Zəlimxan
Yaqub Tansu Çilləri necə kövrəltdi?
TARİXİ BİR ÇIXIŞIN SİRRİ VƏ
GÜCÜ
Zəlimxan Yaqub-75
Azərbaycan türkləri öz müstəqilliyini
yenidən bərpa etdikdən sonra xalqımızın milli
dirçəliş hissləri daha da gücləndi. Türk
olduğumuzu söyləməklə bağlı yüz illərdir
mövcud olan qadağalar artıq yox olmuşdu.
Türkçülüklə bağlı bir ilahi sevda
dolaşırdı. Hamı özünün milli kimliyini daha
dəqiq bilir, fəxr edir və bunu da qorxmadan qürurla
hayqırırdı: Haray, haray, Mən Türkəm...
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan
Respublikası dünyanın bir çox ölkələri ilə
diplomatik əlaqələr qurmağa başlamışdı.
Türkiyə Respublikası ilə münasibətləri daha
da sürətli inkişaf edirdi. Bu münasibətlərin
yaxınlığına qısqanclıqla baxan insanlar olsa da,
tərəfdarları qat-qat daha çox idi. Bütün
dövrlərdə olduğu kimi, Türkiyə Respublikası
qardaş bir ölkə olmaqla yanaşı, həm də
müzakirəsiz, sübutsuz ən böyük inanc və
güvənc yeri idi.
Türkiyənin o zamankı Baş naziri Tansu Çillər
daha çox Avropa meyilli idi. Yenicə müstəqillik əldə
etmiş Azərbaycana sevgi ilə yanaşmasına baxmayaraq,
böyük iqtisadi layihələrin reallaşması ilə
bağlı məsələlərə qısqanclıqla
yanaşırdı. Bütün məsələləri diqqət
mərkəzində saxlayan Ümummilli liderimiz Heydər
Əliyevin diqqətindən belə incəliklər yayına
bilməzdi. Dünyanın tanınmış siyasətçiləri
arasında barmaqla göstərilən bu dahi yaxşı
bilirdi ki, siyasət öz gücünü söz yerinə
düşəndə göstərir.
Söhbət 1994-cü ilin yazında və yayında
"Əsrin müqaviləsi" ilə bağlı
danışıqların aparıldığı vaxtlarda
olmuşdur. Türkiyənin iş adamı Cengiz
Güldamlası bu hadisələri belə xatırlayır:
"Müqavilənin bağlanması ilə
danışıqların birində Türkiyə və Azərbaycan
nümayəndələri arasında bir gərginlik
yaranmışdı. Bu məsələdə Tansu Çillərin
mövqeyi həlledici idi. Vəziyyətin gərginliyini hiss edən
Heydər Əliyev bu məclisdə iştirak edən Zəlimxan
Yaquba söz verdi. Türk nümayəndə heyətinin bəzilərinin
bir o qədər də yaxşı tanımadığı Zəlimxan
Yaqub özünəməxsus amiranəliklə
çıxışa başladı. Bir neçə dəqiqədən
sonra bütün pıçıltılar kəsilmişdi.
Hamı nəfəsini dərib heyranlıqla Zəlimxan
poeziyasının qanadlarında, Türk dünyasının
özəlliklərini - keçmişini, bu gününü
seyr etməkdə idi. Hamı öz içində milli
kimliyimiz, özünüdərk
və Türk dünyası ilə bağlı özünə
bir divan qurmuşdu. Ağıllara və düşüncələrə
hakim kəsilən bu şaman-ozanın səsində elə
bil qərinələrin
arxasından boylanan Dədə Qorqud danışırdı...
"Bizim olan, bizdən olan bizlərə xoş gəlmisən"...
"Mən yerin altdan çıxdım,
Mən yerin üstdən gəldim.
Bir ucu göyə bağlı
İlahi səsdən gəldim.
Haray sazı, ün sazı,
Ömür sazı, gün sazı,
Sinəmdə türkün sazı,
Dilimdə dastan gəldim".
...Get-gedə haldan-hala düşən bu səslə
Türkün tarixini vərəqlədikcə onun səhnəsində
Türk dünyasının aydınlıqları eşidilir,
biri digərini əvəz edirdi. Bu, Arif Nihat Asiya idi, haray
qopararaq: "Yoxsa şu yapraqda Yavuz, Yoxsa şu sayfada Oğuz,
Biz də yoxuz, biz də yoxuz" deyirdi... Yoxsa "Ömər
Naci, cəzbəsi tutmuş bir Rüfai dərvişi kimi
köksünü-bağrını parçalayaraq, "Vətən,
Vətən... Ah, Vətən!" deyə avazı
çıxdığı qədər
hayqırırdı"... Bu ki, türkcə, insanca şeirlər
yazan, Tanrını fağır könüllərə endirən, türkmən qocası Yunus Əmrədir:
"Eyidir hər millətdən
Bu bizim millətimiz.
