Rusiya Zəngəzurun
ermənilərə verilməsi barədə qərarlarına
yenidən baxmalıdır
Bolşevik Rusiyası 1920-ci il aprelin 28-də Azərbaycanı
işğal etdikdən sonra ölkəmizdə idarəetmə
rus bolşeviklərinin, əsas da XI qırmızı ordunun
komandirləri İ.V.Stalin, S.M.Kirov, Q.K.Orconikidze, M.K.Levandovski,
A.İ.Mikoyan, V.Pankratovun əlinə keçdi.
10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistan
arasındakı bağlanmış hərbi-siyasi müqavilənin
3-cü maddəsində yazılmışdı: “Rusiya
hökuməti İrəvan quberniyasının, Zəngəzur
qəzasının Ermənistan SSR ərazisinin tərkibinə
daxil olmasını mübahisəsiz tanıyır”.
Bu barədə Azərbaycan rus, erməni, mətbuatı
ilə yanaşı Fransanın paytaxtı Parisdə
çıxan "L,OEUVRE" qəzetinin 1920-ci il 1 iyul tarixli
nömrəsində də xəbər dərc olunmuşdu.
"Entre Russes et Armeniens" başlıqlı məqalədə
yazılırdı: "Rusiya Zəngəzuru erməniləşdirdi.
Ermənistan Respublikası ilə Azərbaycanın tatarlar (azərbaycan
türkləri) yaşayan bölgəsinin Ermənistana verilməsi
barədə müqavilə imzalandı."
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan
türklərinin tam əksəriyyət təşkil etdiyi
Şərur-Dərələyəz bölgəsinin Ermənistana
verilməsi bərədə qərar çıxardı,
Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan
arasında “mübahisəli ərazilər” elan etdi, yəni bu
torpaqların da ermənilərə peşkəş edilməsinə
siyasi-hüquqi zəmin hazırladı.
Bakıda 1920-ci il noyabrın 4-də Rusiya K(b)P Qafqaz bürosunun Azərbaycan K(b)P
MK Siyasi Bürosu ilə birgə iclasında Zəngəzurun
Ermənistana verilməsinə dair məsələ müzakirə
edildi (protokol ¹4, 2-ci bənd).
1920-ci il 9 noyabrda RK(b)P MK Qafqaz Bürosu, Azərbaycan
İnqilab Komitəsi, Bakı Soveti və s.-nin nümayəndələrinin
birgə iştirakı ilə
keçirilən plenumda «Zəngəzur məsələsi»
təzədən müzakirə edildi.
Zəngəzurda Xosrov bəy və qardaşı Sultan
Sultanov qardaşları, Zəngəzurun sonuncu qazısı Bəhlul
Behcət (bolşeviklərrə qarşı “Cihad Bəyannaməsi”nin
müəllifi, fədailər dəstəsinin, “Xanlıq
üsyanı”nın
başçısı), qaçaq Lətif, qaçaq Kərim,
qaçaq Tavat, qaçaq Babaş, qaçaq Kəbil,
qaçaq Qardaşxan, Şahverdi qardaşları, Bəhmən
bəy və son olaraq sayı 300 silahlıya
çatmış Əliyanlı qaçaqlarının dədə-baba
torpaqlarını zor gücünə qoparıb ermənilərə
peşkəş edən rus-bolşevik-daşnak hərbi dəstələrinə qarşı silahlı müqavimətləri,
zəngəzurluların aramsız şikayət və
etirazları nəzərə alınaraq, həm də
bolşevik Rusiyasına qarşı etibarın itirilməməsi
məqsədilə Qafqaz bolşeviklərinin rəhbərliyində
belə fikir formalaşdı ki, Zəngəzurun Azərbaycandan
alınıb Ermənistana verilməsi barədə qərarın
məsuliyyəti Azərbaycan rəhbərliyinin üzərinə
yıxılsın, məsələ barədə təklif, təşəbbüsün
də iki respublikanın rəhbərliyindən gəlməsi
təşkil olunsun.
