
filologiya üzrə fəlsəfə doktoru, sonra isə
"Şumer epik mətnləri və Türk xalq
yaradıcılığı ənənələri" elmi
tədqiqat işini müdafiə edərək, elmlər
doktoru elmi dərəcələrini alıb. İ.Sadıq
100-dən çox elmi, publisistik məqalənin müəllifidir.
Alimin araşdırmalarını yüksək dəyərləndirən
akademik Nizami Cəfərov "İslam Sadıqın Şumer
meydanı" adlı məqaləsində ("525-ci qəzet",
29.12.2020) yazır: "Apardığı kifayət qədər
genişmiqyaslı (və intensiv) araşdırmaların nəticəsi
olaraq, "Şumer və türk dastanları",
"Şumer ədəbiyyatı" kitablarını nəşr
etdirməklə kifayətlənməyib, "Şumer epik mətnləri
və türk xalq yaradıcılığı ənənələri"
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək,
Azərbaycanda peşəkar şumerşünas kimi
tanındı ki, ona xeyir-dua verənlər içərisində
akademik Tofiq Hacıyev kimi mövzuya dərindən bələd
böyük alimimiz vardır". Deyilənlər bu gün
İ.Sadıqın toxunduğu tədqiqat sahəsinin nə qədər
aktual, əhəmiyyətli, eyni zamanda məsuliyyətli və
ciddi olduğuna dəlalət edir.
İ.Sadığın elmi axtarışları onun
poeziyasının təsirindən mayalanıb, fikrimizcə,
onun elmi nailiyyətləri şairin ilham pərisini daha da
qanadlandırır. Hər iki halda - həm poetik
duyğularını, həm elmi təfəkküründə
ərsəyə gələn, formalaşan fikirlərini ifadə
etmək üçün İ.Sadıq sözdən, onun
gücündən məharətlə istifadə etməyi
bacarır və bu baxımdan görkəmli ədəbiyyatşünas,
filologiya elmləri doktoru Nizami Tağısoyun qənaətləri
sərrast və səmimidir: "İslam Sadıq sözü
istədiyi qiyafəyə, istədiyi libasa salır, söz
onun təsəvvüründə mum kimi, yay kimidir:
sıxılır, bük-ülür, dartılır, nə
bilim, min bir hala düşür. Sözün istənilən
modifikasiyaya salınması İslam üçün olduqca
rahatdır. Hər söz, ifadə, ibarə İslam
üçün Koroğlunun dəliləri kimidir. İslam
komanda verdi, onlar da şairin qarşısında "səf-səf",
vüqarla düzülür. Amma İslam öz "söz dəliləri",
sözlərlə güclə danışmır, onlarla onun
qarsılıqlı ülfəti, ünsiyyəti, səmimiyyəti
var. İslamın şeirlərinə kalamburlar, təkrirlər,
məcazlar da xüsusi rəng qatır. Lakin onlar nə
gözü, nə də qulağı yormur. İslam sözdən
elə söz tutur ki, onun mayası da milliliklə yoğrulur.
Belə rəvan, yapışqanlı ifadə imkanları
nümayiş etdirmək nadir poetik fikir sahiblərinə qismət
olur" ("Ədalət" qəzeti 2019. - 13 fevral. - s.7.).
Yuxarıda qeyd etdiyimiz kimi, İ.Sadıq poeziyası
mövzu baxımından sədd-sərhəd tanımır.
Şairin bu yaxınlarda Azərbaycan Dövlət Nəşriyyatı
tərəfindən buraxılmış 6-cildliyinə
(İslam Sadıq. "Əsərləri", I cild, 432 səh.,
II cild 404 səh., III cild 400 səh., IV cild 408 səh., V cild
408 səh.. VI cild 408 səh.) ötəri nəzər salmaq
kifayətdir ki, bu qənaətə gələsən.
Kitablarda müxtəlif səpkili üst-üstə 1940
şeir toplanmışdır. Vətənə məhəbbət
şairin poeziyasının ana xəttini təşkil edir.
