Xatırlamağın
və unutmağın səsi
Öncədən anlaşaq: musiqişünas deyiləm.
Olsaydım, heç şübhəsiz, son iki ildir, mütəmadi
olaraq əsərlərini dinlədiyim dörd azərbaycanlı
bəstəkardan - Türkər Qasımzadədən, Tahir
İbişovdan, Ayaz Qəmbərlidən, Səid Qənidən
və əlbəttə, həm onları, həm də onlarla
eyni dalğadakı başqa yaradıcı insanları birləşdirən
"Cadenza" orkestrindən yazardım. Əslində, bu
yazını heç mən yazmalı deyildim. Sadəcə bu
bəstəkarların işlərini daha yaxşı anlamaq
üçün hazırda oxuya biləcəyim təhlili
yazılarla qarşılaşmıram. Elə o anda
özüm bir şeylər yazmaq istədim: anlayaraq yazmaq və
yazaraq anlamaq üçün. Ey ucsuz-bucaqsız azlıq,
ardımca, növbəti abzasa...
PROTOKOL
Getdiyimiz hər yerdə tez bitməsini istədiyimiz
protokol çıxışlar olur. Mütləq kimsə deyir
ki, birinci və ikinci sıranı boş buraxın. Bu da bizim
yazının protokol hissəsidir. Tədbirlərdə
hansısa rəsminin çıxışını
"2x" sürətində dinləmək şansı
verilməsə də, ədəbiyyatın demokratik
quruluşunda sizin digər başlığa keçmək
hüququnuz var. Dekabrın 30-da Muğam Mərkəzində
keçirilən "Cadenza" orkestrinin "Kiçik Dəniz
küçəsi #2" adlı konserti keçirildi. Ən
yeni peşəkar musiqimizi dinləmək fürsəti yaradan
orkestrin ilin sonuncu konsertinin repertuarı dörd bəstəkarın
əsərlərindən ibarət idi. Bu dörd bəstəkarın
yollarının ilk dəfə kəsişdiyi, tələbəlik
həyatlarının, ilk gənclik illərinin keçdiyi
önəmli məkanlardan olan "Kiçik dəniz"
küçəsi birləşdirici, başlanğıc
funksiyasını yerinə yetirir. Konsertin adında məkana
vurğu varsa, proqrama daxil olan əsərlərin əsas motivi
zaman, zaman içində geri dönüşlər, dəyişimlər
ön plandadır. İfa olunan əsərlərin bəzisi
bir neçə müddət öncə yazılsa da, əksəriyyəti
yeni bəstələr idi. Bir çoxu ilk dəfə ifa
olunurdu. İndi oxuduğunuz bu yazını il ərzində
bir-birindən fərqli və yeni musiqi əsərlərini
dinləməyimizə vəsilə olan "Cadenza"ya - bu əsərləri
yaradanlara və bizə çatdıran ifaçılara təşəkkür
məktubu kimi də qəbul etmək olar.
ZAMANDA RƏNGLİ SƏYAHƏT
...Ötüb keçən zaman,
"keçmiş" dediyimiz yaşanmışlıq necə
də rəngarəngdir, deyilmi?! Səid Qəninin
"Adagio"sunu dinləyərkən gözümün
önündə birsəhnə canlandı: bir adam
yavaş-yavaş, ağır addımlarla keçmişə
səyahət edir. Keçmişə nəzər salmaq həmişə
kaleydoskop effekti yaradır. Ömür tale adlı toxucunun
tez-tez dəyişən müxtəlif rəngli
naxışlardan hördüyü bir xalçadır sanki.
Kaleydoskopda bu çoxrəngli fiqur kombinasiyasını yaradan
içində bir-birinə baxan aynalardır. Həyatda da elədir,
günlərimiz, rutinlərimiz, vərdişlərimiz,
davranış qəliblərimiz bir-birinə güzgülənir
hərdən. Amma bu güzgüdəki yansıma da
orijinaldır, təqlid deyil. Bəstəkarın əsərin
bəzi məqamlarında notların bir-birinə baxan ayna
effekti ilə istifadəsi çox zərif bir məqam kimi
yaddaşımda qaldı.
