"Doğulmağım
da sevgi, ölməyim də sevgidi..."
Zəlimxan Yaqubun 75 illik
yubileyinə
Qərbi Azərbaycanda, elə vətənimizin hər
yerində saza-sözə xüsusi bir rəğbət var. Mənim
ixtisasımdan, həyat yolumdan çox uzaq olsa da, bizim
Qaraqoyunlu dərəsində saz sənətinə pərəstişi
uşaqlıqdan görmüşəm. Yaxşı
xatırlayıram ki, 1981-ci ildə atam-anam Bakıya
köçdükdən sonra onlara balaca həyəti olan bir
ev almışdıq və valideynlərim həyətdə
oturub o vaxtlar dəbdə olan kasetli maqnitofonda gecə-gündüz
Məmməd Arazın sözlərinə bəstələnmiş
"Bəlkə bu yerlərə bir də gəlmədim"
mahnısına və digər saz havalarına həsrətlə
qulaq asardı. Bir gün nəvələrindən
hansınınsa ad gününü onların həyətində
keçirməyə hazırlaşanda atam dedi ki, bu tədbirə
mütləq bir aşıq gətirin. Qardaşlarım
"Bakıda aşığı haradan tapaq?" deyib etiraz
edəndə kimsə dedi ki, gürcüstanlı bir cavan
aşıq var, deyirlər, yaxşı da səsi var, gəlin
onu tapaq gətirək. O vaxtlar nə mobil telefon var idi, nə də
indiki texniki imkanlar, ancaq soraqlaşa-soraqlaşa Yeni Yasamalda həmin
aşığı tapdıq, danışdıq və mən
bazar günü maşınımla gedib onu atamgilə gətirdim.
Yolda bu aşığın qeyri-adi istedadına, Yunis İmrədən
Səməd Vurğuna, Hüseyn Arifdən Sədi Şiraziyə
keçə-keçə danışdıqlarına, sinədən
dediyi şeirlərə heyran oldum, atamın həyətində
də bizi güclü hafizəsi, fenomenal yaddaşı,
dayanmadan əzbərdən dediyi qoşmalar, bayatılar, gəraylılarla
heyrətləndirdi. Sazı da elə yüksək məharətlə
çalırdı ki, mən indiyədək belə şey
görməmişdim. Dünyagörmüş atam da, digər
qonaqlar da bu aşığın qeyri-adi səsinə,
çalğısına, vərdiş etdiyimiz "ay aman, ay
balam"dan, "aşıq deyər asta-asta" kimi
şablon sözlərdən çox fərqli oxuduğu
şeirlərə, rəngarəng repertuara məəttəl
qalmışdılar. Gecə yarısınadək ayrıla
bilmədiyimiz bu aşıq iki dəfə eyni şeiri oxumadan
o qədər dastan danışdı, xalq ədəbiyyatından
indiyədək eşitmədiyimiz elə müəlliflərdən
nümunələr söylədi ki, ağzımız
açıq qaldı. O vaxtlar kompüter-filan da yox idi ki, bu
qeyri-adi zəka sahibini onunla müqayisə edib deyəsən
ki, bu adamın beyni son model kompüterdir. Onu böyük
hörmət-ehtiramla yola salanda atam bircə bunu dedi ki, ay
oğul, sənin gələcəyin çox parlaqdır, Allah
qorusun!
Mən dağ çayı kimi kükrəyən,
coşub-daşan bu fenomenal insanı maşına mindirib evlərinə
aparanda yaxından tanış olub bildim ki, bizim universitetdə
təhsil alıb, özü Bolnisinin Kəpənəkçi
kəndindəndir, 31 yaşındadır, iki ildir evlənib,
bir oğlu var. Atamın sözlərinə görə
adını, familiyasını, atasının adını da
soruşub dəftərimə yazdım ki, görüm
doğrudan gələcəkdə bu insan məşhur olacaq,
ya yox: Yaqubov Zəlimxan Yusif oğlu.
