Xalq yazıçısı Anarın Türkiyədə
yeni kitabı nəşr edilib
Türkiyənin tanınmış «Ketebe» nəşriyyatında
Xalq yazıçısı Anarın «Bir fırsat bulsam»
(«Macal») adlı nəsr kitabı işıq üzü
görüb.
Kulis.az xəbər verir ki, kitabda
yazıçının "Macal", "Otel
otağı", "Dantenin yubileyi" adlı irihəcmli əsərləri
və son vaxtlarda bu povestlərin davamı kimi qələmə
aldığı, qəhrəmanlarının sonrakı
taleyini oxucularına təqdim etdiyi "Kəbirlinskinin son
etirafı" və "Balaca Fuadın son xahişi" hekayələri
yer alıb.
Türk oxucularına yeni və daha orijinal tərcümədə
təqdim olunan kitabdakı mətnləri Türkiyəli
yazıçı-tərcüməçi İmdat Avşar
çevirib. Kitabın arxa qapağında nəşriyyatın
oxuculara kiçik bir təqdimat yazısı yer alıb:
"Bu kitab dünyanı sözlərlə yenidən quran bir
dil memarı Anarın "Macal", "Dantenin yubileyi" və
"Otel otağı" adlı əsərlərini
özündə birləşdirir. Yazıçı
"böyük problemlər, kiçik sevinclər" vasitəsilə
insanı və həyatı anlamaq üçün səyahətə
çıxır və adi insanların qeyri-adi hekayələrini
izləyib bəşəriyyətin ümumi problemlərini zərif
şəkildə ifadə etməyə
çalışır. Anar, onların tənhalığı,
var olmaq üçün axtarışlarını və məhv
edilmiş dünyalarını təsvir edərkən bu
qarmaqarışıq həyata bənzərsiz bir baxış
təqdim edir. Azərbaycan cəmiyyətinin XX əsrdə
yaşadığı böyük dəyişikliklərə
ayna tutan yazıçı Sovet və xüsusilə də
Stalin dövründəki hadisələri mətnlərində
əks etdirir. Anar Azərbaycan-Türkiyə münasibətlərinə
həssaslıqla yanaşır, yaratdığı dərin
tarixi arxa plana əlavə olaraq, mənəvi dəyərlərin
itirilməsinə diqqət çəkir, insan ruhunun
qaranlıq tərəflərinin xəritəsi
yaradır".
Ölümsüz sevgili... - Ünvansız sevgi məktubları
“Xəzər” jurnalı ADU-da nəşr olunacaq
Tanınmış koreyalı dirijor Akademik Filarmoniyada
ilk dəfə çıxış edəcək
Qeyd edək ki, Türkiyədə kitab və ədəbiyyat
adına gördüyü böyük işlərlə
tanınan "Ketebe" nəşriyyatı ötən il
Anarın "Ağ liman", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" və "Təhminənin
son sirri" əsərlərini oxuculara təqdim etmişdi. Və
kitabın imza günləri, təqdimat mərasimləri həm
"Ketebe"nin oxucu klubunda, həm də İstanbul
Universitetində baş tutmuşdu. Həmçinin Türkiyənin
TRT televiziyasında Anarla bir saatlıq müsahibədə,
"Ketebe" internet televiziyasında yazıçıyla
söhbətlərdə əsərlər ətrafında
fikir mübadilələri aparılmışdı.
Yazıçı ilə qarşılıqlı
müqaviləsi olan və əsərlərinin ardıcıl
çapını nəzərdə tutan "Ketebe" bu ilin
sonuna kimi yazıçının böyük türk
şairi Nazim Hikmət haqqında "Kərəm kimi"
romanının nəşrini nəzərdə tutur.
525-ci qəzet .- 2025.- 17 yanvar(№9).- S.10