"Mən bir Vətən arısıyam, Zəhərindən
bal çəkərəm", - deyən şairin Vətən
sevgisi onun sümüyünə, iliyinə qədər
işləyib. "Murovda dalğalanan bayrağa dirəkdilər,
Bu torpağın köksündə döyünən ürəkdilər"
misraları ilə Vətənin qeyrətli
övladlarının şəninə söz söyləyəndə,
"Gör hansı daşını öpməyib dizim,
Dodağım dəyməyən bulağı varmı?" -
deyə təbiətinə, gözəlliklərinə
sığal, "qələm" çəkəndə,
"Ay Vətən, sən varsan deyə, mən mənəm"
söyləyib Şuşasını, Dərbəndini, Təbrizini,
Borçalısını, Kəlbəcərini... tərənnüm
edəndə, düşmənə müraciətlə
"Tanımırsan, tanı türkü, bu dünyanın
xanı türkü", - deyib od püskürəndə,
soyunu vəsf edəndə şairin gülərüz, təəssübkeş
çöhrəsi, qürur, fəxarət və məmnunluq
yağan siması misraların arxasından
açıq-aydın görünür. İ.Sadıq, eyni
zamanda Vətənə xor baxanlara, onu talayanlara, Vətən dərdinə
laqeyd, biganə qalanlara, nadan və nankorlara qarşı
barısmazdır, amansızdır, şairin sözləri
neştərdir, süngüdür, dəlir, deşir, yerlə-yeksan
edir. "Vətəni quyruq kimi yeyənlər" şairin qəzəbinə
tuş gəlir:
Gah huylanır duman altdan,
Gah boylanır saman altdan.
Səsi gəlir tuman altdan
"Qurbanam" sanamı - deyir?! (Vətənə
anamı deyir),
Yaxud:
Qarın otaranın sevgisi olmaz,
Yal görüb, yağıyla qol-boyun yatar.
(Vətən sevgisinin sirri).
İ.Sadıq öyüd-nəsihətləri,
tövsiyələri ilə nağıl, dastan qəhrəmanlarına
bənzəyir. Şairin "Gəl sənə deyim kimdən,
Gəl sənə deyim hardan" misraları ilə
başlayan şeirlərində dedikləri, aforizm, kəlam
kimi səslənir:
Kim pula gül olacaq,
Başına kül olacaq.
(Sənə kimdən deyim);
Yaxud:
Məndən sənə amanat,
Tanımadığın atın,
Nə arxasına hərlən
Nə də yalmanına yat
(Babam belə deyərdi);
və ya:
Bax, atın yüyənini
Vermək olmaz namərdə,
Yiyəsini demirəm,
At da dözməz bu dərdə!
(Dədəm işdən dönərdi).
İ.Sadığın poeziyası mövzu, ideya, məzmun,
mündəricə baxımından maarifçidir. O doğma
torpağa, el-obaya, ata-anaya, dostlara soydaşlara sevgi,
sayğı və sədaqətlə yanaşmağı,
mili-mənəvi dəyərlərə hörmət etməyi,
ləyaqət və şərəflə yaşamağı,
elmə, təhsilə yiyələnməyi, hissin, nəfsin
yox, ağlın, zəkanın yolu ilə getməyi təlqin,
təşviq və təbliğ edir. Şair klassik və
çağdaş şeirimizin, folklorumuzun milli məfkurəli,
milli siqlətli ənənələrindən bəhrələnərək
təsirli, duyğulandıran, düşündürən,
yaddaqalan nümunələr yaratmışdır.
İ.Sadığın şeirləri dil, üslub, sənətkarlıq
cəhətdən də maraq doğurur, təqdirəlayiqdir.
Şairin yaradıcılıq labarotoriyası bədii təsvir
və ifadə vasitələri - epitetlər, təşbehlər,
metaforalar, metonimiyalar, mübaliğələr, litotalar ilə zəngindir. O, müxtəlif
frazeoloji vahidlərdən, atalar sözü və məsəllərdən
yerli yerində, məharətlə istifadə edir.
İ.Sadıq haqqında yazdıqlarımızla
tanış olan oxucuda haqlı olaraq belə sual yarana bilər:
Şairin 6 cildliyində verilmiş 1940 şeirin içərisində,
ümumiyyətlə, poeziyasında zəif təsir
bağışlayanı yoxdurmu? Hesab edirəm ki, bütün
şairlərdə olduğu kimi, İslamın ədəbi
irsində həm mövzu, həm sənətkarlıq
baxımından yüksək tələblərə cavab verməyən,
nibətən zəif əsərlər də yox deyil.
Əksini söyləsək, səmimi səslənməz. Yəqin
ki, İ.Sadıq da zəif
şeirlərinin olmadığı iddiasından
uzaqdır. Elə isə biz bu yazıda niyə həmin
nümunələrə toxunmadıq, susduq, söhbət
açmadıq? Səbəbi sadədir. Bu, yubiley
yazısıdır. Şairin 70 yaşına gecikmiş təbrikimizdir!
Təbrikin içində tənqid yaxşı görünməz.
11.01.2025
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 16 yanvar(№8).- S.15.