Ancaq dəftərə yazmağa ehtiyac yox imiş -
Yaqubov Zəlimxanla tanışlığımız tezliklə
dostluğa çevrildi, onun Zəlimxan Yaqub olduğu illərdə
daha da inkişaf etdi və dünyasını dəyişənə
kimi bu münasibətlər yüksək səviyyədə
qaldı. Özünün dediyi kimi, o vaxtlar ailəsini
dolandırmaq üçün məcburiyyətdən
aşıqlıq edirdi, işlədiyi Azərbaycan
Könüllü Kitabsevərlər Cəmiyyətinin təbliğat
şöbəsində aldığı 100 manat pulla
uşaqlarını saxlaya bilməzdi (az sonra daha bir oğlu və
iki qızı dünyaya gəlmişdi). Biz də bu qeyri-adi zəka
sahibinin fitri istedada malik şair olduğunu bilmədən dəfələrlə
aşıq kimi məclislərimizə dəvət etdik, doymaq
mümkün olmayan söhbətlərindən, şirin
sözlərindən, dilimizin leksik imkanlarını sərgiləyən
danışıqlarından böyük zövq aldıq. Biz
onu yola salandan sonra saatlarla haqqında danışıb "bu
nə möcüzədir?!" deyib heyrətləndiyimiz
günlərdə bilmirdik ki, Zəlimxan dünya ilə cəngi-cidadadır:
Yolsuz yoxuşlarda yordum dizləri,
Ahımla qurutdum göy dənizləri.
Qaldı kürəyimdə kəndir izləri,
Dərdi dərd üstündən şələlə,
dünya!
Səməd Vurğun deyir ki, "Qızılı
udsa da, qara torpaqlar, Yenə qiymətini özündə
şaxlar!" İstedad da elə bir nemətdir ki, nə qədər
gizlədilsə, yaxud gizlətdirilsə də, yenə bir
gün üzə çıxır, uca tanrı qeyri-adi
bacarıqlar verdiyi bəndəsinə həmin
fenomenallığı aşkar etməyə şans
yaradır. Zəlimxan Yaqubla da belə oldu. 1993-cü ildə
Filarmoniyada keçirilən bir tədbirdə istedadlara yol
açan Heydər Əliyevin təklifi ilə
sorağını eşitdiyi Zəlimxan Yaquba söz verilir və
zalı kükrədən çıxışdan sonra hər
şey sürətlə dəyişməyə
başlayır. 43 yaşlı Zəlimxan Ümummilli liderin
diqqət mərkəzinə düşür, xarici səfərlərdə
yol yoldaşı, Milli Məclisin deputatı, Azərbaycan
Respublika Prezidenti yanında Əfv Komissiyasının
üzvü, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq
şairi olur.
Xarici səfərlər demişkən, bir məsələni
də qeyd etmək istəyirəm ki, dərin müşahidəçilik
qabiliyyətinə qadir Zəlimxan Yaqub getdiyi səfərlərdən
şair çantası boş gəlsə də, ürəyi
dolu, dəftərçəsi yazılı qayıdardı.
1995-2000-ci illərdə, cəmi beş il ərzində
dünyanın 20 ölkəsində, ömrü boyu görmək
istədiyi Çində, Səudiyyə Ərəbistanıda,
Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə,
Qırğızıstanda, Türkiyədə, Fransada,
İraqda və digər yerlərdə olarkən bəlkə
də həmin ölkələrin şairlərinin indiyədək
müşahidə edə bilmədiyi incəlikləri
görüb məharətlə qələmə
almışdı:
Bu ağlıq ki səndə var,
Süd gölündə çimənsən.
Bu ətir ki səndə var,
Yamyaşıl bir çəmənsən.
Bu qiymət ki səndə var,
Ləlsən, yaqut, yəmənsən.
Süd yox, ana döşündən
Ay işığı əmənsən.
Türk gələ, İran gələ,
Külli Hindistan gələ,
Yerini verə bilməz
Dünyanın min gözəli!
Çin qızı, Çin gözəli!
Bu illərdə Məhəmməd peyğəmbərə,
Şah İsmayıl Xətaiyə, Qazi Bürhanəddinə,
Nizamiyə, Füzuliyə, Yunis İmrəyə, Şəhriyara,
Mustafa Kamal Atatürkə, Qarabağ hadisələrinə,
Xocalı soyqırımına yüksək poetik nümunələr
olan poemalar, şeirlər yazan,
bununla belə dünyanın paradokslarına heyrətini gizlətməyən
Zəlimxan Yaqub yanğı ilə deyirdi:
Vaxtında uzadıb kömək əlini,
Vermədin mənimlə əl-ələ, dünya!
Nəyimə gərəkdir vaxtı keçəndə,
Göydən qızıl yağdır, ləl ələ,
dünya!
