Mənim ömrüm mənə
sahib çıxmadı
Mənim ömrüm mənə sahib
çıxmadı
Mənim ömrüm əkdiyimi yığmadı,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Səhranı dolandı, düzü dolandı,
Keçilməz dağlardan yola boylandı.
Özgələri daha yaxşı duyandı,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Hər fürsətdə gözlərini qapadı,
Dedi ki, astarı üzdən bahadı.
Guya pəhriz xəstəliyə çarədi,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Nə sağa əyildi, nə də ki sola,
Başını dik tutdu - nə ola-ola...
Saldı məni gündə bir qalmaqala,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Zəhmətimin heç olmadı səməri,
Var-dövlətdən heç yox imiş xəbəri.
Heç olmadı fərasəti, təpəri,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Dünyanın dərdini çəkdi içinə,
Qaynayıb daşmadı, çökdü içinə,
Sığındı bir kənddə daxma
küncünə,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Çox fırlandı zəmanənin
çarxında,
Dedim gedək, o getmədi vaxtında.
Qoydu-qaçdı oyunun axırında,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Minnətini doya-doya yaşadım,
İllərə baxanda guya yaşadım,
Gerçək yaşamadım, röya yaşadım,
Mənim ömrüm mənə sahib
çıxmadı.
Mən bu ömrə nə vermişdim, nə
aldım?
Mən özümü öz ömrümdən
qopardım.
Ölən ömrü hey diriltdim, yaşatdım,
Mənim ömrüm mənə sahib
çıxmadı...
Ya da ki, dağıl...
Payızdan sərt qışa keçməyə nə
var,
Payızdan bahara qayıtmaq çətin.
Külək tək gəlməyə-getməyə nə
var,
Yağış tək torpağı yarıtmaq
çətin.
Bu yolda boran var, tufan var, qar var,
Qorxub çəkilənlər yolçu sayılmaz.
Sıldırımlı yoxuş həm də ki,
çox dar,
Təkcə cəfakeşlər geri qayıtmaz.
Bu yolda gövdələr, köklər quruyur,
Çinarlar can verir ayaq üstdəcə.
Yıxılan ağacı balta doğrayır,
Oduna qızınır kimsə müftəcə.
Palıdın saçında şimşəyin əli,
İldırım gücünü göstərir ona.
Daşları quyuya tökdükcə dəli,
Ağıllılar tərif deyir boyuna.
Ağlı olanların gücü nə gəzir,
Zorun qabağında mat qalıb ağıl.
Qatıb qabağına eyləyib əsir,
Ya çarə tap, dünya, ya da ki, dağıl!
Yolun axırına çıxasan gərək
Yolu yoxuşacan getməyə nə var,
Piyada yolçunu ötməyə nə var,
Bir anda görünüb itməyə nə var,
Yolun axırına çıxasan gərək.
Hər naşı yolçudan bil, səyyah olmaz,
Hər oğul başını bu yolda qoymaz.
Başını qoymasan, o yol qorunmaz,
Yolun axırına çıxasan gərək.
Hesaba almayıb gəlir-çıxarı,
Onlardan qalxasan bir az yuxarı,
Günəşdən öyrənib nur
paylamağı,
Yolun axırına çıxasan gərək.
Sıyrıla biləsən suçdan, suçludan,
Qorxmayasan yol kəsəndən, qoçudan...
Onları seyr edib çox-çox ucadan,
Yolun axırına çıxasan gərək.
Dərələr keçəsən, dağlar
aşasan,
Qayaya güvənib doğmalaşasan.
Ən uzaq zirvəyə bayraq sancasan,
Yolun axırına çıxasan gərək.
Yol səni incitsə, yorsa, dözəsən.
Ayağın döyənək olsa, dözəsən,
Ölmək lazım gəlsə, gərək öləsən,
Yolun axırına çıxasan gərək.
Zeynalabdin NOVRUZOĞLU
525-ci qəzet .- 2025- 17 yanvar(№9).- S.15.