Türk dünyasının dil
birliyinə dəyərli töhfə
Qarabağ Universitetinin Elm şöbəsinin
müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun
“Türk dünyasında ortaq əlifba və ünsiyyət
dili” adlı kitabı Türkiyədə nəşr olunub.
Kitabda türklər arasında əlifba və
ünsiyyət problemləri müasir türkologiya elmi
baxımından xüsusi əhəmiyyətli bir mövzu kimi
təqdim edilir. Türk dünyasında ortaq ünsiyyət
dili ilə bağlı müəyyən irəliləyişlər
əldə edilsə də, əlifba və imla problemlərinə
dair sistemli və hərtərəfli yanaşmanın hələ
də formalaşdırılmaması diqqətə çatdırılır.
Müəllif vurğulayır ki, mədəni birliyin təmin
edilməsi üçün ilk növbədə ortaq əlifba
və orfoqrafiya qaydalarının hazırlanması zəruridir.
Kitabda Türk dünyasında ortaq əlifbanın qəbul
edilməsinin əhəmiyyəti geniş təhlil olunur. Bu
yanaşmanın Türk xalqları arasında
qarşılıqlı anlaşmanı gücləndirəcəyi,
inteqrasiya proseslərini sürətləndirəcəyi və
elmi-tədqiqat işlərinin daha effektiv şəkildə
koordinasiyasına töhfə verəcəyi qeyd edilir. Ortaq əlifba
təkcə Türk xalqlarının birliyinə deyil, həm
də Türk dilinin beynəlxalq miqyasda daha geniş
yayılmasına və türkologiya elminin qlobal səviyyədə
təsir imkanlarının artmasına şərait yaradacaq.
Türk dünyasında əlifba və imla problemlərinin
həlli sadəcə dil məsələsi olmaqdan
çıxaraq, həm də mədəni və strateji bir
yanaşma kimi böyük əhəmiyyət kəsb edir.
Müəllif qeyd edir ki, türklər arasında ortaq yazı
sisteminin formalaşdırılması dildəki müxtəlifliyi
qorumaqla yanaşı, bu müxtəlifliyin vahid bir platformada
birləşdirilməsini də nəzərdə tutur.
Kitabın elmi redaktoru tanınmış türkoloq
alim, professor Şükrü Haluk Akalındır. Nəşr
Avrasiya Yazarlar Birliyinin Bengü nəşriyyatı tərəfindən
çap olunub. Bu əsər Türk dünyasının
birliyini gücləndirmək üçün dil və mədəniyyət
sahəsində atılacaq addımlara dəyərli bir
töhfə kimi qiymətləndirilə bilər.
525-ci qəzet .- 2025.- 16 yanvar(№8).- S.9.