"Adagio" keçmişə səyahətin bir
xülasəsi idisə, onun ardınca səslənən
"Epizod" ötən gündə baş vermiş bir
anı dondurub onu ən mikro hissələrinə qədər
bölüb xatırlama cəhdidir. Əsərin qoboy
üçün yazılmış hissələri bir
anlıq insana bu keçmişə səyahətin təkcə
şüur qatında yox, həm də alt-şüurda baş
verdiyini hiss elətdirir. Sona doğru qoboyun pianonun
qulaqlarına sərt şəkildə bir şeylər deməsi
isə sonuncu çağırış kimi, hansısa
amansız, tükürpədici bir həqiqətin son dəfə
dilə gətirilməsi kimi səsləndi...
İTMİŞ ZAMANIN SORAĞINDA
Unutduğunu sandığın bir anda qəfil yolunun kəsişdiyi
kiçik bir küçə, bəlkə, tanış qoxu,
bəlkə bir əşya heç nəyin hafizəndən
silinmədiyini xatırladır. Bəzən sən
özün də ömrünün xronologiyasını
hansısa nəsnələrlə, əşyalarla ard-arda
düzürsən. Evin çox da gözə batmayan bir hissəsində
altşüur kimi bir qutuya qoyulduğu, zaman-zaman açıb
baxdığın bu fotoşəkillər, başqaları
üçün heç bir məna ifadə etməyən,
artıq praktik istifadəyə yararsız hala
düşmüş kiçicik əşyaya baxıb uzun bir
ili, bir ömrün həyati yolayırıclarını
xatırlaya bilirsən. Bunu bəlkə də bir şeir də
misra edə bilərdim, amma bura yazıram: əşyalar
zehnimizin içindəki xatirələr seyfinin
açarıdır... Əllə tutulması mümkün
olmayan keçmiş uzun müddət xəyali bir şəkildə
insan zehnində yaşaya bilməz, onun maddələşməsi
qaçılmazdır. Uşaqlarımıza qoyduğumuz nənə-baba
adları, ağ-qara/rəngli fotoşəkillər,
saralmış məktəb gündəlikləri, qol
saatları, uşaqlıq köynəkləri və sair keçmişi
maddələşdirməyin nişanələri, onları
yaşatmaq cəhdləridir.
Bəstəkar Ayaz Qəmbərli itmiş
zamanının ruhunu cisimləşdirməyin çoxlu
yollarından birini seçir əvvəlcə: əşya.
Ancaq tək bir əşya fonunda məhdudlaşdırmaq istəmir:
əntiq əşyalar. Sonra bir nəfərin şəxsi
tarixçəsi fonuna sığışdırmamaq
üçün dərəcəni bir qədər də
artırır: əntiq əşyalar
dükanı."Akvarel" silsiləsindən yazılan bu əsər
solo piano üçün nəzərdə tutulub. Bu cümləni
elə-belə informasiya olsun deyə yazmadım. Belə bir əsərin
məhz solo olaraq nəzərdə tutulması strukturu
tamamlayır. Heç cür təsəvvür etmirəm ki,
belə bir əsər ansamblla ifa olunsun. İtmiş
zamanın sorağı kollektivləşə bilməz. Eyni
anın şahidi olan adamların həmin keçmiş məqama
dönməsi solodur, təkdir, bircədir. Ortaq
yaşadığımız məqama eyni rakursdan baxmaq,
ümumən eyni anın içində olub onu eyni şəkildə
tükətmək psixoloji, emosional, bioloji olaraq mümkün
görünmür.
"Əntiq əşyalar dükanında" əsəri
plastik, tunc və ya daş yaddaşına keçmişi həkk
etmiş şeylər vasitəsi ilə itmiş zamanı
soraqlayır. Dəfələrlə fərqli registrlarda, fərqli
notlarla, fərqli dinamika ilə təkrarlanan "mi, re#, do#,
re#" motivi unutduğunu sandığın bir anın zehində
anidən parıldaması effektinə ekvivalent kimi səslənir.