1920-ci il noyabrın 30-da S.Orconikidze, Sarkis-S.Ter-Danielyan,
Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və
başqalarının iştirakı ilə keçirilən
Azərbacan K/b/P MK Siyasi və Təşkilat büro
iclasında İrəvandan göndərilən “Ermənistan
İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan
olunması haqqında teleqramı” müzakirə edilib qərar
çıxarıldı və Azərbaycan İnqilab Komitəsinin
sədri N.Nərimanova qəbul olunan qərarlar barədə Bəyanat
hazırlayıb onu Bakı Sovetinin plenumunda elan etmək
tapşırıldı. 1920-ci il dekabrın 1-də Bakı
Sovetinin Dram Teatrda məxsusi olaraq Ermənistanda Sovet hakimiyyəti
qurulması münasibətilə keçirilən təntənəli
iclasında N.Nərimanov xüsusi bəyanatla
çıxış etdi: “Zəngəzur...Ermənistana
keçir...Zəngəzur... qəzalarının ərazisi
sovet Ermənistanının bölünməz hissəsidir...Zəngəzurun
hüdudlarında bütün hərbi əməliyyatlar
dayandırılır; sovet Azərbaycanının
qoşunları buradan çıxarılır” və sair.
İrəvanda əsas söz, ixtiyar sahibi olan
daşnak partiyasının əsas tribunası “Aşxatavor”
(“Zəhmətkeş”) qəzetinin 10 dekabr 1920-ci il tarixli
nömrəsinin ilk səhifəsindəki rəsmi məlumatda
bu bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyi
sevinc və minnətdarlıq duyğuları ilə xəbər
verilirdi: “Moskvadan göndərilən əmrə uyğun
olaraq Azərbaycanın Zəngəzurdan...imtina etməsini biz
alqışlayırıq”. RK(b)P Qafqaz diyar komitəsinin katibi
A.M.Nazaretyan, Rusiyanın Qafqazdakı “baş canişini”
S.Orconikidze, millətlərin işləri üzrə komissar
İ.Stalin Zəngəzurun ermənilərə verilməsinə
dair bəyanatı Rusiyanın Qafqaz, Azərbaycan üzərində
qəti qələbəsi, Ermənistanın daşnakların
hakimiyyətindən qurtulub sovetləşməsi, şirnikləndirilməsi
yolunda mühüm addım sayırdı. İ.Stalin:
«Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən
könüllü olaraq əl çəkir və Zəngəzur,
Naxçıvan, Dağlıq Qarabağın Sovet Ermənistanına
verilməsini elan edir». S.Q.Orconikidze bəyanatı «əzabkeş
erməni xalqının» Sovet hakimiyyətinin bayrağı
altına gəlməsini alqışlayaraq «bəşəriyyət
tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli
tarixi akt» sayır, artıq bu torpaqlarda Rusiyanın
külli-ixtiyar sahibi olduğunu, kimə haranı istəsə
verib, ala biləcəyini utanıb çəkinmədən
elan edirdi: «Zəngəzur,
Naxçıvan və Qarabağ ruslar üçün
heç nə deməkdir. Zəngəzur məhsulsuz
dağlardır, taxılı yox, suyu yox, Naxçıvan
bataqlıq və malyariyadan başqa bir şey deyildir,
Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov
deyir: «Onları özünüzə götürün. Bu məhsulsuz
torpaqları Ermənistan üçün götürün».
Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur».
Nazaretyan bu bəyanat barədə:
«Bərəkallah, azərbaycanlılar!»- dedi. Bu da
S.Orconikidzenin 1920-ci il dekabrın 2-də Bakıdan V.Leninə və İ.Stalinə
teleqramıdır: «Azərbaycan artıq dünən
Naxçıvan, Zəngəzur və Dağlıq
Qarabağın Sovet Ermənistanına verilməsini rəsmən
bəyan etmişdir».