Heç dində bulunmadı
Dinü dəyanətimiz".
Həzin bir nəğmə gəlir qulaqlara, ..."Mənim
sadiq yarım qara torpaqdır" deyərək torpaq, Vətən
olan, "Uzun incə bir
yoldayam" deyərək bu gün də könülləri
oxşayan türk aşiqi, türk ozanı aşıq Veysəldir:
"Türkük, türklər yoldaşımız,
Hesaba gəlməz yaşımız!
Harda olsa savaşımız,
Türkük, türkü oxuyuruq".
Birdən elə bil yer-göy silkələnir, hər
kəsdən ucadan gələn bir səs - bu, Xəlil Rza
Ulutürkdür, min illərin yarası olan yarasına nələrin
dərman olduğunu çox yaxşı bilir, onu istəyir:
Sarğını, məlhəmi bir kənara qoy,
Dərdimin dərmanı Turandı, qardaş!
Turan mənim üçün yerdən çıxan
od,
Göydən nazil olan "Qurandı" qardaş!
Türk dünyasının coğrafiyasını
qarış-qarış gəzən, söhbət açan,
nəğmə deyən bu səsdən, mənzərədən
yavaş-yavaş bir işıq görünür və getdikcə
daha da güclənir, mətləblər daha da aydın
görünür:
Getdikcə özünə yaxınlaşasan,
Yatasan köklərə, tağlara doğru....
Səslər bir-birini əvəz edir.., bu da Bəxtiyar
Vahabzadə:
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə...
...Canım çıxanadək qəlbimin səsi,
"Türkəm" - gerçəyini
pıçıldayacaq.
Hamı başını aşağı salıb
könlündə bizə nə lazım olduğunu gözəl
bilirdi. Hamı bilirdi ki, bu məsələlərlə
bağlı çoxu eyni düşüncədə, eyni fikirdədir.
Zəlimxan isə özünəməxsus bu millət və vətən
sevdalı könülləri bir-bir oxuyurdu:
...Bizə nə lazımdı? Ağız birliyi,
Ağ baxta yol açan ağ üz birliyi.
Qıpçaq qıvraqlığı, Oğuz birliyi
Olsaydı Xətai-Yavuz birliyi,
Axmazdı ildırım, çaxmazdı şimşək,
-
Bu gün yumruq kimi birləşə bilsək...
Böyük əminlik və uzaqgörənliklə
"Əzəl axır dünya türkün
dünyası" deyən və
onun bu gün-sabah bizim olacağını bəyan edən Zəlimxanın
simasında gələcəyə hökm edən bir nur-inam
işığı yanırdı:
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuz xanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Birdən qeyri-ixtiyari olaraq nəzərlər Tansu
Çillərə yönəldi. Hələ də Zəlimxan
poeziyasının ovsununda yaşayan, uyuyan xanım Çillərin
yanaqlarından axan yaş damlasını hamı gördü.
Araya çökən qısa bir sükutdan sonra, hamı əsrlərin
yuxusundan ayılmış kimi oldu. İndi məclisdəkilər
bir-birinə daha yaxın və doğma
görünürdü. Hər kəs bu
doğmalığın əbədi olması naminə
varından yoxundan, canından belə keçməyə
hazır idi. Hər kəsin daxilində əminliklə eyni
Atadan və Anadan gələn "Qan qohumluğunun",
doğmalığının uğurlu və güclü gələcəyi
naminə böyük bir inam gəzirdi. Hamının
üz-gözündə yalnız doğmaların duya və
oxuya biləcəyi səmimi və təbii bir təbəssüm
var idi. Elə bil bu uzun sürən danışıqlar
prosesində heç bir anlaşılmazlıq
olmamışdı. Türkiyə tarixən olduğu kimi, Azərbaycanın
yanında idi. Tədbirdə iştirak edənlərin
hamısı - istər Türk, istərsə də Azərbaycan
nümayəndələri parlaq çıxışına
görə Zəlimxan Yaqubu təbrik eləsələr də,
ürəklərdə dövlətimizin sabahına nur
saçacaq böyük addımın ilk qələbəsini
alqışlayırdılar. Ulu öndərimiz Heydər
Əliyevin əhval-ruhiyyəsi yaxşı olduğu
üçün məclisə özünəməxsus təravət,
rəng qatırdı".
Vidadi ORUCOV
Pedaqogika elmləri doktoru, professor
525-ci qəzet .- 2025- 17 yanvar(№9).- S.13.