Fərqli not təkrarlarına rəğmən, motiv eyni tempə,
ritmə və interval ardıcıllığına sabitlənib.
Bir növ xatırlama anı necə baş verirsə versin, əşyanı
harada unutduğuna dair ehtimal kombinasiyaları olsa da, o, elə həmin
unutduğun məkana sabitlənib. Unudulanlar, yaşananlar,
zamanın içindəki məqamlar yerini dəyişmir. Biz
hafizənin oyunları ilə onların yerini ya dəyişirik,
ya dəyişik salırıq. Təkrarlanan "mi, re#, do#,
re#" motivi hər yeri ələk-vələk edib
tapmadığın əşyanın yerini bir an - aha!!! -
yadına salmaq məqamını xatırladır. Son bir
ümidlə bu dəfə digər çəkməcəni
açmağa gedirsən; bütün diqqətini toplayıb
qarşında özünü sənə xatırladan naməlum
tanışın həmin gün dediyi sözü dəqiqləşdirməyə
cəhd edirsən və birdən hər şey yada
düşür, özü də bütün təfsilatı
ilə, hekayəsi ilə birlikdə!
"Elementlərin müqaviməti"də
zamanın içində bir başqa itmişliyi
xatırladır. Bu dəfə gərgin, daha isterik şəkildə.
Diqqətlə dinləyəndə əsərin ifa çətinliyini
sezirsən. Bəstəkar avanqardın bütün
imkanlarını, imkansızlığını yoxlamağa cəhd
edir elə bil. Bununla da xatırlama deyilən mexanizmin
müşküllüyünü düşündürür.
Bəzən violinin, bəzən violonçelin, bəzən
pianonun dağınıq, gərgin səsi ilə belə bir
atmosfer yaranır: kimsə stəkanı yerə
çırpdı; pəncərəyə daş atdı; kimsə
bütün ürəyini boşaltdı ardından
qapını möhkəmcə çırpdı... Və
qapının bu əsəbi çırpılışı
cümlənin sonuna nida kimi düşdü!
DİALOQ: ÖTƏN GÜNLƏRLƏ SÖHBƏT
Bir az uzaqdan başlayıram: incəsənətimizin
bütün növlərinə modernlik musiqi və rəssamlığımızdan
daxil olub. Bu iki sənətin zamana çevik adaptasiyası,
dünya ilə səsləşməsi, ondakı dəyişimləri
tez bir zamanda duymaq və sənətə yansıda bilmək
digər sahələrə görə daha sürətlidir.
Burada səsin və rəngin ümumbəşəri
kodlarının, tərcüməyə ehtiyacının
olmamasının da əhəmiyyətli rolu vardır. "Nə
üçün mən, son iki ildir, müasir bəstəkarların
əsərlərini dinləməyə gedirəm" deyə
özümdən soruşsam, cavabım bəllidir: dialoq. Eyni
havanı udduğumuz, eyni səmanı
paylaşdığımız, eyni siyasi, sosial, iqtisadi
reallığı paylaşdığımız mənimlə
yaşıd olan yaradıcı adamların dünyanı
notlarla, səslə necə anlamlandırdığını,
ətraf aləmlə olan dialoqunu eşitmək istəyirəm.
