Milli Kitabxanada
“Professor Tehran Əlişanoğlu” sərgisi
Milli Kitabxanada ədəbiyyatşünas,
çağdaş ədəbi tənqidimizin görkəmli
nümayəndəsi, professor Tehran Əlişanoğlunun 65
illiyi münasibətilə “Professor Tehran Əlişanoğlu”
adlı kitab sərgisi istifadəçilərə təqdim
edilib.
Sərgidə tənqidçi və publisist, professor
Tehran Əlişanoğlunun əsərləri və “Ön
söz” yazdığı, rəy verdiyi, redaktə etdiyi
kitablar, elmi fəaliyyəti və
yaradıcılığı haqqında ədəbiyyatlar,
dövri mətbuatda çap olunan məqalələr
nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, filologiya elmləri
doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və
publisist, professor Tehran Əlişanoğlu Mustafayev (Tehran
Əlişanoğlu) 1960-cı il yanvar 16-da Bakı şəhərində
anadan olub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət
Universitetinin (hazırkı BDU-nun) filoloji fakültəsini
bitirib. 1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsil alıb.
“Azərbaycan sovet ədəbi tənqidinin
üslubları (1960-1980-ci illər)” mövzusunda namizədlik,
“XX əsr Azərbaycan nəsrinin poetikası” mövzusunda
doktorluq dissertasiyaları müdafiə edib.
Tehran Əlişanoğlunun tədqiqat obyekti əsasən
XX əsr Azərbaycan ədəbiyyatı və müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı, elmi-nəzəri
və tənqid problemləridir.
525-ci qəzet .- 2025.- 17 yanvar(№9).- S.10