Esmira Fuad: Güney Azərbaycan
etnokulturoloji dəyərlər diskursunda
Filologiya elmləri doktoru Esmira Fuadın hər
kitabını görəndə düşünürəm:
O, vətəndaşdır.
Onun bu yaxınlarda nəşr olunan "Güney Azərbaycan
etnokulturoloji dəyərlər diskursunda" kitabını
oxuyanda da belə düşündüm. Bu qənaətimi
kitabdakı mövzuların, araşdırma və tədqiqatların,
təhlillərin başlığı da təsdiq edir: "Azərbaycanın
bölünməsi: tarixi gerçəkliklər və
müqavilələrin rolu", "Güney Azərbaycanın
tarixi abidələri", "Fərəhin ən gözəli
azadlıqdır", "Güney Azərbaycanda türk
toponimlərinin soyqırımı", "İranda
buxovlanan Azərbaycan türkcəsi", "Güney Azərbaycanda
folkloru. Xalq həyatının və milli kimliyinin əks-sədası"
və s.
Esmira xanımın özünəməxsus, tərtəmiz
yazı dili kitabı daha oxunaqlı edir. Bu, sadəcə
böyük zəhmətin nəticəsi deyil, bu, vətən
yanğısıdır. Hamı özünü vətəndaş
hesab etsə də, hamı vətəndaş ola bilmir. Bu, ən
ali, üst bir duyğudur: o, səninlə böyüyür, səni
böyüdür. Esmira xanım bu duyğuyla yaşayır.
O, parçalanmış vətən ağrısı,
bütöv Azərbaycan sevgisi ilə Güney Azərbaycan ədəbiyyatını
illərdir tədqiq edir, araşdırır, bizlərin diqqətinə
çatdırır. Növbəti kitabında da bunun
şahidi olursan.
"Güney Azərbaycan etnokulturoloji dəyərlər
diskursunda" ilk olaraq qədim Oğuz-türk yurdunun
bölünməsinə gətirib çıxaran tarixi
gerçəklikləri özündə əks etdirən - Azərbaycanın
Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi
sənəd - Kürəkçay müqaviləsi - Andlı
öhdəlik, Qarabağ mülkündə, Zeyvə
çayı yaxınlığındakı Gülüstan kəndində
imzalanmış Gülüstan və bədnam Türkmənçay
"sülh" müqaviləsindən bəhs edən
araşdırma yer alıb. Adında "sülh"
yazılan - içərisində isə Azərbaycanın
bölünməsi əks olunan müqavilələr maddə-maddə
təqdim olunur. Bu müqavilələrin bir yurdun, bir elin iki
yerə parçalanmasındakı rolundan söz
açılır. Oxuduqca elə bilirsən, bunu bir
tarixçi yazıb.
Kitabda "Rza şahın mərkəzləşmiş
güclü dövlət yaratmaq amacı ilə
yürütdüyü məkrli inzibati siyasət"in
"qeyri-fars millətlərin varlığına, onların
milli birliyinə, hansısa qurumda birləşməsinə
qarşı çevrilməsi"nə də toxunulur, bu siyasətin
bütövlükdə azəri türklərinə
qarşı yönəlməsi vurğulanır: "Rza
şahın Güney Azərbaycanda yürütdüyü
farslaşdırma siyasəti ilə Stalinin Qüzeydə
apardığı ruslaşdırma, Qərbi Azərbaycanda Ermənistanın
erməniləşdirmə siyasətini tutuşdursaq, nə qədər
oxşarlıqların olduğunu aydın görərik".
İranda buxovlanan Azərbaycan türkcəsinin real
durumu, türk kökənli adların bütün İranda və
Güney Azərbaycan ərazisində planlı şəkildə
mərhələlərlə farslaşdırılması və
bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında
gündəmə gətirilir, hətta bu son dərəcə
ağrılı məsələnin ədəbiyyata
yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi
abidələri - Təbrizdə yaşayan daş
yaddaşımız vərəqlənir, Güney Azərbaycanda
adət-ənənələr - Çillə gecəsi-Çillə
bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi
və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına
nüfuz etməsi məsələləri ədəbi müstəvidə
təqdim edilir.
Düşündürəcək çox məsələlərə
toxunub Esmira xanım. "Bir xalqı məhv etmək
üçün onun dilini məhv etmək kifayətdir"
ifadəsini bilirik hər birimiz. Amma bir xalqı məhv etmək
elə onun adlarını məhv etməkdən
başlayır. Çox təəssüf ki, Quzey Azərbaycanda
bunu fərqinə varmadan könüllü edirik, fars, ərəb
adları baş alıb gedir. Burda ad yasağı yoxdur. Bir ara
bəzi adların qadağası ilə bağlı fikir
dolaşdı, özümüz hay-küy saldıq. Güneydə
isə əksinədir: övladlarına türk mənşəli
adlar qoymaq üçün çəkişir insanlar, məhkəmələrə
müraciət edirlər. Ərəb, fars adlarını
qoyanlar məsələnin mahiyyətini anlamaq istəmirlər,
bunu inanclarına bağlayırlar - guya Allaha sevgidir bu, guya ad
insanın inancına olan sədaqətidir. Əslində isə
insan əvvəlcə öz adını, öz
daşını-çınqılını, öz
soykökünü sevməlidir.