Uzun söhbətdir, ancaq bugün yaşadığımız
durğun yaradıcı mühitin ən önəmli problemi
dialoqun olmamasıdır. Bu səbəblədir ki,
böyük əksəriyyətində iştirak etdiyim
konsertlərdə bir-iki ədəbi simadan, iki-üç rəssamdan
başqa heç kimi görmürəm. Eyni şey digər tərəfdə
də baş verir, kitab təqdimatlarında, poeziya günlərində,
rəsm sərgilərində də bir-iki digər sahələrlə
məşğul olan yaradıcı simadan başqa heç kəsi
görmək olmur. Yaradıcı şəxs üçün
vacib elementlərdən olan içə qapanma dörd
yanımızı əhatələyib - hamı öz
içinə həm də şəxsi olaraq qapanıb. Rəssam
rəssamla, şair şairlə, bəstəkar bəstəkarla
çəkib öz sərhədlərini. Bütün
bunları xatırlamağıma səbəb Türkər
Qasımzadənin soprano və gitara üçün
yazdığı "Adil Mirseyidin sözlərinə iki nəğmə"
əsəri ilə səs və söz arasında dialoq
qurmasıyla bağlıdır. Üç misradan ibarət
olan birinci şeir və onun davamı hissiyyatını
ötürən bir qısa şeir Mirseyidin nəğmə
kimi yazdığı sətirlərdir. Şairə görə,
bu şeirlərin öx daxili intonasiyası, nəğməsi
heç şübhəsiz varıydı. Bu şeirləri
oxuyurakən o səsi eşitmək də bəlkə də
yalnız bir bəstəkar mütaliəsində mümkün
ola bilərdi. Türkər Qasımzadənin bu əsərinin
yaranmasında intiutiv olaraq duyuram ki, əsas misralar, məncə,
budur:
"Sən harada olacaqsan
Ötən gün geri gəlsə?"
İstər dil, istərsə də mövzu
baxımından modern şeirimizin imkanlarını genişləndirən,
şeirində səs və rəng elementlərindən
geniş şəkildə istifadə edən A.Mirseyidin ən
imkansız olanı - zamanı geri qaytarsa belə qeyri-müəyyən
bir boşluğa düşdüyü məqamın təsviridir
bu. Ötüb keçən zamanın içindəki
"onun"yenidən yerini təyin etmək istəyi və
ya sadəcə düşüncəsi. Kimə
ünvanlanıb bu sual? Kimdədir ən doğru cavabı?
Cavab nədir? Dialoq kimi görünən bir monoloq var
qarşımızda. Bu iki misra bir qeyri-mümkün dialoq qurma
cəhdindən başqa bir şey deyil sanki. Türkər
Qasımzadənin əsərində də duyduğum bu idi: cavabsızlıq.
Əsərin strukturunda sanki "ötən günlər"
Mirseyidin şeiridir, "sən" Qasımzadənin musiqisi,
ya da tərsinə. Cavabını kimsənin bilmədiyi, bəlkə
bilsə belə ifadə olunmazlığın
qeyri-mümkünlüyünün sintezi. Gitaranın gövdəsinə
toxunaraq alınan səs şeirdəki qaranlıqda vurnuxan
quşların qanad çırpması, hansısa boşluqdan
maddi bir şeyə toxunuşuna harmonik olsa da, ümumən bu
iki əsər arasındakı dialoq ənənəvilikdən
çox kənardır. Bəstəkar bir şeir və gitara
üçün yazılmış musiqi dedikdə klassik bir
yanaşma ilə ağlımıza gələn fikri
alt-üst edir. Müşkül olan gerçəkləşib
- ötən gün gəlib çıxıb indiyə, amma
oradakı o sevilənin, o əzizi-mənin yerini müəyyən
edə bilməmək alt-üst olmaq demək deyilmi? Mahiyyətcə
mümkünsüz bir dialoq üzərində qurulmuş,
öz içinə dərviş kimi qapanmış bir Mirseyid
şeiri ilə ən yeni musiqinin bütün imkanları
yoxlamaq ehtirası, o dərvişi çiləxanasından
çıxarıb meqapolislə dialoqa çağıran
Qasımzadənin yaratdığı əsər...
ZAMANI UNUTMAQ
Keçən zaman ərzində bəlkə
yanlış, bəlkə doğru olaraq Tahir İbişovun əsərlərini
belə qavradım: əsərlərinin görünən tərəfindən
çox görünməyənləri var, dünyəvi
olanla metafizik olanın ahəngini tapmaq, yaratmaq istəyi var.
