Kinoşünas Aydın Kazımzadənin 85 illiyi qeyd edilib

 

 

Yanvarın 14-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı olub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.

Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Aydın Kazımzadənin çoxşaxəli fəaliyyətindən söhbət açaraq, onun Azərbaycan kinosunun təbliğatı ilə bağlı xüsusi xidmətlərini qeyd edib. C.Quliyevin sözlərinə görə, kinoşünas 1990-cı illərin ortalarında milli kino muzeyinin ikinci dəfə formalaşmasında zəhmətini əsirgəməyib.

Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev, Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov, professor Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Cahangir Zeynallı, Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy yubilyara təbriklərini çatdırıb, yeni tədqiqat işlərində ona uğur arzulayıblar.

  Milli Kitabxanada kino salnaməmizin yorulmaz tədqiqatçısı kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 85 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Aydın Kazımzadə” adlı sərgi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə kinoşünasın müəllifi olduğu milli kino tariximizi tədqiq edən fundamental əsərləri, “Ön söz” və rəy verdiyi əsərlər yer alıb.

Həmçinin Aydın Kazımzadənin fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, kinoşünasın ərsəyə gətirdiyi “Azərbaycan kino salnaməsi: iki cilddə”, “Azərbaycan kinosu: filmlərin izahlı kataloqu 1898-2002: 2 cilddə”, “Azərbaycan kinosu. Ensiklopedik lüğət: iki cilddə”, “Heydər Əliyev və kinematoqraf”, “Azərbaycan kinematoqrafçıları”, “Azərbaycan kinosu və müharibə” və digər əsərlər kino tariximizin əsl salnaməsidir. Aydın Kazımzadə həm də bir neçə sənədli filmin müəllifidir.

Milli kino arxivinin yaradıcısının Azərbaycan kino sənətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Əməkdar mədəniyyət işçisi (2000), Əməkdar incəsənət xadimi (2005) fəxri adlarına layiq görülüb, “Humay”, “Qızıl qələm”, “Qızıl çıraq” mükafatları laureatıdır.

 

525-ci qəzet .- 2025.- 16 yanvar(№8).- S.9.