Adlar, eləcə də coğrafi adlar (toponimlər)
xalqın milli sərvəti, tarixi keçmişinin
güzgüsüdür. Toponimlər coğrafi və
antropoloji tədqiqatlarda xüsusi əhəmiyyət
daşıyır... Ümumiyyətlə, landşaft elementləri,
məsələn, bir yerdə bitən bitkilər, orada
yaşayan heyvanlar, həmçinin qayalar, rənglər, su
yolları, hətta orada yaşayan, işləyən və ya
savaşan personajlar müəyyən bir yer adının mənşəyi
ola bilər... Yer-yurd adları o yerlərdə yaşayan
xalqın milli kimliyinin göstərici nişanələrindəndir.
Ona görə də paniranistlər türk kökənli
adların, insan, yer-yurd adlarının yaddaşlardan silinməsini
planlı şəkildə həyata keçiriblər...
Güney Azərbaycanda kənd adları daha çox dəyişikliyə
məruz qoyulub. Əksər hallarda daha əvvəlki türk
adlarına bənzəyən farslaşdırılmış
adlar seçilir və elə göstərilir ki, guya bu adlar əvvəldən
farsca imiş. Belə görünür ki, rejimin niyyəti
Güney Azərbaycandan türk və Azərbaycan kimliyini silməkdir.
Kitabda ikiyə bölünmüş vətənin
ağrılarını əks etdirən bədii nümunələr
də verilib. Bir xalqın xoşbəxtliyi onun vətəninin
tamlığı, bütövlüyüdür. Biz xoşbəxt
ola bilmirik. Qadir Cəfərinin "Biz mutlu olmadıq,
heç zaman "xoşbəxtlik qafiyəsi"ni
tapmadıq" misraları məhz bunu ifadə edir. İllərdi
güneyin ədəbi proseslərini izləyən, öyrənən
Esmira Fuad güneyli qadın yazarların
yaradıcılığına xüsusi diqqətlə
yanaşır. "Güney ədəbiyyatında
feminizm..." məqaləsində qeyd etdiyi kimi "Bu gün
Güneyin çağdaş qadın yazarlarını oxuduqca
onların ailədaxili sıxıntılardan, gündəlik həyatda
olan çatışmazlıqlardan, ən adi qadın
hüquqlarının pozulmasından başlayan
etirazının artıq məişət çərçivəsindən
çıxaraq geniş miqyas aldığını və
ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə,
despotizm rejiminə ünvanlandığının şahidi
oluruq". Esmira xanım bu fikirləri həm də qadın
yazarların misraları ilə oxucuya çatdırır.
"O taylı-bu taylı bütöv Azərbaycan ədəbiyyatında
zəfər diskursu" başlıqlı son yazıda
"tariximizə qısa ekskurs" edən yazıçı
"tarixdə analoqu olmayan 44 günlük savaşın
gedişi zamanı 2020-2023-cü illərdə yeni
dövrün - XXI əsrin "müharibə ədəbiyyatı"nın
yaranmağa başladığını qeyd edir və bu ədəbiyyat
haqqında məlumat verir.
Həmin ərəfədə və savaşdan
sonrakı dönəmdə Güney yazarları Qarabağa və
44 günlük savaşda yazılmış yeni şərəf
tariximizə şeir, poema və nəsr əsərləri həsr
etdilər.
"Ona görə biz də onların yanında və
arxasında olmalıyıq. Güneyli aktivistlər də
etiraf edirlər ki, Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin zaman-zaman
Güney Azərbaycan türklərinin varlığını
və mübarizəsini dəstəkləyən
açıqlamaları Güney xalqına böyük mənəvi
güc verir. Ölkəmizin başçısının
"Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi
inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən,
İranda yaşayan azərbaycanlıların müdafiəsi
üçün əlimizdən gələni edəcəyik.
Onlar xalqımızın bir hissəsidir...", "Türk
dünyasında gənc nəslin yaşadıqları ölkələrdə,
məktəblərdə öz ana dilində təhsil almaq
imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan
dövlətinin hüdudlarından kənarda yaşayan 40 mln.
azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur"
kimi açıqlamasına diqqət çəkilir.
Kitabda dərin təhlilə, məntiqə söykənən
23 elmi yazı verilib və bu yazıların hər bir oxumaq,
öyrənmək, düşünmək
üçündür.
Kamalə ABİYEVA
525-ci qəzet .- 2025.- 16 yanvar(№8).- S.11.