Heç şübhəsiz, bu, sadəcə bəstəkarın
istəyi kimi də qalmır, reallaşmış nümunə
kimi dinləyiciyə təqdim olunur. Əlbəttə, dinləyici
bu əsərlərin musiqi tarixi üçün əhəmiyyətli
ustalığı, yeniliyi, fərqliliyini bəlkə bir o qədər
duymur. Məncə, bu, sonacan bilinəcək bir şey də
deyil, ya da olmamalıdır. Bir yazar olaraq mənim
üçün də çox kədərli olardı ki,
yazdığım bir mətni bir şərhlə, bir rəylə
tükətmək, tam qavramaq mümkün olsun. Tahir
İbişovun da çox sevdiyi klassik şairimizin sözlərinə
müraciətlə deyim ki, ciddi sənət gərək
"şərhü bəyana sığmasın".
Konsertin sonunda bəstəkarın simli orkestr
üçün yazdığı "Ur-fani" adlı əsər
ifa olundu. Əslində, bununla da konsertin birinci əsərdən
sonuncuya qədər bəlli bir daxili nizamı olduğu, əsərlərin
sıralanmasında da kompozisiya qurma, konsertə yeni bir məna
çaları əlavə edilmə istəyi olduğu duyulur.
Əsərin ad seçimiylə bəstəkarın
yaratdığı mənanı konkretləşdirmək
çətin olsa da, sözün məna
yaxınlığı ilə istiqaməti müəyyən
etmək mümkündür. "Ur" sözünün
lüğətdə (1)puç, batil; (2)eyib, ar; (3)lüt,
çılpaq kimi mənaları var. "Fani" sözü
isə əbədi olmayan, müvəqqəti, keçici məzmunu
ilə sabitlənib. Konsert boyunca mənim şərhimcə,
biz zaman içində yaddaşın, hisslərin,
yaşanmışlığın dalğalanmasını dinlədik;
Səid Qəninin "Adagio" və "Epizod"u
bizə ötüb keçən zamana müxtəlif rəngli
kaledoskopdan baxırmış kimi baxmağı təklif etdi;
Ayaz Qəmbərli "Əntiq əşyalar
dükanında" və "Elementlərin müqaviməti"
ilə itmiş zamanı əşyalarla maddiləşdirib
anlamağa səslədi və bu anlamağın iki
halını göstərdi, birincidə bu itkini təmkinlə
qəbullanmağı, ikincidə isə onunla üzləşməyin
nevrotik halını;
Türkər Qasımzadə "Adil Mirseyidin sözlərinə
iki nəğmə"si ilə şairin "Sən harada
olacaqsan/ Ötən gün geri gəlsə?"
misrasını mərkəzə alaraq əslində məsələ
zamanın itkisi yox, o zamanın içində itirdiklərimizlə
dialoq yaratmanın atmosferini qurdu, sən demə, ən
mümkünsüz olan ötən günlərin geri
qayıtmaq fürsətinin olmaması deyilmiş, onlar geri də
qayıda bilərmiş, amma, ancaq, lakin, fəqət bu
qayıdışdan sonra oradakı adamların, əşyaların,
xatirələrin yerini müəyyənləşdirmək necə
mümkün olacaq, kim biləcək bu bilməcənin
cavabını? Üstəlik, burada dəyişən sadəcə
arzulanan deyil, həm də arzulayandır;
Tahir İbişov "Noktürn" gecə musiqisi ilə
əvvəlcə dinləyicisini psixoloji olaraq hazırladı,
ya da hazır olub-olmadığını yoxlamaq istədi.
"Ur-fani"si ilə bütün bu zaman içində
gedib-gəlmələrin puçluğunu, zaman deyilən
şeyin keçiciliyini vurğuladı. Hər şey dəyişimin
bir parçasına çevrilməyə, dəyişimə
məhkumdur. Unutmaq da, unudulmaq da qaçılmazdır. Bu əsər
bəlkə, bizi unutmağa köklədi; bəlkə, istəməsək
də, unudacağımızı dedi; bəlkə də,
öz metafizik axtarışlarıyla gəlib
çıxdığı bir həqiqəti dilləndirdi. Bəlkə,
elə, bəlkə də, yox. Amma bəlkəsiz sözün
bütün mənalarında unutmadan yenilənə bilmək
mümkünmü?
2025-ci il boyu zamanı da, özümüzü də,
elə bu yazını da unudub yenilənə bilməyimiz diləyi
ilə!
Ramil ƏHMƏD