Zəlimxan Yaquba bulaq demək qəbahət olar, gur
çeşmə, dağ şəlaləsi kimi
qaynayırdı, şedevrlər yaradır, ədəbiyyat
tariximizi dəyişdirir, mədəniyyət xəzinəmizi
məhsuldar yaradıcılığı ilə surətlə
zənginləşdirirdi. Dostluğumuz isə davam edirdi. Mən
Bakı Dövlət Universitetinin prorektoru, rektoru, sonra isə
təhsil naziri olduğum illərdə də onun qatı pərəstişkarı,
yaxın dostu, istedadının vurğunu kimi hər zaman
yanında idim. Zarafatcıl, hazırcavab, söz
üçün məəttəl qalmayan Zəlimxanın
neçə-neçə duzlu-məzəli söhbəti indiyədək yadımdadır. Bir
dəfə danışdı ki, babam Şamilin qırxa
yaxın nəvəsi var idi, soruşanda deyərdi ki, Zəlimxanı
hamınızdan çox istəyirəm. Uşaq həsədindən
nəvələr razılaşmaz, yerbəyerdən onun
şeirləri qəzetdə çıxıb, ona görə
çox istəyirsən, deyib kişini təntidəndə
Şamil kişi cavab verib ki, Zəlimxan yeyəndə doymur,
işləyəndə yorulmur, danışanda
mızıldamır, ona görə onu çox istəyirəm.
Zəlimxan Yaqub bir Azərbaycan kişisi, türk
oğlu türk idi. Səxavəti, sədaqəti ilə
yanaşı, qeyri-adi bir cəsarəti də var idi, hələ
heç bir titul, fəxri ad qazana bilmədiyi dövründə
Heydər Əliyevə deyib ki, istəyirəm Filarmoniyada
yaradıcılıq gecəmi keçirəm, xalqa hesabat verəm.
Ulu öndər də onun bu təklifindən
xoşhallanıb, deyib ki, niyə Filarmoniyada, elə sarayda
(indiki Heydər Əliyev sarayında) elə ki, istəyənlər
hamısı gələ bilsin. Təşəkkür edib ki,
yaxşı, sarayda edərəm, ancaq onsuz da bütün Zəlimxansevənləri
ora yerləşdirə bilməyəcəyəm.
Çünki şair öz qədərini, xalqın ürəyində
böyük məhəbbət qazandığını,
istedadının səviyyəsini yaxşı bilirdi:
Mən yerin altdan çıxdım,
Mən yerin üstdən gəldim.
Bir ucu göyə bağlı,
İlahi səsdən gəldim.
Ruhum halal mayadan,
Mayam nurdan, ziyadan.
Dağdan, daşdan, qayadan,
Dəmirdən, misdən gəldim.
Saraydakı tədbirə az qalmış Ulu öndər
Zəlimxandan soruşub ki, bəs məclisi kim aparacaq? Deyib ki,
özüm! Mənim tədbirimi məndən yaxşı kim
apara bilər? Özüm açacağam, özüm
aparacağam, özüm də "Ruhani" havası ilə
bağlayacağam. Onda Heydər Əliyev deyib ki, saz Azərbaycan
tarixində iki ictimai xadimin sinəsinə qalxıb: bir Xətainin,
bir də sənin. Get, təşkil elə, mən də gələcəyəm.
Həmin tədbir bugünkü kimi yaxşı
yadımdadır, Zəlimxan orada böyük istedadını
xalqın qarşısında möhtəşəm bir məharətlə
sərgilədi, dilimizin gözəlliklərini bütün
çalarları ilə nümayiş etdirdi, ədəbiyyatımızın
nəhəngliyini dediyi nümunələrlə bir daha
sübut etdi, saz və
sözün sarsılmaz vəhdətini göstərdi. Zəlimxanın
bir üstünlüyü də var idi ki, o, öz şeirlərini
də, digər onlarla şairin yaradıcılığını
da əzbər bilirdi, heç bir kağıza, qeydə
baxmadan sinədən saatlarla şeir deyə bilərdi. Həm
də bu şeirləri ən yaxşı aktyordan, səhnə
ustasından da məharətlə ifa edirdi, çünki
şeirlərin məğzini, mahiyyətini, daxili qüvvəsini,
misraların, beytlərin hansının əsas olduğunu dərinliyi
ilə dərk edirdi, təhsili, mütaliəsi, təfəkkürü,
istedadına uyğun səsinin tembri, intonasiyası,
diksiyası da var idi. Onu da unutmamışam ki, həmin məclisdə
Borçalı aşıq məktəbinin görkəmli
nümayəndəsi Aşıq Kamandar (Əfəndiyev
Kamandar Həmid oğlu) da səhnəyə
çıxdı, şair Zəlimxanın sözlərinə
bir neçə aşıq havası oxudu, sonra Zəlimxanla
deyişdilər, iki azman sənətkarın bir səhnəni
bölməsi tədbirin yaraşığını dəfə-dəfə
artırdı. Ölkəmizin tanınmış
ziyalılarının, həmçinin nazirlərin,
deputatların, şair və yazıçıların, mədəniyyət
xadimlərinin iştirak etdiyi həmin tədbirdə Heydər
Əliyev də var idi. Üç saatdan çox çəkən
və böyük maraq yaradan, alqışları divarları
silkələyən o möhtəşəm
gecədə Ulu öndər sona kimi məhəbbətlə
iştirak etdi.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki,
şairin böyük səmimiyyət və ürək
yanğısı ilə Heydər Əliyevə həsr etdiyi
"Əbədiyyət dastanı" adlı iki kitabdan ibarət
poeması təkcə Zəlimxanın yox, bütün
poeziyamızın ən gözəl sənət nümunələrindən
biri hesab oluna bilər. Bu poemanın vətənpərvərlik,
yoxsa siyasət, məhəbbət, yoxsa tarix mövzusunda
yazıldığını müəyyənləşdirmək
çox çətindir. Şair böyük sevgi ilə
yaratdığı bu əsərdə ilhamının qüdrəti
ilə hərtərəfli mahiyyətə malik bir poeziya
çələngi, sənət panoraması yaratmışdır:
Bu dastanın toxumunu
səpən sənsən,
çiçəyini dərən mənəm.