1921-ci ilin 3 iyununda RK(b)P
MK Qafqaz Bürosu Stalinin iştirakı ilə keçən
iclasda Zəngəzur məsələsini müzakirə etdi, Zəngəzurun
Ermənistana birləşdirilməsi barədə qərara təkrar
baxıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı,
müsəlman yox idi. Bu qərardan bir neçə gün sonra iyun ayında Zəngəzur
Ermənistanın 9-cu qəzası kimi ilk dəfə inzibati
bölgüyə daxil edildi, Ermənistandan fərqli olaraq Azərbaycanda
başlanan əhali siyahıyaalınmasında isə artıq
Zəngəzur qəzasının yox, rayonların adları
var idi.
Bununla da tarixin ən qədim dövrlərində Azərbaycan
ərazisində qurulmuş dövlətlərin ayrılmaz
parçası, o cümlədən
son iki əsrdə Qarabağ xanlığı, çar
Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan
Şura Hökumətinin tərkibində mövcud olmuş Zəngəzur
qəzası coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən
silindi, 1918-ci il mayın 29-da 9 min kv.km ərazidə elan
edilmiş Ermənistana 1920-ci ilin dekabrından başlayaraq 10
il ərzində rəsmi Moskvanın qərarları, himayəsi
ilə rəsmən Azərbaycan ərazisi kimi müəyyən
edilmiş keçmiş Zəngəzur qəzasından –
Laçın, Qubadlı, Zəngilan rayonlarından hissə-hissə
405.000 desyatin (4414,5 kv.km.) torpaq zorla qoparılıb Ermənistan
ərazisinə qatıldı, Ermənistan şişib 29,743
kv.km-ə çatdırıldı və SSRİ-nin (unutmayaq:
Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir!) mövcud
olduğu 70 ildə rəsmi Moskvanın dəstəyi ilə zəngəzurluların
doğma torpaqlarından məcburi deportasiyası, onların əsrlərlə
yaşadıqları kəndlərə, mülklərinə
xarici ölkələrdən erməni əhalisinin
köçürülüb yerləşdirilməsi prosesi
davam etdi.
2020-ci il noyabrın 9-da
44 gün davam edən Vətən müharibəsində qələbədən,
imzalanmış üçtərəfli bəyanatdan və
2023-cü ilin 20 sentyabrında 24 saatdan az davam edən
anti-terror əməliyyatından sonra Azərbaycan Prezidenti
İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində
Cənubi Qafqaz regionunda, Rusiya-Azərbaycan-Ermənistan
arasında münasibətlərdə yeni situasiya
yaranmışdır.
Azərbaycan Hökuməti və Parlamenti Zəngəzur
qəzasının qərb hissəsinin xalqımızın
iradəsi əleyhinə olaraq Azərbaycandan qoparılıb
Ermənistana verilməsinə dair 1920-ci illərdə
Rusiyanın ali dövlət, siyasi idarəetmə
orqanlarının qəbul etdiyi qərarların ləğvi
istiqamətində rəsmi Moskva ilə danışıqlara
başlamalı, tarixi ədalətin bərpasına, qərbi
Zəngəzur torpaqlarında qanlı repressiyalara, deportasiyaya
məruz qalmış azərbaycanlıların varislərinin
öz tarixi dədə-baba yurdlarına dinc
qayıdışına hüquqi təminat yaradılmalır.
Azərbaycanla Rusiya arasında yüksək səviyyəli
siyasi, strateji müttəfiqliyin mövcud olduğu
hazırkı şərait, Prezident İlham Əliyevin 2025-ci
il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində
Zəngəzur dəhlizinin açılması ilə
bağlı beynəlxalq hüquqa söykənən nikbin
açıqlaması bu məsələnin müsbət həll
edilməsinə inam yaradır.
Hacı Nərimanoğlu
“Zəngəzur” Cəmiyyətləri İctimai
Birliyinin sədri, Xəzər Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 16 yanvar(¹8).- S.7.