Yazacağam nə qədər ki,
canda ruh var,
ruhda can var.
Bu dastanın hər sözündə,
cümləsində,
Səni sevən, səni duyan
Zəlimxan var.
Həsrətini çəkəcəyəm
illər boyu,
Kövrək qəlbim
Oyum-oyum oyulacaq,
Eşqin ilə yaratdığım
bu dastanın
son nöqtəsi
mən öləndə qoyulacaq!
Zəlimxanın zəngin
yaradıcılığını səhifələdikcə
bütün dahi sənətkarlar kimi şeirlərində,
poemalarında öz portretini yaratdığını
müşahidə etməmək mümkün deyil:
Dahiləri belə gördüm -
həyatın ocağı, piri,
Ölməyi yox, itməyi yox,
özü diri, sözü diri.
Günəş kimi ədalətli,
Torpaq kimi səxavətli,
Şimşək kimi cəsarətli!
Zəlimxan Yaqub çox etibarlı, sədaqətli bir
insan idi. Mənəviyyatı təmiz, pak olan, şair ürəkli
belə insandan başqa nə isə gözləmək
olardımı? Onunla tez-tez əlaqə saxlayar, zəngləşərdik.
Yaxşı xatırlayıram ki, oğlumun toyunda məclisin
bütün ağırlığını çiyninə
götürərək qardaşlıq borcunun ifadəsi kimi
tamadalıq etdi. Həcc ziyarətindən qayıdanda zəng
edib görüşümə gəldi, orada mənim
üçün də dua etdiyini söylədi, bir təsbeh
bağışladı, şübhəsiz ki, müqəddəs
ocaqda yerinə yetirdiyi ayinlər zamanı məni yadına
salması onun çox etibarlı dost olduğunu göstərirdi.
Şeirlərində bu barədə belə yazırdı:
Nə toxa bel bağla, nə aca söykən,
Nə şaha arxalan, nə taca söykən,
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
Şübhə yoxdur ki, Zəlimxan Yaqub qazandıqlarını,
el məhəbbətini, xalq sevgisini, milli şair statusunu
öz zəhməti, əzabları ilə qazanıb:
Çox əlləşib sellər məni apara,
Qoymamışam ruhu candan qopara.
Salam verib əlimdəki qabara,
Alnımdakı axan tərlə gəlmişəm.
Zəlimxan dünyaya sevə-sevə gəldi,
xalqına, vətəninə, torpağına tükənməz
məhəbbətlə yaşadı, onu qüdrətli
şair edib əbədiyyət pasportu verən də məhz həmin
sevgidir:
Çəmənin üstündən əsən meh
elə,
Çiçəyin gözündən öpən
şeh elə.
İstər nökər elə, istər şah elə,
Məni sevə-sevə öldür, İlahi.
Qara saçlarıma sevgi dən olsun,
Mən bir sünbül olum, sevgi dən olsun.
Elə ölümüm də sevgidən olsun,
Məni sevə-sevə öldür, İlahi.
Təəssüf ki, vəfasız dünya ona da
etibarsızlıq etdi, ömrünün ən məhsuldar
dövründə, gündən-günə daha da
açılan, gurlaşan istedadının ən pik nöqtəsində
həyatla vidalaşmalı oldu. Xəstə vaxtlarında gedib
yoluxmuşdum, amansız mərəzin çarəsizliyindən
xəbərsiz idi, ancaq şair fəhmi ilə ölümə
doğru getdiyini hiss edirdi və ölümə də sevgi
dolu sözlər deyirdi:
Yağış gözəllərin öpür
üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
Ölümü də sevməyi bacarmaq
üçün Zəlimxan Yaqub olmaq vacib şərt idi...
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 16 yanvar(№8).- S.10;11.